30 Aprel 2024

Çərşənbə axşamı, 11:53

SONSUZ NAĞIL

Bəstəkar Rəşid ŞƏFƏQ: "Ən yaxşı aktyorlar - uşaqlardır. Nizaminin motivləri əsasında radio üçün ilk operamı elə onlar ifa ediblər"

Müəllif:

01.07.2016

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq Bakıda doğulub və yaşayır. O, 20-dən artıq səhnə əsərinin - uşaq opera və operettaları, Nizami Gəncəvi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Abdulla Şaiq, Əli Kərimin poeziyasının motivləri əsasında müzikl və vodevillərin müəllifidir. O, təkcə kamera-instrumental və vokal-xor əsərlərinin deyil, həm də uşaq mahnılarının toplayıcısı və bərpaçısıdır. Şəfəq musiqiçi ailəsində böyüməsə də, düzü, musiqiçilərin ətrafında olub. Rəşid Behbudov onun anası ilə ibtidai məktəbdə bir sinifdə təhsil alıb. Qonşuluğunda Fikrət Əmirov yaşayıb, Vaqif Mustafazadə ilə dostluq edib. Nəticədə isə onun "Arzum" mövzusunda improvizəsini ifa edib. Bu illər ərzində 1000 mahnı yazıb. "R+" ilə müsahibəsində R.Şəfəq öz həyatı, təhsili və yaradıcılığı barədə danışıb. 

- Maesto, necə oldu ki, musiqiyə gəldiniz, musiqi bəstələdiniz? 

- Musiqi qabiliyyətimi görən xalamın həyat yoldaşı Cavab bəy Cuvarlinski 5 yaşım olanda məni Üzeyir bəyin yanına apardı. Onlar Qori Seminariyasında oxuyublar. Musiqi duyumumu yoxladıqdan sonra, bəstəkar daha böyük yaşda musiqi ilə məşğul olmağımı tövsiyə edib. Üzeyir bəylə cəmi üç görüşüm olub. Sonuncu - üçüncü görüş yox, bəstəkarla vida idi. Həmin vaxt Bülbül onun məzarının başında gözüyaşlı "Sənsiz" romansını ifa edirdi. Evimizdə piano olmadığı üçün məni pedaqoq İsaak Turçinin violençel sinfinə götürdülər və məktəbin musiqi alətlərindən istifadə etməyə icazə verdilər. Üçüncü sinifdə solo-violonçel üçün Elegiya bəstələdim və onu Üzeyir Hacıbəyova həsr etdim. Yeddinci sinfə kimi İ. Turçinin sinfində oxumuşam, daha sonra öz istəyimlə bəstəkar M. Əhmədovun sinfinə keçmişəm. Amma konservatoriyada professorum Qara Qarayev olub və buraxılış işim isə "Doktor Nəriman Nərimanov" adlı simfonik poema oldu. 

- İlk mahnınız necə yarandı?

- İlk mahnım qoşmada "Pioner" jurnalında dərc edilib və "Pioner mahnısı" adlanırdı. 1956-cı ildə tale mənə Abdulla Şaiqlə tanış olmağı nəsib etdi. Nəticədə, ilk birgə "Bizim sevimli ölkəmiz" adlı mahnı yarandı. Daha sonra şairin 130 illiyinə həsr edilmiş "Abdulla Şaiqin sözlərinə musiqi əsərləri" işıq üzü gördü. 

- Demək olar ki, bütün yaradıcılığınız uşaqlıq illəri və uşaqlarla bağlıdır. Bu, necə baş verdi?

- Təkcə uşaqları çox sevdiyim üçün yox. İndiki uşaqlar çox ağıllıdırlar, inkişaf ediblər. Onlarla ünsiyyət saxlamaq maraqlıdır. İşim də hər zaman uşaqların tərbiyəsi ilə bağlı olub; məsələn, Azərbaycan Maarifçilik Nazirliyinin uşaqların bədii tərbiyəsi üzrə metodiki kabinetdə işləmişəm. Respublikanın pioner və məktəblilərinin bayramlarının təşkilatçılarından biri olmuşam. Bu cür böyük tədbirin keçirilməsi üçün respublikanın ən yaxşı uşaq xor kollektivinin seçilməsinə dair böyük iş görülməli idi. Bundan başqa, mərkəzi stadionda oxuyacaq uşaqların 15 minlik toplu xorunu da təşkil etmək tələb olunurdu. Hələ bundan əlavə, onlar rəqs kollektivi ilə birləşdirilməli idilər. Çox çətin və korporativ iş idi. Bunun üçün bir çox ən yaxşı uşaq mahnılarını uğunlaşdırıb, üzərində işləmişdim. Bunlar təkcə Azərbaycan bəstəkarlarının mahnıları deyildi. Məktəbli ikən özüm də oğlanlardan ibarət xorda oxuyurdum. Bunların hamısı izsiz keçmədi. Bir də Müəllimlərin Təkmilləşdirmə İnstitutunda işləmişəm. Məktəblərdə və mədəniyyət saraylarında qoyulan uşaq operalarımı məhz o vaxt yazmışam. 

- Səhnə yaradıcılığınız barədə danışın... 

- S.Marşakın "Səfeh siçan balası" və "Ağıllı siçan balası" şeirləri əsasında uşaq operalarını yazmışam. Yeri gəlmişkən, "Səfeh siçan balası" Azərbaycan Konservatoriyası yanında Şövkət Məmmədova adına Opera studiyasında qoyulub. Daha sonra onu konsert formatında Tallində Estoniyanın "Yaz" xor studiyası ifa edib. Buna qədər isə onun ilk ifaçıları Moskva ətrafında "Ruza" yaradıcılıq evinə valideynləri ilə gələn (bəstəkarlar və musiqişünaslar) uşaqlar olublar. Yaz tətili günlərində kinozalın konsert zalında bu operanın premyerasını təqdim etdilər. Qısa vaxtda nənə və babaları balaca aktyorlara maska və kostyumlar hazırladılar. Elə alınmışdı ki, hamıya rol çatmamışdı və bəziləri hətta ağlamışdılar. Lakin çıxış yolu tapdım, belə ki, bir rolu üç uşaq -dublyorlar oyna bildilər. Beləcə, hamı razı qaldı. Bu opera populyarlıq qazandı və indi əməkdar incəsənət xadimi Dilarə Əliyevanın rəhbərliyi altında Uşaq Filarmoniyasının gücü ilə səhnələşdirməyə hazırlanır. Bilirsiniz - ən yaxşı aktyorlar uşaqlardır. 1966-cı illdə mənim Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin motivləri əsasında ilk radio üçün operamı elə onlar ifa etdilər. Uşaqların istedadını nəzərə alaraq, 1970-ci ildə 190 saylı məktəbin nəzdində Uşaq filarmoniyasında opera studiyası təşkil etdim. Filarmoniyadakı fəaliyyətimiz barədə mütəmadi olaraq Moskvaya bəstəkar Dmitri Kabalevskiyə məlumat verirdim. O, uşaqlarda yaradıcılığa maraq oyadırdı və bizim dəvətimizlə, hətta məktəblilərin mahnı və rəqs respublika bayramı üçün Bakıya səfər etdi. Abdulla Şaiqin eyniadlı poemasının motivləri əsasında "Tülkü Həccə gedir" ilk komik operamı da əvvəlcə uşaqlar səhnələşdiriblər. Daha sonra peşəkar səviyyədə Musiqili Komediya Teatrında uğurla qoyuldu. 1990-cı ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində 5 yaşdan 15 yaşadək istedadlı uşaqlar yığa bildim. Onlar ən yaxşı mahnılarımı müxtəlif dillərdə ifa edirdilər. Ərəb xalq nağılları əsasında "Bir saatlıq xəlifə" adlı operettamın premyeasını 2001-ci ildə rejissor Ədalət Ziyadxanlı Musiqili Komediya Teatrında səhnələşdirdi. Baş rolu onyeddiyaşlı, hazırda isə respublikanın əməkdar artisti Ramil Qasımov canlandırmışdı. Bundan başqa, yaradıcılığımda Azərbaycan xalq nağılları "Sehrli ayna" və "Sehrli üzük" tamaşaları da uğurla Kukla Teatrında canlandırılıblar. Leninqradlı dramaturq V. Ziminin quruluşunda "Yağmurcuğun macəraları" adlı komediyası isə indiyədək Musiqili Komediya Teatrında səhnələşdirilir və Azərbaycan televizisiyası üçün çəkilib. 

- Hansı isə maraqlı hadisələr haqqında danışa bilərsiniz?

- Uşaqlıqda zirək oğlan olmuşam. Yadımdadır, sentyabrın 1-də uşaqlar konservatoriyanın binası qarşısında oynayırdılar, mən isə sütunun arxasında dayanmışdım. Üzeyir Hacıbəyli qara “Volqa”da gəldi. Cəsarətlə onunla salamlaşdım: "Salam! Üzeyir bəy əmi!". Üzeyir bəy soruşdu: "Oğlan, məni haradan tanıyırsan?". Özümü itirmədən, ucadan cavab verdim: "Arşın mal alan"dan sonra sizi bütün dünya tanıyır axı!". Beləcə, biz əl-ələ konservatoriyaya daxil olduq... 

Daha bir maraqlı hadisə Qara Qarayevlə olub. Oğlanlardan ibarət xor konservatoriyanın səhnəsində Qara Qarayevin "Dünya barəsində pioner mahnısı"nı xor dirijoru A.Yurlovun rəhbərliyi altında məşq edirdik. Bilirdik ki, bəstəkar gəlib, dinləyəcək. Müəllif daxil olur, zal boyunca gəlir və səhnəyə qalxaraq, royalın arxasına keçir və mahnının girişini çalır. Dirijorun əllərini çalması ilə xor oxuyur. Daha sonra bəstəkar uşaqlar üçün yeni mahnılar yazacağını vəd edərək, zalda uşaqlara müraciət edir, hamı alqışlayır. Bəstəkar uşaqlardan soruşur: "Mənə nə suallarınız var? Konservatoriyanın bəstəkarıyam, bu gün sizin qonağınızam". Mən xorun ilk sırasında royalın qarşısında durmuşdum. Ona dedim: "Mahnınızı çox bəyəndik, onu bir daha sizinlə ifa etmək istəyirik". Qara Qarayev də məmnuniyyətlə bir daha royalın arxasına keçdi və xoru müşayiət etdi. Nəqarəti isə bütün zalla birgə ifa etdik. Müəllif gur alqış sədaları altında zaldan çıxdı. Çox şey olub, hər şeyi danışmaq olmur. 

- Rəşid Şəfəqin mahnılarını təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bilirlər. Onları ən yaxşı uşaq xorları oxuyur - "Bənövşə", "Qız qalası", "Qaya", o cümlədən Moskvada da. Onları internetdə də dinləmək olar. "Ana yurdumuz" mahnısı isə bu gün də dünyanın bir çox yerlərində - Almaniya və Bolqarıstanda, Türkiyədə, Çexiya, Slovakiyada və Macarıstanda səsləndilir. Hələ "Neftçi" futbol komandası üçün yazdığınız məşhur mahnının da deyilənə görə maraqlı tarixçəsi var?

- Musiqidə hələ belə bir şey olmamışdı. Futbolçularımızın qələbəsindən xəbərsiz, bürünc kubok almaq ərəfəsində bir günə "Neftçi, vur qol!" mahnısını yazdım. Səhər AzTv-nin səsyazma stusiyasında yazıldı, axşam isə Moskvanın "Spartak" və "Neftçi" komandaları arasında oyun gedən stadionun radio qovşağı ilə "Sevil" kvarteti tərəfindən ifa edildi. Onda komandamız 3:0 hesabı ilə qalib gəldi. Futbolla bağlı daha iki mahnım var. Şair Əli Rza Xələfi ilə həmmüəlif olduğum mahnı "Qalatasaray" futbol klubu ilə bağlıdır. İkincisi isə bir neçə il əvvəl Azərbaycan çempionu olan "Qarabağ" futbol komandasına həsr edilib. Mahnı onların respublika stadionunda qələbə günü də səsləndirilmişdi. Bundan başqa, üç il əvvəl "Jurnalistlərin himni"nə musiqi yazdım. O, hər il Mətbuat gününüdə Bayraq meydanında səsləndirilir. O mahnı ilk dəfə Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün yaşayış binasının açılışı zamanı səsləndirilib. Dövlət başçısı jurnalistlərə mənzillərin açalarını təqdim edirdi. Bir çox lirik estrada mahnılarımı Şövkət Ələkbərova, Flora Kərimova, Elxan Əhədzadə, Elmira Rəhimova, Rauf Adıgözəlov, Cavan Zeynallı, Cəfər Beybudi və digər tanınmış müğənnilər ifa edib. Həmçinin Hüseyn Cavidin İstanbulda təhsil aldığı dövrdə yazdığı "Ana" birinci pyesinin birsaatlıq operası bəstələnib. O, konservatoriyanın opera studiyasında səsləndirilib və şairin yüzilliyinə həsr edilib. 

- Fikrinizcə, indi bəstəkarlar uşaq mahnıları janrına niyə müraciət etmir?

- Məsələ ondadır ki, bu gün bəziləri uşaq mahnısı yazmağın asan, lazımlı və nüfuzlu olmadığını düşünür. Guya, uşaq musiqisi bəstəkarlarını o qədər də qiymətləndirmirlər. Əslində isə bu, belə deyil. Hələ vaxtilə Qara Qarayev uşaq musiqisi sahəsinin geridə qaldığını deyirdi. O özü belə mahnılar yazmaq istəyirdi. Lakin macal tapmadı. İndi Azərbaycanda heç kəs uşaqlar üçün mahnı yazmır. Uşaq mahnıları yazmaq üçün onların həyatını yaşamaq, onlarla ünsiyyətdə olmaq, uşaqların səs diapazonunu bilmək lazımdır. Bu, yalnız belə olarsa, mümkündür; məsələn, mən hər zaman məktəblərdə uşaqlarla işləmişəm. Mahnılar, nümunələr, səhnəciklər yazmaq lazımdır. Bu halda uşaqlar yazılanları qəbul edir, asanlıqla yadda saxlayır. 60 illik fəaliyyətim dövründə bir çox məktəbdə işləmişəm. Şagirdlərim çox olub.

- Hazırda nə ilə məşğulsunuz?

- Musiqi ilə məşgulam. Bundan başqa  13 yaşımdan jurnalistika ilə maraqlanıram, hələ 13 yaşımdan "Azərbaycan pioneri" qəzetinin səhifələrində məqalələrim dərc olunurdu. Bu bacarığım sayəsində hal hazırda Azərbaycan televiziya və radiosunun musiqili proqramlar bölməsində böyük redaktor vəzifəsində çalışıram. AzTV-nin efirinin bütün musiqisinə nəzarət edirəm və məsləhət verirəm. Hazırda on doqquz yaşlı şair - şəhid Fuad Əsədova həsr olunmuş oratoriya üzərində çalışıram. 

- Həyatda ən böyük arzunuz?

- KİV-ə həyatdan köçmüş ən yaxşı azərbaycanlı musiqiçilər barədə danışmaqdır. Onları tanısınlar və ansınlar.



MƏSLƏHƏT GÖR:

448