5 May 2024

Bazar, 09:29

NİKAH PEYVƏNDİ

Nikaha daxil olanlar arasında İİV-in müəyyən edilməsinə dair icbari yoxlama ilinin nəticələri necədir?

Müəllif:

01.07.2016

Azərbaycanda nikaha daxil olarkən, immun çatışmazlığı virusu da daxil olmaqla, insan orqanizmində müxtəlif infeksiyaların olub-olmaması ilə bağlı icbari yoxlamanın tətbiq edilməsindən bir ilə yaxın vaxt keçib. Bu prosesin əvvəlində hüquqi xarakterli çoxlu suallar vardı. Hətta şübhəli fikirlər səslənirdi: İİV (HYİ) ilə yaşayan insanların hüquqları əziləcəkmi, yoxlamalar obyektiv olacaqmı və s. Nikaha daxil olanların müasir dövrün ən təhlükəli infeksiyalarından biri nöqteyi-nəzərindən yoxlanılması ilə bağlı qərarın nə dərəcədə obyektiv olması ilə əlaqədar "R+" Respublika İİV/QİÇS ilə Mübarizə Mərkəzinin rəhbəri Esmira ALMƏMMƏDOVA ilə söhbət edib.

- Nikaha daxil olanların İİV ilə bağlı bu il keçirilmiş tibbi yoxlamalarının nəticələri necədir?

- 2015-ci ilin iyunun 1-dən 2016-cı ilin aprelin 1-nə qədər nikaha daxil olanların arasında keçirilən yoxlamaların nəticələrinə əsasən, 75 nəfərdə insan immun çatışmazlığı virusuna yoluxma halı aşkarlanıb. Onlardan ikisi Rusiya vətəndaşıdır. Yalnız iki halda nikah bağlanmadı. Digərləri ailə qurmaq qərarından imtina etmədilər. Yoluxmuş şəxslər sırasında 14 nəfər bizim mərkəzdə qeydiyyatda idi. Onlar uzun müddət tərəfdaşları ilə vətəndaş nikahında yaşayırdılar, bəzilərinin artıq bir neçə uşağı da vardı. Övladlarının məktəbə getməsi üçün sənədlər tələb olunduğunda, onlar nikaha daxil olmaq qərarına gəliblər. Prinsipcə, onlar artıq öz statuslarından xəbərdar idilər. Qeyd etmək lazımdır ki, ümumilikdə, təxminən, 60 min cütlük yoxlanılıb.

Ümumilikdə isə ötən il ərzində Azərbaycanda İİV ilə bağlı təxminən 770 min yoxlama keçirilib. İİV-in yayılması xəstəliyin səciyyəvi kliniki əlamətlərinin olmaması ilə bağlıdır. ÜST-nin məlumatına görə, bu təşkilatın Avropa regionunda İİV-ə yoluxanların 2/3 xəstəliyindən xəbərsizdir. Bununla əlaqədar olaraq İİV-in yoxlamaları ilə bağlı qanunvericiliyə əlavə edilən dəyişikliklər vaxtında və məqsəduyğun olub. Bu, kliniki büruzələri olmayan yoluxmuş insanlara ekspress yoxlamadan keçərək, İİV statusu barədə xəbər almağa imkan verir. Nikaha daxil olanların yoxlama tədbirləri müsbət İİV olan insanların vaxtında profilaktik xarakter daşıyacaq və cinsi partnyorunun yoluxmasını əngəlləyəcək müalicə məqsədi daşıyır. Qanunvericiliyə edilən dəyişikliklər İİV ilə yoluxmuş insanın partnyoruna yoxlamanın nəticələri barədə xəbərdarlıq etməyə icazə vermir. Müsbət İİV aşkar olunanların neçəsinin partnyoruna yoluxması ilə bağlı məlumat verdiyini demək çətindir. Yoluxanların hamısı pulsuz, amma heç də ucuz olmayan antiretrovirus müalicəsi (ARV-terapiya) alıblar. Nikaha daxil olarkən onlara xəbərdalıq edilib ki, intim əlaqəyə ancaq qoruyucu vasitələrdən istifadə etməklə daxil ola bilərlər. İİV ilə yoluxmuş insanlar, həmçinin xəbərdalıq ediliblər ki, müalicə bitdikdən bir müddət sonra onlar yenidən yoxlamadan keçməlidirlər. Virusun səviyyəsi qanda minimal olandan sonra, onlar övlad sahibi ola bilərlər. Yoxlamanın faydası ondan ibarətdir ki, İİV-ə yoluxmuş 75 nəfərin aşkar edilməsi daha 75 şəxsin yoluxmasının qarşısı almaq deməkdir. Profilaktik istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən maarifləndici iş də daxil olmaqla, daimi fəaliyyət həyata keçirilir: hər bir şəxsə İİV ilə bağlı məlumat verilir və pulsuz, anonim yoxlama keçirməyə şərait yaradılır. Yoxlama ilə yanaşı, partnyorun yoluxmasının profilaktik yolları və sağlam uşaq dünyaya gətirmək imkanları barədə məlumat verilir. 

Dövlət tərəfindən nikaha daxil olanların müalicəsinə dair qərarlar cinsi yolla bu infeksiyanın yayılması hallarının qarşısı alınması ilə bağlı bütün tədbirləri çox gözəl şəkildə tamamlayır. Bu üsul hazırda əsas sayılır: bütün Şərqi Avropa və Mərkəzi Asiyada cinsi yol əsas yoluxma vasitəsi sayılır. Mərkəzin İİV-ə yoluxmanın müəyyən edilməsi ilə bağlı məqsədyönlü işi min yoxlama arasında bir hal təşkil edir.

- Əgər nikaha daxil olanların müalicəsi ilə bağlı hər şey qaydasındadırsa, o zaman əhalinin digər təbəqələri ilə bağlı vəziyyət necədir?

- Gənclər də daxil olmaqla, əhali arasında İİV profilaktikası üçün bizim müəssisə tərəfindən yoxlama və məsləhətləşmə aksiyaları keçirilir. Bu tədbir çərçivəsində insanlar pulsuz müayinə keçirlər və İİV statusunu öyrənirlər. Əvvəllər insanlar qorxudan müayinəyə getmirdilər, bir növ qorxu var idi, bu xəstəliyi narkomanlar, seks industriyasının işçiləri ilə əlaqələndirirdilər. Ona görə riskli əlaqələri olan insanlar tanışlarının tənqidindən qorxaraq, QİÇS mərkəzinə yoxlama üçün gəlməyə ehtiyat edirdirlər. Hazırda vəziyyət tam fərqlidir - bizim mərkəzdən başqa, ölkəmizin bütün regionlarında Səhiyyə Nazirliyi tərəfindən müxtəlif tibb müəssisələri əsasında İİV ilə bağlı yoxlama və məsləhətləşmə məntəqələri açılıb. Müxətlif beynəlxalq təşəbbüslər çərçivəsində ali və orta xüsusi təhsil ocaqlarında, müəssisələrdə, ticarət mərkəzlərində, avtovağzallarında və s. yerlərdə kütləvi yoxlamalar keçiririk. Bəzən, yoxlama keçirmək dəvəti müəssisələrin və qurumların rəhbərlərdən gəlir. Belə aksiyalar keçirməklə biz eyni zamanda İİV ilə bağlı stereotipləri və yanlış təsəvvürləri aradan qaldırmağa çalışırıq. Məsələ burasındadır ki, İİV artıq ölümcül xəstəlik deyil. Bu, köhnəlmiş təsvirdir. İndi İİV - ağır xroniki xəstəlikdir. Xəstəliyin erkən müəyyən edilməsi İİV-lə yaşayan insanların normal həyatının təmin edilməsi ilə bağlı yaxşı nəticələri verir. Əsas - hələlik ömürlük olan müalicəyə sadiq qalmaqdır. Qeyd etmək lazımdır ki, dövlət fasiləsiz müalicə və ən müasir dərmanlarla müayinə təmin edir. Dövlət tərəfindən HYİ-ın keyfiyyətli müalicəsi, yardım və qayğı göstərilməsi üçün hər şey edilir. Xəstədən ancaq mərkəzə gəlmək və pulsuz müalicə almaq tələb olunur. Ölkədə stiqma və ayrı-seçkiliyin qarşısının alınması, HYİ-lərin haqlarının qorunması ilə bağlı ən qabaqcıl qanunvericilik qəbul olunub. Biz indi də HYİ-lara qarşı diskriminasiya halları ilə rastlaşırıq, lakin bu, artıq nadir hallarda olur. 10 il bundan əvvəl müsbət İİV-ə yoluxmuş insanlara qarşı cəmiyyətdə münasibətlə müqayisədə, hazırda vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişilib.

- Bu yaxınlarda ÜST məlumat yaydı ki, Tailand, Belarus, Moldova və Ermənistan İİV-in anadan- uşağa keçməsinin qarşısını alıb...

- Bəli, həqiqətən də, bu yaxınlarda ÜST/UNAİDS-in press-relizində bildirilirdi ki, bu ölkələrdə yoluxmuş anadan-uşağa, yəni İİV-in şaquli yayılması üsulu aradan qaldırılıb. Burada bir amili nəzərə almaq lazımdır ki, heç də bütün hallarda hamilə qadın İİV infeksiyasını uşağa keçirmir. Bu, 25-40% halda baş verir. Əgər hamilə qadında İİV-i vaxtında aşkarlayıb, yenicə doğulan uşağa müalicə və profilaktika həyata keçirilsə, o zaman yoluxma risqi 1-2%-ə qədər düşür. Əsas məsələ ana südünün verilməsində imtina etməkdir. Belə hallarda dövlət uşağı pulsuz qida ilə təmin edir. Ona görə də hamilə qadınların İİV ilə bağlı müayinə keçiriləcəyi qadın tibbi məsləhətxanalara müraciət etməsi vacibdir. Lakin hər hansı bir səbəbə görə hamilə qadın uçotda qeydə alınmayıbsa, doğuş zamanı ona ekspress-yoxlamadan keçmək təklif olunacaq. Bu halda da terapiyadan keçmək sağlam uşağın dünyaya gəlməsi imkanlarını artırır. Qeyd etmək istəyirəm ki, Azərbaycanda ARV-terapiyadan keçən anadan-uşağa İİV-in keçdiyinə dair heç bir hal qeydə alınmayıb. Çox təəssüf ki, belə imkanlar olduğu halda, hamilə qadınların yoxlamadan keçmədiyi hallara rast gəlinir və uşağın 3-4 yaşı olanda onun yoluxduğu ortaya çıxır. 

2015-ci ilin dekabrında Şərqi Avropa və Mərkəzi Asiya ölkələri İİV-in yayılması və anadan uşağa anadangəlmə sifilisin keçməsnin aradan qaldırılması ilə bağlı ÜST-nin təşəbbüsünə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu məqsədlərə nail olmaq üçün, ölkələr ÜST-nin müəyyən prosedurlarından keçməlidilər. Azərbaycan Avropa regionun digər ölkələri kimi bu yayılmanın qarşısını almağa hazır olduğunu bildirdi. İldə, təxminən, 200 min yüksək doğum sayı olan Azərbaycanda şaquli yoluxma sayı tək-tək hallarda qeydə alınır, hətta ÜST-ün meyarlarından da aşağıdır. Ona görə də bu məqsədə nail olunması problem deyil. Demək olar ki, biz yoluxmanın bu üsulunun aradan qaldırılması astanasındayıq. 

- 2012-ci ildən Azərbaycanda çoxlu sayda xarici qonaqların təşrif buyurduğu çoxsaylı iri beynəlxalq tədbirlər keçirilir. Bunlar, xüsusilə "Avroviziya", futbol üzrə çempionatlar, Avropa Oyunları, "Formula-1" üzrə Qran-pridir. 1988-ci ildə Seul Olimpiadasından başlayaraq, BOK, FİFA və digər beynəlxalq təşkilatlar yarışlar zamanı İİV profilaktikası ilə bağlı tədbirlər keçirirlər...

- Bu yarışlar zamanı turistlərin kütləvi axını ölkə üzrə İİV ilə bağlı ümumi epidemioloji vəziyyətə təsir göstərməyib. Bu cür tədbirlərin keçirilməsi yoluxma hallarının ümumi sayına heç bir təsir göstərməyib.

2014-cü ildə rusiyalı alimlər bildirdilər ki, İİV/QİÇS-ə qarşı peyvənd üzərində iş tam gücü ilə davam edir. Sizcə, bu infeksiyaya qarşı ən effektiv "silah" nə zaman hazır olacaq?

- İİV-ə qarşı peyvənd barədə söhbətlər KİV-də mütəmadi olaraq yaranır. Lakin təəssüf ki, hələlik belə bir şey yoxdur. İş orasındadır ki, peyvəndin yaradılması immun çatışmazlığı virusunun quruluş xüsusiyyətləri ilə çətinləşdirilib. Lakin bu il Şərqi Avropa və Mərkəzi Asiyada İİV/QİÇS problemi üzrə V Beynəlxalq konfransda akademik V.Pokrovski deyib ki, rusiyalı alimlər xəstəyə yalnız ayda bir dəfə vurulmalı olacaq inyeksiya şəklində prinsipial olaraq yeni antiretroviruslu dərman hazırlamaq üzrədirlər. Misal gətirəcəyəm. Güman edək ki, qrip zamanı həkim pasiyentə 7 gün ərzində qəbul etməli olduğu dərmanı yazır. Əslində isə nə baş verir? 3 gündən sonra onun vəziyyəti yaxşılaşanda, pasiyent hesab edir ki, o, artıq sağalıb və dərmanların qəbulunu dayandırır və ya onları daha az qəbul etməyə başlayır. Bu, orta statistik pasiyentdir. İndi təsəvvür edin ki, İİV-ə yoluxmuş insan ömrünün axırına kimi dərman qəbul etməlidir. Təbii ki, vaxt keçdikcə, müalicəyə bağlılıq azalır. Ona görə də biz müsbət İİV olan pasientlərlə daim işləyirik ki, onlar müalicəni davam etdirsinlər. Ayda bir dəfə pasiyentə daxil etmək mümkün olacaq dərmanın hazırlanması İİV-in uğurlu müalicəsinə imkan yaradacaq.

- UNAİDS (BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqram) tərəfindən ümidverici məqsəd qoyulub - 2030-cu ilə qədər QİÇS-i məğlub etmək. 2030-cu ilə qədər dünyada və xüsusi ilə Azərbaycanda İİV infeksiyasının epidemiyasının qarşısnın alınacağına ümid etmək olarmı? 

- Bu, çox mürəkkəb və çətin yoldur. Hazırda, əsas məsələ İİV-lə yoluxmuş 90% insanın müəyyən edilməsi, müəyyən edilənlərin 90%-ni müalicə etmək və onların 90%-də müalicənin effektiv nəticəsinə nail olmaqdır. Əgər bu məqsədə 2020-ci ilə qədər nail olsaq, yalnız o zaman, 2030-cu ildə İİV-ə qalib gəlmək mümkündü. Yəni, gələcək beş il ərzində bu tapşırıqları yerinə yetirmək lazımdır. Azərbaycanda bu məqsədlərlə milli proqram qəbul olunub. İİV infeksiyasının müəyyən edilməsi ilə bağlı məsələləri həll etmək lazımdır. Bu mənada çox vacib rol KİV-ə ayrılıb. Kütləvi informasiya vasitələri cəmiyyətin düşüncəsində öz sağlamlığa qarşı məsuliyyətli, özünün və ətrafdakıların sağlamlığın qorumasında vətəndaş yanaşmasını formalaşdırmalıdırlar. İİV-lə mübarizədə KİV-in əhali ilə maarifləndirici missiyanı öz üzərinə götürməsi çox vacibdir. İİV-in olub-olmamasına dair yoxlamadan keçmək kimi hər bir insan üçün sadə, lakin eyni zamanda, kifayət qədər vacib qərarı təşviq etmək lazımdır.

Son zamanlar daha çox nəşr, elektron KİV-lər İİV mövzusuna toxunurlar, amma bu, azdır. Avropa ekspertlərinin araşdırmasına əsasən, belə bir əlaqə var: KİV-lər nə qədər az İİV barədə danışırlarsa, yoluxmanın sayı da çox olur. Yəni, KİV nə qədər çox insanı maarifləndirirsə, insanlar daha az yoluxurlar. Çünki maariflənən insanlar daha ehtiyatlı və daha məsuliyyətlidirlər.


MƏSLƏHƏT GÖR:

436