5 May 2024

Bazar, 13:59

SIĞORTANIN YENİDƏN İŞƏ DÜŞMƏSİ

Sığorta sektorunun böyük potensialından istifadə etmək üçün bazarın tənzimlənməsinə yeni yanaşmalar tələb olunur

Müəllif:

01.07.2016

Ötən ildən bank sektorunda müşahidə edilən maliyyə problemləri Azərbaycanın sığorta bazarına da təsirsiz ötüşməyib. Ona görə də çətin vəziyyətdən çıxış yolları VII Beynəlxalq Sığorta Forumunda əsas mövzu olub. Bu forum bazarın tənzimlənməsi funksiyasının Maliyyə Nazirliyindən Maliyyə Bazarlarına Nəzarət Palatasına verildikdən sonra sığorta sektorunun ilk ən iri tədbirinə çevrildi. Bu mənada yeni strukturun sahənin problemlərinə baxışı, habelə onun vəziyyətin dəyişdirilməsinə dair planları maraq kəsb edir.

 

Bazarın dörd problemi

Mayda palatanın rəhbərliyi bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri ilə artıq tanışlıq görüşü keçirmişdi. Həmin tədbir zamanı palatanın rəhbərliyi sığorta sektorunda olan bəzi əsas problemləri açıqlamışdı. İlk və əsas problem - sığortaçıların kapitalının kifayət həcmdə olmamasıdır. Palatanın məlumatına görə, 25 sığorta şirkətindən 14-nün məcmu kapitalı müəyyən edilmiş 5 mln. manat tələbinə cavab vermir. 

Bununla əlaqədar Palata sığorta şirkətlərinin məcmu kapitalının hesablanması qaydasına müəyyən dəyişikliklər etmək niyyətindədir; məsələn, sığortaçıların lisenziyası geri çağırılmış banklarda yerləşdirdikləri vəsaitləri onların kapitalı kimi nəzərə alınmayacaq. Palatanın qiymətləndirməsinə görə, bunlar qeyri-likvid vəsaitlərdir və kapitalda iştirak edə bilməz. Artıq Palata həmin problemi yaşayan sığorta şirkətlərinə lazımi göstərişlərini verib.

Sığorta ekspertlərinin qiymətləndirməsinə əsasən, sığortaçıların kapital problemi həll olunan məsələdir, amma cari böhran dövründə bu, bazardan bəzi sığorta şirkətlərinin getməsinə gətirib çıxara bilər; məsələn, onların bəzilərinin lisenziyası 4 il əvvəl geri çağırılan "Royal Bank"da olub, lakin sığortaçılar həmin vəsaitləri ala bilmirlər. Analoji problemlə "Texnikabank"da hesablarında vəsaitləri olanlar üzləşib. İndi çatmayan kapitalı tamamlamaq və palatanın tələblərinə uyğun olmaq üçün onlar əlavə maliyyə vəsaiti axtarmalı olacaqlar. Maliyyə bazarının hazırkı şərtlərində bu, heç də asan tapşırıq deyil. Bir çox sığorta şirkətlərinin səhmdarları banklar və ya iri holdinqlərdir. Maliyyə vasitələri daxil olmaqla, bank sektorunun xeyli problem yaşadığı vəziyyətdə bu, sığorta şirkətlərinə sərmayə yatırılması imkanlarını kəskin daraldır. Bununla belə, Palata hələlik sığortaçıların minimal kapital tələbələrinə dair dəyişikliklərin edilməsi imkanını nəzərdən keçirmir. 

Buradan sığorta bazarının ikinci problemi doğur ki, palata onunla ciddi mübarizə aparmaq niyyətindədir: bu, əlaqəli şəxslərin, daha doğrusu, vahid holdinq və qrupa daxil olan sığorta şirkətləri və bankların qarşılıqlı münasibətləridir. Palatanın qiymətləndirməsinə əsasən, hazırkı formada bu cür münasibətlər çox vaxt risklərin toplanmasına səbəb olur və sığortaçıların maliyyə dayanıqlığı problemlərini artırır; məsələn, "Alfa Sigorta" sığorta şirkətinin demək olar ki, bütün pul vəsaitləri lisenziyası 1 fevral 2016-cı il tarixindən ləvğ edilən "Texnikabank"da yerləşdirilmişdi. Sığorta şirkəti hələlik həmin vəsaitləri geri ala bilmir. Bu isə onun maliyyə sabitliyinə mənfi təsir göstərir. 

Ekspertlərin fikrincə, bir sıra digər sığorta şirkətlərinin də bu cür problemləri var. Ona görə də Palata əlaqəli şəxslər arasında bu cür sıx münasibətlərə görə gələcəkdə mürəkkəb vəziyyətdən xilas olmaq üçün tədbir görmək planları barədə sığorta şirkətlərini artıq xəbərdar edib. 

Lakin Azərbaycanın maliyyə sektorunun xüsusiyyətlərini nəzərə alaraq, əlaqəli şəxslərlə bağlı problemi aradan qaldırmaq son dərəcə çətindir. Əlaqəli şəxslərlə bağlı problem bank sektorunda da var və onun kökünü kəsmək mümkün olmadı. Azərbaycanda əksər holdinqlərin həm bankları, həm də sığorta şirkətləri var. Ona görə də əlaqəli şəxslərlə bağlı problemlər bundan sonra da olacaq. Bu problemi həll etmək üçün maliyyə sistemində çox məsələlər dəyişməli, həmçinin böyük şəffaflıq və açıqlıq, habelə əcnəbi sığorta şirkətlərinin daha geniş çıxşı təmin edilməlidir. 

Palatanın qeyd etdiyi üçüncü problem - sığorta ödənişləri zamanı ləngimələr və bürokratik maneələrdir. Bu problemin də dərin kökləri var, sığortaçılar çox vaxt əsassız şəkildə ödənişləri gecikdirir və ya məbləği azaltmağa çalışırdılar. Hüquqi biliklərə malik sığorta olunan şəxslər belə hallarda Maliyyə Nazirliyinə şikayət edirdilər. Nazirlik çox vaxt sığorta şirkətlərinin müştərilərinin tərəfini tuturdu. Lakin sığorta şirkətinin ödədiyi məbləğlə xeyli insan razılaşıb. Bu problemin mövcudluğunu sığorta forumunda palatanın direktorlar şurasının rəhbəri Rüfət Aslanlı da təsdiq edib. "Maliyyə sektorunun digər sferaları ilə müqayisədə əhalini daha çox sığorta məsələləri narahat edir. Odur ki, sığorta xidmətlərinin istehlakçılarının şikayətləri əhalinin palayata müraciətləri arasında üstünlük təşkil edir", - o, bildirib. 

Bununla belə, onun firkincə, son illər sığorta xidməti istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində ciddi irəliləyiş əldə olunub, lakin sığorta halları üzrə ödəniş prosesinin sadələşdirilməsi və sürətlənməsi üçün yeni addımlar atılmalıdır. İndi palata müsbət imic qazanmalıdır və istənilən mübahisəli məqamların sığorta olunanların lehinə həllinə ümid etmək olar. Vəziyyətin çətinliyinin böyük hissəsi avtomobil sığortası, o cümlədən nəqliyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyyəti sığortasına dair ödənişlər zamanı yaranır. Bununla əlaqədar sığortaçılar "Audatex" proqram təminatının tətbiq olunmasına həsr edilən xüsusi görüş keçiriblər.

Palata bu sistemin işləməsi ilə bağlı öz marağını ifadə edib. Əsas məqsəd - müraciətlərə baxılma müddətini azaltmaq və sığorta ödənişləri prosesini sürətləndirməkdir. 

Ekspertlərin fikrincə, "Audatex Azerbaijan" şirkətinin proqram təminatının istifadəsi Azərbaycanın sığorta bazarında vahid yanaşmalar və YNH zamanı zərərin dəyərləndirilməsi sistemini tətbiq etməyə imkan verəcək. 

Bununla bərabər, "Audatex Azerbaijan"da qeyd edirlər ki, Azərbaycan avtomobil bazarının xüsusiyyətlərinə görə proqram təminatında bütün nüansları nəzərə almaq çox çətindir. "Azərbaycanın avtomobil parkının orta yaşı 14 il təşkil edir. Ona görə də əksər sığorta şirkətləri nəqliyyat vasitələrinin təmiri zamanı istifadə olunmuş ehtiyat hissələrindən istifadə edirlər. Bu cür ehtiyat hissələrinin qiymətlərini "Audatex" sistemində istifadə etmək mümkün deyil, çünki sistemdə ancaq istehsalçıların qiymətləri qeydiyyata salınır. Nəticə etibarı ilə sığortaçılar "Audatex"in məhsullarını ancaq yeni maşınlar üçün istifadə edilir. Təmir zamanı da yeni ehtiyat hissələrindən istifadə olunur", - şirkətin rəhbəri Zakir Kərimzadə forumda çıxışı zamanı bildirib. 

Bundan başqa, " Audatex Azerbaijan"da hesab edirlər ki, zərərin ödəniş həcminin hesablanması metodikası hazırlanmalıdır. Bu üsul əməliyyatın bütün iştirkaçılarını - sığortaçılardan başlayaraq avtomobil təmiri emalatxanaları, qiymət təyin edənlər, məhkəmə orqanları və s. nəzərə almalıdır. 

Dördüncü problem təkrar sığorta ilə bağlıdır. Palata təkrar sığortaya ötürülən risklərin xüsusi çəkisini yüksək hesab edir - onların həcmi sığortaçıların sığorta pulunun 1/3 təşkil edir. "AzRE Təkrarsığorta" şirkətinin idarə heyətinin sədri Fuad Quliyev bildirib ki, Azərbaycanda 2015-ci ildə sığortaçıların təkrarsığorta risklərinə verdikləri sığorta haqqının həcmi 132 mln. manat təşkil edib. F. Quliyev onu da xatırladıb ki, 2015-ci ildə təkrarsığorta riskləri üzrə sığorta ödənişləri 22 mln. manat civarında olub. Onun 75%-i yerli təkrarsığortaçılar tərəfindən həyata keçirilib. 

Düzdür, sığorta bazarı ekspertləri bunu ciddi problem hesab etmirlər. Onların fikrincə, sığortanın hər bir növünün təkrarsığortasının öz xüsusiyyəti mövcuddur. 

 

Harayadək?!

Azərbaycanın sığorta bazarı, əsasən, məhdud sayda sığortaçılardan ibarətdir. 5 il əvvəl Maliyyə Nazirliyinin təşəbbüsü ilə "İcbari sığorta növləri haqqında" qanun qəbul edilməsəydi, sığorta xidmətlərinin əhatə dairəsi daha da az olardı. Azərbaycanda adambaşına sığorta haqqı bu gün təxminən 50 manat, yəni təqribən 33 dollar az təşkil edir. Bu, regionun digər ölkələrindən daha azdır. 

Ona görə Azərbaycan sığorta bazarının böyük potenisalı var. Lakin bu potensiala yiyələnmək üçün bazarın tənzimlənməsində, sığorta şirkətlərinin fəaliyyətində yeni yanaşmalar tələb edilir. Sığorta şirkətləri, əsasən, korporativ sektor və vətəndaşların avtomobil və daşınmaz əmlaklarının icbari sığorta növlərinə bələddirlər. Bu, qismən Azərbaycanda aşağı sığorta mədəniyyəti ilə bağlıdır. Ölkə əhalisi hər il sığorta polisi ödəməyə və bunun xüsusi faydasını görməyə vərdiş etməyib. 

Bununla əlaqədar Palata və sığortaçıların əsas prioritetlərindən biri sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, həyat sığortası və həyatla əlaqəsi olmayan sığorta üzrə, kombinasiya edilmiş sığorta növləri də daxil olmaqla, bazarda yeni sığorta məhsullarının tətbiqi olmalıdır.

Bundan başqa, sığorta şirkətlərinin maliyyə dayanıqlığı və sabitliyini gücləndirmək lazımdır. Burada variantlardan biri sığorta bazarının maksimum liberallaşdırılması və xarici şirkətlərin ona çıxışının açılmasıdır. Yerli maliyyə qrupları və holdinqlər hazırda maliyyə çətinlikləri çəkirlər və bu şərtlərdə sığorta biznesinin inkişafına investisiya yönəltmək çətindir. Əcnəbi sığortaçılar isə sığorta sahəsinin inkişafına yeni təkan verə, keyfiyyət cəhətdən yeni texnologiya və servislər gətirə bilər. Bu isə sığorta xidmətlərinin əhatə səviyyəsinin genişlənməsinə şərait yaradar.



MƏSLƏHƏT GÖR:

378