2 May 2024

Cümə axşamı, 00:07

İNGİLİSSAYAĞI GEDİŞ

Brexit referendumu istər Böyük Britaniyanı, istərsə də Aİ-ni həmişəlik dəyişdi

Müəllif:

01.07.2016

Siyasətçilərin və biznesmenlərin çaşqınlığı, sosial şəbəkələrdə adi insanların qəzəbi və ya sevinci, ekspertlərin qarışıq proqnozları, ksenofob əhvalın artması, səs-küylü istefalar, həyəcanlı bazarlar, Britaniya funtunun son 30 ildə ən aşağı məzənnəsi, yeni referendum çağırışları, Şotlandiya və Şimali İrlandiyanın Krallığı tərk edə biləcəyi ilə bağlı söz-söhbətlər və gələcəkdə Aİ-nin özünün dağılması təhlükəsi...

Böyük Britaniyada iyunun 23-də keçirilmiş referendumun nəticələrinə ilk reaksiya bunlardır. Qeyd edək ki, referendumda ölkənin Aİ-ni tərk etməsini arzulayan 51,9% (17,41 milyon nəfər) əhali, Brüssellə birlikdə qalmağı vacib sayan 48,1%-ə (16,14 milyon nəfər) qalib gəlib. Seçici fəallığı 72%-dən artıq olub (33,5 milyon nəfərdən çox).

Qısa zamanda Brexit (British exit) söz birləşməsi bütün dünyada böyük populyarlıq qazanaraq, əhəmiyyətinə görə "Avro-2016"nı, Orlandodakı qətliamı, qarşıdan gələn Olimpiadanı və digər qlobalsəviyyəli hadisələri kölgədə qo-yub. Beləliklə, tarix gözlərimiz önündə yazılır - daha heç zaman nə Britaniya, nə də Aİ əvvəlki olacaq. Referendum göstərib ki, Avropa İttifaqı artıq Qərb siyasəti modelinin ali nailiyyəti deyil və o, nəinki genişlənə, həm də darala bilər.

Avropalı məmurlar ilk günləri şokda keçirib. Almaniya kansleri Angela Merkel britaniyalıların qərarının bütünlükdə Avropa birliyinə zərbə vurduğunu, indi ondan dərs çıxarmağın vacibliyini bildirib. Avropa İttifaqı Şurasının sədri Donald Tusk özünü "indi isterika vaxtı deyil" deməklə sakitləşdirməyə çalışıb. Avstriyanın XİN başçısı Sebastyan Kurs "Bundan sonra Avropada daş-daşın üstündə qalmayacaq", de-yib. Bundestaqın Xarici Məsələlər Komitəsinin sədri Norbert Rettqen referendumun nəticələrini "Avropa inteqrasiyası tarixinin ən böyük fəlakəti" adlandırıb. Avropa Parlamentinin deputatı Dominik Rike Böyük Britaniyanı Avropa evinin alov içərisində olduğu bir vaxtda yaraşmayan tamaşa oynamaqda təqsirləndirib.

Bəziləri isə ümumiyyətlə, vəzifələrindən istefa verib; məsələn, maliyyə sabitliyi və kapital bazarı üzrə britaniyalı avrokomissar Conatan Hill.

 

Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!

 

Eyni qərarı Böyük Britaniyanın Baş naziri Devid Kemeron da qəbul edib. O, bu ilin oktyabrında istefaya gedəcək. Kemeronun sözlərinə görə ("Brexit" adlı qazanı elə onun özü qaydanıb), bundan sonra onun "ölkəni növbəti limana doğru aparan kapitan" postunda qalması doğru olmazdı.

Qeyd edək ki, Aİ-nin sıralarını tərk etmək haqda referendumun təşkili Kemeronun 2015-ci ilin mayında verdiyi seçkiqabağı vədlərindən biri idi. Lakin sonradan o, ölkənin Aİ-də qalması ideyasını fəal şəkildə müdafiə etməyə başlamışdı. Brüssel də Kemerona güzəştə gedərək, Britaniyanın Aİ-yə üzvlük şərtlərinə dəyişikliklər etməyə razılaşmışdı. Amma bu, artıq nəyisə dəyişməyəcəkdi. Necə deyərlər, "çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!". Sadəcə, bunu Baş nazirlə yanaşı, onun bütün həmvətənləri etməli olacaq. Halbuki, onların yarısı bu qərarın qəbulundan heç də məmnun deyil.

İndi ölkə iki hissəyə parçalanmış vəziyyətdədir. Ən maraqlısı, referendumun nəticələrinin açıqlanmasından sonra belə, hələ də "lehinə" və "əleyhinə" arqumentlərinin son dərəcə anlaşılmaz qalmasıdır. Belə təəssürat yaranır ki, iyunun 23-də səsverməyə yollanmış britaniyalıların əksəriyyəti qərarlarının hansı nəticələr verəcəyini tam təsəvvür etməyib. Google Trends səsvermə başa çatar-çatmaz, "Dumanlı Albion"dan olan istifadəçilərin "sorğu seli"ni qeydə alıb: onları ölkənin Aİ-ni tərk etməsinin nə demək olduğu maraqlandırırmış. Bu istifadəçilərin ən çox verdiyi ikinci sual belədir: "Aİ nədir?". Razılaşın ki, bu, dəhşətdir! Ekspertlər baş verənləri Brexit tərəfdarlarının britaniyalıların hissləri ilə oynamağa, məntiqdən çox emosiya yaratmağa çalışması ilə əsaslandırır. Onlar Aİ-ni tərk etməyin yol açacağı iqtisadi fəsadlar haqda açıq danışmayıblar.

 

İqtisadiyyat: "lehinə" və "əleyhinə" arqumentlər

Britaniyanın Maliyyə naziri Corc Osborn bildirib ki, Aİ-ni tərk etmək onun ölkəsinə 30 milyard funta (42,4 milyard dollar) başa gələcək. Əsas arqument ondan ibarətdir ki, Vahid Avropa Bazarına çıxışın gətirdiyi gəlirlər Aİ üzvlüyünə xərcləri dəfələrlə üstələyir. 2,1 milyon britaniyalını işlə təmin etmiş maliyyə sektorunun vəziyyəti bundan birbaşa asılıdır. İndi ölkənin "JP Morgan" və "HSBC" kimi bir çox fond və bankları əməliyyatlarını Britaniyadan kənara çıxara bilər. Aİ-yə üzvlük ticarəti asanlaşdırır, iş yerləri yaradır, kapitalın hərəkətini təmin edir, istehlakçılar üçün daha aşağı qiymət həddi müəyyənləşdirir. Avropa İttifaqını tərk etdikdən sonra isə məsələn, avtomobil istehsalı ilə məşğul olan transmilli şirkətlər, yəqin ki, istehsalı digər Avropa ölkələrində həyata keçirəcək. Aİ Londonun əsas ticarət tərəfdaşıdır. Lakin referendumdan sonra mütləq yeni rüsumlar, tariflər meydana çıxacaq.

Aİ ilə ona daxil olmayan Avropa ölkələrinin əməkdaşlığına dair bir neçə variant var: ən çox İsveçrə və Norveç misal göstərilir; məsələn, Norveç Avropa İqtisadi Zonasına daxildir və onun əli Aİ-nin yalnız maliyyə sektoruna çatmır. İsveçrə isə iqtisadiyyatın hər sektoru ilə bağlı Brüssel ilə ayrıca müqavilə imzalayır. Böyük Britaniyanın hansı modelə üstünlük verəcəyindən asılı olmayaraq, o, Aİ-də qərarların qəbulunda səs hüququndan məhrum olacaq. Nəticədə, "Dumanlı Albion"un hökuməti daxildə gəlir vergisini artırmaq məcburiyyətində qalacaq, benzinə, alkoqola akzis vergisini yüksəldəcək, səhiyyə, təhsil kimi sahələrdə sosial proqramların maliyyələşdirilməsini azaldacaq.

Brexit tərəfdarları isə bildirir ki, London Aİ-ni tərk etməklə, əksinə, Brüsselin ehtiyaclarına xərclənən milyardlarla funtu öz elminə, səhiyyəsinə, təhsilinə yönəldə biləcək. Onların fikrincə, bu qərardan sonra ölkədə iş yerləri artacaq, çünki biznes Brüsselin bürokratiyasından qurtulacaq, xüsusilə əsasən, daxili bazarlar üçün işləyən kiçik və orta sahibkarlıq "rahat nəfəs alacaq". Aİ Böyük Britaniya ilə ticarəti istənilən halda davam etdirəcək, çünki o, Avropa büdcəsinə ciddi maddi töhfə verən vacib tərəfdaşdır. Gömrük rüsumlarına gəlincə, o, ÜTT-nin qaydalarında nəzərdə tutulduğundan çox artmayacaq. Bundan başqa, London digər ölkələrlə, məsələn, Çin ilə ticarət razılaşmalarının əldə olunmasında sərbəst olacaq. Ölkə sərhədlərinə tam nəzarəti bərpa etmək baxımından da udacaq. Bu, ölkəyə miqrant axınını azaldacaq, demək, britaniyalılar daha çox iş yerləri əldə etmək imkanı qazanacaq.

Birləşmiş Krallığın Azadlıq Partiyası (UKIP) Londonu Aİ ölkələrinin vətəndaşlarına da işə qəbul zamanı digər ölkə vətəndaşları ilə eyni məhdudiyyətin tətbiqinə çağırır. Brexit əleyhdarları isə əksinə, miqrant axınının iqtisadiyyatı stimullaşdırdığını iddia edir və bildirir ki, London Aİ-nin Vahid Bazarına çıxış müqabilində miqrasiya sahəsində üzərinə əvvəlki qədər öhdəlik götürəcək.

 

Siyasət: "lehinə" və "əleyhinə" arqumentlər

Bununla yanaşı, Brexit tərəfdarları iqtisadi arqumentlərdən daha çox azadlıq, suverenlik və demokratiya kimi anlayışlara reaksiya verib. UKIP lideri Naycel Faraj bəyan edib ki, britanyialılar dövlətlərini özlərinə qaytarıblar. O, referendumun keçirildiyi günü Müstəqillik Günü adlandırıb.

Böyük Britaniyanın Ədliyyə naziri Maykl Qouv isə öz növbəsində, ölkəsinin Aİ-ni tərk etməsinin "bütün qitənin demokratik azadlığı" üçün qığılcım olacağını deyib.

Amma burada da fikirlər haçalanır. Brexit əleyhdarları hesab edir ki, Aİ-siz Britaniya kiçik bir dövlətə çevriləcək, geosiyasi baxımdan ciddi şəkildə zəifləyəcək, təhlükəsizlik nöqteyi-nəzərindən daha zəif olacaq. Qeyd edək ki, Kemeron özü "İD" qruplaşmasının Böyük Britaniyanın Aİ-ni tərk etməsinə yalnız sevinə biləcəyini söyləyib.

Aİ-dən uzaqlaşmağın tərəfdarları belə düşünənlərə cavab olaraq, Böyük Britaniyanın hər zaman qlobal oyunçu olduğunu, bundan sonra da o cür qalacağını deyir: hər halda, heç kəs Britaniyanın nüvə fövqəldövləti statusunu, NATO, BMT TŞ üzvlüyünü əlindən almır və onun ABŞ-la "xüsusi münasibətləri» də yerində qalır. Əksinə, indi Brüsselin olmadığı bir şəraitdə, Böyük Britaniyanın səsi dünya arenasında daha yaxşı eşidiləcək. Bundan başqa, London insan haqları məsələsində Aİ-nin normalarına bağlı olmadığından, milli təhlükəsizliyini daha yaxşı təmin etmək imkanı qazanacaq. Amma bu yerdə ortaya başqa bir sual çıxır: Birləşmiş Krallığın özü birliyini qoruyub-saxlaya biləcəkmi? Məsələ ondadır ki, Şotlandiya əhalisinin əksəriyyəti (62%) məhz Aİ-də qalmağa səs verib və indi onun hökuməti müstəqilliklə bağlı yeni referendum keçirməyə hazırlaşır. Şotlandiyada ilk belə referendum 2014-cü ildə keçirilmiş, o zaman səsverməyə qatılanların 50%-dən çoxu Böyük Britaniyanın bir hissəsi kimi qalmağa səs vermişdi. Lakin Britaniyanın Aİ-dən çıxmaq haqqında qərar qəbul etdiyi indiki şəraitdə vəziyyət dəyişir. Şimali İrlandiyanın ən iri millətçi partiyası olan "Şinn Feyn" də Britaniyanın Aİ-dən çıxmasının onların İrlandiyaya birləşmə məsələsini referenduma çıxarması üçün əsas olduğunu bəyan edib.

Bütün bunlarla yanaşı, indi Aİ-nin özü də iqtisadi və siyasi qüdrətinin zəifləməsi təhlükəsilə üz-üzədir. Çünki britaniyalıların qərarı birlik daxilində presedentə çevrilə bilər. Ən azı, indi avroskeptiklər hər yerdə özlərini daha inamlı hiss edir; məsələn, Finlandiyada Aİ-ni tərk etməklə bağlı referendumun təşkili üçün petisiyaya imzatoplama kampaniyasına başlanılıb. Hollandiyanın sağçılardan ibarət "Azadlıq uğrunda partiya"sının lideri Hert Vilders ilə Fransa "Milli Cəbhə"sinin lideri Marin Le Pen də eyni çağırış səsləndiriblər. "Pew Research Center" tərəfindən aparılmış sorğu göstərib ki, indi bir çox ölkələrdə Aİ-yə mənfi münasibət Britaniyada olduğundan daha çoxdur. Buraya İspaniya ilə Fransa da aiddir. İstənilən halda, Kemerondan nümunə götürən digər avropalı siyasətçilər də Brüsseldən xüsusi güzəştlər tələb edə, bu isə Aİ-də struktur dəyişiklikləri zərurətini meydana çıxara bilər.

İndi Aİ təhlükəsizlik baxımından da zəifləyə bilər, çünki London onun hərbi xərclərinin əhəmiyyətli bir hissəsini öz üzərinə götürmüşdü (Aİ-nin ümumi hərbi xərclərinin 21%-i). Bunun baş verməməsi üçün yerdə qalan dövlətlər bu sahəyə daha çox vəsait ayırmalı olacaq.

Bundan başqa, indən sonra Rusiya, ABŞ, Çin və digər qlobal oyunçularla söhbətlərdə Brüsselin səsi daha zəif çıxacaq. Fransanın nisbətən zəifliyi fonunda Aİ-nin lideri rolu tamamilə Almaniyaya keçəcək. Amma deyəsən, o, bu vəziyyətdən o qədər də məmnun deyil; birincisi, o, yalnız siyasi deyil, həm də iqtisadi mənada lider olmaq məcburiyyətində qalacaq. Yəni, indi Berlin ittifaqın zəif Şərq ölkələrinin problemlərinin öhdəsindən təkbaşına gəlməli olacaq; ikincisi, artıq uğursuzluğu, məsuliyyəti kiminsə üzərinə yıxmaq mümküni olmayacaq; üçüncüsü, miqrant böhranı ilə bağlı Angela Merkelin liderliyi onsuz da əvvəlki kimi qəbul olunmur.

Qeyd edək ki, ABŞ da Böyük Britaniyanın Aİ-ni tərk etməsinin əleyhinə idi. Barak Obama Londona bu ilin aprelində etdiyi səfəri zamanı bu haqda mövqeyini birmənalı şəkildə ortaya qoymuş, onun bu mövqeyi ABŞ KİV tərəfindən tam dəstək almışdı. Amerika mətbuatı hesab edir ki, bu, nəinki Britaniyanı və Avropa İttifaqını zəiflədəcək, Vaşinqtonun Brüsselə təsirini də azaldacaq. Maraqlıdır ki, 1960-cı illərdə de Qoll Böyük Britaniyanın Avropa İqtisadi Birliyinə qəbuluna veto qoymasını məhz bu arqumentlə əsaslandırmışdı. Fransa prezidenti hesab edirdi ki, London Avropada Amerika maraqlarının yayıcısı olacaq. İndi Britaniyanın yer almadığı Aİ daha az üzüyola olacaq. Bu, Obamanın son zamanlar üzərinə xüsusilə düşdüyü Trans-Atlantik tərəfdaşlıq planının reallaşdırılması işində də özünü göstərəcək. Amma bu, başqa söhbətin mövzusudur.

Hər halda, ABŞ-ın əlində hərbi baxımdan bütün Avropanı birləşdirən yeganə struktur - NATO var. Odur ki, hamı hələlik bununla hesablaşmalı olacaq.

 

Dəqiq cavabı olmayan suallar

Beləliklə, gözlərimiz önündə baş verənlər nədir? Tarixin qanunauyğun davamı? Hər halda, bir neçə əsr əvvələ nəzər yetirdikdə dərhal anlayırsan ki, Böyük Britaniya həmişə sərbəst olub və qitədə Almaniya və Fransa ilə baş-başa gəlib. Odur ki, Britaniya imperiyası varisinin son onillikdə iddialarından əl çəkdiyini düşünmək sadəlövhlük olardı. Ola bilsin, Aİ-nin sıravi vətəndaşları həqiqətən qloballaşmanın fəsadlarından sadəcə bezib, bunun onlara yalnız fayda gətirmədiyini, həm də dağılmış milli sərhədlərə, milli kimliyin itirilməsinə, transmilli şirkətlərin hakimiyyətinin güclənməsinə səbəb olduğunu düşünür. Bu halda vahid Avropa arzusu həqiqətən xam xəyaldır və biz vaxtilə Sovet İttifaqının iflasına şahidlik etdiyimiz kimi, indi də onun dağılmasını müşahidə edirik.

Bəlkə Britaniya vətəndaşları, sadəcə, yanılıblar və bu qərarın hansı fəsadlara yol açacağını tam anlamayıblar? Bəlkə də vəziyyətin təkrar referendum çağırılması ilə xilas olunmasına cəhdlər məhz buna görədir. Qeyd edək ki, bu təşəbbüsün yer aldığı petisiya artıq imza toplamaqdadır. Böyük Britaniyanın Aİ-ni tərk etməsinə Şotlandiya parlamentinin veto qoya biləcəyi də deyilir. Şotlandiyanın birinci naziri Nikola Starcen bildirib ki, o, həmkarlarını məhz buna çağıracaq. Bundan başqa, kraliça parlamentin qanununu "Böyük Britaniyanın milli maraqlarına zidd olduğu üçün" imzalamamaq hüququndan da istifadə edə bilər.

Bəlkə bütün bunlar kimlərinsə gizli maliyyə oyunudur? Hər halda, "Bloomberg"in hesablamasına görə, Brexit üzündən dünyanın 400 ən zəngin adamı bir gündə 127,4 milyard dollar itirib. Ən çox itkiyə ispaniyalı iş adamı, "Inditex" şirkətinin yaradıcsı Amansio Orteqa, "Microsoft"un yaradıcısı Bill Geyts və "Amazon"un rəhbəri Ceff Bezos məruz qalıblar. Cümə günü, iyunun 24-də ABŞ-ın fond indeksləri son 10 ayın ən ciddi tənəzzülünü yaşayıb. Amerikalı milyarder Corc Soros isə bəzi KİV-in iddiasına görə, əksinə, funtun ucuzlaşmasından külli miqdarda qazanc əldə edib. Qeyd edək ki, Soros əvvəllər də belə gedişlər edib.

Hələlik, Böyük Britaniyanın böyük Avropa ailəsindən ayrılmasının konkret necə görünəcəyini demək mümükün deyil. Yəqin ki, bu proses müddət baxımından 2 il, bəlkə də daha çox davam edəcək. Bu, Avropa siyasətində kifayət qədər qarışıq dönəm olacaq. Böyük Britaniyanı guman ki, daxili siyasətdə də ciddi dəyişikliklər gözləyir. Amma Avropa İttifaqının daha böyük dəyişikliklərə ehtiyacı var - struktur, ideoloji, hakimiyyət. Əks təqdirdə nəhəng Avropa layihəsini kədərli son gözləyə bilər. Bu, "Avropa super fövqəldövləti"nin yaradılması olacaq, yoxsa əksinə, Brüsselin ittifaq üzvlərinə nəzarəti zəifləyəcək? Bu məsələ öz həllini müxtəlif səviyyələrdə tapacaq. Yaşananlar həm də onu göstərir ki, yaxın zamanlarda Aİ-nin Türkiyə, Ukrayna kimi dövlətlərlə yaxınlaşacağını gözləmək olmaz. Bu isə artıq beynəlxalq siyasətdə bir çox qaydaları kökündən dəyişir.



MƏSLƏHƏT GÖR:

409