29 Aprel 2024

Bazar ertəsi, 20:27

VALYUTA BAZARININ QIZMAR YAYI

Manatın məzənnəsinin dəyişmə tendensiyası, hələlik, aktual olaraq qalır, lakin devalvasiya ehtimalı cüzidir

Müəllif:

15.07.2016

2016-ci ilin bütün ilk yarısı ərzində dünya iqtisadiyyatını sarsıdan, bazarın bir çox seqmentlərinə mənfi təsir göstərən hadisələr səngimək bilmirdi. Böhranlı tendensiyalar Azərbaycanın bir sıra sektorlarında da müşahidə olunurdu. Bu da nəticədə, ölkə ÜDM-nin bir qədər aşağı düşməsinə səbəb oldu. Ölkədə start götürən dərin iqtisadi islahatların bu cür mənfi təsirləri kifayət qədər azaltmağa imkan verməsinə baxmayaraq, onlardan qısa müddət ərzində tam effekt gözləmək də yersiz olardı. Belə ki maliyyə-bank sektorunda vəziyyət hələlik o qədər də ürəkaçan deyil. Bu isə bütün iqtisadiyyata zərbə vurur.

Növbəti devalvasiya olsun, yoxsa olmasın? Qızmar yay günlərində Azərbaycan sakinlərinin çoxunu maraqlandıran bu sualın cavabı Şekspirin məşhur faciəsindəki kimi çətindir. Müəyyən dərəcədə son ayda dolların manata qarşı məzənnəsinin yüksəlməsi tendensiyası daha da güclənib. Belə ki, əgər iyunun 13-də ölkənin Mərkəzi Bankının məzənnəsi $1/1,5114 manat idisə, iyulun 13-də artıq $1/1,5549 manat olub. 4%-ə qədər qanuni marjanı nəzərə alaraq, kommersiya bankları dolları əhaliyə artıq 1,6 manata satırlar. Bir sıra ekspertlərin fikrincə, manatın məzənnəsinə təsir edən son həftələrin ən parlaq hadisəsi Brexit-i (Böyük Britaniyada Avropa İttifaqından çıxması ilə bağlı referendumun nəticələri) və ondan sonra Britaniya funtunun dollara qarşı ucuzlaşmasını hesab etmək olar. Britaniyada referendumdan, demək olar ki, bir gün sonra banklar dolların satışını kəskin məhdudlaşdırdılar və ya hətta dayandırdılar da.   Nəticədə, valyuta bazarında həddindən artıq ajiotaj yarandığına görə banklara xəbərdarlıq edən Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə müdaxilə etməyə məcbur oldu.

Bu arada, AMB "dolların manata qarşı məzənnəsi Böyük Britaniyanın Aİ-dən çıxması qərarı ilə əlaqədar dünya maliyyə bazarlarında məzənnə dəyişiklikləri əsasında deyil, yerli valyuta bazarında tələbin təklifə qarşı rolu fonunda müəyyənləşdiyini" açıqlayıb. Xarici valyuta bazarında tələbin təklifə qarşı nisbətinə təsir edən əsas amilləri isə tədiyyə balansının vəziyyətinin təzahürüdür. Yəni ölkəyə gətirilən və çıxarılan xarici valyutanın həcmi, büdcənin ehtiyacları üçün neft transferlərinin həcmi, dedollarlaşma üzrə ölkədə həyata keçirilən tədbirləri ehtiva edir. Mərkəzi Bankda bildiriblər ki, diversifikasiya strategiyasına əsasən, AMB-nin valyuta ehtiyatları dollar, avro, funt-sterlinq və likvid maliyyə alətlərində saxlanılır. "Mərkəzi Bankın ehtiyatlarının böyük hissəsi (85%-dən çox) dollarda yerləşdirildiyi üçün digər valyutaların ABŞ dollarına qarşı ucuzlaşması ciddi məzənnə fərqinə gətirib çıxarmayıb", - AMB-də belə hesab edirlər. Valyuta bazarının digər iştirakçısı olan - Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov Azərbaycanda yaxın gələcəkdə üçüncü devalvasiyanın mümkünlüyü barədə söhbətlərin "ajiotajdan başqa heç bir şey olmadığı"nı bildirib: "Bu gün bir çoxları manatı dollara yüksək məzənnə ilə dəyişdirirlər. Sonradan onlara manat lazım olanda geri prosesi artıq aşağı məzənnə ilə reallaşdırmalı olacaqlar. Bütün bunlar nəyə lazımdır? Ancaq ona görə ki, kimsə devalvasiya olacağını deyib?".

ARDNF rəhbəri bildirib ki, məzənnə dəyişiklikliyi barədə söhbətlər yalnız möhtəkirlərə sərf edir. "Heç vaxt ancaq bir valyutanın arxasınca getmək lazım deyil. Bu cür əməliyyatlar həmişə riskli sayılır və onlarla pul qazanmaq çox çətindir. Bunu ancaq yüksəkixtisaslı treyderlər bacara bilərlər. Onlar da bəzən külli miqdarda itkilərlə üzləşirlər. Pulu qazandığınız valyutada xərcləyin", - deyə Ş. Mövsümov tövsiyə edib.

Valyuta bazarında gərginliyi aradan qaldırmaq üçün ARDNF ilə yanaşı, satışa AMB də qoşulub. Müvafiq olaraq, bazarda təklifin həcmi də nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, iyulun 12-də bu qurumlar hərrac vasitəsi ilə 29 banka 100 milyon dollar satıb. Bu da əvvəlki rəqəmdən təxminən 4 dəfə çoxdur. İqtisadçı Vüqar Bayramov hesab edir ki, bu, məzənnənin sabitləşməsi üçün ilk tələb olunan addımdır. Çünki hərracda dolların böyük həcminin satışı heç də əsaslandırılmayan tələbi azaltmağa imkan verəcək. "Məsələ burasındadır ki, kommersiya bankı öz tələblərini maksimal dərəcədə ödəməkdən ötrü valyutada real tələbi 6 milyon dollar olduğu halda, çox vaxt 30 milyon dollarlıq tələb barədə bildiriş verir", - deyə iqtisadçı bildirir. Bu isə, öz növbəsində, ajiotaja və valyuta bazarlarında şaiyələrə yol açır. V. Bayramovun fikrincə, valyutanın satışının marjasını iki dəfə - hazırkı 4%-dən 2%-dək azaltmaq məqsədəuyğun olardı.

Bankların özləri isə könülsüz olaraq yerli valyutada kredit verməyə davam edərək, əmanətlərin dollarlaşma prosesinə narahatlıqla yanaşırlar. Onların fikrincə, vəziyyətdən xilas olmaq və manatın cəlbediciliyini artırmaq manat əmanətləri üzrə faiz dərəcələrinin artırılması yolu ilə mümkündür. "PASHA Bank"ın rəhbəri Taleh Kazımovun fikrincə, hazırkı mərhələdə kredit portfellərin keyfiyyətinin pisləşməsi ilə yanaşı, sektorda mövcud olan ən böyük problem bank passivlərinin dollarlaşmasıdır: "Bu gün bu göstərici təqribən, 80%-dan çoxdur".

"Məsələn, Rusiyada neft qiyməti ucuzlaşdıqdan sonra Mərkəzi Bank yenidənmaliyyələşmənin dərəcəsini 21%-ə qədər, əmanətlər üzrə dərəcələr 25%-ə qədər və hətta ondan çox qaldırıldı. Bu da dollarlaşmanın qarşısının alınmasına imkan verdi. Eyni şeyi Qazaxıstanda da etdilər. Milli valyutada əmanətlər üzrə dərəcələrin artması vəsaitlərin dollara konvertasiyası ilə bağlı ajiotajı dayandırmağa kömək etdi", - deyə T.Kazımov bildirib. Eyni zamanda, onun fikrincə, manat kreditləri üzrə yüksək faiz dərəcələri mövcud olarkən borc alana cəlb olunan vəsaitləri dollara çevirmək sərfəli olmayacaq. Qeyd etmək lazımdır ki, "ING Group NV"nin Rusiya və MDB üzrə Moksvadakı baş iqtisadiyyatçısı Dmitri Polevoy "Bloomberg"ə müsahibəsində bildirib ki, manatın dayanıqlı inkişafı üçün əsas maneə depozitlərin yüksək dərəcədə dollarlaşması ilə bağlıdır.

Əldə olan məlumatlara görə, bu gün kreditlərin, təxminən, 50%-i və depozitlərin 80%-i dollarla yerləşdirilib. Müvafiq olaraq, bu depozitlərə xidmət göstərilməsi üçün bankların dollar ehtiyatlarına ehtiyacları var. Bu da ABŞ valyutasına tələbatın artmasının səbəblərindən biridir.

Lakin, digər tərəfdən, ölkədə dollar dövriyyəsinin zəifləməsi əlamətləri də göz qabağındadır. İstənilən halda, AMB-nin statistikasına görə, 2013-2014-cü illərdə ölkə üzrə dolların satışı təxminən 9,3 mlrd. dollar, 2015-ci ildə - 12,3 mlrd. dollar təşkil edirdisə, cari ilin 4 ayı ərzində 1,2 mlrd. dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 5 dəfə azdır.

İqtisadiyyatçı Fikrət Yusifov hesab edir ki, bu, Azərbaycana idxal məhsullarının həcminin azalması və dövriyyədə manat kütləsinin aşağı səviyyədə olması ilə bağlıdır.

Belə çıxır ki, manatı bu gün aşağı çəkən əsas qüvvə kimi banklar çıxış edirlər. Halbuki, yuxarıda qeyd olunduğu kimi, onlar da bu vəziyyətdən razı deyillər və məmnuniyyətlə, yaranmış vəziyyəti dəyişərdilər.

Lakin iqtisadiyyatçıların fikrincə, dolların manata qarşı məzənnəsinin dəyişməsi tendensiyası davam edəcək, amma indiki kimi zəif olacaq. 2015-ci ilin dekabrında olduğu kimi "şok" devalvasiyasının mümkünlüyünü demək oalr ki, bütün ekspertlər rədd edirlər. Birincisi, bu addımın iqtisadiyyata olan mənfi təsirləri göz qabağındadır, ikincisi, bunun üçün ilkin şərtlər yoxdur.

Bu gün zəruri olan əsas iş - əhalinin manata qarşı etibarını yüksəltmək, bank əmanətlərində və kreditlərdə valyutanın nisbətini stabilləşdirmək və, ümumilikdə, bank sektoruna bu cür çətin dövrü keçməyə kömək etməkdir. O zaman bazar manatı özü dəstəkləyəcək. Bu da, nəticədə, bütövlükdə iqtisadiyyatın inkişafını stimullaşdıracaq.


MƏSLƏHƏT GÖR:

417