29 Aprel 2024

Bazar ertəsi, 12:44

KREDİTSİZ BİZNES

Kiçik istehsalın yeni kapitallaşma formaları ölkənin kənd təsərrüfatının inkişafı üçün təkan ola bilər

Müəllif:

01.08.2016

Ölkənin neftdənsonrakı inkişaf mərhələsi iqtisadiyyatın kapitallaşdırılmasının yeni formalarının axtarışını, xüsusən kütləvi biznesin alternativ maliyyələşdirilmə mexanizmlərinin tətbiqini zəruri edir. Bununla əlaqədar Azərbaycanda hazır kiçik layihələrin iş adamlarının idarəetməsinə verilməsi yolu ilə aqrar sektorda kreditsiz sxemlərin tətbiqi nəzərdə tutulur. Digər istiqamət isə büdcə vəsaitləri hesabına, hazır infrastruktur, sex və inzibati binaları olan sənaye klasterlərinin yaradılması və bu obyektlərin sahibkarların istifadəsinə, demək olar ki, əvəzsiz şəkildə verilməsi ola bilər.

Son ilyarım - iki ildə müşahidə edilən büdcə gəlirlərinin azalması dövlətin donorluq imkanlarını məhdudlaşdırıb, manatın devalvasiyası və bank sektorundakı böhran isə valyuta risklərini artırıb. Eyni zamanda, kiçik sahibkarlıq subyektlərinin güzəştli kreditlərə çıxışı da çətinləşib. Belə ki, neftin qiymətdən düşməsi nəticəsində bir sıra sahələrdə istehsalın həcminin azalması və milli valyutanın məzənnəsinin devalvasiyası istehlak kreditləri üzrə borc böhranına səbəb olub. Bank əmanətlərinin kütləvi şəkildə yenidən konvertasiyası valyuta depozitlərinin payını cari ilin əvvəlindəki 50%-dən 82%-ə yüksəldib. Bankların aktivlərinin dollarlaşması kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin inkişafı üçün daha çox tələb edilən aşağıfaizli kreditlərin verilməsi imkanlarına mənfi təsir edib. Bank sektorunda bu gün yüksək likvidlik prosesləri müşahidə edilir.  Bir çox banklarda müxbir hesablarda və kassalarda likvid vəsaitlərin həcmi minimum normativ tələbləri 4 dəfə üstələyir. Aydındır ki, həddindən yüksək likvidlik səviyyəsi bankların gəlirlərinə arzuedilməz təsir göstərir. Lakin mövcud vəziyyətdə ən pisi, bu gün bankların tələbolunmayan vəsaitlərinin real iqtisadiyyatın və ilk növbədə, aqrar sahənin kreditləşməsinə kifayət qədər cəlb olunmaması ilə bağlıdır. Yerli bankların ümumi kredit portfelində aqrar kreditlərin payı iqtisadiyyatın, hətta ən yaxşı illərində belə, 6-7%-i üstələməyib. Bankların bu cür ehtiyatlı davranmalarının əsas səbəbi fermer təsərrüfatlarının kreditləşdirilməsinin yüksək riskləri ilə bağlıdır.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ekspertlərinin hesablamalarına görə, Azərbaycanda kənd təsərrüfatı üçün yararlı olan torpaqların 75%-i kiçik fermerlər tərəfindən istifadə edilir. Onların hər birinin payına, orta hesabla, iki ha torpaq sahəsi düşür. Ölkədə aqrar kooperativlərin inkişafına yenicə başlanılır, geniş torpaq sahələri, texnika parkı və təsərrüfat tikililəri olan iri aqrar təsərrüfatlarının sayı isə çox deyil. Kiçik torpaq sahəsinə malik kəndlilərin əsas hissəsi banklardan lazımi kredit almaq üçün kifayət qədər dəyərli və likvidliyə malik girov təqdim edə bilmirlər. Azərbaycanın əkinçilik üçün riskli zonada yerləşməsi isə vəziyyəti daha da mürəkkəbləşir: quraqlıq və suvarma üçün su çatışmazlığı; şoranlaşma və torpağın eroziyası; mütəmadi daşqınlar və sel düşməsi - yerli fermerlərin, demək olar ki, hər il rastlaşdıqları risklərin heç də tam siyahısı deyil. Bu əlavə tədbirlər, habelə sığorta alətlərindən minimal istifadə kommersiya banklarının kənd sahibkarlarının maliyyələşdirilməsi imkanlarını daha da daraldır. Bu bəlli faktı ölkənin Kənd Təsərrüfatı Nazirliyinin statistikası da təsdiq edir.

“2007-2015-ci illərdə dövlət büdcəsində kənd təsərrüfatı sahəsinin sığortalanması üçün 7,5 milyon manat vəsait nəzərdə tutulub. Bu məbləğin, təxminən, 60 min manatı, yəni büdcə ayrılmalarının 0,8%-dən çox olmayan hissəsi istifadə olunub”, - Kənd Təsərrüfatı Nazirliyi Maliyyə və Mühasibat Uçotu Şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov bildirir. – “Özəl sığorta şirkətləri də minimum səviyyədə kənd təsərrüfatı sığortası xidmətlərini göstərir. Ona görə də fermerlər çox vaxt onlara maraq göstərmirlər".

Təəccüblü deyil ki, son 15 ildə kənd biznesinin əsas donoru rolunda Sahibkarlığa Kömək Milli Fondu (SKMF) çıxış edib. Fəaliyyəti dövründə, təxminən, 150 min KOS (benefisiarların, təxminən, 70%-i aqrar sektorun nümayəndələridir) subyektləri fondun xətti ilə, təqribən, 2 mlrd. manat güzəştli kredit alıb. Yerli fermer təsərrüfatlarının inkişafında SKMF-in rolu böyükdür, amma son illər mikromaliyyələşmə SKMF-in kredit portfelində cüzi yer tutur. Fondun vəsaitlərinin əsas həcmi isə böyük səmərəlilik və yatırımların geri dönüşünə zəmanət verən orta və iri təşəbbüslərin maliyyələşdirilməsinə yönləndirilir.

Beləliklə, alternativ monetar olmayan alətlərdən istifadə etməklə, ilk növbədə, kiçik kənd biznesinin, KOS subyektlərinin yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması zərurəti yetişib.

Yeri gəlmişkən, iqtisadiyyatın və, ilk növbədə, kənd təsərrüfatı və kiçik istehsalın kreditsiz kapitallaşdırma formaları qədim zamanlardan məlumdur və bütövlükdə, klassik bankların və müasir pul-kredit sisteminin təşəkkül tapmasına qədər istifadə edilib. Bu münasibətlərin mahiyyəti sahibkarlara və ya dövlətə məxsus istehsal vasitələrinin – torpaq, mal-qara, emalatxanalar, təşəbbüskar vətəndaşlara kiçik istehsalatların müvəqqəti icarəyə (bu gün lizinq sxemləri də tətbiq edilir) verilməsi formasına keçir. Mülkiyyətçi hüquqlarına malik olmadan, icarədar istehsal vəsaitlərini  idarə edirdi, istehsal etdiyi məhsulun özü və ya onun satışından əldə etdiyi gəlirin bir hissəsi ilə ödəniş edirdi. Oxşar sxem üzrə XVI-XVIII əsrlərdə İngiltərə və Şotlandiyada qoyun yunu – mahud sənayesi üçün xammal və XIX və XX əsrlərdə ABŞ-da Orta Qərbdə köçəri maldarlıq inkişaf edirdi. Bu üsul bu gün də Hindistan, Pakistanda pambığın, çayın yetişdirilməsi, habelə Asiya, Afrika və Latın Amerikası dövlətlərində digər aqrar bitkilərin istehsalında təcrübədən keçirilir.

Kreditsiz sxemlərin əsas üstünlüyü onların sadəliyində və icarədarın üzərinə ağır maliyyə yükü qoymamasındadır. Belə olan halda, sahibkar kredit almaq üçün xüsusi girov və ya maliyyə zəmanəti təmin etmək zərurətindən azaddır. Və səriştəsiz idarəçilik, yaxud da fövqəladə hallarda o, əmlakını itirmək riski ilə üzləşmir, sadəcə olaraq, gəlirini itirir və icarəyə götürdüyü istehsal vasitələrini geri qaytarmalı olur. Bu sxemin çatışmazlıqları sırasında isə icarədar üçün mühüm riskləri göstərmək olar: avadanlığın dağılması; torpağın məhsuldarlığının itirilməsi; heyvanların tələf olması və s. Bundan başqa, bazar şərtlərində kreditsiz formaların çevikliyi yüksək deyil və əsasən, kənd təsərrüfatı və xırda əmtəə istehsalı ilə məhdudlaşır.

İstənilən halda, Azərbaycan hökuməti və Parlamentində bu gün  kiçik layihələrin iş adamlarının idarəetməsinə verilməsini nəzərdə tutan kiçik biznesin dəstəklənməsinə dair yeni proqramın hazırlığına başlanılıb. “Hazır layihələrin idarəetməyə verilməsi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə verilən güzəştli kreditlərə alternativlərdən biridir”, - Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev hesab edir. Onun sözlərinə görə, hökumət ekspertlərinin iştirakı ilə ölkənin hər bir regionunda sahibkarların seçilməsi nəzərdə tutulur. Öz işlərini bilən və biznesin idarə edilməsində bacarıqlara malik olan namizədlərlə fərdi müqavilələr bağlanacaq. Maliyyə dəstəyi əvəzinə, onlara onminlərlə manata qədər dəyəri olan hazır layihələr təqdim ediləcək. Bu mini-layihələr, əsasən, aqrar istehsal sahələrini - tərəvəzçilik, bağçılıq, heyvandarlıq, arıçılıq və digər sahələri əhatə edəcək; məsələn, sahibkara nominal olaraq dövlətin sayılan xırdabuynuzlu mal-qara verilə bilər və müvafiq olaraq onu nə satmaq, nə də kəsimə yollamaq olar. Lakin fermer bu heyvanın balasından, südündən, yunundan istədiyi kimi bəhrələnə bilər. Bunun öhdəsindən gələ bilmədikdə isə maliyyə öhdəliklərinə görə çətinlik çəkməyəcək, sadəcə olaraq, kiçik biznesindən imtina edəcək.

İqtisadiyyatın kreditsiz kapitallaşdırılma sisteminin müəyyən elementlərindən sənaye istehsalında da istifadə edilməsi nəzərdə tutulur. Söhbət, əsasən, ölkədə KOS subyektlərinin istehsal və servis strukturlarının böyük hissəsinin cəmləşəcəyi sənaye məhəllələrinin inkişaf etdirilməsindən gedir. Bu, təmir emalatxanaları və mühəndis təşkilatları, xırdaseriyalı tikiş və ayaqqabı istehsalı, tikinti materiallarının istehsalı üzrə kiçik sexlər, mebel, müxtəlif çox işlənən mallar və s. ibarət ola bilər. Bu cür müəssisələrin fəaliyyət sferası, əsasən, daxili bazara fokuslanıb.

Sənaye məhəllələrinin əsas üstünlüyü ondan ibarətdir ki, dövlət sahibkarlıq fəaliyyəti üçün bütün zəruri infrastrukturu yaradaraq, kapitallaşmaya dair əsas xərcləri üzərinə götürür.  Əsasən, daxili və xarici kommunal, nəqliyyat şəbəkəsi çəkilir, şəbəkə sistemi inkişaf etdirilir, yanğındanmühafizə sistemi təchiz edilir, inzibati, istehsal, anbar və digər obyektlər tikilir. Sadalanan xərclərin həcmi biznes-fəaliyyətin istiqamətindən asılı olaraq, istehsalın təşkili üçün məxaricin üçdəbirindən yarısınadək çata bilər. Bundan əlavə, dövlət İqtisadiyyat Nazirliyinin timsalında istehsal avadanlıqlarının əldə edilməsi üçün güzəştli kreditlərin alınmasında KOS subyektlərinə yardım etməyi planlaşdırır. Bundan başqa o, konsultasiya xidmətləri, treninqlər keçirəcək və kadrların peşəkar hazırlığını həyata keçirəcək. Sənaye məhəllələrinin rezidentləri - şirkətlər nəinki infrastrukturun qurulması xərclərindən azaddırlar, həmçinin infrastrukturdan istifadə üçün icarəhaqqı minimum səviyyədə müəyyənləşdirilib. Sənaye məhəllələrində biznes-layihələr, əsasən, yerli mənbələrin istifadə edilməsini nəzərdə tutur ki, bu da gəlirliliyin artmasına təsir göstərəcək. İstehsalın maya dəyərinin azalmasına da kooperativ əlaqələrin güclənməsi və texnoloji proseslərin bölünməsi hesabına nail olunacaq.

Bir sözlə, düzgün yanaşma tətbiq olunarsa, hazır layihələrin idarəetməyə verilməsi istehsal prosesinə çox sayda təşəbbüskar vətəndaşı, xüsusən əyalətlərdə istifadəsiz qalan əmək resurslarını işə cəlb etməyə imkan verəcək.


MƏSLƏHƏT GÖR:

413