4 May 2024

Şənbə, 07:59

OXUN YERDƏYİŞMƏSİ

London dünya maliyyə mərkəzi statusunu itirə bilər

Müəllif:

01.08.2016

Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edən Böyük Britaniya rəhbərliyi, eyni zamanda, vahid Avropa bazarına çıxışını qoruyub-saxlamaq üçün əlindən gələni edəcək. Amma eyni zamanda, hər iki tərəfin vətəndaşlarının sərbəst hərəkətinə qismən məhdudiyyət qoyulmasına və ölkənin Aİ-nin büdcəsinə üzvlükhaqqı ödəməməsinə nail olacaq. Fransa və Almaniyanın bu ölkənin keçirdiyi referendumun nəticələrinə uyğun olaraq (Britaniyanın Aİ-dən çıxmasına britaniyalıların 51,9%-i səs verib), İttifaqı tezliklə tərk etmək prosesini sürətləndirmək tələbinə London məhəl qoymayacaq. Kontinental Avropanın aparıcı dövlətlərinin yeganə nail olduqları məsələ - danışıqların ən yaxşı halda, gələn il başlayacağı və Britaniyanın Avropa Şurasında sədrlikdən 2017-ci ilin ikinci yarısında (ölkələrin sədrliyi hər 6 aydan bir dəyişir) imtina edəcəyinə dair təminatıdır.

 

Britaniyalılar üçün iş yerləri

Şübhəsiz ki, Avropada mühacir böhranı britaniyalıları Avropa Birliyini tərk etmək üçün səs verməyə vadar edən "tətik" oldu. Böyük Britaniya sakinləri daha yüksək maaş axtarışlarında olan Şərqi Avropa ölkələrinin - Polşa, Rumıniya, Bolqarıstan vətəndaşlarının onların iş yerlərini tutmalarından onsuz da narazı idilər. Britaniyanın bir çox şəhərlərində müsəlman məhəllələri olduğu halda, üstəlik, Yaxın Şərqdən gələn mühacirlərin zorla burada qalmaları yerli hakimiyyət orqanlarının əsas dərdinə çevrilib, yerli britaniyalıların səbir kasasını doldurub. Məsələ burasındadır ki, müxtəlif hesablamalara görə, Böyük Britaniyada 3 milyona qədər Avropa İttifaqı vətəndaşı yaşadığı halda, Aİ-nin ərazisində 1,3 mln. çox britaniyalı var. Bundan başqa, Böyük Britaniya əhalisi 2000-ci ilin əvvəlindən 2016-cı ilədək 58,9 milyondan 64, 7 milyon nəfərə qədər artıb. Bu, təxminən, 10%-lik artım deməkdir. Müvafiq olaraq, Böyük Britaniya hakimiyyət dairələrinin Avropa İttifaqının büdcəsinə ödədiyi 10,9 mlrd. avro (ölkə ÜDM-nin, təxminən, 0,5%-i) yerli britaniyalılar üçün yeni iş yerlərinin yaradılması üçün az vəsait deyil.

 

Münasibətlərin yeni formalarının axtarışında…

Səsvermənin nəticələrinin şoku, Berlin və Parisin London rəhbərliyindən Avropa İttifaqını tərk etməyə dair Lissabon razılaşmasının 50-ci maddəsinə dərhal əməl etmək tələbindən sonra, Böyük Britaniya ilə Avropa İttifaqı ölkələri arasında yeni qarşılıqlı münasibətlərin qurulmasına dair gərgin işə başlanıldı. Əlbəttə ki, bu münasibətlərin necə olacağı, ilk növbədə, Almaniya və Fransa rəhbərliyindən asılıdır - təəccüblü deyil ki, Böyük Britaniyanın yeni Baş naziri Tereza Mey ilk beynəlxalq səfərini (20-21 iyul) məhz bu ölkələrə edib. Görüşün gedişində o, ölkəyə miqrantların daxil olmasının məhdudlaşdırılması, lakin Avropa İttifaqı ilə malların, kapital və xidmətlərin hərəkətində müstəqilliyin saxlanılmasına dair mövqeyini dəqiq şəkildə bildirib. Bununla belə, Tereza Mey birmənalı olaraq bəyan edib ki, Böyük Britaniya Aİ-ni tərk etməsinə dair danışıqlara ancaq 2017-ci ildə başlamaq niyyətindədir. Sual yaranır: nə üçün Fransa və Almaniya Böyük Britaniyanın şıltaqlıqları ilə hesablaşamağa davam edir və indiyədək Londona qəti surətdə “qapı”nı göstərmirlər? Bu, onunla bağlıdır ki, Böyük Britaniyanın Avropa İttifaqından qəfil çıxması və iqtisadi münasibətlərin pozulması istər Aİ-yə daxil olan ölkələrə, istərsə də “dumanlı Albion”un iqtisadiyyatına zərbə vura bilər. Böyük Britaniyanın Avropa İttifaqı ölkələri ilə mənfi ticarət saldosu 75 mlrd. avro təşkil edir. Britaniyanın ixrac əməliyyatlarının həcmi 295 mlrd. avro təşkil edirsə, Avropa qitəsindən idxal əməliyyatlarının həcmi isə 370 mlrd. avroya bərabərdir. Bu statistikada rəsmi Londonu narahat edə biləcək yeganə məqam – Aİ ölkələrinin payına ixracın 45%-i və bütün idxal həcminin 53%-i düşməsidir. Əlbəttə, Fransa ilə kəskin münaqişə olacağı halda, rəsmi London qısa zaman kəsiyində və hətta münasib qiymətə Aİ-dən olan idxalına əvəzləyici tapa bilər. Britaniya məhsulları üçün isə yeni bazarlar tapmaq çətin işolacaq.

İstənilən halda, reallıq ondan ibarətdir ki, nə Avropa İttifaqı ölkələrinə, nə də Böyük Britaniyaya sarsılmaq gərək deyil. Müvafiq olaraq, A. Merkelin qeyd etdiyi kimi, britaniyalı Baş nazir Avropa Şurasının masası arxasında əyləşə bilməməsi ilə əlaqədar qarşılıqlı münasibətlərin dəstəklənməsi üçün yeni forma və vasitələr axtaracaq.

 

Avropadan dünya bank mərkəzinə...

Fransa, İtaliya və ya hətta İspaniyanın çıxması, Böyük Britaniya tərəfindən verilən anoloji qərardan Avropa İttifaqı rəhbərliyi üçün daha böyük problemə səbəb olardı. Və məsələ ondan ibarət deyil ki, Böyük Britaniya ada-dövlət kimi, Avropa proseslərinə daha az inteqrasiya olunub. Vahid Avropa valyutası - avroya keçiddən imtina və milli valyutaya (funt-sterlinq) sadiqlik İngiltərə bankının maksimum müstəqilliyi ilə birlikdə, ölkənin Aİ-dən çıxmasını yüngül şəkildə reallaşdırmağa imkan yaradır.

Bəzi ekspertlər hesab edirlər ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə şirkətlərinin Londondan getməsi və Avropanın əsas maliyyə mərkəzi statusunun itirilməsi qorxusu yaradır. Hazırkı vəziyyətdə ən pis variantlardan biri, Avropa İttifaqı ilə vahid iqtisadi məkanın itirilməsi hesab edilə bilər ki, nəticədə, britaniyalı şirkətlər “Aİ-nin vahid pasport” hüququndan məhrum olacaqlar. Daha doğrusu, şirkət artıq Avropa İttifaqında qeydiyyatdan keçmiş hesab olunmayacaq və bununla da vahid Avropa bazarının üstünlüklərindən istifadə etmək imkanını itirəcək. Amma Avropa İttifaqı üçün nə qədər təəssüfdoğurucu olsa da, Avropa bankları dünyada əhəmiyyətlərini çoxdan itiriblər. Onlar öz yerlərini ABŞ-ın iri investisiya banklarına veriblər. Bu banklar brexit-in nəticələri açıqlandıqdan sonra, dünya maliyyə mərkəzi kimi, Londona dəstək olduqlarını açıqladılar.

Yeri gəlmişkən, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmaq qərarı Britaniya funt-sterlinqinin dünya ticarətində rolunun güclənməsi üçün yaxşı imkanlar açır. Referendumun nəticələri zamanı bu valyutanın əvvəlcə Amerika dollarına qarşı xeyli zəifləməsinə baxmayaraq, sonradan o, itirdiyi mövqenin böyük hissəsini geri qaytardı. İstənilən halda, referendumun nəticələrinin elan olunduğu gündən bir ay sonra, Böyük Britaniyanın iqtisadiyyatı hər hansı bir ciddi siqnal hiss etmədi. Lakin Britaniya iqtisadiyyatında artım tepmlərinin geriləməsinin əlamətləri olduğu təqdirdə, İngiltərə bankının rəhbəri Mark Karninin sözlərinə görə, bank Avropa İttifaqını tərk etmənin nəticəsindən yaranan neqativ halların yumşaldılması üçün stimullaşdırıcı tədbirlərə əl ata bilər.

 

Dünya maliyyə mərkəzi yerini dəyişir?

Bu arada Avropa İttifaqı ilə danışıqlar masasında Böyük Britaniyanın olmaması Almaniya və Fransaya Aİ-nin digər ölkələrinə qarşı tələbləri artırmağa imkan verə bilər. Söhbət büdcə kəsri üzrə maliyyə intizamı, Avropa Mərkəzi Bankı tərəfindən bankların fəaliyyətinə nəzarətin sərtləşdirilməsi və başqa məqamlardan gedir.

Hazırda bir çox eskpertlərdə sual yaranır: Böyük Britaniyanın çıxması avrozona ölkələrinin bank sistemlərinə necə təsir göstərəcək? Avropa Mərkəzi Bankının İdarə Şurası (AMB) iyulun 21-də keçirilən iclasının nəticələrinə əsasən, baza faiz dərəcəsinin rekord aşağı səviyyədə (0%), depozitlər üzrə dərəcəni isə 0,4% səviyyəsində saxladı. AMB-nin rəhbəri Mario Draqi bildirib ki, zərurət yaranacağı təqdirdə, bazara yardım etməyə hazırdır, lakin hələlik, əlavə alətlərin müzakirə olunmasına ehtiyac yoxdur. Qeyd edək ki, AMB inflyasiyanın səviyyəsini ortamüddətli perspektivdə 2%-dan aşağı həddə saxlamağı düşünür. Daha doğrusu, AMB Avropa İttifaqı məkanında banklara konkret təhlükənin olmasını görmür. Bundan başqa, Aİ rəhbərliyi üzv ölkələrin büdcə kəsrləri üzərində nəzarəti gücləndirəcək. Belə ki, bu rəqəm 3%-dən çox olmamalıdır. Müvafiq olaraq, Avropa İttifaqının maliyyə sabitliyi üçün İspaniyadakı vəziyyət, brexit-dən daha çox təhlükəlidir. 2015-ci ildə İspaniyada büdcənin kəsri Aİ ilə razılaşdırılmış 4,2% əvəzinə, 5,1% təşkil edib. Cari ildə İspaniyada hələ də hökumət qurulmayıb, büdcə kəsri ilə vəziyyət isə yaxşılaşmayıb. Uyğun olaraq, qarşıda Aİ-nin 2,2 mlrd. avro həcmində cəriməsi, daha sonra isə defolt görünür.

Və nəhayət, yaxın vaxtlarda kontinental Avropanın Londonun əvəzinə yeni maliyyə mərkəzi əldə edəcəyi tamamilə mümkündür. Xüsusən, iyulun 7-də London Fond Birjası (London Stock Exchange Group - LSEG) səhmdarlarının səs çoxluğu ilə Frankfurt Fond Birjası (“DeutscheBoerse” AG) ilə birləşmək qərarı qəbul edilib. Anlaşmanın şərtlərinə uyğun olaraq, “DeutscheBoerse”nin səhmdarları birləşdirilmiş şirkətə 54,4%, LSEG isə 45,6% paya malik olacaq. Bununla da Avropada qiymətli kağızlar bazarında ən iri operator yaradılacaq.

Yeri gəlmişkən, məhz Frankfurt Londonu tərk etmək istəyən bankirlər üçün əvəzetmə ola bilər. Beləcə, Böyük Britaniya Baş naziri Avropa İttifaqının rəhbərliyi ilə kapitalın azad hərəkət etməsi barədə razılığa nail ola bilməsə, məhz Frankfurt Avropanın maliyyə paytaxtı adına iddia edəcək.

 

İstənilən halda, Avropa İttifaqında vəziyyətin necə olacağı Böyük Britaniya ilə ancaq gələn il başlayacaq danışıqlardan asılıdır.


MƏSLƏHƏT GÖR:

374