3 May 2024

Cümə, 05:03

UDUŞSUZ ÖLKƏ

Girov dramı Ermənistanın ağır ictimai-siyasi böhran içərisində olduğunu göstərdi

Müəllif:

01.08.2016

Jurnalımız çapa hazırlanarkən, İrəvanda girov dramı ölkənin siyasi elitasını gərginlikdə saxlamağa davam edirdi. Hər şey iyulun 17-si, bazar günü səhər 30-dək yaraqlının yük maşını ilə post-patrul xidməti (PPX) alayı binasının qapısını dağıdaraq, onu ələ keçirməsi ilə başlayıb. Hücum zamanı polkovnik Artur Vanoyan öldürülüb, polkovnik-leytenantlar - Aram Ovannisyan və Qraçya Xosteqyan, həmçinin gizir Qagik Mkrtçyan odlu silahdan açılmış atəşlə yaralanıblar. Terrorçular isə itki verməyib. Onlar bir neçə polisi, o cümlədən İrəvanın polis rəisinin müavini Valeri Osipyanı girov götürüblər.

Onların tələbini Ermənistan parlamentinin deputatı Nikol Paşinyan açıqlayıb. Qeyd edək ki, danışıqların aparılması üçün terrorçular ələ keçirdikləri binaya məhz Paşinyanı buraxıblar. «Silahlı qrup Jirayr Sefilyanın azad olunmasını, Ermənistan prezidenti Serj Sarqsyanın istefasını və hakimiyyətin xalqa verilməsini tələb edir», - deyə parlamentari bildirib.

Polis binanı və ətraf əraziləri mühasirəyə alsa da, hücum əmri verilməyib. İyulun 20-də «Sasna srer»in üzvləri 5 girovu azad edib. Hakimiyyət  isə öz növbəsində, etirazın genişlənməsinə imkan verməmək üçün önləyici tədbir kimi, bütün ölkəboyu Sefilyan tərəfdarlarının həbsinə başlayıb. Qeyd etmək lazımdır ki, ilk günlərdə onun miqyası elə də böyük deyildi. Az sayda fəal binanı hüquq-mühafizə orqanları əməkdaşlarından qorumaq üçün mühasirəyə götürmüşdü və hücuma imkan vermirdi.

Elə həmin günlərdə polis binasının qarşısında silahlı dəstənin tərəfdarları ilə polis arasında toqquşma başlayıb və nəticədə, onlarca polis və mülki şəxs yaralanıb.

Bununla yanaşı, İrəvandan kifayət qədər ziddiyyətli məlumatlar gəlməkdədir - gah hücuma hazırlıq getdiyi, gah polisin yaraqlılarla atışdığı, gah bütün girovların azad olunduğu, gah yeni insanların - yaralılara tibbi yardım göstərməyə çalışan həkimlərin girov götürüldüyü deyilir. Məqaləni yazdığımız vaxt vəziyyət belə idi: xeyli silah ələ keçirmiş çox sayda yaraqlı PPX alayının binasına nəzarəti əlində saxlayır. Bununla yanaşı, onlardan 2-si təslim olub, daha 2-si - yaraqlıların başçısı Pavlik Manukyan və oğlu atışmada yaralanaraq, hospitala aparılıblar.

Yaraqlıların tərəfdarları alayın binasının yerləşdiyi Xorenasi küçəsində hər gün mitinq keçirir. Artıq Ermənistanın digər şəhərlərində, məsələn, Gümrüdə də hakimiyyətə qarşı yaraqlılara dəstək mitinqlərinin başlandığı bildirilir.

Hakimiyyətlə yaraqlılar arasında danışıqlar aparan qrup da kifayət qədər maraqlı heyətə malikdir. Onlar arasında Vitali Balasanyan və Alek Yeniqomşyan kimi mənfur isimlər var (sonuncu iyunun 27-də silahlı qruplaşmaya kömək etməkdə şübhəli bilinərək saxlanılıb).

 

Əsas oyunçular

Baş verənlərin məğzini tam anlamaq üçün, güman ki, onun «əsas simaları» ilə yaxından tanış olmaq lazımdır. Axı hadisələr, əslində, PPX alayı binasının ələ keçirildiyi 17 iyulda deyil, iyunun 22-də - İrəvanda yerli radikal müxalifətin liderlərindən olan Jirayr Sefilyanın saxlanılması ilə başlayıb. O zaman Ermənistanın İstintaq Komitəsindən verilən açıqlamada bildirilirdi ki, hələ mayın 20-də İrəvanın Sisernakaberd şosesində baş vermiş yol qəzası ilə əlaqədar hadisə yerinə gəlmiş polis avtomobillərinin birində 2 ədəd «AK-74» avtomatı və 120 güllə aşkarlayıb. «İstintaq tədbirləri nəticəsində məlum olub ki, Sefilyan silahlı qruplaşmanın köməyi ilə binaların, tikililərin, telekommunikasiya vasitələrinin, o cümlədən İrəvan teleqülləsinin ələ keçirilməsini planlaşdırırmış. Bu məqsədlə o, odlu silahların qeyri-qanuni yolla əldə olunması, daşınması və saxlanılması ilə məşğul olub. Bununla yanaşı, qrup üzvləri aprel müharibəsindən (Qarabağda - red.) sonra da müəyyən cinayətlər törətməyi planlaşdırırmış»,  - deyə qurumun press-relizində bildirilirdi.

Cinayət işi çərçivəsində əldə olunmuş sübutlara əsasən, 8 şəxsə qarşı ittiham irəli sürülüb, onlardan 6-sı həbs olunub, 1-i haqqında axtarış elan edilib.

«İttiham həm əldə edilmiş sübutlara, həm də qrup üzvlərinin etiraflarına əsasən irəli sürülüb», - deyə İstintaq Komitəsindən bildiriblər.

Bu, Sefilyanın ilk həbsi deyil: 2006 və 2008-ci illərdə o, tərəfdarları ilə birlikdə ölkədə konstitusion düzənin zorakı yolla dəyişdirilməsinə açıq çağırışlar və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs olunmuşdu.

Beyrutda doğulmuş Sefilyan ilk döyüş, daha doğrusu, terrorçuluq təcrübəsini orada qazanıb. 1990-cı ildə Ermənistana köçən Sefilyan burada əvvəlcə hərbi təlimatçı rolu oynayıb, 1991-ci ildə isə Qarabağa yollanıb.

Sefilyan Ermənistan siyasətində son dərəcə koloritli fiqurlardandır. Amma real qərarların qəbulu məsələsində onun çəkisi çox azdır. O, faktiki olaraq, ümidsiz marginaldır - çox və sərt danışır və bununla da heç bir iş görə bilməməsini ört-basdır etməyə çalışır. Sefilyan Ermənistanın bütün prezidentlərinə müxalifətdə olub və onları ən müxtəlif səbəblərlə ittiham edib.

Jirayr Sefilyan Ermənistan prezidenti Serj Sarqsyanı lap əvvəldən «erməni məfkurəsinə xəyanətdə», Azərbaycana «ərazi güzəştlərinə getməyə» hazır olmaqda təqsirləndirir. Amma o, bu ittihamlarını təsdiqləyəcək heç bir sübut gətirmir. Əvəzində, hər dəfə «könüllülər toplayacağını», «silah yığaraq», Qarabağa gedəcəyini vəd edir. İndi isə İrəvanda onun topladığı silahların cəbhə xəttində deyil, Ermənistanın paytaxtına «daşındığını» deyirlər.

Bununla yanaşı, Sefilyan və silahdaşlarının Ermənistanda erməni diasporunun ən barışmaz, yarımməxfi və yarımhərbi hissəsinin maraqlarını təmsil etdiyini, onlar tərəfindən dəstəkləndiyini də unutmaq olmaz.

Sefilyanın Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının ölkədən çıxarılmasını tələb edən azsaylı erməni siyasətçilərindən olması da tamamilə məntiqlidir. O, sözügedən bazanı «Rusiyanın Cənubi Qafqazdakı maraqlarının dayağı» sayır.

«Sasna srer» qruplaşmasının lideri Pavlik Manukyanı da Ermənistanda tanınmamış şəxs saymaq olmaz. Qarabağ müharibəsinin iştirakçısı olan Manukyan silahsız qadınlara və uşaqlara «qəhrəmanlığını» dəfələrlə nümayiş etdirib. Bununla yanaşı o, daha çox kütləyə oynamaq üçün kameralara poz vermək imkanını heç zaman qaçırmır.

Son zamanlar isə o, Ermənistanın hazırkı hakimiyyətinə qarşı radikal müxalifətdə idi. Manukyan Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesini kəskin təqdin edənlərdəndir.

Manukyan yaralanıb və yaraqlıların arasında olan oğlu ilə birlikdə həbs edilib.

Bütün bunlarla yanaşı, silahlı dəstə ilə hüquq-mühafizə orqanları arasındakı danışıqlarda vasitəçilik edən şəxslərin şəxsiyyəti daha çox maraq doğurur. Söhbət Alek Yeniqomşyan ilə Vitali Balasanyandan gedir.

Alek Yeniqomşyan dünyanın əksər ölkəsinin xüsusi xidmət orqanlarına tanışdır. ASALA terror təşkilatının liderlərindən olmuş bu şəxs 1980-ci il oktyabrın 3-də rəfiqəsi Syuza Maxeserecyan ilə birlikdə İsveçrənin otellərinin birində həbs olunmuşdu. Bu, terrorçuların elə özlərinin hazırladıqları bomba ilə təsadüfən partlamasından sonra baş vermişdi. ASALA-nın əksər üzvləri kimi, Yeniqomşyan da 1991-ci ildən sonra Ermənistana gəlib və orada milli qəhrəman kimi qəbul olunub. Lakin bir müddət sonra, Sefilyan kimi, o da erməni diasporunun hərbi qanadının ən sadiq nümayəndələrindən biri kimi, hakim Qarabağ klanına qatı müxalifətə keçib.

Vitali Balasanyana gəlincə, onu əksər Qarabağ azərbaycanlısı xatırlayır. Söhbət Xocalı soyqırımı kimi dəhşətdən, Kəlbəcər rayonunun Ağdaban kəndindəki qətliamdan sağ qurtula bilmiş qarabağlılardan gedir. Dinc azərbaycanlılara qarşı çoxsaylı zorakılığın, soyqırımın fəal iştirakçısı və başçısı olmuş Balasanyan müharibədən sonra general rütbəsi ilə separatçı «DQR» rejimində «müdafiə naziri»nin müavini də olub. İlk baxışdan, o qədər də ciddi görünməyən bu statusa rəğmən, Balasanyan Ermənistandakı yarımhərbi təşkilatlarda böyük nüfuza sahibdir. Sefilyan və Yeniqomşyan kimi, onu da Ermənistandakı «dərin dövlət»in liderlərindən saymaq olar.

Göründüyü kimi, son hadisələrin əsas simalarını bir ümumi məqam birləşdirir: onların hər birinin terrorçu təcrübəsi var, hakimiyyətə bu və ya digər dərəcədə müxalifətdirlər (yaxud ilk baxışdan belə görünürlər) və onların hər biri, əsasən, xaricdən dəstəklənən yarımməxfi, yarımhərbi strukturlarla əlaqədədir.

Beləliklə, bir şey aydındır ki, Sefilyan və ətrafı Ermənistanla Azərbaycan arasında konstruktiv inkişaf edən danışıqlar prosesini son dərəcə qəzəblə qarşılayıb. Danışıqlar faktının özü onların məqsədlərinə nail olmalarına - yeni qanlı müharibə başlamalarına əngəl yaradır. Bu səbəbdən də diplomatik uğurlar özünü aydın şəkildə göstərməyə başlar-başlamaz, Sefilyanın tərəfdarları daha da fəallaşıb. Yəni, bütün baş verənlərin əsas səbəbi, hər zaman olduğu kimi, işğal altındakı Azərbaycan torpaqlarıdır. Hələ bu hadisələr başlanmazdan əvvəl əksər analitiklər rəsmi İrəvanın bütün mümkün və qeyri-mümkün vasitələrlə danışıqlar prosesini pozmağa çalışacağını, bununla yanaşı, dünya birliyi qarşısında imicini qoruyub-saxlamağa çalışacağını proqnozlaşdırırdı. Belə olan təqdirdə, bəlkə rəsmi İrəvanın davranışı da bununla bağlıdır?

Ermənistan hakimiyyəti əvvəllər danışıqlar prosesini pozmaq üçün cəbhə xəttində ayrı-ayrı təxribatlara əl atırdı. Lakin bu ilin aprelində Dağlıq Qarabağdakı «tərifli», Azərbaycan Ordusunun bir neçə saatda yardığı müdafiə xəttinə ciddi zərbə alan ermənilər artıq belə təxribatlara əl atmağa risk etmir.

Bundan başqa, Serj Sarqsyan Vyana və Sankt-Peterburq görüşlərində üzərinə atəşkəs rejimini pozmamaq və Azərbaycan torpaqlarının işğaldan azad olunması üzrə detallı danışıqlara sadiq qalmaqla bağlı qəti öhdəlik götürüb.

Beləliklə, artıq Ermənistan hakimiyyətinin cəbhədə təxribatlara əl atmaq imkanı yoxdur. Bu səbəbdən də o, artıq ölkə daxilində terror aktları ilə təxribat törətməyə çalışır.

Ümumiyyətlə, Ermənistanda bütün miqyaslı daxili siyasi «tərpəniş»lər silsilə terror aktları ilə müşayiət olunur. Ekspertlər son dövrün ən səs-küylü terror aktını da unutmamağı tövsiyə edir. Söhbət 1999-cu il oktyabrın 27-də törədilmiş «parlament qətliamı»ndan gedir. Xatırladaq ki, o zaman Nairi Unanyanın başçılıq etdiyi 5 terrorçu Ermənistan parlamentinə daxil olaraq, elə iclasın gedişindəcə qətliam törətmiş, Ermənistanın bütün siyasi elitasını məhv etmişdi. O terror da Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşdiyi vaxtda baş vermişdi. Belə çıxır ki, İrəvanda hazırda davam etməkdə olan qiyam nə ilə nəticələnir-nəticələnsin, məqsəd birdir: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin pozulması.

Bəs bu dəfə terror və qanlı təxribatlar onlara kömək edəcəkmi? Düzünə qalsa, Ermənistan güc strukturlarının iflasa uğradığı ilk baxışdanca görünür. İrəvanda bir çoxlarını bir sual düşündürür: necə olub ki, yerli xüsusi xidmət orqanları Sefilyanın silahdaşları tərəfindən, terrorçuların dili ilə desək, bu boyda «aksiya»nın hazırlanmasından xəbər tutmayıb? Polis əməkdaşlarının girov götürülməsi isə artıq əməlli-başlı parodiya üçün süjetdir. Məntiqlə terrorçular apriori silahlı, istənilən gözlənilməzliyə hazırlıqlı insanların yerləşdiyi binanı hədəf götürə bilməzdi. Bu, yalnız iki halda mümkün olardı: ya terrorçular PPX alayının binasını səhvən ələ keçirib ki, bu, inandırıcı deyil, ya da… buna hakimiyyətin ən yuxarı eşalonlarından rəsmən razılıq verilib. Üstəlik, binanın ələ keçirilməsindən günlər keçsə də, onun terrorçulardan azad edilməsi üçün əməliyyat keçirilmir. Bunun üçün hakimiyyətdə siyasi iradə yoxdur, yoxsa… istək?

Rusiya Dövlət Humanitar Universitetinin xarici regionşünaslıq və xarici siyasət kafedrasının dosenti Sergey Markedonov hesab edir ki, son danışıqların moderatorunun, yəni Rusiyanın diplomatik gücü İrəvanın daxili siyasi zəifliyi hesabına sarsılıb: «Hakimiyyət həm 2015-ci ildə Baqramyanda (elektrik enerjisinin bahalaşmasına etiraz mitinqlərinin keçirildiyi küçə), həm də bu gün Xorenasidə baş verənlərə görə məsuliyyət daşıyır. Amma o, bu məsuliyyəti radikallarla, qeyri-müyyən müqəddəs arzuya çatmaq üçün hər şeyi yerlə-yeksan etməyə hazır olan radikallarla bölüşür». Bu yerdə İrəvandakı son hadisələr zamanı müşahidə olunan açıq anti-Rusiya ritorikasını da yada salmaq lazımdır. Ötən yaydakı kütləvi nümayişlər zamanı olduğu kimi, bu gün də müxalifətçilər Rusiya hökumətinin ünvanına sərt tənqidlər, hətta təhqiramiz şüarlar səsləndirir.

1999-cu ildəki parlament terrorundan sonra, ekspertlər təşvişlə deyirdilər ki, bu cür hadisələr Ermənistan dövlətçiliyinin özünü təhlükə altına qoya bilər. Yalnız güc strukturlarının deyil, bütünlükdə siyasi sinfin iflası da bundadır. Girovlarla bağlı böhran bir daha göstərdi ki, erməni ictimaiyyətində terrora qarşı «immunitet» yoxdur və bu cür mübarizə üsulları yerli auditoriyada neqativ reaksiya yaratmır. Ermənistanda terror kultu, təəssüf ki, «erməni soyqırımı»nın növbəti ildönümünə həsr olunmuş tədbirlər kimi, reallıqdır.

Mütəxəssislər deyir ki, terrorçuların öz minalarına düşməsi heç də nadir hal deyil. Amerikanın «Krallıq» döyüş filminin qəhrəmanlarından biri, Səudiyyə polisinin zabiti Faiz amerikalı həmkarlarına deyir: «Təxribatçıları gec və ya tez, öz əməli «yeyir».

Odur ki, partlayış nəticəsidə əlini itirmiş şəxslərə diqqət yetirmək lazımdır - onlar çox vaxt bomba hazırlığı üzrə mütəxəssis olurlar».

Bu gün, deyəsən, «öz əməlləri» bütünlükdə ölkəni «yeyir».



MƏSLƏHƏT GÖR:

499