2 May 2024

Cümə axşamı, 03:14

İFLASA UĞRAMIŞ ÇEVRİLİŞİN ƏKS-SƏDASI

Türkiyədə onun xarici siyasətini dəyişə biləcək ciddi proseslər yaşanır

Müəllif:

01.08.2016

Türkiyə müasir tarixinin taleyüklü mərhələsini yaşayır. Ölkədə hərbi çevriliş cəhdinin iflası “Kamalçı dövlət”in siyasi sistemində mülki hakimiyyətin həmişəlik prioritetə çevriləcəyini vəd edir.

 

Fövqəladə vəziyyət

Rəsmi Ankara dövlət çevrilişinə cəhdin təşkilində uzun illərdir, ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Güləni günahlandırır. Türkiyə hakimiyyətindən verilən bəyanatlara görə, ordu komandanlığının məhz Gülənin təsiri altında olan hissəsi ölkənin konstitusion düzəninə qəsd edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son illər haqqında dəfələrlə danışdığı «paralel dövlət»in legitimləşdirilməsinə çalışıb.

Rəsmi məlumata görə, hərbi çevriliş cəhdi nəticəsində, Türkiyədə qiyamçılar nəzərə alınmadan, 246 nəfər həlak olub, 2 mindən artıq insan yaralanıb.

Ölkədə fövqəladə vəziyyət elan olunub. İyulun 16-da baş vermiş çevriliş cəhdindən cəmi bir neçə gün sonra, Türkiyədə, təxminən, 70 min nəfər işdən azad olunub. Söhbət ən müxtəlif sahələrdə çalışan vətəndaşlardan gedir. Bundan başqa, dövlət çevrilişinə cəhddə ittiham olunan 12 mindən artıq hərbçi həbs edilib ki, onlar arasında 100-dən çox general və admiral (ümumilikdə, ordu komandanlığının üçdəbiri) var. Ərdoğanın sözlərinə görə, qiyamdan sonra həbs olunmuş insanların ümumi sayı 13 mini ötüb. Onlar arasında 1300-dən artıq polis, 2000 hakim, təxminən, 700 prokuror var. Prezident Qvardiyasının 283 əsgəri də saxlanılıb. Qeyd edək ki, baş verənlərdən sonra, Türkiyənin Baş naziri Binəli Yıldırım, ümumiyyətlə, bu hərbi strukturun tam şəkildə buraxıldığını bəyan edib. Türkiyə xüsusi xidmət orqanları Fətullah Gülənin köməkçisi Xalis Xancını də saxlayıb. KİV-də yer almış məlumatlara görə, o, ölkəyə qiyamdan bir neçə gün əvvəl gəlibmiş.

Türkiyədə tətbiq olunmuş fövqəladə vəziyyətlə bağlı daha bir ştrix - ölkənin 10 mindən artıq vətəndaşının «xarici pasportu» etibarsız elan olunub. Məqsəd həmin insanların ölkədən mümkün qaçışının qarşısını almaqdır.

Fövqəladə vəziyyət rejimi prezidentə və hökumətə parlamentdə təsdiqlənmədən yeni qanunlar tətbiq etmək imkanı verir. Ərdoğan fövqəladə vəziyyətin tətbiqinin Konstitusiyaya uyğun olduğunu söyləyib, Prezident və Ali Baş Komandan olaraq, Türkiyəni «virus”lardan təmizləmək üçün hərbçilərlə birgə çalışacağını bildirib. O, fövqəladə vəziyyət çərçivəsində ittiham irəli sürülmədən həbsdə saxlanılma müddətinin 30 günədək artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Bundan başqa, Türkiyə Prezidenti 1000-dən artıq özəl məktəbin, 15 özəl ali təhsil ocağının bağlanılması, 1 229 xeyriyyə cəmiyyəti və fondun, 35 tibb idarəsinin, 19 həmkarlar ittifaqı təşkilatı, federasiya və konfederasiyanın fəaliyyətinin dayandırılması haqqında da qərar qəbul edib.

Türkiyə hökuməti bəyan edib ki, fövqəladə vəziyyət 3 aylığına tətbiq olunsa da, ehtiyac yaranacağı təqdirdə, onun müddəti artırıla bilər. Deyəsən, bu müddətin artırılması ehtimalı yüksəkdir. Belə ki, Ərdoğan, birincisi, ölkədə hərbi çevrilişə daha bir cəhdin olacağını istisna etmir; ikincisi, Fransada terror aktları üzündən fövqəladə vəziyyətin ötən ilin noyabrından davam etdiyini xatırladır.

Ərdoğan xalqı sakit olmağa da çağırıb. Bütün dövlət strukturlarının Gülən tərəfdarlarından təmizlənəcəyini vəd edən prezident «Türkiyənin xəstəlikdən qurtulacağına və sağalacağına» əminliyini bildirib.

Şübhəsiz ki, Ərdoğan iflasa uğramış qiyamdan çoxdankı ideyasının həyata keçirilməsi üçün daha bir arqument kimi yararlanmağa çalışacaq. Söhbət prezidentin səlahiyyətlərinin artırılmasından və Türkiyənin parlament respublikasından prezident respublikasına çevrilməsindən gedir.

 

Dünyanın reaksiyası

Türkiyədə baş vermiş hakimiyyət çevrilişinə cəhd dünya miqyasında ciddi rezonans doğurub. Aparıcı qlobal mərkəzlərin Türkiyədə yaşananlara reaksiyası, şübhəsiz ki, onların rəsmi Ankara ilə gələcək münasibətlərinə ciddi təsir göstərəcək. Bu mənada, Türkiyə-Amerika dialoqunun hansı istiqamətdə inkişaf edəcəyi xüsusi maraq doğurur.

Hər halda, Türkiyə Prezidenti ABŞ-ın mövqeyindən narazılığını açıq şəkildə dilə gətirir. Buna səbəb Birləşmiş Ştatların orada yaşayan Güləni Ankaraya verməməsidir. Bu ittihama cavab olaraq, ABŞ Prezidenti Barak Obama administrasiyası Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin araşdırılmasına hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirir. Lakin baş verənlərlə bağlı araşdırmaların «demokratik prosesdurlara uyğun» aparılmalı olduğunu deyən Amerika lideri dolayısı ilə Türkiyə rəhbərliyinin gördüyü tədbirlərdən narazılığını ifadə edir. Vaşinqtonda və digər Qərb mərkəzlərində hesab edirlər ki, bu tədbirlər həddindən artıq sərt xarakter daşıyır. Bu üzdən də bir çox ekspertlər Amerika-Türkiyə münasibətlərində sərinliyin yaranacağını, hətta bu münasibətlərin pozula biləcəyini düşünür. Ərdoğanın kifayət qədər səs-küylü bəyanatında artıq bunun simptomları görünməkdədir. Onun sözlərinə görə, Gülənə sığınacaq verən, onu Ankaraya verməkdən boyun qaçıran ölkə bundan sonra Türkiyənin dostu sayıla bilməz.

Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətlərində isə daha ciddi soyuqluq müşahidə olunur. Ərdoğanın Türkiyədə ölüm hökmünün bərpa olunmasının vacibliyini şəxsən bəyan edərək, qiyamçıların fiziki məhvinə nail olmaq niyyətini ortaya qoymasından sonra, Brüssel faktiki olaraq, Ankaranın bundan sonra Avropa ilə yaxınlaşmasının mümkünsüzlüyünü nümayiş etdirib. Avrokomissarlar Federika Mogerini ilə Günter Ettinger Aİ-yə üzvlük ilə ölüm hökmünün bir araya sığmadığını bəyan ediblər.

Türkiyə-Qərb dialoqunun tamamilə proqnozlaşdırılmayan xarakter aldığı bir şəraitdə, Ankaranın Tehran və Moskva ilə münasibətlərində gözlənilən yaxınlaşmanın əlamətləri aydın şəkildə sezilir. Yeri gəlmişkən, həm İran, həm də Rusiya Türkiyədəki hakimiyyət çevrilişinə cəhdi birmənalı şəkildə pisləyib. İran Prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı Ərdoğan deyib: «Biz İran və Rusiya ilə əməkdaşlıq edərək, regionun problemlərini əl-ələ həll etməyə, regiona sülh və sabitliyin qaytarılması istiqamətində addımlarımızı ciddi şəkildə artırmağa köklənmişik». Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubdan sonra normallaşan Rusiya-Türkiyə dialoqu fonunda bu mesaj xüsusi əhəmiyyət daşıyır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov antikonstitusion çevrilişlərin yolverilməz olduğunu deyərək, Moskvanın Türkiyənin qanuni seçilmiş rəhbərliyi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu söyləyib. Bu, Rusiyanın Türkiyə ilə, ən azı, mehriban qonşuluq münasibətlərini bərpa etmək niyyətinin aydın ifadəsidir. Xatırladaq ki, bu iki ölkə arasında münasibətlər «Su-24» bombardmançısının vurulması ilə bağlı faciəvi insidentdən sonra pozulmuşdu.

 

Qardaş dəstəyi

Türkiyə xalqının tarixinin dramatik mərhələsini yaşadığı vaxtda qardaş Azərbaycan onunla həmrəylik nümayiş etdirir. Türkiyə Prezidentinə zəng etmiş Azərbaycanın dövlət başçısı İlham Əliyev hərbi çevriliş cəhdini qəti şəkildə pisləyərək, Azərbaycanın hərzamankı kimi, qardaş türk xalqının və dövlətinin yanında olduğunu bildirib. İ.Əliyev bundan sonra heç bir qüvvənin Türkiyəni demokratiya və inkişaf yolundan döndərə bilməyəcəyinə əminliyini söyləyib.

Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə vəziyyəti belə şərh edib: «Prezident İlham Əliyev kimi, hamımız Türkiyədə yaşanan prosesləri narahatlıqla izləyirik. Bütün Azərbaycan narahatdır ki, bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir və o, türk xalqının iradəsinə, seçiminə qarşı yönəlib». N.Məmmədov Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin olduğunu xatırladıb. «Demək, Azərbaycan hər zaman Türkiyənin yanındadır. Türkiyə artıq keçmişdəki Türkiyə deyil. Bu cür çevriliş cəhdləri artıq reallaşdırıla bilməz və cəmiyyət onu qəbul etməz. Bu gün Türkiyənin başında xalq tərəfindən demokratik yolla seçilmiş prezident və hökumət durur. Xalq onları dəstəkləyir, arxasında dayanır. Düşünürəm ki, Türkiyə tarixində bu, son çevriliş cəhdi kimi qalacaq», - deyə rəsmi Bakının yüksəkrütbəli təmsilçisi bildirib.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi daha da gücləndirməyə hazır olduğunu bildirən Prezident İlham Əliyevin son sərəncamlarından biri bir daha təsdiqləyib - sərəncama əsasən, Türkiyə Silahlı Qüvvələrinin «Qızıl Şərq» hərbi şəhərciyindəki obyektlərdən və Bakı yaxınlığında, Tağıyev qəsəbəsində yerləşən hərbi aerodromdakı terminaldan istifadəsinə icazə verilib. Bəzi mətbuat orqanları bunu, guya, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması kimi təqdim edib. Lakin Azərbaycanın Müdafiə nazirinin müavini, HHQ-nin komandanı, general-leytenant Ramiz Tahirov deyib ki, «KİV-də Azərbaycan ərazisində hansısa xarici dövlətin hərbi bazasının yaradıldığına dair yer almış məlumatlar həqiqəti əks etdirmir». O, Tağıyev qəsəbəsində yerləşən aerodromun 1999-cu ildən Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyaların olduğu ölkələrə göndərilməsi üçün istifadə edildiyini xatırladıb. Hərbçilərimizin Əfqanıstana aparılması və geri qaytarılması Türkiyə HHQ-yə məxsus nəqliyyat təyyarələrilə həyata keçirildiyindən, bu aerodrom Türkiyə hərbi atteşesinin aparatına kirayə verilib.

Türkiyənin, onun Azərbaycanla müttəfiqliyinin bədxahlarının bütün təxribatçı həmlələrinə rəğmən, Ankaranın Cənubi Qafqazın geosiyasətindəki rolunun artacağı şübhə doğurmur. Güman ki, Türkiyənin nəhəng regional oyunçu statusunun güclənməsi, onun qlobal mərkəzlərdən asılı olmayan müstəqil siyasət yürütməyə çalışması Qafqazda ənənəvi maraqları olan digər nəhəng qonşu dövlətlərin də maraqlarına cavab verir. Türkiyədə dövlət çevrilişinə cəhdin iflasa uğraması Ankaranın beynəlxalq arenada mövqelərini gücləndirməsi trendinə yeni impuls verə bilər.

 

 

HADİSƏLƏRİN XRONİKASI

2016-cı il iyulun 16-na keçən gecə Türkiyədə bir qrup hərbçi hərbi çevrilişə cəhd göstərib. Onlar böyük şəhərlərdə bir sıra strateji vacib obyektləri ələ keçirib. Hadisələr iyulun 15-i axşamdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə istirahət etdiyi vaxt başlayıb. Ərdoğan dincəldiyi məkanı qiyamçıların hücumundan bir qədər əvvəl tərk etməyə macal tapıb.

İyulun 16-na keçən gecə və həmin gün səhər Ankarada «F-16» qırıcıları Prezident iqamətgahına və Parlamentin binasına zərbələr endirib, səhər saatlarında isə bina tanklardan atəşə tutulub. Qiyamçılar, eyni zamanda, İstanbul və Ankaranın beynəlxalq hava limanlarını ələ keçirib, İstanbulda Bosfor boğazı üzərindəki körpünü bağlayıb. Bundan başqa, Ankarada hakim partiyanın qərargahı, müxtəlif dövlət idarələri və teleşirkətlərin baş ofisləri də ələ keçirilib. Bir müddət sonra Milli İstihbarat Təşkilatının binasında yanğının başladığına dair xəbər yayılıb. Qiyamçılar televiziya vasitəsilə yaydıqları müraciətdə Silahlı Qüvvələrin Baş Qərargahının ölkədə hakimiyyəti ələ keçirdiyini, Türkiyə hökumətinin hakimiyyətdən kənarlaşdırıldığını bəyan edib. Qiyamçılar ölkədə hərbi vəziyyət və komendant saatı elan edib.

Prezident Ərdoğan isə həmin anda ələ keçirilməmiş telekanllardan birinin efirinə telefon vasitəsilə bağlana bilib. O, hərbi çevrilişin qanunsuz olduğunu bəyan edib, tərəfdarlarını Ankara və İstanbulda qiyamçılara qarşı küçələrə çıxmağa çağırıb. Xalq kütləsi Ərdoğanını bu çağırışına əməl edərək, küçələrə axışıb.

Polisin və ordunun bir hissəsinin hökumətə sadiq qalması, həmçinin xalqın, ruhanilərin hakimiyyətə kütləvi dəstək verməsi qiyamçıların ələ keçirdikləri obyektləri itirməsinə səbəb olub. Onların istifadə etdiyi hərbi aviasiya isə vurulub. Qiyamçıların bir hissəsi yerindəcə məhv edilib, bəziləri isə vertolyotla Yunanıstana qaçıb.



MƏSLƏHƏT GÖR:

381