30 Aprel 2024

Çərşənbə axşamı, 03:14

İPƏK KİMİ

Azərbaycanda ipəkçilik üçün geniş xammal bazası yaradılır

Müəllif:

01.09.2016

Azərbaycanın aqrar sektorunun inkişafının yeni strategiyası yüksək ixrac potensialına malik bir sıra ənənəvi sahələrin əlavə maliyyələşdirilməsini nəzərdə tutur. Pambıqçılıq, üzümçülüyün və tütün istehsalının sürətlə inkişafı ilə birgə ipəkçiliyin xammal və texniki bazasının dirçəldilməsi və son məhsulun - ipək parçaların istehsalının artırılmasına dair bir sıra tədbirlər planlaşdırılır.

Azərbaycanda ipəkçiliyin, təxminən, 1500 il yaşı var.  Çində istehsal edilmiş ipək parçaların Avropaya göndərildiyi Böyük İpək Yolunda strateji mövqe tutaraq, Azərbaycan Şərq ölkələri arasında ipək lifi və parçalarının istehsal sirlərini mənimsəyən ilk dövlətlərdən biri olub.  Bu sahə Şirvan regionu, habelə Şəki, Gəncə və Şuşa şəhərlərində daha sürətli inkişafa nail olub.

XX əsrdə sənaye inqilabı, xüsusən 1931-ci ildə SSRİ-də ən iri kombinatın Şəkidə inşa olunması, istehsalın həcmini artıraraq, ipəkçilik sahəsini sənaye inkişafı yoluna keçirdi. Sahənin inkişafının zirvəsi ötən əsrin 60-70-ci illərinə təsadüf edir: həmin dövrdə "Şəki-İpək" kombinatı ilə birgə baramaaçma fabriki fəaliyyət göstərirdi, baramaqurdu toxumunun yetişdirilməsi ilə 7 ixtisaslaşmış müəssisə məşğul olurdu. Respublikada iki seleksiya - damazlıq stansiyası, habelə təxminən, 80 barama yığımı və ilkin emalı məntəqəsi fəaliyyət göstərirdi. Xammal bazasının genişləndirilməsi məqsədilə 15 rayonda min hektarlarla tut bağları salınmışdı. İpək istehsalı artdıqca, daha çox xammala ehtiyac duyulurdu və tut ağacları təkcə Şirvan, Gəncə və Şəki regionunda deyil, həmçinin Zaqatala, Balakən, Ağdaş, Qax və Qəbələ rayonlarında əkilirdi.

Ən yaxşı dövrdə Azərbaycanda xam baramanın istehsal həcmi ildə 20 min tonu üstələyib, respublikada istehsal edilən saplar isə İttifaqın 80 toxuculuq müəssisəsinə tədarük olunurdu. İstehsal həcminə görə Özbəksitandan sonra ikinci yeri tutan Azərbaycan ipək lifi və parçaların sayına görə lider idi. İpək parçalar Yaponiya, İsveçrə, İtaliya və dünyanın bir çox dövlətlərinə ixrac olunurdu.

SSRİ-nin dağılması və mərkəzləşdirilmiş maliyyələşmə və texniki dəstəyin itirilməsi ilə yerli ipəkçilik daha ucuz olan Asiya istehsalçılarının məhsulları ilə rəqabətə tab gətirmədi və postsovet məkanında ənənəvi satış bazarlarını çox tez itirdi. 1990-cı illərin sonunda torpaq islahatları dövründə torpaq və kolxoz əmlakının bölünməsi bir çox müəssisələrin və ipəkçilik sahəsinin mühüm infrastruktur elementlərinin tənəzzülünü sürətləndirdi. Kiçik fermer təsərrüfatlarının imkanları barama istehsalının tam texnoloji silsiləsini sərbəst təmin etməyə imkan vermirdi. Bundan başqa, həmin vaxt bir çox səbəblərə görə, tut ağacları üçün ayrılmış böyük sahələr məhv oldu. Bu isə xammal bazasını xeyli azaltdı. Nəticədə, istehsalın həcmi ilbəil azalaraq, 2000-ci ilin sonuna 57 tona, 2014-cü ildə isə 10 tona düşüb.

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının reallaşdırılması dövründə ölkədə yerli ipəkçiliyin dirçəlməsi üçün tədbirlər görülüb, habelə sahənin inkişafının xüsusi proqramının reallaşdırılması start götürüb. 2005-ci ildə "Şəki-İpək" kombinatı səhmdar cəmiyyətə çevrilərək özəlləşdirilib, daha sonra onun texnoloji təkmilləşdirilməsi həyata keçirilib. Sonrakı 5 ildə yem bazasının genişləndirilməsi cəhdləri icra olunub, lakin Özbəkistan və Çindən gətirilən və ölkənin bir sıra rayonlarında əkilən qələmlərin böyük əksəriyyəti məhv olub.

Xammal çatışmazlığı (tut ağacı yarpaqları), istehsalın tam dövrəsiniin təmin olunması ilə bağlı, xüsusən zəruri barama həcminin istehsalındakı çətinliklər Şəki müəssisəsini istehsalın daha sadələşdirilmiş sxeminə keçməyə məcbur etdi. Beləliklə, 2007-2009-cu illərdə kombinat Özbəksitan və İrandan quru barama alaraq, lif istehsalının fasiləsiz dövrəsini təmin edib. Lakin yeddi il əvvəl başlamış iqtisadi böhran ipək parçalarına olan tələbatın azalmasına səbəb olub, buna görə də dünya bazarlarında quru baramaya olan yüksək tələbat kəskin azalıb. Bu isə Şəki istehsalçılarını xammalın idxalında iqtisadi faydadan (səmərədən) məhrum edib. Nəticədə, son dövrdə xammal çatışmazlığı ucbatından, Şəki kombinatının baramasarıma sexi fəaliyyəti vaxtaşırı olaraq dayandırmalı olub.

Lakin son illər dünya bazarında ipək məhsullarına tələbatın artım tendensiyası müşahidə edilir: 2012-ci ildən 2015-ci ilə kimi ipəyin dünya üzrə istehsal həcmi, təxminən, 153 mindən 202 min metr tonu üstələyib.  Bu gün ipək xammalı və parçalarının iri istehsalıçısı Çindir. Onun payına bazarın təklifinin, təqribən, 70%-i düşür. Daha sonra 15%-lə Hindistan, 3%-lə Özbəkistan, 2,5%-lə Braziliya siyahıda irəliləyir. Qalan istehsal həcmlərini isə Tailand, Şimali və Cənubi Koreya, Yaponiya, İran, Tacikistan, Pakistan və İndoneziya - bütövlükdə dünyanın 40 dövləti təmin edir. Azərbaycan iqtisadiyyatının neftdənsonrakı inkişafının reallıqları gələcəkdə rəqabətədavamlı məhsulların - ipək saplar, parçalar, hazır geyimi dünya bazarlarına çıxarmaqla, ipəkçilik sahəsinin istehsalının tam dövriyəsinin bərpasını məqsəduyğun edir.

“Təəssüf ki, keçmişdə geniş vüsət almış ipəkçilik sahəsi son illər tamamilə tənəzzülə uğradı. Lakin indi ipəkçiliyin dirçəlməsi üçün dövlət səviyyəsində ən qəti addımlar atılır”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlət başçısının sözlərinə görə, 2015-ci ildə təkcə bir rayonda – Şəkidə cəmi 232 kq baramaqurdu əldə edilmişdi. Lakin 2016-cı ildə görülən stimullaşdırıcı tədbirlər nəticəsində, 25 rayonda iki aydan az müddətdə 70,7 ton xam barama istehsalını təşkil etmək mümkün olub. Bu, ötənilki nəticələrdən 300 dəfə yüksək göstəricidir.

Fermerlər üçün mühüm təkan alış qiymətinin, demək olar ki, üçqat yüksəldilməsi oldu: əgər bir müddət əvvəl ipəkqurudunun kiloqramı 3 manata satılırdısa, indi onun qiyməti 8 manat təşkil edir.

Məlum olduğu kimi, ipək istehsalı üçün xammalın hazırlanması son dərəcə sərfəlidir. Ən əsası xərci tez bir zamanda çıxan məşğulluqdur. Belə ki, yumurtadan çıxan tırtıl artıq 40 gündən sonra barama hörür. Müvafiq olaraq xammalın istehsalına cəlb olunmuş minlərlə kəndli təqribən 45 günə 560 min manatdan artıq gəlir əldə edə bilib. Gələcəkdə Kənd Təsərrüfatı Nazirlyinin hazırladığı qanun layihəsi nəzərə alınmaqla, bu gəlir daha da artacaq. Həmin qanun xam baramanın hər kiloqramı üçün 2 manat həcmində subsidiya verilməsi və istehsalçılara ipəkqurdunun pulsuz paylanmasını nəzərdə tutur.

“Bu, hələ başlanğıcdır və yaxın illərdə əsasən xammal bazasının genişlənməsi hesabına bu mühüm sahədə istehsalın sürətli artımını gözləyirik. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə payız mövsümündə 1 mln. 600 min tut tingi əkilməlidir”, - deyə Prezident bildirib. Onun sözlərinə görə, bu, nəticə etibarilə barama istehsalını 2019-cu ildə 1300 tona qaldıracaq.

Bu tapşırığın yerinə yetirilməsi üçün ən mühüm məqsəd – barama qurdunun tırtılları üçün yem bazasının inkişafıdır. Onlar ancaq tut ağacının yarpaqları ilə qidalanırlar. Yüz kq xam barama alınması üçün  ipəkqurdları, təxminən, 1 ton tut ağacı yarpağı yeməlidirlər.

Tut ağacının quraqlığa və nisbətən soyuğa davamlılığına baxmayaraq, bu bitkinin yaxşı böyüməsi və bar verməsi üçün qrunt sularının səthə yaxın olmayan münbit torpaq lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tut ağacı üçün daha münasib olan Azərbaycanın iyirmi rayonunda əkinin təşkil edilməsini təklif edir. Bu yaxınlarda qurum yeni tut bağlarının salınması üçün tut tinglərinin alınmasına dair müsabiqə elan edib. Əkinin aparılması və yeni plantasiyalara Çinin “ShandongGuangtongSilkworm” şirkəti (Kənd Təsərrüfatı Nazirliyinin bu yaxınlardakı qalibi) qulluq edəcək. Çin şirkəti tut bağlarının salınması üçün ən aparıcı aqrar texnologiyanın tətbiqini təmin etməyi öhdəsinə götürüb. Gələcəkdə isə onlarla tut ipək qurdu yumurtalarının birgə istehsalını təşkil etmək nəzərdə tutulub. Hələ ki, Kənd Təsərrüfatı Nazirliyi ipək qurdu yumurtalarının idxalını Çin və İranın hesabına təmin edir. Daha sonra isə onlar Qax ipəkçilik stansiyasında inkubasiya dövrü keçirlər.

Sahənin inkişafının növbəti, mühüm mərhələsi ölkədə bütün istehsalat zəncirinin yaradılmasını – ipək qurdunun yetişdirilməsindən istehsalına və ipək-xammalının emalı, ondan parça hazırlanması və hazır məhsulun tikilməsini nəzərdə tutub. Mütəxəssislərin fikrincə, ölkədə təkcə ipək parçaların – yüksək əlavə dəyərə malik son məhsulun istehsalını təmin edən obyektlərin tikilməsi ipək lifinin ixracındansa, daha böyük gəlir gətirər.



MƏSLƏHƏT GÖR:

508