27 Aprel 2024

Şənbə, 00:12

ÜÇÜNCÜ CƏHD

Azərbaycan hökuməti iqtisadiyyatın neftdənkənar sektorunun gücləndirilməsi üçün yeni özəlləşdirmə mərhələsinə başlayır

Müəllif:

15.09.2016

Azərbaycan hökuməti neftdənkənar sektorun ixrac potensialını fəallaşdırmaq  üçün milli iqtisadiyyatın bütün sahələrində  islahatları sürətləndirib. Gömrük və vergi sahələrində köklü islahatlara başlanılıb, dövlət əmlakının özəlləşdirilməsinin yeni mərhələsinə start verilib.  Belə ki, 2016-cı il iyulun 19-da dövlət başçısı İlham Əliyev «Özəlləşdirilmənin sürətləndirilməsi və dövlət əmlakının idarə edilməsinin effektivliyinin artırılması barədə bir sıra tədbirlər haqqında» fərman imzalayıb.  Beləliklə, irimiqyaslı neft-qaz layihələrinin gerçəkləşdirilməsi fonunda son illərdə marağın nəzərəçarpacaq dərəcədə zəiflədiyi bu prosesin üçüncü mərhələsinə rəsmi səviyyədə sanksiya verilib.

 

İlk mərhələlərin səhvləri

Yada salaq ki, dövlət əmlakının özəlləşdirilməsi barədə ilk qanun 1995-ci ildə qəbul edilib, özəlləşdirmə prosesinin ən gur vaxtı isə 1997-1998-ci illərdə müşahidə edilib. Həmin dövrdə özəlləşdirmənin Birinci Dövlət Proqramına (1995-1998-ci illər) daxil edilmiş «böyük ümid”lərinin dövlətsizləşdirilməsi gerçəkləşmədi -  SOCAR, Xəzər Dəniz Gəmiçiliyi, «AzTelekom» və digər nəhəng şirkətlər nə çek hərraclarına, nə də pullu özəlləşdirmə hərraclarına çıxarıldı. Xarici sərmayəçilər daha çox bu səbəb üzündən, Azərbaycanın özəlləşdirmə prosesinə marağı itirdilər və özəlləşdirmə, əsasən, yerli biznesmenləri əhatə etdi.

Məhz ölkədə sahibkarlar sinfinin formalaşdırılması baxımından, özəlləşdirmənin birinci mərhələsini uğurlu saymaq olar - ölkədə rəsmi səviyyədə onminlərlə mülkiyyətçi formalaşdı. Ancaq onların heç də hamısı yeni rollarının öhdəsindən gələ bilmədilər - dövlətdən alınmış obyektlərin çoxu daha sonra tənəzzülə uğradı.

Açıq-aydın göründü ki, çek özəlləşməsi özəl əllərə verilmiş müəssisələrdə  istehsalın dirçəlməsinə imkan verən alət kimi sınaqdan çıxa bilmədi. Çünki yeni sahiblər əvvəlcə əmlakı dəyər-dəyməzinə satdılar, daha sonra özəlləşdirdikləri obyektlərin ərazilərini yaşayış komplekslərinin tikintisi üçün bazara çıxardılar.

Yol verilmiş səhvlər özəlləşdirmənin ikinci mərhələsinin gedişində düzəldilməli idi və 2000-ci ilin avqust ayında «Özəlləşdirmə haqqında» yeni qanun qəbul edildi. Bu zaman başlıca alət keçirilən özəlləşdirmə müsabiqələri olmalı idi. Söhbət ondan gedirdi ki, potensial investor öz üzərinə istehsalın bərpası üzrə öhdəlik götürməli idi və müəyyən maliyyə vəsaiti yatırmalı idi, onun üzərində nəzarət isə birbaşa nəzarət qurumunun əməkdaşları tərəfindən gerçəkləşdirilməliydi.

 Ancaq Azərbaycan məmurları həmin dövrdə xarici investorların axtarışı məsələsində «fərasət» göstərməyə başladılar və bu əhvalatlarda baş qəhrəmanlar fərdi kapitalları təqdim etdikləri investisiya təkliflərindən on, bəzən də yüz dəfələrlə kiçik olan biznesmenlər olurdu. Bunun ən parlaq nümunəsi kimi, 2000-ci ilin sentyabr ayında «Azəralüminium» ASC-nin idarəedilməsi üzrə tenderi udmuş «Fondel Metal Participation B.V.» (Hollandiya) şirkətinin investisiya proqramı üzrə 1 milyard dollar təklif etməsini göstərmək olar. Qeyd edək ki, həmin dövrdə tenderdə 124 milyon dollar investisiya təklifi ilə «Russki alümini» (RUSAL) şirkəti də iştirak edirdi və o zamandakı Dövlət Əmlak Komitəsi RUSAL-ı  sonuncu dördüncü yerdə yerləşdirmişdi.

Qeyd etmək lazımdır ki, «milyard dollar barədə nağıl» o dövrdə beynəlxalq bizneslə əlaqəsi olan hər bir kəsə aydın idi. Metal satışı üzrə treyder əməliyyatları ilə məşğul olan və 1999-cu ilin nəticələri üzrə auditor rəyinə görə, 175 milyon dollar dövriyyəyə malik «Fondel» Azərbaycan layihəsinə 1 milyard dollar yatıra bilməzdi. Təbii ki, hollandlar «Azəralüminium» ASC-ni 25 il əvəzində beş ildən cüzi artıq «fırlada» bildilər və 2006-cı ildə «Fondel Metal» ilə müqavilə pozuldu. Azərbaycan, əlbəttə ki,  gücü 100 min ton və dəyəri 250 - 300 milyon dollar səviyyəsində vəd edilən yeni alüminium zavodunin tikintisinə nail ola bilmədi.

Son hesabda, xarici sərmayəçilərlə özəlləşdirilmiş və ya investisiya müsabiqələri ilə idarəetməyə verilmiş  bir sıra başqa müəssisələr üzrə də  müqavilələr pozuldu.  Britaniyanın «Targol Investment Ltd» şirkəti ilə «Azərboru» SC  (keçmiş Sumqayıt Boruyayma Zavodu) üzrə, Türkiyənin «Barmek Holding» şirkəti ilə Bakı, Sumqayıt və şimal rayonlarının elektrikpaylayıcı şəbəkələrinin idarə etməyə verilməsi barədə bağlanmış müqavilələr, həmçinin bir sıra müəssisələr üzrə anlaşmalar da bu cür ləğv edildi.

 

Çətin vəzifə

Özəlləşdirmənin üçüncü dalğasının əsas prinsipləri sırasında dövlətsizləşdirmə prosesinin şəffaflığı, korporativ idarəetmə üsulları, istehsal prosesinə nou-hau tətbiqi, xarici sərmayəçilərin geniş cəlbi əsas yer tutmalıdır. Əmlak Məsələləri Dövlət  Komitəsi cari ilin avqust ayının 31-də xarici sərmayəçiləri və şirkətləri cəlb etmək üçün «KPMG», «Ernst &Young», «Delloite», «PriceWaterhouseCoopers», «MCKinsey&Company» və «Baker&MCKenzie» kimi beynəlxalq maliyyə institutlarının və konsaltinq şirkətlərinin iştirakı ilə özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin siyahısının ictimai təqdimatını gerçəkləşdirib. Təqdimat zamanı 10-a yaxın iri dövlət müəssisəsi barədə məlumat təqdim edilib ki, bunların sırasında «Daşkəsən Filizsaflaşdırma», «Bakı Elektroavtomat», «Mingəçevir Texniki Rezin», «Mingəçevir Regenerat» kimi açıqtipli səhmdar cəmiyyətləri (ASC) var.

Göstərilən iri müəssisələrdən başqa, özəlləşdirmənin üçüncü mərhələsində hərraca paytaxtda və ölkənin regionlarında fəaliyyət göstərən 190 dövlət müəssisəsi və obyekti çıxarılıb. Bu sırada milli iqtisadiyyatın mədən, kimya, metallurgiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı, nəqliyyat və s. kimi sahələrini əhatə edən 75 ASC-nin səhmlərinin nəzarət zərfinin 30%-i də özəlləşdirməyə çıxarılıb. Özəlləşdirməyə çıxarılmış qalan əmlakın sırasında 9 kiçik dövlət müəssisəsi, həmçinin nəqliyyat vasitələri (avtomobillər, vertolyotlar) da var.

Özəlləşdirmə prosesinin şəffaflığının təminindən ötrü hərraclarda iştirak üçün ərizələr elektron formada qəbul edilir. Bundan başqa, xarici sərmayəçilər hərraclarda on-line rejimdə iştirak etmək imkanları əldə ediblər. Mətbuat və ictimaiyyət təmsilçiləri də eyni formatda sövdələşmələri müşahidə edə bilərlər.

Ancaq bununla yanaşı, qeyd etmək lazımdır ki, xarici sərmayəçilərin öz vəsaitlərini inkişaf etməkdə olan ölkələrə həvəslə yatırması üçün dünya iqtisadiyyatı 2008-2009-cu illərdə baş vermiş beynəlxalq maliyyə böhranından sonra, hələ yetərincə möhkəmlənməyib. Bununla belə, Azərbaycan son onillər boyunca xarici sərmayəçilərlə neft-qaz sahəsində irimiqyaslı layihələr gerçəkləşdirərək, etibarlı tərəfdaş kimi dayanıqlı hörmət qazanıb. Uyğun olaraq, əldə edilmiş təcrübə, həmçinin lazımi güzəştlərin təqdim edilməsi imkanları ölkəyə xarici sərmayəçilərin cəlb edilməsi üçün özəlləşmənin üçüncü mərhələsində də istifadə edilməlidir.

Lakin iqtisadiyyatın neftdənkənar bölməsinin uğurlu inkişafına yalnız iri layihələrə xarici sərmayələr hesabına çatmaq çətin olacaq - yerli iş dairələrinin regionlarda müəssisələrin dirçəldilməsinə iri vəsaitlər yatırması da çox vacibdir.

O cümlədən, tam istehsal dövrəsini təmin etməyə hazır olan müəssisələrin yaradılması da lazımdır; məsələn, pambıq və barama yetişdirilməsi hazır məhsul istehsalına qədər davam etdirilməlidir. Başqa sözlə, Azərbaycan hökumətinin planlarının uğurları yerli sərmayəçilər tərəfindən təmin edilə bilər. Yəni özəlləşdirmə və biznesin təşkili məsələlərində onlar üçün daha yüksək dəstək rejimi yaratmaq vacibdir.


MƏSLƏHƏT GÖR:

440