30 Aprel 2024

Çərşənbə axşamı, 19:53

İSLAHATLAR ÜÇÜN KART-BLANŞ

Referendumun nəticələrinin təsdiqindən sonra, Azərbaycanı köklü dəyişikliklər gözləyir

Müəllif:

01.10.2016

Azərbaycan seçiciləri ölkə Konstitusiyasına dəyişikliklərə «Hə» dedi. Sentyabrın 26-da keçirilən referenduma qatılanların əksəriyyəti Əsas Qanuna təklif olunan 29 dəyişikliyi dəstəklədi. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumxalq səsverməsində seçici fəallığı 69,7% olub. Səs verənlərin 84,2%-i ölkədə prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına «hə» deyib. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını isə 84,5% seçici dəstəkləyib. Bundan başqa, MSK sədri Məzahir Pənahovun sözlərinə görə, səsverməyə qatılanların 88%-i prezidentliyə namizəd üçün yaş məhdudiyyətinin ləğvini dəstəkləyib. Ümumilikdə isə referenduma çıxarılmış bütün maddələri 83-91% arasında seçici dəstəkləyib.

Səsvermənin rəsmi nəticələri açıqlanmış exit poll nəticələri ilə də üst-üstə düşür. Qeyd edək ki, referendum günü seçki məntəqələrinin qarşısında «Rəy» Monitorinq Mərkəzi, ELS təşkilatı, Fransanın «Opinion way» və Amerikanın «Artur J. Finkelstein & Associates» şirkəti sorğu keçirib.

Səsvermə prosesinin özünə gəlincə, MSK-nın məlumatına görə, referendum hər hansı ciddi pozuntu olmadan keçib. M. Pənahov bildirib ki, qutulara bülletenlərin kütləvi şəkildə atılması, həmçinin bir seçicinin təkrar səs verməsinə dair tək-tək faktlar qeydə alınıb. Komissiya sədri bütün pozuntuların araşdırılacağını, onların təsdiqini tapacağı halda, həmin dairələr üzrə nəticələrin ləğv olunacağını söyləyib.

 

Müşahidəçilər deyir ki…

Səsvermənin gedişində beynəlxalq müşahidəçilər də ciddi pozuntular aşkarlamayıb. «26 Sentyabr referendumu Azərbaycan xalqının iradəsini ifadə edir. Referendumun gedişində bütün prosedurlar beynəlxalq standartlara uyğun baş verib», - deyə Avropa Xalq Partiyasının müşahidə missiyasının bəyanatında bildirilir. Qeyd edək ki, Avropa Parlamentində yerlərin, təxminən, 60%-ni bu partiya tutur.

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər idarəçilik institutunun gücləndirilməsinə, insan haqlarının müdafiəsinin yaxşılaşdırılmasına yönəlib. Bunu isə Avropa İttifaqının regional komitəsinin missiyasına başçılıq edən Paulina Xayanen deyib. «Apardığımız müşahidələrə əsasən belə qənaətə gəldik ki, səsvermə prosesi texniki və təşkilati nöqteyi-nəzərindən yaxşı təşkil olunub. Məntəqələrdə fəallıq yüksək idi, səsvermə prosesi sakit keçirdi. Prosesə kənar müdaxilələr olmur, seçicilər öz iradələrini ifadə edirdi», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, Avropa missiyasının başçısı bildirib.

Vaşinqtondan da müsbət reaksiya gəlib. Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, ABŞ Azərbaycanda keçirilmiş referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə qarışmaq niyyətində deyil. «Bu demokratik prosesin hansı nəticələrinin olub-olmayacağını demək bizim işimiz deyil. Biz səlahiyyət müddətinin məhdudlaşdırılması tələbini diktə edə bilmərik», - deyə Toner ABŞ-ın referendumda qəbul olunmuş normaları demokratik sayıb -saymadığına dair sualı cavablandırarkən bildirib.

Bununla yanaşı, o, hökuməti səsvermənin gedişində pozuntuların baş verdiyinə dair məlumatları araşdırmağa çağırıb. RİA «Novosti»nin məlumatına görə, Toner Birləşmiş Ştatların «demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması üçün» bundan sonra da Azərbaycanla işləmək niyyətində olduğunu söyləyib.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da bildirib ki, Azərbaycanda Konstitusiya referendumu şəffaf və demokratik keçib. Onun fikrini həmkarı, AŞPA-nın qiymətləndirici missiyasının rəhbəri Aleksandr Nikoloski də təkrarlayıb: «Referendum yerli qanunvericiliyə uyğun təşkil edilib və onu legitim saymaq olar».

Bununla yanaşı, AŞPA missiyası Azərbaycan hökumətinin Konstitusiyaya təklif olunan dəyişikliklərin qiymətləndirilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsindən təəssüfünü bildirib. Nümayəndə heyəti Azərbaycanı hakimiyyətin qolları ilə parlament arasında balansın təmin olunması üçün dəyişikliklərin tətbiqi zamanı Venesiya Komissiyasının mövqeyinə hörmətlə yanaşmağa çağırıb. Məlumatı «Turan» agentliyi yayıb.

Yeri gəlmişkən, Venesiya Komissiyası, yəqin ki, hələ referendumdan əvvəl Konstitusiyaya təklif olunan dəyişiklikləri tənqid edən yeganə qurum idi.

Lakin məlum olub ki, o, «hökm»ü Azərbaycan tərəfinin mövqeyi ilə tanış olmadan çıxarıb və bununla da elə özünün prosedurunu pozub. Üstəlik, rəy cəmi bir neçə həftə ərzində hazırlanaraq yayılıb. Halbuki, bu komissiya, adətən, belə işlərə 3 ay vaxt sərf edir. Bütün bunları nəzərə alan Azərbaycan tərəfi Venesiya Komissiyasının əməlini siyasi sifariş kimi qiymətləndirib.

Eyni ilə yerli müxalifətin, daha doğrusu, onun radikal qanadının əməlləri də siyasi sifarişin yerinə yetirildiyi təəssüratı yaradıb. Referendumu hakimiyyətin «avtoritarizmi möhkəmləndirmək» cəhdi kimi qiymətləndirən, vətəndaşları səsverməni boykot etməyə çağıran Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası kimi ənənəvi müttəfiqlər bu zaman səyləri birləşdirməyi lazım bilməyib. Amma müxalifət cəbhəsindəki indiki şəraitdə - münasibətlərin gərgin, qüvvələrin pərakəndə olduğu bir dövrdə onlar, çətin ki, buna nail olardılar. Onların məqsədi sanki bir idi - kütləni «antidemokratik təşəbbüslər»ə qarşı qaldırmaq. Lakin deyəsən, sifarişçilər fərqli idi. Demək, onlar hesabatı da ayrı-ayrılıqda verməli idilər. Ədalət naminə qeyd edək ki, hakimiyyət bu qüvvələrin etiraz aksiyaları keçirməsinə heç bir maneə yaratmayıb. Amma müxalifətin icazəli mitinqinə belə, cəmi bir neçə yüz tərəfdar toplanıb. Nəticədə, onlar kütlənin dəstəyini ala bilməyib. Bununla yanaşı, səsvermədən xeyli əvvəl bəlli idi ki, təklif olunan dəyişikliklər seçicilər tərəfindən qınaqla qarşılanmayacaq. Hər halda, beynəlxalq təşkilatların keçirdiyi bütün sosioloji sorğular dövlət başçısına böyük inamın, onun təklif etdiyi dəyişikliklərə ictimai dəstəyin olduğunu göstərirdi.

 

Hər şey çox sadədir…

Axı, silahlı qüvvələrə dair Konstitusiya normalarının müasir təhdidlərə cavab verməli olduğu ilə kim razılaşmaz? Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan ərazisinin beşdəbiri Ermənistanın işğalı altındadır.

Yaxud, məmurların şəxsi biznesə müdaxilə imkanlarının daha az olması kimi narazı sala bilər? Xüsusilə iqtisadi durumun yaxşı olmadığı indiki dövrdə.

Dəyişikliklərin 60%-nin insan hüquq və azadlıqları haqqında olduğu da öz yerində; məsələn, referendumun nəticələrinin təsdiqindən sonra, ölkədə lokaut qadağan olunacaq. Bu anlayışın nə demək olduğunu bilməyənlər üçün: lokaut - sahibkarın işçilərin tətil etməsinə, yaxud öz fikrincə həddindən artıq böyük tələblər irəli sürməsinə görə onları işdən çıxarması, müəssisəni bağlamasıdır.

Bununla yanaşı, əlbəttə ki, ilkin mərhələdə müəyyən suallar yaradan bir sıra önəmli dəyişikliklər də var idi; məsələn, hansı ölkədə vətəndaş prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə niyə artırıldığı ilə maraqlanmaz? Prezidentə parlamenti buraxmaq, növbədənkənar prezident seçkisi elan etmək səlahiyyətlərinin hansı səbəbə verildiyi kimin üçün maraqsız ola bilər ki? Yaxud, ölkədə vitse-prezidentlik institutunun yaradılmasına səbəb nədir? Prezidentliyə və deputatlığa namizədlər üçün yaş məhdudiyyəti niyə ləğv edilsin? Amma bütün bu sualların cavabı özünü çox gözlətməyib.

«Azərbaycan Konstitusiyasına təklif edilən bir sıra dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini nəzərdə tutur. Bu məqsədlə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur. Vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub. Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin yeni institutun formalaşdırılması ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir, dövlət idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalanır», - deyə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov «Sputnik-Azərbaycan» informasiya agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, prezidentin səlahiyyət müddətinin 2 il artırılması Azərbaycanda 5 ildə 3 dəfə keçirilən seçki (prezident, parlament və bələdiyyə) intensivliyini azaldacaq. Birincisi, bu, gərgin seçki prosesinə xərclənən büdcə vəsaitinə qənaət olunmasına imkan verəcək; ikincisi, seçkilər arasındakı intervalın artması hökumətə və vətəndaşlara diqqəti yalnız siyasi deyil, həm də həyatın iqtisadi, sosial və digər sahələrinə yönəltməyə şərait yaradacaq. Ən başlıcası isə 5 yox, 7 illiyə seçilmiş dövlət başçısı hökumətin qarşısında duran strateji vəzifələrin məntiqi sonluğa çatdırılması üçün daha çox vaxt qazanacaq.

Bir sözlə, Ə. Həsənovun da dediyi kimi, hökumət «köklü iqtisadi transformasiya» üçün zəmin yaradır.

Amma məsələnin geosiyasi tərəfi də var. «Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olunub, uzun illərdir münaqişənin tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər hələlik heç bir nəticə verməyib. Bununla yanaşı, təcrübə göstərir ki, ayrı-ayrı region ölkələri daxili sabitliyin pozulması və vətəndaş qarşıdurmasına yol açan təhdidlərdən də sığortalanmayıb», - deyə Ə. Həsənov qeyd edib.

Azərbaycan Konstitusiyasına dəyişikliklərin qüvvəyə minməsi ilə parlament və prezident seçkilərində namizəd olmaq istəyən şəxslər üçün yaş senzi də aradan qalxacaq. Prezidentin köməkçisi bildirib ki, bu yenilik «hər bir şəxsə öz potensialını reallaşdırmaq üçün şərait yaradan, xüsusilə gənclərin siyasi fəallığını stimullaşdıran önəmli amillərdən biridir». Amma bu, heç də 18 yaşına çatmış hər kəsin deputatlıq və ya prezidentlik uğrunda mübarizə apara biləcəyi anlamına gəlmir. Azərbaycan qanunvericiliyinə əsasən, bunun üçün vətəndaş, ən azı, ali təhsilə malik olmalıdır ki, buna da daha 4-6 il vaxt lazımdır.

Yeri gəlmişkən, yüksək vəzifə tutmaq istəyənlər üçün yaş senzinin aradan qaldırılması beynəlxalq təcrübədə yeni deyil. Bu təcrübədən Avropanın bir sıra ölkələrində çoxdan istifadə olunur.

Müəyyən suallar doğuran daha bir məsələ Azərbaycan Prezidentinə parlamenti buraxmaq səlahiyyətinin verilməsidir. Əli Həsənovun sözlərinə görə, bu, parlamentin hakimiyyətin bir qolu olaraq, zəifləməsi kimi başa düşülməməlidir. Bu, sadəcə, qanunverici orqanın nəzəri cəhətdən iflic vəziyyətə düşməsinin mümkünlüyü ilə bağlıdır. «Prezident dövlətin, hakimiyyət qollarının normal, fasiləsiz fəaliyyətini təmin etməlidir. Parlamentin buraxılması ilə bağlı oxşar mexanizm bir çox ölkələrin, o cümlədən Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və s. əsas qanunlarında da müəyyən edilib», - deyə prezidentin köməkçisi bildirib.

Beləliklə, cavabsız sual qalmayıb və bu, seçicilərin seçiminə də öz təsirini göstərib. Nəticədə, Əsas Qanuna təkliflərin hər biri - 23 dəyişiklik və 6 yeni maddəyə vətəndaşlar tərəfindən «yaşıl işıq» yandırılıb. Bu, güman ki, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi həyatında köklü dəyişikliklərin əsası olacaq. Xalqın seçiminin təsdiqlənməsindən az sonra, hər birimiz bu köklü dəyişikliklərin şahidi olacağıq.



MƏSLƏHƏT GÖR:

393