27 Aprel 2024

Şənbə, 06:41

KƏNDİN QADIN SİMASI

XXI əsrdə yaşamamıza rəğmən, kəndlərdə erkən nikah və qızların təhsildən uzaq düşməsi kimi ciddi problemlər hələ də aktualdır

Müəllif:

15.10.2016

Oktyabrda dünya Beynəlxalq Kənd Qadınları Günü və Beynəlxalq Qız Uşaqları Gününü qeyd edir. Bu günlər BMT Baş Assambleyası tərəfindən elan edilib. Kənd Qadınları Günü 2008-ci ildən qeyd olunur. Beynəlxalq Qız Uşaqları Gününə gəlincə, BMT Baş Assambleyası bu günü qızların hüquqlarının, dünyada onların üzləşdiyi unikal problemlərin qabardılması üçün elan edib. Bu gün ilk dəfə 2012-ci ildə qeyd olunub və bir çox ölkələr üçün aktual olan uşaq nikahları probleminə həsr edilib. Statistika göstərir ki, dünyada 20-24 yaş arasında olan qadınların, demək olar ki, hər üçündən biri 18 yaşına çatmamış ərə gedib. Onların üçdəbiri isə nikaha 15 yaşı bitməmiş girib.

Erkən nikahlar əsas insan haqlarının pozulmasıdır və o, qız uşaqlarının həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikah onları uşaqlıqdan məhrum edir. Qızlar təhsili yarımçıq qoymaq məcburiyyətində qalır, imkanları xeyli məhdudlaşır, üstəlik, onların zorakılıq və seksual təcavüzə məruz qalma təhlükəsi də dəfələrlə artır.

 

«Təsəvvürlərdəki xoşbəxtlik»

21 yaşlı Aysel (ad dəyişdirilib) əslən Gəncə yaxınlığındakı kəndlərdən birindəndir. Çoxuşaqlı ailənin sonbeşiyi olan Aysel anasını çox tez itirib. Böyük bacıları artıq ailə qurmuşdular, evə analığın gəlməsindən sonra isə Aysel üçün ciddi problemlər yaranıb. Sonda atası ciddi götür-qoy etmədən 16 yaşlı Ayseli ərə verib. «Mən oxumaq istəyirdim. Bizim ailədə uşaqların oxumasına heç bir problem olmayıb. Amma atam dedi: «Qız hara, oxumaq hara?!».

Bacıları Aysel üçün öz fikirlərinə görə uyğun həyat yoldaşı axtarmağa başlayıblar və onu düşünmədən «ailə səadəti»nə doğru itələyiblər. Amma xoşbəxtlik gəlməyib. Nikah Ayselə qız uşağı bəxş etsə də, həyat yoldaşı onu döyür, alçaldırmış. Üstəlik o, əyyaş imiş.

Regionlarda belə hallara tez-tez rast gəlinir. Azərbaycanın dağ kəndlərinin birində müəllim işləyən bir nəfərin sözlərinə görə, yuxarı siniflərdə qızlar məktəbdən qalmağa başlayır. Doqquzuncu sinifdən sonra, bir çox hallarda onlar təhsili atmağa məcbur edilir. Valideynlər hesab edir ki, qız üçün təhsil mənasız işdir. Ondansa, qoy qız evdə otursun, ev işlərini öyrənsin, çünki ailə həyatı qurduqda bunlar ona daha faydalı olacaq. Bu cür yanaşmanın nəticələri isə göz qarşısındadır. Əksər hallarda erkən ailə həyatı quran qızlar psixoloji baxımdan buna hazır olmur. Gələcək həyat yoldaşı ilə qarşılıqlı anlaşma və sevgi nadir hallarda baş verir. Çünki seçimi ailənin qızlarına nəyin lazım olduğunu daha yaxşı bildiklərini düşünən yaşlı nümayəndələri edir.

Kənd yerlərində mühafizəkar ənənələr güclüdür. Əsasən belə hesab olunur ki, gələcək ər ailəni təmin edəcək, bu üzdən də qadın evdə oturaraq uşaqları böyütməklə məşğul olmalıdır. Amma xüsusilə regionlarda bir çox hallarda ər qazanc ardınca çıxıb gedir, qadın isə «yoxsul qohum» kimi qalır. Bəzi hallarda iş boşanmayadək gedib çıxır. Bu halda isə qızın təhsilsizliyi və yaşının həddindən artıq az olması öz mənfi rolunu oynayır.

Qanunvericiliyə görə, rəsmi nikaha yalnız 18 yaşı tamam olmuş şəxslər girə bilər. İstisna hallarda, bu həddin 1 il azaldılması mümkündür. Regionlarda isə qızların 15, hətta 14 yaşında ərə verilməsi nadir hadisə deyil. Belə nikahlar bir qayda olaraq, rəsmən qeydiyyata alınmır. Müvafiq olaraq, boşanma halında qadın qarşı tərəfdən heç nə tələb edə bilmir.

«Əslində isə qadının və uşaqlarının maddi təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi üçün rəsmi qeydiyyata ehtiyac yoxdur. Biz hər zaman əvvəl söhbət etməyə, tərəfləri konsensusa gətirməyə, uşaqların alimentlə təmininə nail olmağa çalışırıq. Lakin kişi atalığı qəbul etməkdən boyun qaçırırsa, onu məhkəmə yolu ilə həll etmək mümkündür. Bu halda o, aliment ödəməkdən yayına bilməz», - deyə hüquqşünas Ağamirzə Bağırov bildirib.

 

Təhsil yoxdursa, iş də yoxdur

Amma qadının problemi bununla bitmir. Ata evi onu qəbul edirsə, bu barədə düşünməlidir. Bir çox hallarda belə şəxslər təhsili olmadığından, ixtisas tələb edilməyən işlərdə çalışmalı olur, yaxud şəhərə üz tutur ki, orada da təhsilin olmaması problemdir. Kəndlərdə bir sıra hallarda qız uşaqlarının adı məktəbdə qeydiyyatda olsa da, 8-9-cu sinifdən onlar dərsə getmir. Ali məktəbə qəbul məsələsi də bir başqa problemdir. Onların əksəriyyəti şəhərdə yerləşdiyindən, qızlarını «adamı yoldan çıxaran»» şəhərə göndərmək perspektivi sərtxasiyyətli valideynlərin ürəyincə deyil. Amma kənd qızlarının buna nail olduğu hallar da var. Bu, prioritetin təhsilə verildiyi ailələrdə olur. Xoşbəxtlikdən, bu gün həyata orta əsrlərdən qalma baxışlarla baxan ailələrlə müqayisədə, bu cür düşünən ailələr daha çoxdur.

İyirmibiryaşlı Məryəm də Gəncə yaxınlığındakı kənddəndir. O, Bakıda yaşayır və işləyir. «Atam, mən orta məktəbdə oxuyarkən dünyasını dəyişib. Anam müəllimdir. O vaxt anam mənə dedi: «Yaxşı oxu, mən sənə dəstək olacağam!». Bakıya yollandım, qohumumgildə yaşayaraq ali məktəbə qəbul olundum. Özüm ingilis dilini də öyrəndim və indi “IT” sahəsində çalışıram. Kəndə doğmalarımın yanına qayıtdıqda gördüm ki, bütün həmyaşıdlarım ailə qurub və artıq övladları da var». Ağır zəhməti, səylə oxumağı bəxti gətirmək adlandırmaq olmasa da, qarşısına məqsəd qoyan, oxumağa köklənən qızların bəxti gətirir.

 

Regionlarda işədüzəlmə və biznes

Yeri gəlmişkən, kənd rayonlarında qızların təhsildən tam məhrum edilməsinin əsas səbəblərindən biri, ailələrin aztəminatlılığıdır. Kəndlərdə həyatın və işin öz xüsusiyyətləri var. İlk növbədə, bu, əlbəttə ki, karyera imkanlarının məhdudluğudur. Qadın evdar deyilsə və torpaqda işləmirsə, əsasən, «ev şəraitində istehsal»la məşğul olur. Amma bu, sənaye miqyasına çatmır və əksər hallarda söhbət kiçik çörək-bulka, qənnadı, süd məhsullarının və s. istehsalından gedir. Şəhərdə geniş yayılmış bir çox xidmətlər kəndlərdə heç də hər zaman uğurlu alınmır. Çünki şəhərdə qadınların (xüsusilə də işləyən qadınların) "başqaları"na verdiyi işləri - xırda və məişət xidmətləri, kulinariya və qənnadı məhsullarının hazırlanması və s. - kəndlərdə qadınlar özləri edilər. Odur ki, maddi və texniki bazanın olmaması starpatların yoxluğunun yeganə səbəbi deyil. Əyalətlərdə uğurlu və kreativ biznesin qurulmasına bir çox hallarda biliyin və ətrafdakıların dəstəyinin olmaması da mane olur.

Bununla yanaşı, rayonlarda ailə biznesinin qurulması ilə bağlı problemlərin həllinə böyük ümidlər yaranıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) balansında ABAD publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı sərəncamla bağlıdır.

ABAD mərkəzlərinin funksiyalarına bunlar daxil olacaq: ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması; ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes-planların hazırlanması, marketinq,  brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi; istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında daşınmasının və satışının təşkili.

Demək, həqiqətən, çox iş görməyə qadir olan kənd qadını istənilən an ABAD-ın dəstəyi ilə öz biznesini aça biləcək. Bu zaman o, ABAD mərkəzlərində müvafiq treninqlərdə istədiyi suallara cavab alacağına da arxalanacaq.

 

Yeganə çarə - təhsildir

Ekspertlər əmindir ki, xüsusilə kəndlərdə qızların hüquqlarının müdafiəsini gücləndirmək üçün Azərbaycanda qəyyumluq və hamilik orqanları, yetkinlik yaşına çatmamış uşaqların işi üzrə komissiyanın icra hakimyyətlərində nümayəndəlikləri Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olunmalıdır.  Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Musa Quliyevin fikrincə, yerlərdə sözügedən Dövlət Komitəsinin daimi fəaliyyət göstərən orqanı yaradılsa, o, uşaqların hüquqlarının müdafiəsi ilə daha effektiv məşğul ola bilər.

«Çoxları hesab edir ki, ailə işlərinə qarışmaq olmaz. Lakin qanunvericilik müəllimin, xüsusilə sinif rəhbərlərinin, sahə həkiminin, bələdiyyənin, hüquq-mühafizə orqanlarının üzərinə uşaqların, xüsusilə təhsil almalarına əngəl yaradılan qızların hüquqlarının pozulduğu ailələrə daimi nəzarət baxımından müəyyən vəzifələr qoyur», - deyə o, qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, ailədə uşağın hüquqları pozulursa, o, yerli İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi komissiyalarına müraciət edə bilər. «Sadəcə, bizim uşaqlar bundan xəbərsizdir. Amma onlar arasında belə müraciət edənlər də var. Ailədə hüquqlarının pozulması halları ilə qarşılaşan uşaqlar dövlət komitəsinə müraciət edir və biz onların hüquqlarının bərpası istiqamətində lazımi işləri görürük», - deyə o, bildirib.

Şöbə müdiri hesab edir ki, bu problem, əsasən, mentalitetlə bağlıdır. Uşaqların öz hüquqlarını bilmələri üçün isə təhsil ocaqlarında maarifləndirici işlərin aparılması vacibdir. Onun sözlərinə görə, uşaqlara, xüsusilə kənd yerlərində qız uşaqlarına qarşı zorakılıq hallarının önlənməsi üçün, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının, həmçinin qəyyumluq və himayəçilik orqanlarının imkanları genişləndirilməlidir. Uşaqların hüquqlarının yüksək səviyyədə qorunması üçün beynəlxalq normalara uyğun olaraq, bu komissiyalarda sosioloqlar, psixoloqlar və hüquqşünaslar çalışmalıdır: «Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi komissiyaları məşğul olur. Problem ondadır ki, bu orqanların nəzarət şəraiti məhduddur. Odur ki, onların potensialı artırılmalıdır. Onların strukturunda müəyyən dəyişikliklər edilməlidir».

Bir şey məlumdur ki, kənd qadınları yalnız Azərbaycanda yox, bütünlükdə dünyada ərzaq məhsullarının istehsalında, kənd rayonlarının inkişafında aparıcı rola malikdir. Uşaqlara, yaşlılara, xəstələrə qulluq işində əsas yük onların üzərinə düşür. Lakin buna baxmayaraq, onlar bir çox hallarda öz torpaq hüququnu qorumaq, tibbi xidmət, kredit və təhsil kimi hüquqlarından istifadə etmək imkanına malik olmur. Bir çox ölkələrdə qadınların ictimai həyata töhfələri sanki gizli qalır. Bu səbəbdən, biz kənd icra orqanlarını əhali ilə fəal iş aparmağa, uşaqları gələcəkdə bu və ya digər regionda təlabatın olacağı peşələrə yiyələnməyə dəvət etməyə çağırırıq. Hər halda, Kənd Qadınları Gününün necə qeyd olunacağını ümumilikdə maraqlı təşkilatlar və cəmiyyətlər müəyyənləşdirməlidir.

 

 

BELƏ BİR FİKİR VAR...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin analitik informasiya şöbəsinin məsləhətçisi Aygün  Veysəlova: «Dövlət Komitəsi tərəfindən maarifləndirici işlər aparılır, bu sahədə qanunvericiliyin dəyişdirilməsi planlaşdırılır; məsələn, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-cı maddəsinə görə, nikaha məcbur etmək 2000-3000 manat məbləğində cərimə və ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Yetkinlik yaşına çatmayan şəxslərin nikaha məcbur edilməsinə görə isə 4000 manatadək cərimə və ya 3 ilədək həbs  nəzərdə  tutulub».

 

 

Təhsil sahəsində ekspert Kamran Əsədov: «Ali məktəbə daxil olan qızların sayında ciddi azalma var. Cənub regionlarımızda ali məktəbə daxil olan qız uşaqları cəmi 21%-dir. Bu mənada, sovet təcrübəsi çox maraqlı idi - orta məktəbi bitirməmiş qızlar texniki-peşə məktəblərində ixtisasa yiyələnə bilirdi. Bu gün regionlarda həmin ənənəni bərpa etmək lazımdır. Kəndlərdə yaşayan qızlar çox vaxt xalq  peşələri sahəsində istedadlı olur. Belə ixtisaslar üzrə təhsil bərpa olunarsa, onlar hansısa peşəyə yiyələnə bilər».

 



MƏSLƏHƏT GÖR:

381