1 May 2024

Çərşənbə, 08:15

YETƏRLİ MÜDAFİƏ

Azərbaycan, müdafiə potensialı və hərbi sənaye imkanlarına görə regionun lideri olaraq qalır

Müəllif:

15.10.2016

Müasir lokal münaqişələrin və hibrid müharibələrin təhlili bir daha göstərir ki, hərbi zəfər üçün əsas amil dövlətin müasir müdafiə sənayesi qurmaq imkanıdır. Bu, ordunu döyüş sursatı və yüksək texnologiyalı «ağıllı» silah sistemləri ilə təmin edə bilən sənaye olmalıdır. Azərbaycan da artıq, təxminən, 10 ildir, bu strategiyaya sadiqdir və bununla da, Cənubi Qafqaz regionunun ən güclü hərbi-sənaye kompleksinə malikdir.

Bu gün Azərbaycanın regionun ən güclü Silahlı Qüvvələrinə malik olduğu heç kəsdə şübhə doğura bilməz. Onun Silahlı Qüvvələri istənilən vəzifənin öhdəsindən gəlmək iqtidarındadır. Ordunun gücü, yüksəksəviyyəli texniki təchizatı Dağlıq Qarabağda ermənilərin aprel təxribatının qarşısının alınması zamanı da özünü aydın şəkildə göstərdi.

«Həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda baş verənləri  qiymətləndirərkən bildirib.

Bu qiymətləndirmə ilə beynəlxalq ekspertlər də razıdır. Onlar da Azərbaycanın müdafiə imkanlarının yüksək səviyyədə olduğunu dəfələrlə təsdiqləyib; məsələn, bu yaxınlarda açıqlanmış 2016-cı il üçün Hərbi Gücün Qlobal İndeksində (Global Firepower Index) Azərbaycan Ordusu və müdafiə sənayesi Cənubi Qafqazın ən güclüsü, postsovet məkanında isə ən yaxşılardan biri kimi təqdim olunub. Son reytinqdə Azərbaycanın hərbi qüdrəti ümumi göstəriciyə görə, 3 pillə yüksələrək, dünyada 60-cı yerdə qərarlaşıb. Eyni göstəricidə 20 pillə geriləmiş Ermənistan isə indi, 94-cü yerdədir. Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan reytinq cədvəlində 80-ci yeri tutur.

Qlobal enerji böhranı üzündən yaranmış iqtisadi problemlərə baxmayaraq, Azərbaycan müdafiə xərclərini, milli təhlükəsizliyin təmininə xərclənən vəsaiti azaltmayıb. 2017-ci ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 2,9 milyard manatın (indiki məzənnə ilə 1,8 milyard dollardan çox) xərclənməsi nəzərdə tutulub. Bu, 2016-cı ilin göstəricisindən 6,9% çoxdur. Ümumilikdə sadalanan məqsədlər üçün nəzərdə tutulmuş vəsait bütünlükdə gələn ilin büdcə xərclərinin 17,4%-ni təşkil edir. Bununla yanaşı, təhlükəsizlik və müdafiə xərclərinin daha artıq olması da mümkündür. Çünki xərclərin bir hissəsi büdcənin digər maddələri üzrə bölünür və «Dövlət sirri haqqında» qanuna uyğun olaraq, onlar açıqlanmır.

Müqayisə üçün qeyd edək ki, Ermənistanın gələn il üçün nəzərdə tutulmuş dövlət büdcəsi layihəsində hərbi xərclər 209,8 milyard dramdır (440 milyon dollar). Odur ki, hətta birbaşa müqayisə zamanı belə, Azərbaycanın hərbi büdcəsi işğalçı dövlətin bu sahəyə ayırdığı vəsaiti, ən azı, 4 dəfə üstələyir.

Azərbaycanın müdafiə sənayesinin uğurları ölkənin müdafiə strategiyasının effektivliyini, bu sahəyə ayrılan büdcə vəsaitlərinin özünü doğrultduğunu bir daha təsdiqləyir. Müdafiə Sənayesi Nazirliyinin (MSN) səyləri nəticəsində Azərbaycanda müasir müdafiə müəssisələri kompleksi yaradılıb. Orada Türkiyə, İsrail, Rusiya, CAR, Belarus, Pakistan da daxil olmaqla, təxminən 40 dövlətin profil şirkətlərinin dəstəyi ilə geniş çeşiddə döyüş sursatları istehsal olunur - patronlar, mərmilər, idarə olunan və olunmayan aviabombalar və raketlər, həmçinin atıcılıq, yüngül artilleriya silahları, pilotsuz uçuş aparatları (PUO), zirehli texnikalar, radiorabitə vasitələri, optik sistemlər və bir sıra digər texnika və silah növləri.

Artıq ikinci dəfə keçirilən ADEX-2016 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində yerli müdafiə sahəsinin nailiyətlərilə tanış olmaq mümkün idi. Söhbət, məsələn, bu sahənin ən texnoloji seqmenti sayılan PUA-lardan gedir: ölkədə «Orbiter-2M» və «Aerostar» kəşfiyyat dronlarının İsrail texnologiyası əsasında istehsalının əsası hələ 2011-ci ildə qoyulub. Ötən müddətdə MSN müəssisələrinin nomenklaturasına yeni nəsil «Orbiter-3» və «Orbiter-4» pilotsuz uçuş aparatları da əlavə edilib. Onlar böyük avtonomluğa malik olmaqla yanaşı, daha uzaq məsafəyə uça bilir. Əvvəlkilərdən fərqli olaraq, bu modellər, havada fasilə vermədən 6 və 24 saat qalmaq iqtidarındadır. Bundan başqa, daha güclü mühərrikə və 5,4 metrlik geniş qanadlara malik «Orbiter-4» özünün 50 kiloqramlıq çəkisindən əlavə, 12 kiloqram yükü də daşımağa, bu zaman saatda 70 kilometr sürətlə uçmağa və 150 kilometrədək məsafə qət etməyə qadirdir. Elektromaqnit şüalanması üçün «şəffaf» olan kompozit materiallardan hazırlanmış yeni dronların daha bir önəmli üstünlüyü onların düşmən radarlarına düşməməsidir. Bu, aparatların davamlılığını əhəmiyyətli dərəcədə artırır.

Aprel döyüşlərində imkanlarını daha yüksək səviyyədə nümayiş etdirmiş «Zərbə» markalı PUA xüsusi diqqətə layiqdir. Bu dron fasiləsiz olaraq 2,5 saat havada qalmaq, gecə-gündüz, istənilən hava şəraitində 100 kilometrədək məsafə qət etmək iqtidarındadır. O, düşmən hədəflərini avtomatik və ya operatorun komandası ilə aşkarlaya bilir və hədəfə gözlənilməz zərbələr endirir. Pilotsuz «kamikadze» olan «Zərbə»nin döyüş hissəsi qəlpəli fuqas gülləsilə təchiz olunub. Bu, istər canlı qüvvəyə istərsə də müxtəlif texnika, anbar və komanda məntəqələrinə qarşı effektivdir.

Bundan başqa, ölkədə yüngül və ağır zirehli texnika istehsalının genişləndirilməsi planı da var. «Hazırda «Tufan» milli zirehli nəqliyyat vasitəsinin bir neçə variantının hazırlanması məsələsi nəzərdən keçirilir. Bu, müxtəlif hərbi əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulmuş maşınlardır. Onlar məsafədən idarə olunan 12,7 millimetrlik hərbi modula, tank əleyhinə idarəolunan raket kompleksinə, döyüş və kəşfiyyat üçün radioelektron avadanlığa, həmçinin digər sistemlərə malikdir», - deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Onun sözlərinə görə, «Tufan»ın sınaq üçün nəzərdə tutulmuş nümunəsinin ilin sonunadək hazırlanmas ı planlaşdırılır.

Bununla yanaşı, xarici dövlətlərlə aparılmış danışıqlar nəticəsində yeni «İldırım» və «Qasırğa» zirehli maşınlarının sınaq nümunələri də hazırlanıb. 2017-ci ildən onların da seriya istehsalına başlanılacaq.

MSN «İldırım» zirehli maşınının sınaq nümunəsini də nümayiş etdirib. Onun seriya istehsalına, güman ki, CAR-dan olan mütəxəssislərlə birgə başlanılacaq. 13 ton ağırlığı olan maşın 12 əsgərin daşınması üçün nəzərdə tutulur. O, 27,7 millimetr kalibrli NST pulemyotu və digər hərbi sistemlərlə də təchiz oluna bilər.

MSN-in növbəti yeniliyi isə «Gürzə» universal zirehli maşınıdır. O, atıcı silahla təchiz olunur.

Bundan başqa, güman ki, Azərbaycan və Kanada müəssisələri birlikdə daha bir yeni zirehli maşın istehsal edəcək. Söhbət flaqman tipli BTR-dən - AZCAN-dan gedir. MSN-in müəssisələrində istehsal olunacaq bu maşının bütün ölkələrə satılması nəzərdə tutulub.

MSN-in müəssisələri zirehli kəşfiyyatçı-gözətçi maşınların (ZKGM) istehsalına da başlayır. Onların Türkiyənin «Roketsan» şirkətinə məxsus yüksək dəqiqliyə malik tank əleyhinə raket komplekslərilə təchiz olunması nəzərdə tutulub. Yeni ZKGM-2M 4 ədəd ortamənzilli «Mizrak» raketi ilə təchiz olunur. Bu raketlər dinamik müdafiəli hədəfləri məhv etmək iqtidarında olan tandem raket başlıqlarına, hərəkətdə olan hədəfləri vurmaq bacarığına, peyk naviqasiya sisteminə və «özününkü-yad» peyktanıma sisteminə malikdir.

MSN-in səyləri ilə ölkədə yeni nəsil aviabombaların istehsalına da başlanıb: sərgidə qurumun stendlərində 7 müxtəlif bomba nümayiş etdirilib. Onların arasında QFAB-100SAB markalı yüksək d əqiqliyə malik qəlpəli fuqas aviabombası da var idi. Bu bombanın uçuşunu idarə etmək, onun havaya buraxıldığı yerdən xeyli uzaqda olan hədəfi məhv etmək mümkündür. Sərgidə yerli istehsal olan 2 ədəd yeni 80 millimetrlik idarə olunmayan aviaraket (NURS) də nümayiş etdirilib.

Nazirliyin yenilikləri arasında sərgi iştirakçılarının diqqətini çəkən həm də «Şimşək» pulemyotu olub: gündüz və gecəgörmə kameraları ilə təchiz olunmuş, zirehli texnikaların üzərində qurulmaq üçün nəzərdə tutulmuş pulemyotun istehsalına bu il start verilib.

Azərbaycanda atıcı silahların istehsalı da genişləndirilir - pulemyotlar, avtomatlar, qumbaraatanlar, snayper tüfəncləri. Yeni silahlar arasında 14,5 millimetrlik iri kalibrli NST snayper tüfənginin adını çəkmək olar. 19 kiloqram ağırlığı olan bu tüfənglə 1600 metrlik məsafədəki hədəfi vurmaq olur. «Vaşaq» adlı daha bir tüfəng 2 növ döyüş sursatı üçün hazırlanıb: 7,62 və 8,6 millimetr kalibrli snayper patronları. Onların effektiv hədəf məsafəsi müvafiq olaraq 1000 və 1500 metrdir. Yaxın zamanlarda MSN bu snayper tüfənglərinin ixracına başlamağı planlaşdırır.

Qeyd edək ki, snayper tüfəngləri və atıcı silahlar MSN-in heç də yeganə ixrac məhsulları deyil: son illərdə Azərbaycanın müdafiə sənayesi müəssisələri geniş çeşiddə döyüş sursatı, minaatan, yüngül və ağır atıcı silahlar, optika və radiorabitə vasitələri ixrac edir. Məsələn, 2013-cü ildə ölkə 123 milyon dollar, 2014-cü ildə 100 milyon dollarlıq silah-sursat ixrac edib. Bu ilin iyuluna MSN-in ixrac üzrə sifariş portfeli 106 milyon dollar təşkil edir.

«Bizim məhsullarımıza tələbat o qədər yüksəkdir ki, vaxt və imkan məhdudiyyəti üzündən bəzi sifarişlərdən imtina etməli oluruq. Əsas müraciətlər Avropa, Afrika və Asiya ölkələrindəndir. Onlar, əsasən, döyüş sursatı və silah istəyir. Bizim silahlarımız keyfiyyətli, rəqabət qabiliyyətlidir. Onların qiyməti də dünya bazarındakı qiymətlərə uyğundur», - deyə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

Hazırda MSN öz məhsullarını dünyanın 10 ölkəsinə ixrac edir. Tezliklə 10 ədəd şəkli dəyişdirilmiş ZTR-70 zirehli maşını Konqoya ixrac olunacaq.

Rusiya və ABŞ-a optik hədəflərin, bir sıra ərəb ölkələrinə RPQ-7V2 qumbaraatanları və snayper tüfənglərinin, həmçinin bir sıra region ölkələrinə döyüş sursatlarının ixracına dair danışıqlar gedir.

«Bizim məhsullar dünya, NATO standartlarına cavab verir. Bu, onların beynəlxalq bazarlara uğurla çıxarılmasına imkan verir. Bu yaxınlarda İraqa 500 qümbaraatanın, 500 minaatanın və onlar üçün sursatların ixracına dair müqavilə imzalamışıq», - deyə nazir Y.Camalov bildirib: «EM-14 avtomat silahları da böyük ixrac potensialına malikdir. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış bu silah 5,56 millimetr kalibrli NATO patronları üçün nəzərdə tutulub».

Başqa sözlə, Azərbaycanda müdafiə sənayesi müəssisələrinin imkanları planlı şəkildə genişləndiriləcək və ölkədə yeni silahların istehsalına başlanacaq; məsələn, MSN Rusiyanın «Taktiki raket silahları» korporasiyası ilə taktiki raketlərin istehsalında əməkdaşlığa dair razılaşma imzalayıb. İndi, Azərbaycanda rusiyalı mütəxəssislərlə birgə yeni nəsil «Hava-Hava» və «Hava-Yer» tipli raketlərin istehsalı da planlaşdırılır.

Bundan başqa, Ukrayna ilə Azərbaycan MSN müəssisələrində birgə tankəleyhinə raket kompleksləri və onlar üçün idarə olunan raketlərin istehsalı imkanlarını nəzərdən keçirir.

Sadalanan  misallar Azərbaycanın yaxın illərdə müdafiə sahəsində həyata keçirməyi planlaşdırdığı layihələrin yalnız bir hissəsidir. Azərbaycan ərazisinin beşdəbirinin işğalının davam etməsi, Ermənistanın faktiki olaraq işğalçı siyasətindən əl çəkməməsi ölkəmizin hərbi qüdrətini artırmasını zəruri edir. «Bu vəzifənin öhdəsindən uğurla gəlinir - bu gün Cənubi Qafqazın ən güclü ordusu da, müdafiə sənayesi də Azərbaycandadır», - deyə Y. Camalov bildirib.



MƏSLƏHƏT GÖR:

396