29 Aprel 2024

Bazar ertəsi, 15:48

BİRGƏ YAŞAMAQ BACARIĞI

Roma Papasının Bakıya səfəri Azərbaycan cəmiyyəti və dövlətinin multikultural mahiyyətinin təsdiqi oldu

Müəllif:

15.10.2016

Roma Papası Fransiskin Bakıya oktyabrın 2-də baş tutmuş səfərini əlamətdar hadisə saymaq olar. Roma Katolik Kilsəsi rəhbərinin Azərbaycanda keçirdiyi görüşlər, apardığı danışıqlar Bakı ilə Vatikan arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş daha bir addım olub. Bununla yanaşı, bu səfər Azərbaycan dövlətinin sivilizasiyalararası və dinlərarası dialoqun inkişafındakı müstəsna rolunu da bir daha təsdiqləyib. Bunu Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum da nümayiş etdirib.

Azərbaycanla Vatikan arasında ikitərəfli münasibətlər artıq təxminən 25 ildir ki, uğurla inkişaf edir. Tərəflər arasında dialoqun möhkəmlənməsində Roma Papası II İohann Pavelin 2002-ci ildə Bakıy etdiyi səfər, sanki dönüş nöqtəsi olub.

2008-ci ildə Bakıda tarixi hadisə baş verib - Katolik kilsəsinin açılışı olub. Bununla da Azərbaycan torpaqlarında katoliklərə məxsus kilsə təşkilatının mövcudluğu ənənəsi davam etdirilib. Qeyd edək ki, Bakıda ilk Katolik Kilsəsi hələ 1912-ci ildə tikilib. Lakin 1934-cü ildə məbədlərə qarşı rəhmsiz siyasət yürüdən Sovet hökuməti onu dağıdıb.

Azərbaycanın müstəqil inkişaf yoluna qədəm qoyması, vicdan və dini azadlığının təsdiqlənməsi ilə bütün ölkəboyu bir sıra köhnə məbədlər - məscidlər, kilsələr, sinaqoqlar bərpa olunub və yeniləri tikilib. Beləliklə, müstəqil Azərbaycanın paytaxtında Katolik Kilsəsi də inşa olunub.

2012-ci ildə Azərbaycanla Vatikan arasındakı diplomatik münasibətlərin 20-ci ili tamam olub. Bu münasibətlə Vatikan muzeylərində Azərbaycan sərgiləri təşkil edilib. Bu, müsəlman ölkəsinin Papa dövlətində təşkil etdiyi ilk belə tədbir idi. Bununla yanaşı, ikitərəfli münasibətlər yalnız dövlət səviyyəsində yox, müxtəlif ictimai təşkilatlar səviyyəsində də dəstəklənir. Misal kimi, ilk növbədə, Heydər Əliyev Fondunun adını çəkmək olar. Məhz onun dəstəyi ilə Vatikanın Sikstin kapellası, Müqəddəs Marçellinio və Pietro katakombaları da daxil olmaqla, bir sıra müqəddəs məkanlarında və artefaktlarında əsaslı təmir işləri aparılıb, Apostol kitabxanasında müxtəlif işlər görülüb.

Pontifik Fransiskin Bakıya səfəri isə Azərbaycanla Vatikan arasında münasibətlərin genişləndirilməsi istiqamətində daha bir vacib hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev Papa Fransiski Bakıda salamlayarkən heç də təsadüfən bu səfəri «tarixi səfər» adlandırmayıb. İ.Əliyev bildirib ki, «bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir daha onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək».

Roma Papasına müraciət edən Azərbaycan Prezidenti deyib: «Siz Bakıdan bütün dünyaya çox açıq-aydın mesaj göndərirsiniz ki, multikulturalizm, dinlərarası dialoq, xoş niyyət, xoş münasibət zəfər çalmalıdır, üstünlük təşkil etməlidir… Bütün qitələrdə sizin davamçılarınız, sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə tanış olurlar, görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi, inkişaf edən ölkə var. Görürlər ki, bütün dünya katoliklərinin rəhbəri, Zati-Müqəddəsləri Fransisk bu gün Bakıdadır».

Həqiqətən də Papanın Azərbaycanda mehribancansına qarşılanması, nəinki azərbaycanlıların ənənəvi qonaqpərvərliyini nümayiş etdirib, həm də Azərbaycan cəmiyyəti və dövlətinin tolerantlığını, multikultural mahiyyətini bir daha ortaya qoyub. İlham Əliyev xatırladıb ki, Azərbaycanda «əsrlərboyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşayıb. Həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb». Dinlərarası və millətlərarası münasibətlərin Azərbaycanda «nümunəvi xarakter» daşıdığının təsdiqi kimi isə İlham Əliyev bunları deyib: «Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası Kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim Atəşpərəstlər Məbədi vardır. Eyni zamanda, pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir».

Roma Papası Fransiskin səfər proqramı Azərbaycan paytaxtının rəngarəng məbəd palitrasını nümayiş etdirib. Papa Bakıya səfərinin gedişində katolik məbədi - Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində messa keçirib, Qafqazın ən böyük müsəlman məbədi olan Heydər məscidində olub, orada ölkədəki bütün dini icmaların nümayəndələrilə görüşüb. «Qovuşmaya və inteqrasiyaya qapıları açaraq, sanki hər kəsin qəlbinə qapı açmış olarsınız. Onların ümidlərinə yol açmış olarsınız. Şərqlə Qərb arasında qapı olan Azərbaycan hər zaman özündə insanlara sülh və insanın parlaq gələcəyi üçün möhkəm zəmin yaratmaq baxımından əsas təşkil edən açıq olmaq mədəniyyətini inkişaf etdirib», - deyə Fransisk Heydər məscidindəki çıxışında bildirib.

Səfərin gedişində Cənubi Qafqazda qeyri-sabitliyin əsas səbəbi olan Dağlıq Qarabağ münaqişəsi də diqqətdən kənarda qala bilməzdi. Çünki o, hələ də regionun parlaq gələcəyinə təhlükə yaradan amildir. Roma Papasına müraciət edən Prezident İlham Əliyev Azərbaycan ərazisinin beşdə birini işğal etmiş Ermənistanın hərbi təcavüzü nəticəsində xalqımızın humanitar fəlakətlə üzləşdiyini dərin təəssüf hissi ilə dilə gətirib. O, bu problem nəticəsində milyonadək azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşdüyünü, tarixi və dini abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın Ermənistan tərəfindən dağıdıldığını, Bakıda isə erməni kilsəsinin qorunub-saxlandığını bildirib. Dövlət başçısı həmin kilsədə bu gün də erməni dilində 5 mindən artıq kitabın olduğunu söyləyib.

Roma Papası isə öz növbəsində, Ermənistanla-Azərbaycan arasında davam edən münaqişədən narahatlığını dilə gətirib. Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan hökumətinin, ictimai təşkilatların və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə çıxış edən Papa beynəlxalq birliyin bu münaqişənin həllinə yardım göstərəcəyinə ümidini ifadə edib. «Qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm», - deyə Papa Fransisk qeyd edib. O, əmindir ki, «Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq».

Yeri gəlmişkən, Fransiskin Qarabağ nizamlanması ilə bağlı Bakıya səfəri zamanı ifadə etdiyi mövqeyi dünya KİV-in diqqət mərkəzində olub; məsələn, Böyük Britaniyanın «The Tablet» nəşri yazırdı ki, Papanın Azərbaycana səfəri münaqişə tərəflərinin barışdırılması işində vacib addım olacaq. Bununla yanaşı, yazıda bildirilirdi ki, Fransiskin mövqeyi onun ilk olaraq hələ bu ilin iyununda Ermənistana səfər etdiyi üçün guya bu məsələdə ermənilərin tərəfindən olduğuna dair formalaşmış fikri dağıdacaq.

Nüfuzlu «Forbes» jurnalı isə yazırdı ki, Roma Papasının Azərbaycana səfərində məqsəd «hələ də çoxsaylı münaqişələrin - Gürcüstanda iki separatçı region, Ermənistanla Azərbaycan arasında isə Dağlıq Qarabağ regionu üzündən problemlərin bitmək bilmədiyi Qafqaz regionunda sülhə töhfə verməkdir». Jurnalın icmalçısı Veyd Şepard yazırdı ki, Papa Ermənistana hələ iyunda etdiyi səfər zamanı «torpaq üzündən sülhə gəlməməyin yanlış olduğunu» bildirmişdi.

Bununla yanaşı, müəllif Papanın səfərinin Azərbaycan üçün daha böyük təşəbbüsün bir hissəsi olduğunu düşünür - xalqlar və mədəniyyətlərin kəsişdiyi məkan, multikulturalizm və beynəlmiləlçilik strategiyasının hərəkətverici qüvvəsi kimi təsdiqlənmək. "The New York Times" isə bununla bağlı yazır ki, "Fransisk Azərbaycanı dini tolerantlıq ölkəsi kimi tərif edib".

Fransiskin Azərbaycanı dini tolerantlığın hökm sürdüyü ölkə kimi qiymətləndirməsi kontekstində bir məqamı da qeyd etmk vacibdir: Azərbaycan artıq bir neçə ildir ki, "Bakı prosesi"ni uğurla reallaşdırır. Prezident İlham Əliyev də Roma Papası ilə görüşdə bildirib ki, Azərbaycan eyni vaxtda həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan nadir dövlətlərdəndir. Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş forumunda Azərbaycan tərəfindən tədbirə dəvət olunmuş müsəlman dövlətlərinin mədəniyyət nazirləri də iştirak edib. Beləliklə, tarixdə ilk dəfə olaraq, Qərb və müsəlman Şərqinin mədəniyyət strukturları arasında əlaqə yaranıb və İlham Əliyevin də xatırlatdığı kimi, onu «biz yaratmışıq». Bir il sonra - 2009-cu ildə artıq Avropa ölkələrinin mədəniyyət nazirləri müsəlman dövlətlərinin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət olunub. «Bakı prosesi» adlandırılan bu proses sonradan Azərbaycan paytaxtında keçirilən dünyanın dini liderlərinin sammitində, həmçinin Bakıda iki ildən bir təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunda da davam etdirilib. Bu il Azərbaycan paytaxtında keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu da xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin də dediyi kimi, bütün bu təşəbbüslərdə məqsəd birdir - bütün dinlərə aid insanlar arasında əməkdaşlıq, dünyada, dini, milli zəmində müharibələrin, münaqişələrin yaşandığı bütün bölgələrdə qarşıdurmanın qarşısının alınması. Azərbaycan bütün dünyaya «birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır» mesajı göndərir. Bakıda işini bu günlərdə başa vurmuş V Beynəlxalq Humanitar Forumu da Azərbaycanın həyata keçirdiyi tolerantlıq missiyasının ifadəsi saymaq olar. Forumun işində dünyanın 50-dən çox ölkəsindən 350-dən artıq nümayəndə iştirak edib - nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, dünya siyasətinin, elmi və mədəni elitasının görkəmli xadimləri. İştirakçılar arasında elmin ən müxtəlif sahələrinə aid 15 Nobel mükafatçısı da olub.

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsovun sözlərinə görə, «Azərbaycan bir daha bütün dünyaya göstərdi ki, intellektuallar ölkəsidir, xalqı isə dünyanın humanitar ideyalarının nailiyyətlərini qiymətləndirməyə qadir xalqdır»».

V Beynəlxalq Humanitar Forumun yekununda Bakıda bəyannamə də imzalanıb. Sənəddə bildirilir ki, Azərbaycanda insan kapitalı amilindən dayanıqlı inkişaf üçün yararlanılması məqsədilə bütövlükdə insan kapitalının qorunması və artırılması işində, eləcə də əhalinin qaçqınlar və məcburi köçkünlər kimi həssas qrupundan bu amilin davamlı inkişafı məqsədilə səmərəli istifadəsində yüksək nəticələr əldə olunub. Bəyannamədə bildirilir ki, ekoloji sivilizasiya ilə bağlı təsəvvürün formalaşdırılması, təbii resurslara qayğı ilə yanaşılması, iqlim dəyişiklikləri ilə bağlı lazımi addımların atılmasına dair önəmin dərk edilməsinin formalaşdırılması da vacibdir. Forum iştirakçıları müxtəlif beynəlxalq təşkilatları və milli strukturları tolerantlıq və qarşılıqlı hörmət atmosferinin yaradılması, müasir qlobal və lokal çağırışların öhdəsindən gəlinməsi üçün sistematik olaraq, forumlar keçirməyə çağırıb.

 

Beləliklə, Roma Papası Fransiskin Azərbaycana səfəri və Bakı Beynəlxalq Humanitar Forumunun təşkili ölkədə "Multikulturalizm ili"nin elan olunması ilə uğurlu şəkildə uzlaşır. Azərbaycan bir daha təsdiqləyir ki, multikulturalizm və tolerantlıq, mədəniyyətlər, konfessiyalar və xalqların birgə mövcudluğu çoxəsrlik ənənəmiz, xalqımızın həyat tərzidir və bütün bunlar insan sivilizasiyasının mədəni irsinə böyük töhfələr verir.



MƏSLƏHƏT GÖR:

444