28 Aprel 2024

Bazar, 21:02

İSTANBUL MESAJLARI

Azərbaycan, Türkiyə və Rusiya dünyada enerji əməkdaşlığının «yol xəritəsi»ni çəkir (yarımbaşlıq)

Müəllif:

15.10.2016

Türkiyə çoxdankı hədəfinə yaxındır - o, enerji tranziti habına çevrilir. Bu günlərdə İstanbulda «Yeni üfüqlərə qucaq açmaq» devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində səsləndirilən yeni bəyanatlar və Rusiya ilə «Türki Axını» qaz kəmərinin tikintisinə dair razılaşmanın imzalanması bir şeyə əmin olmaq üçün kifayətdir: Ankara onun ərazisindən keçən vacib enerji nəqli dəhlizləri şəbəkəsinin genişləndirilməsində qərarlıdır. Xoşbəxtlikdən, ölkənin geostrateji mövqeyi də buna imkan verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konqresdə bəyan etdiyi kimi, hazırda ölkəsi Rusiyadan qazı Trans-Balkan dəhlizi (Ukrayna vasitəsi ilə) ilə nəql edir, Azərbaycandan Türkiyə vasitəsilə Avropaya «mavi yanacaq» nəqlinə imkan verəcək TANAP layihəsinin istismara verilməsinə isə çox qalmayıb. Bundan başqa, Ərdoğan Türkmənistan qazının da "Köhnə Dünya"ya Türkiyə vasitəsilə çıxarılmasına tərəfdar olduğunu deyib. Üstəlik, ölkənin Baş naziri Binəli Yıldırım bu planlara Yaxın Şərq ölkələrindən qaz tranzitini də əlavə edib.

 

Barışıq axını

Cəmi bir neçə ay əvvəl dünya gərginlik içərisində iki nəhəng dövlət - Türkiyə ilə Rusiya arasında getdikcə qızışan siyasi qarşıdurmanı izləməkdə idi. Politoloqlar, az qala, Üçüncü Dünya müharibəsindən danışır, iqtisadçılar ticarət əlaqələrinin kəsilməsindən dəyən zərəri hesablayır, adi vətəndaşlar isə qarşılıqlı səfərlərdən çəkinirdi. Lakin… bəzən həyatın gedişini proqnozlaşdırmaq həqiqətən çox çətin olur. Cəmi bir neçə gün əvvəl bu iki dövlətin liderləri İstanbulda «Türk Axını» qaz kəmərinin tikintisinə dair razılaşmanın imzalanması mərasimində kameralar qarşısında aşkar məmnunluqla poz verirdi. Rusiya tərəfdən sənədi ölkənin energetika naziri Aleksandr Novak, Türkiyə tərəfindən isə energetika və təbii resurslar naziri Berat Albayrak imzalayıblar. Sənəd Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə iki xəttin, həmçinin Türkiyə ilə həmsərhəd ölkələrin sərhədinədək quru ilə tranzit xətlərinin çəkilişini nəzərdə tutur. Onların hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetr olmalıdır.

Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, «Türk Axını»nın 2019-cu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub. «Bununla yanaşı, Rusiya Türkiyəyə qazın qiymətində endirim də edəcək», - deyə o, qeyd edib. Sonuncu məqam iki dövlətin nə dərəcədə barışdığını aydın şəkildə göstərir.

Rusiya ilə münasibətlərin bundan sonra tərəfdaşlıq səviyyəsinə qədəm qoyduğunu isə mətbuat konfransında Ərdoğan bəyan edib. O, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin sürətlə gedəcəyinə, bundan sonra münasibətlərin tamamilə fərqli məcrada, o cümlədən müdafiə, siyasət, ticarət, iqtisadiyyat, turizm və mədəniyyət sahələrində inkişaf edəcəyinə əminliyini bildirib.

Putin isə Rusiya hökumətinin Türkiyənin kənd təsərrüfatı məhsullarının yerli bazara buraxılması haqda qərar qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, bu, hər iki tərəf üçün sərfəlidir: Rusiyada düşünürlər ki, yerli bazarların Türkiyə meyvələri ilə dolması qiymətin ucuzlaşmasına yol açacaq. Türkiyəli tərəfdaşlar üçün isə Rusiya bazarlarına qayıdış təxminən, ildə 500 milyon dollar deməkdir.

Moskva ilə Ankara Türkiyə Prezidentinin ölkədə nəhəng qaz habının yaradılması planının reallaşdırılması istiqamətində də irəliləyir. Bunu da Vladimir Putin deyib.

«Biz Türkiyənin vacib enerji habına çevrilməsinə imkan verəcək yeni investisiyaların astanasındayıq. Bu ilin sonuna və 2017-ci ilin əvvəlində bu istiqamətdə ciddi addımlar atacağıq. Beləliklə, Türkiyənin qaz ticarəti məsələsində bütün region ölkələri üçün vacib tərəfdaşa çevriləcəyi anı yaxınlaşdıracağıq», - deyə Türkiyə Prezidenti bildirib.

 

Gələcəyə mesajlar

İstər Rusiya ilə Türkiyə arasında barışığa nail olunmasına, istərsə də sonuncunun uzunmüddətli planlarına sevinən, bunu real olaraq alqışlayan ölkələrin sırasında Azərbaycan ilk yerdədir.

«Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır», - deyə İstanbulda keçirilən konqresin xüsusi qonağı olan Azərbaycan Prezidenti İlham Əliyev toplantıdakı çıxışında bildirib.

Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid Kim deyib ki, hökumətlərə, sənaye sektoruna və cəmiyyətlərə məhz İstanbul konqresi tarixi şans verir və burada səsləndirilən mesajlar gələcək üçün «yol xəritəsi» olacaq.

Həqiqətən də, konqresdəki çıxışlar zamanı səsləndirilən bəyanatlar kifayət qədər maraqlıdır və enerji sahəsilə bu və ya digər dərəcədə bağlı olan dövlətlərin bazardakı «qiymət böhranı»nı aşmağa, sabitliyə nail olmağa çalışdığını göstərir.

Liderlər hazırkı vəziyyətdən çıxmaq üçün müxtəlif yollar təklif edib; məsələn, Azərbaycan Prezidenti İlham Əliyev enerji resurslarının istehsalçısı, tranzit və istehlakçısı olan ölkələrin sıx əməkdaşlığını təklif edib. «Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır», - deyə o, qeyd edib. Azərbaycan Prezidenti neft və qaz hasil və ixrac edən ölkələr arasında daha çox anlaşmanın olmasının vacibliyini də bildirib: «Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək».

Məhz bu siyasət ölkəyə müstəqilliyinin cəmi 5 ilində qüdrətini artırmaq, iqtisadiyyatını inkişaf etdirmək imkanı verib. «Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir», - deyə İ.Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, «Cənub Qaz Dəhlizi» layihəsinin reallaşdırılması üçün artıq 7 ölkə birləşib və gələcəkdə onlara daha bir neçə dövlət qoşula bilər: «Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq».

Prezident Ərdoğan, öz növbəsində, çıxışında Azərbaycanın TANAP layihəsinə toxunaraq bildirib ki, bu layihənin istismara verilməsilə Avropa yeni alternativ əldə edəcək. «Bu, türk-yunan interkonnektorunun yaradılması istiqamətində ilk qəti addımdır. Biz əminik ki, bu, Avropa üçün çox vacibdir», - deyə Türkiyə prezidenti bildirib. Onun sözlərinə görə, Xəzər regionu Türkiyədən keçən qaz kəmərlərinin doldurulması üçün böyük əhəmiyyət daşıyır: «Türkiyə gələcəkdə Türkmənistan qazının da TANAP-la nəql olunacagına ümid edir».

Bununla yanaşı, Ərdoğan Türkiyənin enerji sahəsində investisiyalar üçün böyük potensiala malik olduğunu xatırladıb, bütün enerji şirkətlərini Türkiyə iqtisadiyyatına investisiya yatırmağa çağırıb. «Türkiyəyə inananlar və iqtisadiyyatımıza investisiya qoyanlar buna görə heç zaman peşman olmayıb və gələcəkdə də olmayacaq», - deyə R.T.Ərdoğan qeyd edib: «Biz tranzit ölkəyik. Lakin biz həm də texniki bazanın inkişafına sərmayə qoyuruq. Odur ki, biz Rusiya, Əlcəzair və Norveçlə birgə Avropaya yanacaq tədarükü üçün dördüncü enerji dəhlizini yaratmaq fikrindəyik».

Qeyd etmək lazımdır ki, bərabərhüquqlu tərəfdaşlığın vacibliyi fikrini Vladimir Putin də çıxışı zamanı səsləndirib. «Rusiya bundan sonra da enerji sahəsində bütün maraqlı tərəflərlə qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında konstruktiv əməkdaşlıq edəcək», - deyə o, bildirib: «Ənənəvi enerji resurslarına təlabat yalnız Çin, Hindistan və digər nəhəng dövlətlərin, iqtisadiyyatların avtomobilləşməsi, elektrikləşməsi hesabına qorunub saxlanmır. Burada insan həyatının ən müxtəlif sahələrinə, sənaye proseslərinə neft-kimya və qaz-kimya məhsullarının daxil olmasının da rolu var», - deyə Putin qeyd edib. Onun fikrincə, mayeləşdirilmiş təbii qaz hasilatında ciddi artım nəticəsində qaz bazarı tarixdə ilk dəfə əsl qlobal bazara çevrilir, onunla əlaqədar infrastruktur sürətlə inkişaf edir.

Prezident enerji sahəsinin inkişafına siyasi vasitələrlə, məsələn, birtərəfli sanksiyalarla mane olmağın yolverilməzliyini bildirib, bunun dünyanın neft bazarına sabitlik gətirmədiyini söyləyib.

 

Əngəlləyici amil

Yeri gəlmişkən, sabitlik haqda. «Karbohidrogen dünyası»nın İstanbul sammitinin son gününü səbirsizliklə gözlədiyini desək, yanılmarıq. Məsələ ondadır ki, məhz oktyabrın 12-də Dünya Enerji Konqesi çərçivəsində OPEK üzvü olan və olmayan dövlətlərin nümayəndələri arasında görüş keçiriləcəkdi.

Xatırladaq ki, kartel Əlcəzairdə keçirilmiş qeyri-formal görüşdə sutkalıq neft hasilatının 32,5-33 milyon barel həcmində məhdudlaşdırılması ilə bağlı razılığa gəlib. Lakin konkret hər bir ölkə üçün məhdudiyyətlərlə bağlı razılıq hələ ki, yoxdur. Bundan əvvəl isə OPEC əksər ölkələrin hasilatı yarım il müddətinə məhdudlaşdırmağa razı olduğunu bəyan etmişdi. Bununla bağlı yekun qərar qurumun noyabrın 30-da Vyanada keçiriləcək toplantısında qəbul olunmalıdır.

Görüşə bir gün qalmış Rusiya Prezidenti Vladimir Putin ölkəsinin «hasilatın məhdudlaşdırılması ilə bağlı ümumi tədbirlərə qoşulmağa hazır olduğunu, digər ixracatçıları da buna çağırdığını» bildirib. O diqqəti bir məqama cəlb edib ki, indiki ucuz qiymətlər «son 45 il ərzində bu sahədə sərmaye aktivliyini ən aşağı həddə salıb». RF prezidentinin sözlərinə görə, iki il ərzində neft emalı sahəsində kapital xərclər, az qala, 0,5 trln.dollara qədər azalıb, geoloji kəşfiyyata qoyulan vəsaitin azalması nəticəsində isə, «neft ehtiyyatlarının son 70 ildəki ən aşağı artımı qeydə alınıb".

«Bir çox layihələr üzrə investisiya qərarlarının kütləvi şəkildə ləğvi müşahidə olunur ki, bu da artıq həmin layihələrin iqtisadi baxımdan özünü doğrultmadığını göstərir», - deyə Putin bildirib. - «Bu tendensiya davam edəcəyi təqdirdə, maliyyələşdirilmə sahəsində çatışmazlığın xroniki xarakter alacağına, enerji resurslarının həddindən artıq istehsalının çatışmazlıqla əvəzlənəcəyinə, qiymətdə yeni, gözlənilməz sıçrayışların olacağına, sonda bütün bunların həm istehsalçılara, həm də istehlaçılara zərbə vuracağına heç bir şübhə yoxdur».

Rusiya Prezidentinin fikrincə, OPEC-in bu sahədə konkret razılaşma əldə etməsi “bazarlara və investorlara müsbət siqnal olacaq», həmçinin «spekulyativ fəallığın, qiymətdə yeni tərəddüdlərin qarşısının alınmasına kömək edəcək».

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol isə əksinə, hesab edir ki, OPEC daxilində neft hasilatı həcminin azaldılmasına dair kompromis neft bazarında arzulanan balansa səbəb olmaya da bilər. Neftin 1 barelinin qiymətinin 60 dollaradək qalxacağı halda, ABŞ-da hasilat artımı OPEC-in qərarının effektivliyini ört-basdır edəcək. «Qiymətin 60 dollara yüksəlməsi (hazırda bu, təxminən, 53 dollardır) Şimali Amerikanın şist istehsalçılarının yenidən hasilatı artırmağa başlaması ilə nəticələnəcək», - deyə o, bildirib.

İstənilən halda, 23-cü Dünya Enerji Konqresi göstərib ki, neft və qaz bəşəriyyətin həyatında hələ, ən azı, 100 il öz əhəmiyyətli rolunu davam etdirəcək. Əsas üstünlü isə məhz «mavi yanacaq»da olacaq ki, onun ixracı və tranziti Azərbaycan da daxil olmaqla, bir çox ölkələrə ciddi dividendlər gətirəcək.



MƏSLƏHƏT GÖR:

395