26 Aprel 2024

Cümə, 14:54

ƏMƏKDAŞLIĞIN BEŞ SÜTUNU

Səfir Kim Çan Qyu: “Koreya Azərbaycanla diplomatik münasibətlərin inkişafında tarixi və mədəni yaxınlıqdan vasitə kimi bəhrələnməyə çalışır”

Müəllif:

15.11.2016

- Son vaxtlar Şimali Koreya özünün raket və nüvə sınaqları ilə dünyanı yenidən narahat etməyə başlayıb. Pxenyanın bu hərəkətlərinə nə səbəb ola bilərdi; bunu təxribat kimi dəyərləndirmək olarmı?

- Koreya Xalq Demokratik Respublikasında (KXDR, Şimali Koreya) təkrarən nüvə və raket sınaqlarının keçirilməsi onların öz nüvə və raket proqramlarını başa çatdırmaq məqsədini daşıyır. Bundan sonra KXDR hökuməti özünün zəif rejimini daxili və ya xarici təhdidlərdən qorumaq və öz düşmənlərinə, xüsusən də Koreya Respublikasına hədə-qorxu gəlmək üçün nüvə silahlarından maksimum istifadə edəcəkdir. Təbii ki, nüvə və raket sınaqlarının Şimali Koreya tərəfindən təkrar keçirilməsi beynəlxalq qanunvericiliyin ciddi şəkildə pozulması deməkdir.

KXDR XXI əsrdə nüvə sınaqları keçirən yeganə dövlətdir. Yalnız bu ilin səkkiz ayı ərzində ölkədə iki sınaq həyata keçirilib: yanvarın 6-da dördüncü, sentyabrın 9-da isə beşinci sınaq. Dördüncü nüvə sınağından bəri KXDR ərazisindən 14 müxtəlif istiqamətdə 22 ballistik raket buraxılıb.

KXDR öz nüvə və raket sınağı proqramları vasitəsilə yalnız Koreya Respublikası və onun qonşularına deyil, bütün dünyaya açıq-aşkar təhlükə yaradır və həyasızcasına meydan oxuyur. Bu dövlətin rəhbəri Kim Çen In bildirib ki, KXDR nüvə silahlarını, sadəcə, müdafiə məqsədləri üçün deyil, habelə önləyici zərbə üçün istehsal edir. KXDR-in nüvə silahları proqramı nüvə silahlarının yayılmasının qarşısının alınması sazişinə əsaslanan etimad rejiminə ciddi zərbə vurur və Şimal-Şərqi Asiyanı dünyada nüvə silahlarının ən çox olduğu bölgəyə çevirir. Üstəlik, KXDR-də ballistik raketlər texnologiyası da inkişaf etdikcə, dünya ölkələrinin təhlükəsizliyi üçün ciddi təhlükə yaranır. Bundan əlavə, KXDR-in narkotik maddələr və saxta pul istehsalı və satışı sahəsində təcrübəsini nəzərə alaraq, ölkənin nüvə texnologiyası və materiallarının terrorçu təşkilatların əlinə keçə biləcəyi ehtimalını unutmaq olmaz.

Tarixi təcrübə göstərir ki, KXDR-in planlı və təcrid olunmuş iqtisadi sisteminin gələcəyi yoxdur. Buna baxmayaraq, bu ölkənin rəhbərliyi onsuz da qıt olan resursları kütləvi qırğın silahlarının istehsalına yönəltməkdə davam edir. Şəxsiyyətə pərəstiş ənənəsi isə insan haqlarını pozur və ölkə əhalisinin iqtisadi vəziyyətinə ziyan vurur. Odur ki, beynəlxalq ictimaiyyət birgə səy göstərərək, KXDR rəhbərliyinə başa salmalıdır ki, nüvə və raket proqramları ölkənin həyatda qalmasına deyil, əksinə, onun süqutuna səbəb olacaq.

- Bəs Şimali Koreyanın dünyada sülhə təhlükə yaradan əməllərinin qarşısını necə almaq olar, problemin həlli üçün hansısa düstur və ya model üzərində iş gedirmi?

- Sentyabrın 9-da həyata keçirilmiş nüvə sınağı sübut etdi ki, KXDR-də nüvə silahına məsuliyyətsiz yanaşma, patoloji mübtəlalıq hökm sürür. Beynəlxalq ictimaiyyət bu ölkə rəhbərliyini öz nüvə proqramını başa çatdırmaq fikrindən daşındırmaq üçün fövqəladə tədbirə əl atmayınca, bütün dünya nüvə başlıqlı raketlərin istifadəsi qorxusu altında yaşayacaq.

KXDR-də həyata keçirilmiş dördüncü nüvə sınağına və ballistik raketin buraxılışına cavab olaraq, BMT Təhlükəsizlik Şurası 2 mart 2016-cı il tarixində BMT Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq, 2270 saylı qətnamə qəbul edib. Bu qətnamə kütləvi qırğın silahları əleyhinə indiyədək qəbul olunmuş ən miqyaslı və müfəssəl sanksiya tədbirlərini nəzərdə tutur. Lakin beynəlxalq ictimaiyyət KXDR rəhbərliyini özünün nüvə hədəflərindən çəkindirmək üçün hələ çox iş görməlidir. BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi mövcud sanksiyaları gücləndirərək və yeni tədbirlər nəzərdə tutaraq, bu problemlə bağlı əvvəlki qətnamələrin çatışmazlıqlarını aradan qaldırmalıdır.

Həmçinin, KXDR-in BMT Nizamnaməsinə və 2006-cı ildə həyata keçirdiyi ilk nüvə sınağından sonra, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlarla öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri davamlı şəkildə pozması nəzərə alınsa, belə halların davam edəcəyi təqdirdə, bu ölkəyə qarşı bir BMT üzvü kimi münasibət əsaslı şəkildə təhlil olunmalıdır.

- Cənab səfir, ölkələrimiz arasında siyasi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Bu münasibətlərin inkişafı üçün hansı işlər görülməlidir və görülür?

- 1992-ci ildə diplomatik münasibətlərin yaranmasından sonra ölkələrimiz arasında siyasi münasibətlər fəal şəkildə inkişaf etməkdədir. Aramızda bir çox mühüsəfərləhəyata keçirilib: üç dövləsəfəri, iki dəfə baş nazirlərin səfəri və bir çox başqa vacib görüşlər.

Buna baxmayaraq, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu nəzərə alaraq, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək olmaz.

- Bu potensialı reallaşdırmaq üçün hansı praktik işlər görülür?

- Bu il ilk dəfə olaraq hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası yaradılıb və artıq Seulda ilk iclası keçirilib. Tədbirdə Azərbaycanı altı nazir müavininin təmsil etməsi hökumətinizin iki ölkə arasında əməkdaşlığa yüksək dəyər verdiyini göstərir.

Ötən il mən yenicə Azərbaycana gələndə iki ölkə arasında ilk dəfə siyasi dialoq keçirilmişdi. Növbəti belə görüş yaxın zamanlarda Seulda keçiriləcək. Bu danışıqlar siyasi dialoq adı altında aparılsa da, əslində, bütün sahələri əhatə edir və ona görə bunu çox vacib hesab edirəm.

Ümumiyyətlə, Azərbaycanla-Koreya arasında həlli mümkün olunmayan hər hansı bir problem yoxdur.

- 2015-ci ilin yekunlarına görə, Azərbaycanla-Koreya Respublikası arasında ticarət dövriyyəsi $134 milyon təşkil edib. Lakin siz də dediniz ki, mövcud imkanlar bundan xeyli çoxdur. Bu imkanların tam istifadəsi üçün hansı addımlar atmaq olar? Hansı Azərbaycan məhsulları Koreya bazarı üçün maraqlı ola bilər və əksinə, Koreya Azərbaycana indikindən başqa nələr təklif edə bilər?

- Haqlısınız. 2015-ci ildə ticarət dövriyyəsinin $134 milyon həcmində olması ölkələrimizin zəngin iqtisadi əməkdaşlıq potensialı qarşısında çox zəif göstəricidir. Koreya iqtisadiyyatı dünyanın 11-ci böyük iqtisadiyyatıdır və əksər sahələrdə rəqabətqabiliyyətlidir. Azərbaycan da 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra, parlaq iqtisadi uğurlara imza atıb. Tam əminəm ki, ölkələrimizin öz üstün cəhətləri sayəsində bu əməkdaşlıqdan yüksək səviyyədə bəhrələnmək mümkündür. Düşünürəm ki, ölkələrimiz, əsasən, aşağıdakı beş sahədə uğurlu əməkdaşlıq edə bilərlər:

tibb sənayesi;

İKT;

neft-kimya sənayesi;

nəqliyyat və turizm.

Koreya yarımadası qədim İpək Yolunun şərq ucunda yerləşdiyi üçün ölkəmiz bu ticarət şəbəkəsinin bərpasında çox maraqlıdır. Nəticədə biznes və insanlar üçün yeni imkanlar açılacaq.

Azərbaycan öz turizm və kənd təsərrüfatı ilə, xüsusilə də bağçılıq sahəsi ilə Koreyanın diqqətini cəlb edir. Azərbaycanın zəngin turizm potensialı perspektiv əməkdaşlığımız üçün parlaq gələcək vəd edir. Neft-kimya sənayesində əməkdaşlıq həmçinin hər iki dövlətin mənafeyinə xidmət edəcək.

- Dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən, Azərbaycan özünün postneft dövrünə hesablanmış iqtisadi siyasətini sürətləndirib. Bu mənada, əsas diqqət beynəlxalq nəqliyyat layihələrinin inkişafına, kənd təsərrüfatı və turizmə yönəldilir. Azərbaycanın keyfiyyətcə yeni iqtisadi siyasəti çərçivəsində Koreya ilə əməkdaşlığı necə görürsünüz? Hansı əlavə imkanlar var?

- Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində vaxtında qəbul etdiyi qərarı alqışlayıram. Əminəm ki, bu siyasət Azərbaycan xalqına daha sağlam və zəngin iqtisadiyyat bəxş edəcək. İqtisadiyyatın şaxələndirilməsi artıq bir çox sahədə, xüsusilə də turizm və kənd təsərrüfatı sahələrində əhəmiyyətli nəticələr verməkdədir. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən intensiv inzibati islahatlar ölkənin daxili və xarici arenada iqtisadi fəaliyyətlərini canlandıraraq, effektivliyini artırır. Koreya da yüksək səviyyədə şaxələndirilmiş, sərbəst və rəqabətqabiliyyətli iqtisadiyyata malik olduğu üçün əməkdaşlığımız çox perspektivli görünür.

Azərbaycanda yüksək keyfiyyətli insan qaynaqlarının mövcud olduğunu nəzərə alaraq, İKT və tibbi xidmətlər sahələrində əməkdaşlığımızın uğurlu olacağını ehtimal edirəm. Bu yaxınlarda mən ASAN mərkəzini ziyarət etdim. Məqsədim mərkəzin rəhbəri cənab İnam Kərimovun “ASAN xidmət” və ABAD layihəsi haqqında fikirlərini eşitmək idi. Ölkənizdə elektron xidmətlər sahəsində gedən inkişaf mənə həqiqətən böyük təsir bağışladı. Hal-hazırda çox sayda koreyalı İKT mühəndis və peşəkarlarını Azərbaycana dəvət etməyi planlaşdırırıq ki, onlar yerli biznes inkubator və startaplara kömək etsinlər, həmçinin buradakı ali təhsil müəssisələrində dərs desinlər.

Koreya modelinə əsaslanan poliklinika kompleksinin burada təşkili də perspektiv əməkdaşlıq istiqaməti hesab olunur, çünki Azərbaycanda zəngin tibb təcrübəsinə malik olan peşəkarlar var. Əminəm ki, yüksək keyfiyyətli poliklinika kompleksinin fəaliyyətə başlaması Bakını Qafqaz bölgəsinin tibb qovşağına çevirməklə yanaşı, Azərbaycan xalqının tibbi rifahını və bu sahədən əldə edilən əlavə dəyəri daha da artırmağa xidmət edəcək.

- Bu klinikanın yaradılması istiqamətində hansısa işlər görülübmü?

- İlkin mərhələdə koreyalı professorların dəvət edilməsi və Azərbaycan Tibb Universitetində həkimlərin hazırlığını təşkil etməyi düşünürük. Bu, klinika üçün insan resurslarının hazırlanması mərhələsidir.

Artıq Koreyanın Səhiyyə Komitəsinin nümayəndələri Tibb Universiteti nəzdindəki xəstəxanaların birində olub və danışıqlar aparıblar. İki qurum arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

- Layihənin reallaşmasına nə qədər sərmayə tələb olunur və bunu hansı mənbələrdən cəlb etməyi düşünürsünüz?

- Hazırda investisiyaların hansı mənbələrdən qoyulacağını müəyyənləşdirməyə çalışırıq. Düşündüyümüz ilk versiya Koreyanın uzunmüddətli və aşağıfaizli kredit proqramı olan ADCF-in vəsaiti hesabına layihənin maliyyələşdirilməsidir. Özəl şirkətlərin iştirakı ilə müştərək investisiya qoyuluşu da həyata keçirmək olar. Lakin bu, çox böyük bir layihədir. Təxmini hesablamalarımıza görə, onun reallaşması üçün 200 milyon dollar ətrafında sərmayə lazımdır.

Layihənin özünün reallaşması da uzunmüddətli bir işdir. Ancaq bu, həm Azərbaycanda əhalinin sağlamlığına müsbət təsir göstərə, həm də xaricdən Azərbaycana müalicə üçün gələnlərin sayını artıra və tibbi turizmi inkişaf etdirməklə iqtisadiyyata fayda verə bilər. Koreyanın tibbi təcrübəsi çox yüksək səviyyədə olsa da, qiymətlər münasibdir.

- Yeri gəlmişkən, Azərbaycan son illər turizmin inkişafına ayrıca diqqət yetirir; koreyalilar isə xarici səyahətlərə önəm verən insanlardır. Lakin hələlik, Azərbaycanı sizin ölkədən olan turistlər üçün prioritet istiqamət saymaq olmaz. Koreya turistlərinin Azərbaycana cəlb edilməsinə nə mane olur və bu istiqamətdə hansı işlər görülür?

- Düzdür. 2015-ci il ərzində, təxminən, 20 milyon koreyalı xaricə səyahət edib. Bununla belə, keçən il Azərbaycanı ziyarət etmiş koreyalıların sayı cəmi 4 min nəfər təşkil edib. Bu, Azərbaycanın çox geniş turizm potensialı üçün kiçik bir rəqəmdir. Azərbaycanın qədim tarixinin və böyük mədəniyyətinin nəticəsidir ki, ölkədə çox sayda turizm məkanı mövcuddur. Ölkənizin qida məhsulları və mehriban insanları, ovçuluq və balıqçılıq kimi əyləncələr koreyalılar üçün cəlbedici ola bilər.

Bu il iki ölkə vətəndaşları üçün viza prosedurunun sadələşdirilməsi həyata keçirildi ki, bu da əlaqələrin inkişafına müsbət təsir edən bir amildir. Sadələşdirilmiş viza rejiminin olduğu bir mühitdə üstəlik birbaşa reyslər də həyata keçirilərsə bu, iki ölkə arasında gediş-gəlişi artıracaq.

- Yeri gəlmişkən, Bakı ilə Seul arasında birbaşa təyyarə reysinin açılması ilə bağlı danışıqlar hansı mərhələdədir?

- “Azal”la danışıqlarımız davam edir, ancaq təbii ki, şirkət birbaşa reysin iqtisadi səmərəliliyini daha çox düşünür. Hal-hazırda iki ölkə arasında gediş-gəliş il ərzində 4-6 min nəfər arasıdır. Bu isə birbaşa reysin açılması üçün çox azdır, ona görə “Azal” tərəddüd edir. Mənim təklifim isə Qırğızıstanın tarzit ölkəsi olaraq seçilməsindən ibarətdir.

Bu gün Bişkəklə-Seul arasında birbaşa reyslər olmasa da, gediş-gəliş çox yüksəkdir. Bunu əsas götürərək, Bakıdan Seula Bişkəkdə dayanmaqla uçuşların həyata keçirilməsi “Azal”a iqtisadi cəhətdən səmərəli ola bilər. Biz bu təklifi irəli sürməyi düşünürük. Həmçinin təzəlikcə eşitmişəm ki, Bakıdan Monqolustana, Ulan Batora birbaşa reyslərin təşkili nəzərdə tutulur. Oradan Koreyaya reyslərin edilməsi də başqa bir təklifimizdir və onları da “Azal”la müzakirə etməyi nəzərdə tuturuq.

- Nəqliyyatdan söz düşmüşkən, Bakının yeni Beynəlxalq Dəniz Ticarəti Limanı yanında yaradılacaq azad ticarət zonasına da Korreya şirkətlərini cəlb etmək olar…

- Bəli, Ələtdə yerləşən ticarət limanının yanındakı Azad Ticarət Zonasına Koreya şirkətlərinin cəlb olunması da çalışdığımız istiqamətlərdən biridir. İstəyirik, mümkün qədər çox Koreya şirkətini oraya cəlb edək. Ancaq mən bu şirkətlərin iştirakından daha çox istərdim ki, Azərbaycandakı Azad Ticarət Zonası ilə Koreyanın sənaye parkları arasında əməkdaşlıq həyata keçirilsin. Oxşar qurumlar arasında əməkdaşlıq yaranarsa, gələcəkdə zavodların və ya texnologiyalarınAzərbaycana köçürülməsinə də şərait yaranar.

- Cənab səfir, bizim redaksiyada görüşümüz zamanı bildirmişdiniz ki, Azərbaycanda Koreya mədəniyyətini populyarlaşdırmaq məqsədilə irimiqyaslı layihələr həyata keçirəcəksiniz. Sirr deyilsə, layihələriniz nədən ibarətdir?

- Bir çoxları üçün mədəniyyət diplomatiyası müasir dünyada gərginliyi azaltmaq və münaqişələri həll etmək üçün böyük amil və əsas həll variantıdır. Fərqli mədəniyyətlərin qarşılıqlı şəkildə uzlaşması istər beynəlxalq siyasətdə, istərsə də fərdi münasibətlərdə münaqişələrin həlli və ya gərginliyin yumşaldılması baxımından başlıca vasitə hesab olunur. Bu cür qarşılıqlı anlaşma isə adətən, başqa sahələrdə də əməkdaşlıqla nəticələnir.

Növbəti il dövlətlərimiz arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi qeyd olunacaq. Bununla əlaqədar olaraq, bir çox mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur: Koreya Parkı layihəsi, Qayaqım-Muğam birgə konserti, Azərbaycanda Altay irsinə həsr olunmuş beynəlxalq simpozium, Bakıda Koreya araşdırmaları mərkəzinin yaradılması, Koreya filmlərinin nümayişi və sair.

Ümumiyyətlə, Altay dillərində danışan xalqlar kimi, mədəniyyət sahəsində əməkdaşlıq etmək bizim xalqlar üçün bir zərurətdir. Mənim də diplomat kimi,çatmaq istədiyim ən böyük zirvə, ən böyük amal odur ki, Azərbaycan və Koreyanın da daxil olduğu altaydilli xalqların alyansını yaradaq. Əsas hədəf xalqların yaxınlaşması, gediş-gəlişin artması üçün unudulmuş mədəni yaxınlığın, iki xalqın bir birinə qohumluğunun yenidən dərk edilməsinə nail olmaqdır.

- Bu birlikdə kimləri görürsünüz və əməkdaşlığın formatı necə ola bilər?

- Altay birliyi ideyası Koreya hökuməti tərəfindən rəsmi irəli sürülmüş bir təşəbbüs deyil. Ancaq bu ideya Koreya hökuməti daxilində və ictimaiyyət arasında müzakirə olunur və getdikcə daha çox insan onu dəstəkləməyə başlayır. Koreya xalqı özünə qohum olan Altay dil qrupuna aid xalqlarla və ümumiyyətlə özünə mədəni cəhətdən yaxın ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə önəm verir. Ona görə Koreya Respublikası çalışır ki, Azərbaycanla da diplomatik münasibətlərin inkişafında bu tarixi və mədəni yaxınlıqdan vasitə kimi bəhrələnsin.



MƏSLƏHƏT GÖR:

486