28 Aprel 2024

Bazar, 23:45

ƏLVİDA, KOMANDANTE!

Fidel Kastronun ölümü ilə dünya tarixinin tam bir dövrü başa çatdı

Müəllif:

01.12.2016

Hələ sağlığında əfsanəyə çevrilmək, üstəlik, onilliklərlə hakimiyyətdə qalmaq çox az sayda siyasi xadimə qismət olur. Kuba inqilabının lideri, Dövlət Şurasının sabiq rəhbəri, Kubanın hakim Kommunist Partiyasının keçmiş birinci katibi Fidel Kastro belələrindəndir. Hətta onu diktator sayan ideoloji düşmənləri belə, Kastronun liderlik keyfiyyətlərini etiraf edir, onun prinsiplərinin sarsılmazlığına hörmətlə yanaşırdılar.

Təsəvvür etmək nə qədər çətin olsa da, Fidel Kuba xalqının Fulhensio Batista rejimindən azadlığı uğrunda mübarizəyə hələ ötən əsrin ortalarında başlamışdı. Bunu hər bir məktəbli bilir - 1953-cü ildə Santyaqo-de-Kubada Monkada kazarmasına uğursuz hücum, 2 il həbs, Meksikada sonradan üsyançı orduya çevriləcək inqilabçı «26 iyul hərəkatı»nın yaradılması, 1956-cı ildə «Qranma» gəmisi ilə adaya qayıtma və partizan müharibəsinin başlanması, 1959-cu ilin fevralında hökumətin formalaşdırılması. Sonra Karib böhranı, həyatına 638 sui-qəsd (özü də ən ekzotik vasitələrlə), kilsədən qovulma, kubalıların Afrika və Asiyadakı müharibələrdə iştirakı, BMT-də 4 saat 29 dəqiqə davam edən məşhur çıxış, coşğun siyasi fəaliyyət, qarma-qarışıq şəxsi həyat  və s.

Bu illər ərzində dünyada çox dəyişikliklər olub - dövlətlər dağılıb və yeniləri qurulub, ideoloji və iqtisadi modellər dəyişib, amma Kuba və onun Fideli uzun illər bu burulğanda dəyişməz konstanta olaraq qalıb. Kastronun şəkksiz məziyyətlərindən biri kiçik ada-dövlətini dünya arenasının müstəqil oyunçusuna çevirə bilməsi idi.

Əfsanəvi komandantenin tərcümeyi-halı çox uzundur. Axı o Mao Tszedun, Con Kennedi, Nikita Xruşov və Leonid Brejnev, Müəmmar Qəddafi, Auqusto Pinoçet kimi dünya liderləri ilə eyni dövrü yaşayıb. Kastro, düz, 2006-cı ilə - səhhətində problem yarananadək ölkəsinin başında olub. 2006-cı il iyulun 31-də o, səlahiyyətlərini özündən 5 yaş kiçik qardaşı Raul Kastroya ötürüb. Amma elə onda da Fidel kölgəyə çəkilməyib, Kubanın idarə olunması ilə bağlı məsləhətlər verib, mənəvi baxımdan özünə yaxın başqa dövlət başçılarını ruhlandırıb. Hələ bu ilin aprelində Kuba Kommunist Partiyasının qapalı qurultayında Kastro planetin silahlanma yarışı, qlobal istiləşmə, ətraf mühitin məhvi üzündən meydana gəlmiş ərzaq və içməli su çatışmazlığı risqi kimi ciddi problemlərindən danışırdı.

Fidel Kastronun nədən milyonlarla insan üçün bu qədər əhəmiyyətli fiqur kimi qaldığı haqqında sualı cavablandırmaq çətin deyil. Kuba kiçik bir dövlətin dünyanın qüdrətli fövqəldövlətlərinə sinə gərmək bacarığının nümunəsidir. Fidelin həyata keçirdiyi inqilab isə sosial ədalətə ümid təcəssümü sayıla bilər. Üstəlik, Kubada inqilab bu sözün klassik anlamında baş vermişdi. O, yuxarıdan və ya kənardan təşkil olunmamış, xalq tərəfindən törədilmişdi. Bütün bunlar, xüsusilə ictimaiyyətində ciddi təbəqələşmənin davam etdiyi Latın Amerikası sakinləri üçün xüsusilə önəmlidir. Burada saysız-hesabsız insan hələ də daxmalarda yaşayır, narkotik ticarəti gündən-günə çiçəklənir.

Ötən əsrin 90-cı illərinin sonlarında BVF-nin tələbləri bir sıra Latın Amerikası ölkəsində vəziyyəti daha da ağırlaşdırmışdı. Qurumun iqtisadiyyatın xilası üçün verdiyi tövsiyələr ən çox əhalinin yoxsul təbəqəsinə zərbə vururdu. Bu, gözlənildiyi kimi, Kuba inqilabı ideyasına ikinci nəfəs gətirdi və solçu qüvvələrin hakimiyyət yolunu açdı. Amma indi mənzərə fərqlidir. İndi, iqtisadi tənəzzül və korrupsiya qalmaqalları dalğası ilə yenidən sağçılar hakimiyyətə qayıdır. Bu isə bir daha göstərir ki, inqilab adi insanların həyatında müsbətə doğru heç bir dəyişiklik yaratmır. Kastro da vətənpərvərliyinə, səmimiliyinə, haqlı olduğuna dair sarsılmaz inamına rəğmən, Kubanı cənnət adasına çevirə bilmədi.

Fidel kursu tərəfdarlarının arqumentləri arasında Kuba sosializminin ümumi savadlılıq, yüksəksəviyyəli və pulsuz tibbi xidmət, dünyada ən aşağı həddə uşaq ölümü kimi amillər dəyişməzdir. Amma tərəzinin digər gözündə Havananın hərzamankı kimi seks turizminin məskəni olaraq qalmasına yol açmış «xəstə» iqtisadiyyatı, yoxsulluq, təcrid, söz azadlığının boğulması, saysız-hesabsız siyasi məhbuslar durur. Demək, əslində, inqilaba səbəb olmuş səbəblər olduğu kimi qalır.

“Azadlıq Adası”nın iqtisadi vəziyyəti haqqında danışarkən Amerikanın Kubaya tətbiq etdiyi ticarət embarqosunu vurğulamamaq olmaz. Bu embarqo artıq 50 ildən artıqdır ki, qüvvədədir. O, bir yandan, əlbəttə ki, hazırkı vəziyyətə ciddi «töhfə» verib, amma digər tərəfdən, o, bütün bu dövr ərzində Kuba modelinin uğursuzluğuna əla izahdır. Kastro öz səhvlərini, romantik inqilabçı obrazını məhz bu amilin hesabına gizlətməyə nail olub.

ABŞ ilə Kuba arasında münasibətlər 1960-cı ildə Kastro hökumətinin amerikalıları Batista rejiminin zümkarlığına görə məsuliyyət daşımaqda təqsirləndirərək, onların mülkiyyətini müsadirə etməsindən, adanı özünün müstəmləkəsinə çevirməsindən, burada qumarxanaların və fahişəxanaların çiçəklənməsindən sonra kəskin şəkildə pisləşib. Yalnız ötən il Barak Obamanın təşəbbüsü ilə iki ölkə arasında diplomatik əlaqələr bərpa edilib, Havana-Vaşinqton münasibətlərinin tədricən normallaşdırılması prosesinə başlanıldığı bəyan olunub. Bununla bərabər, bəzi anti-Kuba sanksiyaları yumşaldılsa da, ümumilikdə onlar qüvvədə qalır.

Ağ Evi tərk etməkdə olan Barak Obama Fidel Kastronun dünyasını dəyişməsi xəbərinə münasibət bildirərəkən onu «qeyri-adi insan, qeyri-adi şəxsiyyət» adlandırıb, «ona qiyməti tarixin verəcəyini» söyləyib. ABŞ-ın bu yaxınlarda seçilmiş yeni Prezidenti Donald Tramp isə Twitter hesabında Kubanın dünyasını dəyişmiş liderini «qəddar diktator» adlandırıb. Tramp hələ seçkiqabağı kampaniyası zamanı Kuba hökumətinin ünvanına sərt tənqidlər səsləndirmiş, adada Amerikaya lazım olan dəyişikliklərin baş verməyəcəyi təqdirdə, yaxınlaşma prosesinin dayandırıla biləcəyinə eyham vurmuşdu.

«Fidel Kastronun mirası edamlar, oğurluq, insanların iztirabı, yoxsulluq və insan haqlarının rədd olunmasıdır», - deyə ABŞ-ın yeni lideri qəti şəkildə bildirib.

Maraqlıdır ki, Havana yaxın qonşusu ilə qarşıdurmada hər zaman SSRİ-nin yardımı hesabına duruş gətirib. Bu səbəbdən, Sovet İttifaqının dağılması və maliyyə dəstəyinin kəsilməsindən sonra, Kubanın vəziyyəti xüsusilə çətinləşmişdi. SSRİ-nin süqutundan sonra, Rusiya hökuməti Kuba ilə münasibətlər qurmağa çalışıb. Moskva, hətta Kubanın 30 milyardlıq borcunu da silib. Bu zaman Moskva, yəqin ki, Lurdesdəki hərbi bazanın onlara qaytarılacağına ümid edirdi. Mövzu müəyyən müddət Rusiya KİV-in gündəmindən düşməsə də, sonradan proses dayandı. Odur ki, Kubanın siyasi səhnəsindən Raul Kastronun da gedişindən sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək asan deyil. Amma çətin ki, Kuba yenidən Rusiya ilə ABŞ arasında baş qaldıran qarşıdurmanın ön cəbhəsinə çevrilsin - Havana üçün Karib böhranı dövrü çoxdan arxadan qalıb.

Böyük ehtimalla, Kubanı dövlət iqtisadiyyatının liberallaşması və digər islahatlar gözləyir. O, xüsusi romantik «Azadlıq Adası» olmaqdan çıxaraq, adi Latın Amerikası dövlətinə çevriləcək. Bəlkə də vaxtilə ABŞ-a mühacirət etmiş kubalılar da vətənə qayıdacıq. Yeri gəlmişkən, noyabrın 25-də onlar Mayamidə (Florida ştatı) bayraqlarla, fişənglərlə küçələrə axışıb, «Kuba azaddır!» şüarları səsləndirib. Milyonlarla üzvü olan Kuba diasporunun mentaliteti tamamilə fərqlidir. Onların imkanları da adada Fidelin qanadı altında qalmış həmvətənlərinin imkanlarından ciddi şəkildə fərqlənir. Odur ki, bu insanlar Kubanın tarixində yeni səhifə aça bilər. Doğrudur, bu haqda danışmaq hələ tezdir. Amma Kubanı istənilən halda dəyişikliklər gözləyir. İstərdik ki, bu dəyişikliklər kubalıların rifah halının yaxşılaşmasına səbəb olsun.

Fidel Kastronun özünü necə qiymətləndirdiyini bir qısa fikirdən müəyyən etmək mümkündür: «Mən öz həyat ideyalarımla İsa Peyğəmbərin həyat ideyaları arasında heç zaman ziddiyyət görməmişəm».

Baş inqilabçını əvəz etmək çox çətindir. Amma hər şeyin bir sonu var. Əfsanəvi Fidel Kastronun mübahisəli şəxsiyyəti keçmişdə qaldı və belə görünür ki, onunla bərabər dünya tarixinin tam bir dövrü də başa çatdı…



MƏSLƏHƏT GÖR:

438