27 Aprel 2024

Şənbə, 06:44

TƏHLÜKƏSİZLİK KƏMƏRİ SİZİ HƏYATA BAĞLAYACAQ

Bakıda yol “müharibə”sinin qurbanlarının sayını azaltmağa çağıran ictimai aksiya keçirilib

Müəllif:

15.12.2016

Avtomobil artıq çoxdan dəbdəbə deyil, hərəkət vasitəsidir. O, vaxta və pullara qənaət etməyə, yükləri və sərnişinləri sürətlə daşımağa imkan verir. Bu cür üstünlükləri çox sadalamaq olar. Ancaq o, həm də yüksək təhlükə mənbəyidir.

Bəllidir ki, Azərbaycan yollarında baş verən qəzalar nəticəsində həlak olanların sayı Qarabağ müharibəsində şəhid olanlardan çoxdur. Təəssüf ki, bu fakt Bakıda yolların təhlükəsizliyi problemi ilə bağlı keçirilmiş ictimai aksiyada vurğulanıb. «Təhlükəsizlik kəməri sizi həyata bağlayacaq» adlı layihə «Hed Academy Azerbaijan» şirkəti, BakıYol Polisi İdarəsi və «Park Bulvar» Ticarət Mərkəzi tərəfindən birgə gerçəkləşdirilib.

Maraqlıdır ki, ticarət mərkəzində ilk dəfə Azərbaycanda «Hed Academy Azerbaijan» şirkətinin xüsusi simulyatoru quraşdırılıb. Yüzlərlə bakılı buraya gəlib çevrilən avtomobildə təhlükəsizlik kəmərinin insanın həyatını necə xilas etdiyini şəxsən sınaqdan keçirə bilər. Tədbirin bağlanış mərasimində Milli Məclisin deputatı Rəfael Cəbrailov, Rövşən Rzayev, Mahir Abbaszadə, Şahin İsmayılov, Bakı Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov, «Hed Academy Azerbaijan» şirkətinin prezidenti Cankat Hurmoğlu, ekspert Ərşad Hüseynov və s. çıxış ediblər. Tədbir iştirakçıları yol-nəqliyyat hadisələrinin nəticələrinin qarşısının alınmasında bu cür təşviqat layihələrinin önəmli rolunu xüsusi vurğulayıb.

«Avtomobil təhlükəsizlik kəmərləri avtomobildə olan insanın70-75% sağ qalmasını təmin edir. Bundan başqa, kəmərlərin istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində şikəstolma risqini önəmli səviyyədə aşağı salır», - deyə Vaqif Əsədov «R+»a müsahibəsində bildirib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin ağırlığı onunla bağlıdır ki, sürücülər və sərnişinlər səbəb olmadan təhlükəsizlik kəmərlərindən imtina edirlər.

«Avtomobil təhlükəsizlik kəmərləri yol-nəqliyyat hadisələri nəticəsində yaranan ölüm və şikəstlik hallarının azaldılmasının ən effektiv üsuludur. Düzdür, təhlükəsizlik kəməri həyata tam zəmanət vermir, amma ölüm risqini yetərincə aşağı salır», - deyə V.Əsədov vurğulayıb.

«HedAcademyAzerbaijan» şirkətinin tədbiri istər-istəməz bizə Dünya yol-nəqliyyat hadisələrində həyatlarını itirənlərin xatirəsinin anım gününü xatırlatdı. BMT Baş Assambleyasının qətnaməsinə görə, həmin gün hər ili noyabrın üçüncü bazar günü qeyd edilir.

 

Dəhşətli statistika

Yol-nəqliyyat hadisələrinin «saatları» öz geridönməz sayını artırmaqdadır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, təkcə bu ilin 10 ayı ərzində Azərbaycanda 1 677 qəza baş verib, bunun nəticəsində 638 adam ölüb və 1 721 nəfərsə zərər çəkib. Düzdür, bu kədərli statistika azalma meyli nümayiş etdirir, amma insanlar həlak olmaqda davam edir.

Yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri barədə isə bildirilir ki, bu ilin 10 ayı ərzində Azərbaycanda qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i ötmə və qarşı zolağa çıxma nəticəsində, 23,2%-i sürət həddinin artırılması, 12,9%-i piyada keçid qaydalarının pozulması nəticəsində, 1,9%-i isə avtomobili sərxoş halda idarəetmə səbəbindən baş verib.

Bu ilin yanvar-sentyabr aylarında isə 2 mln. 231,6 mindən artıq yol hərəkəti qaydalarının pozulması qeydə alınıb. Bunların 51,8%-i sürət limitinin keçilməsi,

10,7%-i nəqliyyat vasitələrinin saxlanması və ya dayanacaq qaydalarının pozulması, 4,5%-i yolayrıcının keçilməsi normalarının pozulması, 4,2%-i yol nişanlarının tələblərinə riayət edilməməsi, 4,2%-i təhlükəsizlik kəmərlərindən istifadə edilməməsi ilə bağlı olub.

 

Hamı günahkardır

Bu quru rəqəmlərin arxasında, təəssüf ki, insan taleləri, faciələr, itirilmiş ümidlər, arzular və planlar dayanır. Etiraf etmək lazımdır ki, tez-tez piyadalar da özlərini diqqətsiz və ehtiyatsız aparırlar. İşıqfora, piyada keçidinə fikir verməmək adəti yüngül qorxu ilə də, faciə ilə də nəticələnə bilər. Tez-tez uşaqlı gənc analar yolu qayda pozuntusu ilə keçərək özlərini məsuliyyətsiz aparırlar.

Sanırlar ki, istənilən halda sürücü maşını saxlamalıdır, çünki «o, uşaqladır». Amma bu, bəraət qazandırmır. Belə hallarda valideynlər əksinə, ikiqat ehtiyatlı olmalıdırlar.

Düzdür, son zamanlar reydlər və piyadaların yolu səhlənkarcasına keçməsinə, həmçinin yol hərəkəti qaydalarının başqa pozuntularına görə cərimələnməsi çoxalıb, ona görə inanırıq ki, bu, gec-tez vəziyyəti düzəldəcək. Burası da var ki, piyadaların çoxu yol polisi işçilərinin «kolun dalına girərək» onları cərimə etməsindən narazılıq edirlər, amma hamı yaxşı anlamalıdır ki, örnək sayılan inkişaf etmiş ölkələrdə sürücülük və piyada mədəniyyəti məhz cərimələr hesabına formalaşıb. Bundan başqa, yol polisi işçiləri, sadəcə, cərimə yazmaqla kifayətlənmirlər, onlar narazı piyadaları danlayaraq vicdanlarını oyatmaq üçündə vaxt sərf edirlər.

«Cərimə, əlbəttə, xoşagəlməyən işdir, amma Allah göstərməsin, maşının altına düşməklə müqayisdə bu, heç nədir. Axı siz haradan biləsiniz ki, qarşınıza çıxan sürücü hansı haldadır, evdən hansı əhvalla çıxıb. Məgər keçiddən və ya işıqfordan aralı olan bir neçə metrlik məsafə həyatınız bahasına başa gəlməzmi?» - deyə polis əməkdaşlarından biri bildirir.

Ədalət naminə demək lazımdır ki, onlar cərimə etməzdən qabaq mütləq ehtiyatsız piyadaya xəbərdarlıq edərək, onu dayandırmağa çalışırlar. Bakı Şəhər Dövlət Yo lPolisi İdarəsinin məlumatına görə, yol-nəqliyyat hadisələri, əsasən, saat13:00 - 18:00, həmçinin saat 20:00 - 24:00 aralarında olur. Statistikaya görə, şəhərin ən təhlükəli yerləri Bakı-Mərdəkan və Mərdəkan-Buzovna yolları, Zığ şosesi, Azadlıq, Nobel, Heydər Əliyev və Neftçilər prospektləri, yəni şəhərin ən fəal yolları sayılır.

Bəzi məlumatlara görə, istirahət günləri yol-nəqliyyat hadisələrinin payı artır. Yağışlı və dumanlı havada da risk artır, buna görə də həmin günlərdə imkan daxilində ictimai nəqliyyatdan istifadə etmək məsləhət görülür.

 

Bunları xatırlamaq lazımdır

Hər il bütün dünya üzrə yol-nəqliyyat qəzalarında, demək olar ki, 1,24 milyon adam ölür, daha 50 milyon nəfər isə bütün qalan həyatı boyunca əmək qabiliyyətinin itirilməsinə səbəb olan zədələr alır. Mütəxəssislərin qiymətləndirməsinə görə, yol təhlükəsizliyinin yaxşılaşdırılması üzrə lazımi tədbirlər görülməsə, 2020-ci ilə kimi orta və aşağıgəlirli ölkələrdə yol-hərəkət hadisələri nəticəsində ölənlərin sayı 80% artacaq.

Yol nəqliyyatı hadisələri nəticəsində ölüm və şikəstlik hallarının azaldılması üçün dünyanın bütün şəhərlərində, o cümlədən Azərbaycanın şəhərlərində də piyadaların, velosipedçilərin və yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyinə yönəlmiş tədbirlər görülür. Səkillər çəkilir, yerüstü və yeraltı piyada keçidləri tikilir, yol işıqları quraşdırılır; qanunlar qəbul edilir və sərtləşdirilir, cərimələr artırılır, təcili tibb yardımı göstərilməsi üçün travmatoloj ixidmətin möhkəmləndirilməsi üzrə tədbirlər görülür.

Son illərdə Azərbaycanda cərimələrin məbləği bir neçə dəfə artırılıb. Hazırda xüsusi diqqət təhlükəsizlik kəmərindən, həmçinin uşaqlar üçün xüsusi avtokreslolardan istifadəyə verilir. Bundan başqa, bizim ölkədə yaşı 12-yə qədər olan uşaqları qabaq oturacaqda əyləşdirmək qadağan edilib.

Bununla yanaşı, xüsusilə piyadalar, velosipedçilər və motosikletçilər arasında yol-nəqliyyat qəzaları nəticəsində yaranan zədələrin azaldılması üçün əsas üsullardan biri sürətin nəzarətdə saxlanmasıdır. Azərbaycanın şəhər və rayonlarında da sürətin azaldılması üçün lazımi tədbirlər görülüb - sürətin məhdudlaşdırılması zonaları yaradılıb, mərkəzi və ətraf yollarda kamera və radarlar quraşdırılıb.

Hazırda Azərbaycan xəstəxanaya qədər yardımın səviyyəsini artırmalıdır, bunun hesabına yol-nəqliyyat qəzalarında zədə almış çox sayda insanı xilas etmək mümkün olar. Ekspertlər bildirirlər ki, yol-nəqliyyat qəzaları zamanı zədəalmanın qarşısının alınması mümkündür. Son illər ərzində bir çox ölkələr, xüsusilə də yüksək gəlirə malik ölkələr yol-nəqliyyat qəzaları üzrə ölüm göstəricisinin azalması üzrə önəmli inkişaf əldə ediblər. Amma bu göstəricilərin daha da azaldılması üçün daha çox işlər görmək lazımdır.

BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsinin anım günü yol-nəqliyyat qurbanlarının sayının azaldılması üzrə qlobal səylər baxımından vacib alətə çevrilib. O, yol-nəqliyyat hadisələri ilə bağlı olan emosional iztirabların və iqtisadi itkilərin miqyasına diqqət yetirməyə, həmçinin dəstək və xilasetmə xidmətlərinin işini lazımi səviyyədə qiymətləndirməyə imkan yaradır.

Azərbaycanda yolların təhlükəsizlik məsələsini tam miqyasda anlayırlar və «HedAcademyAzerbaijan» şirkəti tərəfindən təşkil edilən bu cür maarifləndirici tədbirləri yol-nəqliyyat məsələləri ilə əlaqəli olan bütün təşkilatlar üçün nümunə olmalıdır. Bu cür tədbirlərə uşaqları da cəlb etmək, onları uşaq bağçası və məktəblərdə keçirmək də vacibdir.



MƏSLƏHƏT GÖR:

447