26 Aprel 2024

Cümə, 15:26

"SONUNCU LİMAN"

ATƏT-in Hamburq ministerialı 2016-cı ildə Qarabağ nizamlanmasında irəliləyişə kömək etmədi

Müəllif:

15.12.2016

Almanlar Hamburqu «dünyaya qapı» (Tor zur Welt) adlandırır. Şəhərin herbi və bayrağı üzərində əks olunmuş bu qədim qapı həqiqətən də yerli əhalinin qürur  mənbəyidir. Uzun və işıqlı küçələr, tarixin ağıq sınaqlarından keçmiş abidələr, orta əsrlərə aid qotik üslubda tikilmiş kilsələr; digər yanda isə müasir  gözoxşayan göydələnlər, biznes mərkəzləri… Bu küçələrdə gəzərkən şəhər sakinlərinin həyatı və məişəti haqqında maraqlı məlumatlar əldə edirsən. Bəzən isə eşitdikləriniz sizə qəribə gələ bilər; sən demə, bu alman şəhərində ən çox portuqal mətbəxini sevirlər, küçə ticarətinə isə yapon mafiyası nəzarət edir. Bu, şəhər sakinlərinin etirafıdır.

Almanyianın böyüklüyünə görə ikinci şəhəri olan Hamburq həm də ölkənin ən böyük, Avropanın isə ikinci böyük dəniz limanı sayılır. 2016-cı ilin Qarabağ danışıqlarının yan aldığı “sonuncu liman” da məhz Hamburq oldu.

 

Vacib, lakin gecikmiş bəyanat

ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü toplantısının gündəmini, ümumilikdə, Suriya mövzusu tutsa da, Hamburqda Azərbaycan və Ermənistanın XİN başçılarının bir araya gəlmə ehtimalı azərbaycanlı  jurnalistlərin sammitə marağını ikiqat artırmışdı. Bu görüşün anonsu hələ toplantıdan xeyli əvvəl verilsə də, tərəflər məlumatı təsdiq etməyə  tələsmirdi. Deməli, gözləntilər də çox deyildi.

Ermənistanla-Azərbaycan arasındakı münaqişənin həllinə dair ilk ismarış ATƏT-ə sədrliyi başa vuran Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayerdən gəldi. Lakin onun sözləri Berlinin sədrliyə başladığı dövrlə müqayisədə o qədər də ümidverici olmadı. «Almaniyanın birillik sədrliyi bu münaqişənin həlli baxımından niyə nəticəsiz bitdi?» sualına cənab Ştaynmayerin cavabı acı etirafla yadda qaldı. O, faktiki olaraq təşkilatın gücsüzlüyünü etiraf etməklə kifayətləndi. «Aprel  qarşıdurmasından sonra, Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin  bərpasına çalışır. Amma buna nail olmaq asan deyil. Danışıqları bərpa etmək çox çətindir. Biz istərdik ki, tərəflər  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromisə, razılığa gəlsin. Bunun üçün tərəflərdə istək olmalıdır. ATƏT münaqişə tərəflərinin iradəsinə qarşı gedə  bilməz.  Tərəflərin iradəsi olmasa, ATƏT regiona sabitlik gətirə bilməyəcək», - deyə Ştaynmayer qeyd etdi.

Bununla belə, almaniyalı nazirin açıqlamasında maraqla qəbul edilən və bir növ, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən də təsdiqləndiyini göstərən məqam qeydə alındı. Cənab  Ştaynmayer, ilk dəfə olaraq, problemi Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsi kimi təqdim etdi. Uzun illər idi, bu ifadədən yalnız Bakı istifadə edir, bununla da beynəlxalq birliyin diqqətini  Qarabağda müharibəni Ermənistanın başladığına, məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə çəkməyə çalışırdı.

 

Moskvadan həvəssiz reaksiya

Ardınca növbə bu il Qarabağ danışıqlarında təşəbbüsü ələ alan Rusiyaya çatdı. Lakin Ukrayna,  ABŞ və bir sıra Avropa ölkələri təmsilçilərinin anti-Rusiya bəyanatlarının ardından bu ölkənin XİN başçısı Sergey Lavrov son dərəcə gərgin təsir bağışlayırdı. Yəqin ki, bu üzdən o, mətbuat konfransının böyük hissəsini  ABŞ və Avropadan olan diplomatların ünvanına tənqidlər səsləndirməyə sərf etdi.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra atacağı addımlara dair sualı da cavablandıran Lavrov Minsk qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin bəyanatına istinad etməklə kifayətləndi: «Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə münaqişə tərəflərinin mövqeyində yaxınlaşmaya nail olmağa çalışır. Biz münaqişənin 3 həmsədr ölkənin prezidenti tərəfindən dəstəklənən prinsiplər əsasında həllinə tərəfdarıq».

 

Köhnə adətini unutmayan Ermənistan

Saatlar irəlilədikcə bizim vacib xəbər ümidimiz də tükənirdi. Ehtimallarımız, təəssüf ki, doğruldu. Hamburqda Minsk qrupunun 3 vasitəçi ölkəsinin və münaqişə tərəflərinin nazirlərin “2+3” formatında görüşü baş tutmadı. Erməni tərəfi görüşün baş tutmamasını Con Kerrinin tədbiri tələsik tərk etməsi ilə izah etdi. Rəsmi Bakı isə əksinə, Ermənitanı bu görüşə razılıq verməməkdə, dolayısı ilə görüşün baş tutmasına mane olmaqda ittiham etdi.

Bu arada hələ ATƏT  XİNŞ-in toplantısından xeyli əvvəl çoxları  2016-cı ilin son danışıqları olacaq bu görüşün baş tutacağına şübhə ilə yanaşırdı. Əksər analitiklər əmindir ki, beynəlxalq birlik İrəvana təzyiq göstərməsə, danışıqlara yeni impuls vermək mümkün olmayacaq. Hamburq danışıqlarının pozulması da bunu bir daha təsdiqlədi.

 

Daha bir baş tutmayan görüş…

Baş verənlərin və bəyanatların təhlili göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi həqiqətən dərin böhran yaşayır. İrəvan aprel qarşıdurmasından sonra, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların ruhundan yayınmaq üçün əlindən gələni edir. Ermənilər diqqəti yalnız təhlükəsizlik məsələlərinə, tərəflər arasında etimad mühitinin yaradılması tədbirlərinə çəkir, substantiv danışıqlara başlanılması zərurətinə məhəl qoymur.

Bu, təbii ki, Azərbaycanı qane edə bilməz. Xüsusilə nəzərə alsaq ki, artıq Ermənistanın  Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan ilkin mərhələdə 5-ni, daha sonra isə hamısını qaytarması, nəhayət, sonda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi  tərəflərin müzakirəsinə çıxarılmışdı, yaranmış vəziyyətin Bakını qane etməsi mümkünsüzdür.

«Ermənistanın bəyanatı danışıqların pozulmasına, Minsk qrupunun münaqişənin həllinə yönəlmiş səylərinin heçə endirilməsinə hesablanıb. Azərbaycan tərəfi həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar vasitəsilə həlli üçün səyləri davam etdirəcək. Bu, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin bəyanatında da yer alır», - deyə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov məsələ ilə bağlı bildirib.

Görünür, münaqişə tərəflərinin XİN başçılarının həmsədr ölkələrdən olan həmkarları ilə birgə keçirməli olduqları Hamburq görüşünü pozan, həmçinin toplantı çərçivəsindəki şam yeməyi zamanı  Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşünə formal xarakter qazandıran da elə problemin həllinə yanaşmadakı bu disbalans olub.

Eyni zamanda, ATƏT-ə üzv ölkələrin XİN başçılarının son sammitini Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından tam nəticəsiz saymaq da olmaz. Vasitəçi ölkələrin xarici işlər nazirləri növbəti dəfə bəyanatla çıxış edərək, bir sıra digər məqamlarla yanaşı, faktiki olaraq Ermənistana artıq masada olan təkliflər əsasında substantiv danışıqlara başlanılmasının vacibliyini xatırladıblar.

Lakin danışıqların gedişinə Minsk qrupunun tərkibində baş verən rotasiyalar da öz təsirini göstərir; məsələn, bu yaxınlarda Minsk qrupunun fransalı həmsədri dəyişib. ABŞ təmsilçisi Ceyms Uorlikin yerinə isə hələ ki, təyinat olmayıb. Nəzərə alsaq ki, ABŞ-da bu yaxınlarda prezident seçkisi keçirilib və yeni administrasiyanın tərkibi yalnız yanvardan sonra bilinəcək, vasitəçi missiyaya amerikalı həmsədrin yalnız 2017-ci ilin ortalarında təyin ediləcəyini düşünmək olar. Yəni, Donald Tramp administrasiyasının Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə ATƏT-ə Almaniyanın deyil, Avstriyanın sədrlik etdiyi dövrdə aydınlıq gələcək. O Avstriyanın ki, onun xarici siyasətlə bağlı sükanı gənc siyasətçi Sebastian Kurtsa tapşırılıb.

 

Moda yox, siyasi “dəb” savaşı

Yeri gəlmişkən, Hamburq həm də alman qəzetlərinin metropolisi sayılır. Onlar isə artıq ATƏT-in gələcək sədrinin xətrinə dəyməyə də macal tapıb. Almaniyalı jurnalistlər Kurtsun dəbə olan marağına rişxənd edib. Onların fikrincə, avstriyalı yeni nazir siyasətdən daha çox xarici görünüşü ilə maraqlanır.

 

Lakin istənilən halda, Hamburq sammiti göstərib ki, ATƏT dünyanın əsas siyasi mübarizə meydanı olaraq qalır. Orada isə xarici görünüşlə yox, siyasətlə parlamaq daha yaxşıdır. Dağlıq  Qarabağ münaqişəsinin taleyi də böyük ölçüdə bu qurumun 2017-ci ildə yürüdəcəyi siyasətdən  asılıdır.



MƏSLƏHƏT GÖR:

415