26 Aprel 2024

Cümə, 15:41

BİZDƏ SƏRBƏST PEŞƏ SAHİBLƏRİNƏ QAPILAR HƏMİŞƏ AÇIQDIR

Azərbaycanda muzdlu ödənişli birdəfəlik işlərə tələb artır

Müəllif:

01.02.2017

Postneft iqtisadi modelinə keçidlə bağlı aparılan islahatlar fonunda, Azərbaycanın əmək bazarında son zamanlar yeni trend peda olub. Muzdlu ödənişli birdəfəlik işlərə tələb artır. Bu barədə «R+»a Bakının peşə məsləhəti şirkətlərinin birindən bildiriblər. Söhbət, əsasən, müxtəlif ev işlərindən, mənzillərin yığışdırılmasından, sadə kuryer xidmətlərindən, ofisiant işindən, tikinti-təmir xidmətləri göstərilməsindən gedir. Bu işin əsas üstünlüyü pulun tez qazanılmasıdır və sifarişin istənilən əlavə şərti işçinin gəlirini artırır.

Birdəfəlik işlərə və fərdi əmək fəaliyyətinə tələb, bütünlükdə, həm də ona görə artır ki, çətin iqtisadi durum üzündən bir sıra sektorlarda iş yerlərinin sayı azalıb. Buna görə də sosial şəbəkədə birgünlüyə və ya bir neçə saatlığa istənilən sahə üzrə usta, bərbər, repetitor tapmağa yardım edən elanlar peyda olub. «Heç də həmişə xüsusi peşəyə malik olmaq lazım deyil, əsas məsələ başqalarının görmək istəmədiyi işlərdən yapışmaq lazımdır», - deyə şirkətdə bildirirlər.

 

Xəzinə ölkə ilə yaşayır, ölkə də xəzinə ilə

Fərdi xidmətlərin populyarlığının artmasına təsir edən önəmli amillərdən biri də, ölkədə yetərincə əlverişli vergi şəraitinin yaradılmasıdır. Hələ də bir çox fəaliyyət növü vergi tutulmasından kənardır. Bu, adətən, sərbəst peşə adlandırılan peşələrə aiddir. İndi isə onlara qarşı fiziki şəxslər üçün aylıq fiksə edilmiş sadə vergi tətbiq ediləcək.

Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş düzəlişlərə görə, toy musiqiçiləri, müğənnilər və rəqqaslar, məsələn, ayda 30 manat fiksə edilmiş vergi ödəməlidirlər. Fotoqraf və operatorlardan da bu məbləğ tutulacaq (buraya toy çəkilişi ilə yanaşı, istənilən foto və video fəaliyyəti, fotosessiyalar daxildir, yalnız fotostudiya istisnadır). Çəkməçilər və pinəçilər hər ay cəmi 5 manat, məişət texnikası, orqtexnika təmirçiləri, saatsazlar, dayələr, baxıcılar, özəl sürücülər, təmizləyicilər, bağbanlar, aşpazlar və gözətçilər ayda 10 manat, oymaçılar 20 manat ödəyəcəklər.

Bundan başqa, verginin hesablanması zamanı əmsal da tətbiq ediləcək: Bakı və ətraf kəndlərdə əmsal 2-yə, Sumqayıt, Gəncə və Xırdalan şəhərlərində 1,5-ə, Abşeron rayonunda, Naxçıvan, Şirvan, Mingəçevir, Yevlax, Şəki və Naftalan şəhərlərində 1-ə, başqa rayonlarda, şəhər və qəsəbələrdə 0,5-ə vurulur. Bu, o deməkdir ki, vergi üçün nəzərdə tutulmuş məbləğ göstərilən əmsala vurulmalıdır. Yəni Bakıda müğənni ayda 60 manat, Sumqayıtda 45 manat, Şəkidə 30 manat, qalan rayonlarda isə 15 manat pul ödəməlidir. Uşaqları evdə və ya məktəbdə hazırlayan repetitorlar da sadələşdirilmiş vergi ödəyəcəklər. Ehtimal olunur ki, o da 30 manat təşkil edəcək.

Vergi sistemində daha bir prinsip var. Əgər sən pul qazanırsansa, Vergilər Nazirliyində qeydiyyatdan keçməli və vergi ödəməlisən (qeydiyyatdan 1 günə keçmək mümkündür). Əgər məlum olsa ki, fiziki şəxs qeydiyyatdan keçmədən gəlir əldə edir, onda onu cərimələyirlər. Amma xərclərin bəyan edilməsi sistemi olmadığından, çox vaxt Vergilər Nazirliyinə qeyri-leqal gəlirlərin olub-olmadğını sübut etmək çox çətin idi. Yuxarıda göstərilən tədbirlərin məqsədi hesablana bilməyən gəlirləri nə cürsə leqallaşdırmaqdır; məsələn, müğənnilər çoxminlik qonorarlar alırdılar, amma vergi ödəmirdilər, nazirlik üçün onların gəlirlərini sübut eləmək çox çətin idi. İndi isə nə qədər qazanmağın barədə məlumat verməyə dəyməz, ayda 30 manatını (Bakıda 60 manat), yəni ildə 360 manatını ödə və nə qədər istəyirsən qazan.

Əksər ekspertlər bu cür «leqallığa» keçidi tamamilə ədalətli sayırlar. «Pedaqoqlar məktəb direktorunun cibini dodurmaqdansa, büdcəyə pul ödəyərlər ki, bu da son nəticədə məktəbə müsbət təsir göstərər», - deyə təhsil sahəsində ekspert Məlahət Mürşüdlü bildirir.

«Əslində, fiksə edilmiş verginin tətbiqi müsbət amildir. Bu, hər cür differensiallaşmanın tamamilə olmamasından yaxşıdır. Yəni əvvəllər şərt hamı üçün eyni idi - təmizləyici xidməti göstərilməsi üzrə firması olan sahibkar ildə 200 min manatdan az qazanırdısa, sadələşmiş vergi ödəyirdi. Bu, doğru deyildi, çünki ilkin şərtlə fərqli idi. Yəni indi birincilər əvvəlki kimi ödəməkdə davam edəcəklər, amma fərdi təmizləyicilər də hər ay müəyyən rüsum ödəyəcəklər», - deyə iqtisadçı Toğrul Maşallı vəziyyəti şərh edir.

 

Məhsul dənə ilə götürülür, vergi sünbüllə verilir?

Bununla yanaşı, əmək bazarındakı çətinliklər üzündən çoxları, sadəcə, «ayaqüstə durmağa» çalışırlar. İstər-istəməz tələb azalır, xərclər isə artır. «Mən gündəliyə çalışan işçiyəm, bazarlarda, ev təmirlərində çörəkpulu qazanıram. Mənim işim daimi deyil, bu gün iş var, sabah yoxdur. Ayda bir neçə gün iş tapıram, indi vergi də ödəməliyəm, mən nə qədər qazanıram?» - deyə Saməddin Əliyev bildirir.

«Mən ayda 5 ütü təmir edirəm, 50 manat qazanıram. Əgər onun 2-ni vergiyə verim, bəs ailəmi nə ilə dolandıraram?» - deyə məişət texnikası təmiri ilə məşğul olan Əhməd də Saməddinin sözlərini təkrarlayır.

Qadın bərbəri Yaqut isə Bakıya rayondan gəlib. O, burada onyaşlı oğlu ilə yaşayır, kirayədə qalır və işləyir. «Bundan başqa, mənim özümə bərbərxana açmağa pulum yoxdur, qazandığım pulun yarısını obyektin sahibinə verirəm. Biz şəhər mərkəzindən uzaqda yerləşən bir rayonda, metrodan aralı bir yerdə işləyirik, bizim qiymətlər çox aşağıdır: bir saç düzümü 3 manatdır. Hələ ev kirəsi vermək lazımdır. Mən vergini necə verəcəyəm?» - deyə o soruşur.

Keçid dövründə iş yerləri problemi yalnız işçiləri deyil, həm də işəgötürənləri narahat edir. Hazırda bütün sahibkarlar onsuz da qalxmış xərcləri azaltmağa çalışırlar. Əksəriyyəti birdəfəlik müqavilələr bağlayır və yaxud autsorsinq axtarır, yəni kənar şəxsləri ştat işçisi kimi rəsmiləşdirməyərək, onlarla xidmət göstərilməsi üçün fərdi müqavilələr bağlamağa üstünlük verir.

Əmək bazarının perspektivləri necədir və vəziyyəti necə düzəltmək olar? Ekspertimizin sözlərinə görə, vergi qanunvericiliyində son dəyişikliklərlə bağlı bir çox yerli şirkətlər verdikləri əmək haqlarını leqallaşdırmağa məcbur olacaqlar. Əgər əvvəllər rəsmi olaraq, 150 manat yazıb real 400-500 manat verirdilərsə, indi verdikləri real məbləği rəsmi olaraq göstərəcəklər; ya da daha böyük məbləğ göstərəcəklər. Bununla da ehtimal edirəm ki, şirkətlər autsorsinqə keçəcəklər, yəni artıq işçi götürməyəcəklər, fərdi əmək müqavilələri bağlayacaqlar, yəni götürülən işçi vergisini və sosial ödənişini özü verəcək. Başqa sözlə, fərdi peşə sahiblərinin sayı artacaq.

Hökumət, prinsipcə, artıq pensiya yaşının artırılması üzrə layihə təklif edib (bu, gənc mütəxəssislərin işədüzəltmə məsələsini bir qədər çətinləşdirər, amma şirkətlərin işinə müsbət təsir edər). Hökumətin təklifləri arasında sosial sığorta yükünün yenidən bölüşdürülməsi də var (hazırda sosial fonda verginin 22%-i işəgötürən tərəfindən, 3%-i işçi tərəfindən ödənilir, bu bölgünün 17% və 8%-ə dəyişdirilməsi təklif edilir) və s. Amma bunun gerçəkləşdirilməsi üçün əmək bazarında, ilk öncə, iqtisadi fəallığın artırılması vacibdir. İqtisadçıların fikrincə, vergi mühitinin yaxşılaşdırılması və sadalanan başqa tədbirlərin gerçəkləşdirilməsinə həm də valyuta bazarının müşahidə edilən liberallaşması dəstək verəcək.


MƏSLƏHƏT GÖR:

444