27 Aprel 2024

Şənbə, 03:42

YOLA DAVAM

Azərbaycanın qeyri-neft ixracında regionlar fəal işitirak edəcək

Müəllif:

01.02.2017

Azərbaycanda, ümumilikdə, iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafı üzrə yol xəritəsi ölkənin orta və uzaq müddət üçün iqtisadi siyasətinin istiqamətini müəyyənləşdirəcək. Hazırkı mərhələdə isə regional layihələrin icrasında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” fəal rol oynayır.

Bu Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev sənəddə yer almış müddəaların tətbiqinin sürətləndirilməsinə dair yeni tapşırıqlar verib.

 

İnfrastrukturu və biznesi inkişaf etdirmək

Prezident bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası regionların simasını dəyişib. «Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir», - deyə o, qeyd edib.

Dövlət başçısı xatırladıb ki, proqramın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı olub və bu, sözügedən sahədəki problemlərin praktiki olaraq, tamamilə aradan qaldırılmasına imkan verib; məsələn, son 15 ildə ölkənin enerji sisteminin gücü praktiki olaraq iki dəfə artıb, qazlaşdırma səviyyəsi 51%-dən 92%-ə çatıb, bu il isə son göstərici daha 2% artmalıdır. 2004-cü ildən bu günə qədər ölkədə, təxminən, 11 min kilometr avtomobil yolu tikilib ki, onun da böyük hissəsi kənd yollarına aiddir. Bundan başqa, su təchizatı, meliorasiya və suvarma kanallarının təkmilləşdirilməsi sahəsində də böyük işlər görülüb. Məhz bu amillər regionlarda müxtəlif sektorların inkişafına dair gələcək planların əsasını qoyub - kənd təsərrüfatı, turizm, sənaye müəssisələri. Yeri gəlmişkən, məhz regionlarda sənaye parklarının yaradıldığını və fəal inkişaf etdiyini nəzərə alsaq, sənaye müəssisələri xüsusilə artacaq və inkişaf edəcək. Qeyd edək ki, Sumqayıt, Mingəçevir və Neftçalada sənaye parkları yaradılıb, Masallı və Ağstafada da eyni proses gedir. İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, görülmüş işlər çərçivəsində regionlarda, ümumilikdə, 147 sənaye obyekti açılıb, bu istiqamətdə işlər davam edir və bu, əyalətlərdə işsizlik probleminin həllinə imkan verəcək.

Nazir xatırladıb ki, ötən il regionların inkişafına, ümumilikdə, 4 milyard manat yönəldilib. Daha 261 milyon manat dövlət başçısının 67 müxtəlif fərman və sərəncamlarına əsasən ayrılıb. Bundan başqa, 2 500 iş adamı Sahibkarlığa Kömək Milli Fondu xətti ilə 190 milyon manat alıb və bu, əlavə olaraq, 8100-dən artıq iş yerinin açılmasına imkan verib. Bu kreditlərin də 74%-i regionların payına düşür. Bu il isə Fond ilk dəfə olaraq kreditləri dövlət büdcəsi hesabına deyil, artıq geri qaytarılmış kreditlərin hesabına ayıracaq (ümumilikdə, 150 milyon manat kredit verilməsi nəzərdə tutulub). Prezident İ.Əliyev hesab edir ki, bu faktın özü böyük nailiyyətdir. «2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına, təxminən, 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olub. Təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb», - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu il ölkədə təmir işləri, yaşıllaşdırma sahələri ilə əlaqəli 42 min ictimai iş yeri açılacaq. Bu da regionlarda işsizlik probleminin aradan qaldırılmasına yardım edəcək.

 

Xarici komponentləri azaltmaq

Təbii ki, regionların iqtisadi inkişafının əsasını aqrar sektor təşkil edir. Odur ki, bu sahəyə xüsusi diqqət göstərilir. Maraqlıdır ki, statistika ötən il kənd təsərrüfatı sahəsində ixracın 20,7% artaraq, 426 milyon dollara çatdığını göstərir. Üstəlik, göstəricilər praktiki olaraq, bütün seqmentlər üzrə artıb.

Ş.Mustafayevin sözlərinə görə, son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemləri və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Aqroparkların yaradılması istiqamətində də işlər davam edir. Misal kimi, Şəmkiri və Yalamanı göstərmək olar.

Ş.Mustafayev bildirib ki, ümumilikdə, son illər görülmüş işlər nəticəsində əsas ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb. «Sənaye parklarında və zonalarında müasir müəssisələrin, eləcə də aqroparkların, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması hesabına növbəti illərdə idxaldan asılılıq daha da azalacaq, özünütəminetmə səviyyəsi və ixrac potensialı artacaq», - deyə Mustafayev qeyd edib.

Yeri gəlmişkən, özünütəminetmə haqqında. Regionların inkişafına dair Dövlət Proqramına həsr olunmuş ötən konfransdakı kimi, bu dəfə də Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırıb.

Azərbaycan praktiki olaraq, özünü mal və qoyun əti ilə tam təmin edir və bu komponent üzrə idxal yüksək deyil. Yumurta ilə bağlı vəziyyət isə xeyli pisdir. Burada özünütəminetmənin səviyyəsi 99% olsa da, ixrac komponentlərinin həcmi 65% təşkil edir ki, bu da dərman və yemin alınması ilə bağlıdır.

Bitki yağı istehsalında xarici xammalın iştirakı da böyükdür - 48%-lik özünütəminetmə fonunda 80%. İlham Əliyevin də dediyi kimi, belə çıxır ki, bitki yağları istehsalının Azərbaycana faydası yalnız əlavə iş yerlərinin açılmasındadır və bu yağları yerli məhsul adlandırmaq doğru olmazdı. Kərə yağı istehsalı sahəsində isə vəziyyət bir qədər yaxşıdır - özünütəminetmə 76%, xarici komponent 10%.

Qeyd etmək lazımdır ki, xarici komponentin əsasını qablaşdırma materialları təşkil edir və onun ölkədə istehsalı bu göstəricini xeyli azaldardı. Maraqlıdır ki, sahibkarlar indiyədək bu səmərəli, demək olar ki, bütün istehsal sahələri üçün lazımlı olan sahəyə zəruri diqqət ayırmayıb. Prezident İlham Əliyev bildirib ki, iş adamlarının bu işlə ciddi məşğul olmasının vaxtı çoxdan çatıb, Sahibkarlığa Kömək Milli Fondu isə onlara lazımi maddi yardımı göstərə bilər.

Buğda ilə özünütəminetməyə gəlincə, bu sahədə göstərici pis deyil - 20%-lik xarici komponentlə, 53%. Amma bu, əlbəttə ki, arzulanan rəqəm deyil. Vəziyyətin düzəlməsində yeni fermer təsərrüfatlarına böyük ümidlər var.

Yeri gəlmişkən, özünütəminetmə sahəsində ən yaxşı mənzərə tikinti materialları istehsalındadır. Amma bu sahə ilə bağlı da müəyyən narahatlıqlar var. Bu, ölkədə tikintinin həcminin azalması ilə bağlıdır. Amma İ. Əliyev bu məsələnin də istər dövlətin, istərsə də özəl sektorun təşəbbüsü ilə reallaşdırılmağa başlayacaq iri layihələr sayəsində tezliklə həllini tapacağını bildirib.

Kənd təsərrüfatı sahəsinə qayıdan Prezidentin sözlərinə görə, aqrar sektorda ixrac həcmini real olaraq 2 dəfə artırmaq mümkündür. Bu, ölkəyə valyuta axınının artmasına imkan verəcək və nəticədə, manat sabitliyini qoruyub-saxlayacaq, neft gəlirlərindən asılılıq azalacaq.

Azərbaycanın postneft dövrünə qədəm qoyduğunu nəzərə alsaq, sonuncu məqam xüsusilə vacibdir. «Dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək. Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Yəni, bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək. Ancaq biz işimizi elə qurmalıyıq ki, sanki bu, yoxdur», - deyə Prezident qeyd edib.

 

Xalq üçün yaşamaq...

Regionların davamlı inkişafı siyasəti Azərbaycanın iqtisadi dayanıqlılığının əsasını təşkil edir və buna heç bir şübhə yoxdur. Üstəlik, nəzərə almaq lazımdır ki, dövlət gəlirlərinin neftdən olan hissəsində azalma tendensiyası başlayıb. Bununla yanaşı, Prezident İlham Əliyevin də iclasda dediyi kimi, Azərbaycan neftdən çox ağıllı və rasional istifadə etmiş ölkələrdən biridir. «1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq», - deyə dövlət başçısı qeyd edib.

Bununla yanaşı, istənilən siyasətin əsasını insanların rifahı təşkil edir və Prezident də bunu dəfələrlə bəyan edib. Məhz bu səbəbdən regionlarda sosial layihələrə də böyük diqqət ayrılır; məsələn, Mingəçevir və Yevlaxda məcburi tibbi sığorta ilə bağlı pilot proqramların icrasına başlanılıb. 2017-ci il bu sahədə vacib il olmalıdır. Nəticələr müsbət olarsa, proqram, tədricən, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcək.

Amma dövlətin məqsədi insanların yalnız maddi rifahını təmin etmək deyil. Bürokratik maneələr, məmurlar tərəfindən yol verilən ədalətsizliklər, yerli icra hakimiyyəti orqanlarının sahibkarların təşəbbüslərinə mane olması - bütün bunlar haqlı olaraq narazılıq yaradan mənfi məqamlardır.

«Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək», - deyə İ.Əliyev xəbərdarlıq edib.

Prezident hesab edir ki, «ASAN xidmət» mərkəzlərinin fəaliyyəti bir çox mənfi məqamın aradan qaldırılmasının mümkünlüyünü göstərib. Demək, belə hallarla hər sahədə mübarizə aparmaq olar. Bu mərkəzlərin fəaliyyətindən bir dənə də olsun şikayət yoxdur. Bəyənilmə əmsalı 98 faizdir. Onlara 13 milyon müraciət olunub. Bütün bunlar nəzərə alınaraq, regionlarda belə mərkəzlərin yaradılması davam edəcək. Bu il Quba və Mingəçevirdə, 2018-ci ildə isə İmişlidə və Şəkidə «ASAN xidmət» mərkəzi açılacaq.

Bir sözlə, ölkə əhalisinin rifahını, firavanlığını yalnız regionların iqtisadi və sosial inkişafının bütün komponentlərini birləşdirməklə təmin etmək olar. Onlar isə öz növbələrində, ölkə iqtisadiyyatının yeni, qeyri-neft relsinə keçirilməsində fəal iştirak etməlidir.



MƏSLƏHƏT GÖR:

455