27 Aprel 2024

Şənbə, 04:02

ZİYANSIZ QLOBALLAŞMA

Yeni İpək Yolu layihəsi iqtisadi əməkdaşlığın bütün tərəflərə fayda verəcəyini göstərən nümunədir

Müəllif:

01.02.2017

Səkkiz milyarderin varidatı 3,6 milyard insanın ümumi var-dövlətinə bərabərir. «Oxfam» xeyriyyə təşkilatının Davosda keçirilən Dünya İqtisadi Forumu üçün hazırladığı hesabatda belə deyilir. Beləliklə, zənginlərlə yoxsullar arasında uçurum ekspertlərin güman etdiyindən daha dərindir: dünya əhalisinin 1%-ni təşkil edən ən zənginlər əvvəlkitək, yerdə qalan bütün əhalidən daha varlıdır.

«Oxfam»dan olan Keti Rayt hesab edir ki, bu səviyyədə iqtisadi təbəqələşmə siyasi baxışlarda da qütbləşməyə yol açır. O, misal kimi, Donald Trampın ABŞ Prezidenti seçilməsini və britaniyalıların Avropa İttifaqından çıxmaq qərarını göstərir.

«İnsanlar qəzəblənməyə başlayır və alternativlər axtarırlar. Onlar özlərini unudulmuş sayır. Çünki nə qədər səylə işləsələr də, ölkələrinin rifahından onlara pay düşmür», - deyə Rayt bildirir.

Xeyriyyə təşkilatı «daha insanpərvər iqtisadiyyat»ın yaradılmasına, hökumətləri şirkətlərin top-menecerlərinin gəlirlərinə ciddi diqqət yetirməyə, vergidən yayınma ilə sərt mübarizəyə, zənginlər üçün daha yüksək vergi dərəcələrinin müəyyənləşdirilməsinə çağırır.

Dünya İqtisadi Forumunun (DİF) ekspertləri də iqtisadi bərabərsizliyi və sosial təbəqələşməni yaxın 10 il üçün dünya birliyinin inkişafına əsas təhlükə sayır.

«Global Risks Report 2017» qlobal risklər məruzəsinin müəllifləri potensial təhlükələr sırasında iqlim dəyişikliyi, dövlətlərarası inamsızlığı və münaqişələri, təbii fəlakətlər ehtimalını, kibercinayətkarlığı, terror aktlarını və məcburi miqrantların artımını da görür.

Forum həm də «Bacarıqlı və məsuliyyətli liderlik» şüarı altında keçirilirdi. O, siyasi-iqtisadi elitaları əhalinin geniş təbəqəsinin iqtisadi rifahına daha çox diqqət ayırmağa çağırırdı.

Yoxsullarla-zənginlər arasında parçalanma risqini Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard da dilə gətirib. O, inkişaf etmiş ölkələrdə orta sinfin böhran yaşadığını bildirib. Halbuki, inkişaf etmiş ölkələrdə iqtisadiyyatın hərəkətverici qüvvəsi məhz bu təbəqə olub.

Davos Forumunun sessiyası çərçivəsində Laqard bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə vətəndaşların siyasətə etibar etməməsi və məyus olması fonunda orta sinfin həcmi azalıb. Bununla yanaşı, o, son 40 ildə dünyada orta sinfin 7%-dən 13%-dək artdığını deyir. Bu, əsasən, SSRİ-nin və bütünlükdə sosialist düşərgəsinin dağılması, həmçinin bir sıra Asiya ölkələrinin, o cümlədən Çin və Hindistanın inkişafı ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə orta sinfin inkişafına qloballaşma siyasətinin də təsiri olub.

Ümumiyyətlə, son bir neçə ildir, Davos Forumu qloballaşmanın əsas hərəkətverici qüvvəsi sayılır. Odur ki, qloballaşmaya yaranmış təhlükə, populizmin, proteksionizmin artması forum iştirakçılarını narahat etməyə bilməzdi. Bu müzakirələri 20 il əvvəlki çıxışını təkrar oxuyan DİF rəhbəri Klaus Şvab açıb. Şvab həmin çıxışında populizmin təhlükəsi haqqında xəbərdarlıq edib, qloballaşma prosesinin yalnız azsaylı elitaya yox, bütünlükdə cəmiyyətə fayda gətirməli olduğunu bildirib. Ötən 20 ildə Şvabın xəbərdarlığı daha böyük aktuallıq qazanıb - cəmiyyətdə qloballaşma baxımından, mərkəzdənqaçan qüvvələr daha da güclənməkdədir. «Brexit»i, ABŞ-da Donald Trampın qələbəsini, Avropada ultrasağçıların populyarlığının artmasını məhz bununla əsaslandırmaq olar.

Maraqlıdır ki, indiki şəraitdə Çinin başçılığı ilə inkişaf etməkdə olan ölkələr də qloballaşmanın genişlənməsinə tərəfdardır. Halbuki, Pekin uzun illər proteksionizm siyasətinə üstünlük verib. Və əksinə, bütün mümkün yollarla birləşmə tərəfdarı olan ABŞ, deyəsən, müdafiə mövqeyinə çəkilir.

Trampın hələ seçkiqabağı debatlar zamanı elan etdiyi proteksionizm siyasəti artıq fəal şəkildə tətbiq olunmaqdadır; məsələn, ABŞ-ın yeni Prezidenti ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından çıxması haqqında Sərəncam imzalayıb. Bu, Asiya-Sakit okean regionunda Azad Ticarət Zonasının yaradılmasını nəzərdə tuturdu. Bundan başqa, Tramp Meksika və Kanada ilə Şimali Amerika Azad Ticarət Zonasında iştirakın şərtlərinə yenidən baxılmasına dair danışıqlara başlanması təşəbbüsünü də irəli sürüb. Belə olan təqdirdə, Trans-Atlantik tərəfdaşlıq haqqında razılaşmanın imzalanması şansı faktiki olaraq, sıfıra bərabərdir.

Amma müqəddəs yer heç vaxt boş qalmır, deyirlər. Son illər inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvəsi rolunu Çin fəal şəkildə öz üzərinə götürməkdədir. ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından imtinasından dərhal sonra, Avstraliya ilə Yeni Zelandiya Pekinin razılaşmaya qoşulmasının mümkünlüyünü bəyan edib. Çinin dünyadakı iqtisadi proseslərdə artan rolunu Davos Forumu da təsdiqləyib - forumda Çini tarixdə ilk dəfə ölkə başçısı Si Cinpin təmsil edib. Planetin baş kommunisti forumdakı çıışında qloballaşma prosesinə dəstək ifadə edib.

«Bu gün bəşəriyyət ümumi tale yaşayan həmrəy cəmiyyətə çevrilib. Ölkələr bir-birindən asılı hala gəlib və onların maraqları indi, daha çox üst-üstə düşür. Hər ölkənin inkişaf etmək haqqı var. Lakin eyni zamanda, onlar əlaqələrin genişlənməsindən gələcək faydanı görməli, başqalarının zərərinə olan maraqlara israr etməməlidir. Proteksionizm qaranlıq bir otağa sığınmaq kimidir - külək, yağış çöldə qalacaq, amma onunla bərabər hava, işıq da çöldə olacaq. Ticarət müharibəsindən heç kəs qalib çıxa bilməz», - deyə Si Cinpin bildirib.

ÜDM-nin həcminə görə dünyanın ikinci iqtisadiyyatı XXI əsrin əvvəlindən iqtisadi ekspansiyasını fəal şəkildə artırır. SSRİ-nin dağılması ilə Çin investisiyaları fəal şəkildə Mərkəzi və Orta Asiya ölkələrinə axmağa başlayıb. Söhbət xüsusilə Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın neft-qaz layihələrindən gedir. İndi, Çin Mərkəzi Asiyadan əsas neft və qaz idxalçısıdır.

Pekin məhz öz məhsulları üçün satış bazarlarını genişləndirmək üçün yeni «İpək Yolu İqtisadi Kəməri» qlobal layihəsi təşəbbüsünü irəli sürüb. O, onlarla ölkəni və 3 milyard insanı əhatə edir. Layihənin reallaşdırılmasına 100 milyardlarla dollar investisiya tələb olunur.

Bu layihə regionun bir çox ölkələrinə, o cümlədən Azərbaycana iqtisadi qazanc vəd edir. Əlverişli coğrafi mövqedə - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan son illər özünün nəqliyyat potensialını fəal şəkildə inkişaf etdirir. Ələtdə yeni limanın və Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Çindən Avropayadək yüklərin daşınacağı bütün marşrut üzrə vahid rəqabətədavamlı tarif siyasətinin yürüdülməsi üçün nəqliyyat-logistika prosedurunun sadələşdirilməsi - bütün bunlar İpək Yolunun yeni strategiyasında Azərbayanın potensialından fəal istifadə olunmasına yönəlmiş tədbirlərdir.

«Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırıb və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olub», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunun «İpək Yolunun səmərəsi» sessiyasında bildirib. O deyib ki, Azərbaycan hər zaman ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamağa və onlarda iştirak etməyə çalışır.

Yəni, qloballaşmanın Çin rəhbərinin də qeyd etdiyi müsbət məqamları məhz budur.

İndiyədək yaradılmış nəqliyyat infrastrukturu isə qlobal tendensiyalardan geri qalmamağa, orada yer tutmağa kömək edir.

«Cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tiflis və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi, biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Keçən il ilk konteyner test qatarı Çindən yola düşərək, Mərkəzi Asiyadan, Xəzər regionundan, Azərbaycan, Gürcüstan və Avropadan keçərək gəlib», - deyə İ. Əliyev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin də iştirak etdiyi sessiyada bildirib.

İlham Əliyev Azərbaycanın Hindistan və Fars körfəzi ölkələrindən Rusiya və Avropaya yükdaşımalarını sadələşdirəcək «Şimal-Cənub» dəhlizinin yaradılması işinə fəal şəkildə cəlb olunduğunu da deyib: «Ümid edirik ki, yaxın iki ildə bu layihə İpək Yoluna inteqrasiya olunacaq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək».

Qeyd edək ki, yeni «İpək Yola İqtisadi Kəməri»nin fəlsəfəsi yalnız Çindən Avropaya və əksinə yüklərin fiziki daşınması ilə məhdudlaşmır. Burada söhbət həm də ölkələr arasında enerji, IT sahəsi, mədəniyyət və s. sahələr də daxil olmaqla, kompleks əlaqələrin inkişafından gedir.

Əslində, Azərbaycan bu miqyaslı layihənin komponentlərinin yaradılması istiqamətində ilk addımlarını hələ 20 il əvvəl atıb. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan marşrutunun seçilməsi region ölkələrinin miqyaslı «Şərq-Qərb» dəhlizinin yaradılması istiqamətində səyləri birləşdirməsinin müjdəçisi idi. Bakı-Tiflis-Ərzurum qaz kəmərinin tikintisi isə bu səylərin davamı sayıla bilər. Azərbaycan qazı məhz bu kəmərlə Gürüstan və Türkiyəyə nəql olunur. Miqyaslı «Cənub Qaz Dəhlizi»nin tikintisi isə Azərbaycana öz qazını Avropaya çıxarmaq imkanı verəcək. Bununla yanaşı, yaradılan infrastruktur bir sıra digər ölkələrin də enerji resurslarını Avropaya çıxarmasına yol açacaq. Söhbət Türkmənistan, Qazaxıstan, İraq, İran və digər ölkələrdən gedir.

«Bu gün Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən neft və qaz kəmərlərindən ibarət olan enerji dəhlizinə baxsanız, İpək yolunun, əsasən, eyni dəhliz olduğunu görəcəksiniz. Əgər bu layihələr olmasa idi, çox güman ki, biz dəmir yolu bağlantısının tikintisinə başlamazdıq. Buna görə də bütün bu dəhlizlər əlaqəlidir. Bu gün biz artıq elektrik enerjisinin ixracı üçün yeni bir dəhliz yaratmışıq. Bu dəhliz Azərbaycan və Gürcüstandan Türkiyəyə gedir. Beləliklə, bir layihə digər bir layihəyə yol açır. Biz indi elektrik enerjisini, qazı və nefti ixrac edirik, dəmir yolunu tikirik və əlbəttə ki, rəqəmsal sahəyə də investisiyalar yatırmağa davam edəcəyik. Başqa bir layihə də var. Onun adı TASİM-dir. Bu, İpək Yolu ilə eyni dəhliz üzərindən keçən kommunikasiya xəttidir. Bu layihələrin rəqəmsal dəstəyi səmərəliliyi artıracaq və daha çox faydalar gətirəcək», - deyə İ.Əliyev bildirib.

«İpək Yolu üzərində yerləşən bütün ölkələrin bir-biri ilə yaxşı işçi münasibətləri olduğuna görə biz çox xoşbəxtik. Qarşılıqlı bağlılıq bunu daha da gücləndirəcək. Bu, müxtəlif ölkələr - müxtəlif siyasi gündəliyi, mədəniyyəti, dini, tarixi olan ölkələr arasında çox nadir olan əməkdaşlıq formasını təmin edəcək və hesab edirəm ki, bu, dünyanın yeni bir modelidir. Çünki biz Azərbaycanda mədəniyyətlərarası dialoq məsələsinə çoxlu investisiya yatırırıq; məsələn, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdu, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Biz, eyni zamanda, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox azsaylı ölkələrdənik», - deyə Prezident bildirib. O, İpək Yolu üzərində yerləşən və onlara qoşulmaq istəyən bütün ölkələrin müvafiq nazirləri arasında görüşlərin keçirilməsini təklif edib. İ. Əliyev hesab edir ki, bu, işlərin koordinasiyası və onların reallaşdırılmasına nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Yeni İpək yolu layihəsi iqtisadi əməkdaşlığın bütün tərəflərə yalnız fayda verəcəyini təsdiqləyən inteqrasiya nümunəsidir. Bu layihədə iştirak ölkələrin nə siyasi, nə iqtisadi azadlığını məhdudlaşdırır. Bununla yanaşı, yalnız ölkələri və şirkətləri yox, həm də insanları birləşdirərək regionu daha sabit hala gətirir. Eyni zamanda, layihə Avrasiyanın bir çox ölkələrində iqtisadi fəaliyyəti nəzərəçarpacaq dərəcədə gücləndirir, məhz inkişaf etməkdə olan ölkələrdə milyardlarla insanın iş yeri və gəlirlə təmininə imkan verir. Bu isə zənginlərlə-yoxsullar arasındakı uçurumun kiçilməsinə aparıb çıxarır.



MƏSLƏHƏT GÖR:

417