9 May 2024

Cümə axşamı, 00:08

ELMƏ GETDİ

Azərbaycan elmində gender bərabərliyi: «lehinə» və «əleyhinə»

Müəllif:

15.02.2017

Elm və gender bərabərliyi inkişaf məqsədlərinə çatmaq prosesinin ayrılmaz elementləridir. Son 15 ildə dünya birliyi qadın və qızların elmə cəlbində önəmli uğurlar əldə edib. Buna baxmayaraq, onlar indiyə kimi bu sahədə müəyyən məhdudiyyətlərlə üzləşirlər. On dörd ölkədə aparılmış tədqiqatlara görə, qadınların elm sahəsində bakalavr, magistr və doktor dərəcəsi qazanmaq imkanları, uyğun olaraq, 18%, 8% və 2% təşkil edir, halbuki bu, kişilərdə 37%, 18% və 6%-ə bərabərdir.

Qadınların elmə tam və barəbər çıxışına nail olmaq, həmçinin gender bərabərliyini təmin etmək, onların hüquq və imkanlarını genişləndirmək üçün BMT-nin Baş Assambleyası 70/212-ci qətnaməsini qəbul edib və 11 fevralı elmdə Beynəlxalq Qadın və Qız Günü elan edib. Azərbaycanda qadın elmi fikrinin vəziyyəti necədir?

 

Nüvə fizikasından tətbiqi riyaziyyata qədər

Bizim həyatımızda qadınların olmadığı elə bir sahə yoxdur. Elm də istisna deyil. İlk qadın alimlərimizdən biri, 1916-cı ildə Qarabağ quberniyasında anadan olmuş Dilşad xanım Elbrus Talıbxandır. Azərbaycan Demokratik Respublikasının çökməsindən və sovet quruluşunun gəlməsindən sonra, Dilşad xanım da vətənini itirmiş insanların sırasına daxil oldu. O, Türkiyənin İzmir şəhərində yerləşən Egey universitetində çalışdı, nüvə fizikası sahəsində elmlər doktoru dərəcəsini qazanmış ilk azərbaycanlı qadın oldu.

Erkən yaşlarından o, hüdudsuz şəkildə öz Vətəninə - Azərbaycana bağlı idi, amma bununla belə sovet hakimiyyətini qəbul edə bilmədi. 1961-ci ildə Dilşad xanım öz sahəsində professor oldu, Türkiyədə və Avropada tanınmış mütəxəssisə çevrildi. Seçdiyi ixtisasın özəlliyi ilə bağlı uzun müddət İngiltərədə, Amerikada çalışıb, alman, ingilis və fransız dillərini gözəl bilirdi. Rəfiqələri danışırmışlar ki, nüvə fizikası sahəsində görkəmli mütəxəssis olmaqla yanaşı, Dilşad xanım həm də Azərbaycan ədəbiyyatı, xalq musiqisi və folklorunun gözəl bilicisi olub. 1979-cu il aprelin 11-də dünyasını dəyişib.

Qadın üçün daha uyğun olan tibb sahəsində isə önəmli uğurlara Zərifə xanım Əliyeva imza atıb.

Onun tibbə yolu, yəqin ki, öncədən müəyyən edilmişdi - onun atası Əziz Əliyev Azərbaycan Tibb İnstitutunun ilk rəhbərlərindən biri, Azərbaycan SSR-in Xalq Səhiyyə komissarı olub. Zərifə xanım Əliyeva öz atasının izi ilə gedib, oftalmologiyanı seçərək elm sahəsində böyük uğurlar əldə edib.

Böyük Vətən Müharibəsi illərində o, həmin illərdə təhlükəli səviyyə almış traxomaya qarşı mübarizəyə başlayıb, diqqətini kəndlərdə və uşaq evlərində infeksiyanın müalicəsinə yönəldib. Öz namizədlik dissertasiyasında Zərifə Əliyeva yüksək dəqiqliklə toplanmış göstəriciləri təqdim edib və bunlar traxoma ilə mübarizə metodikasına önəmli töhfə verib.

1976-cı ildə Moskvada doktorluq dissertasiyası müdafiə etmiş Zərifə Əliyeva gözün əlvan təbəqəsinin dəyişməsinin xüsusiyyəti üzrə orqanizmin xəstəliklərinin diaqnostikası - iridodiaqnostika kimi yeni istiqamətin əsasında dayanan ilk oftalmoloqlardan birinə çevrildi.

Professor Zərifə Əliyeva 140-dan çox elmi işin, o cümlədən 10 monoqrafiyanın, bir ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir. O, SSRİ-də ən nüfuzlu mükafatlardan birinin - Helmhols adına Mərkəzi Elmi Tədqiqat Oftalmologiya İnstitutunun banisi akademik M.İ.Averbax adına mükafatla təltif olunmuş ilk qadın oftalmoloq olub.

Neft və neft hasilatı ənənəvi olaraq, qadın sənəti sayılmır, qadın alimin hansısa humanitar, filioloji sahəni təmsil etməsini təsəvvür etmək asandır. Amma ilk qadın korroziyaçı alim, texnika elmləri doktoru Anaxanım Xanlarova bu stereotipi dağıtdı. O, müxtəlif ölkələrdə məşhur idi, onun metalların korroziyası və korroziyadan qorunması sahəsində uğurları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Metalların korroziyadan qorunması üsulunu yaratmaqla o, neft qurğularının xidmət müddətinin artırılması sahəsində uğurlar qazanıb. İkinci Dünya müharibəsi illərində o, hamı ilə birlikdə "Hər şeyə cəbhə, hər şey qələbə üçün" şüarı altında çalışdı. Gecə qaranlığında düşmən gəmilərini görmək üçün xüsusi gecə görüşü vasitələri layihələndirərək sınaqdan çıxarıb.

Elmdə qadınlar barədə danışarkən şərqşünaslıq sahəsində ilk doktorluq dərəcəsi almış qadının - Aida xanım İmanquliyevanın fəaliyyətini gözardına vurmaq olmaz. 1966-cı ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra, Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləməyə başalyıb. O, bütün həyatını bu elmi müəssisəyə həsr edərək, 1991-ci ildə ona başçılıq edib.

Professor A.İmanquliyeva 3 monoqrafiyanın və 70-dən artıq elmi məqalənin müəllifidir. O, bir çox uzaq və yaxın xaric ölkələrində Azərbaycanın şərqşünaslıq elmini təmsil edib. Elmi-təşkilati fəaliyyət sahəsində A.İmanquliyeva yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasına böyük diqqət ayırıb. Onun rəhbərlik etdiyi «Ərəb filologiyası» kafedrasında qısa müddət ərzində 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

Və ya ilk azərbaycanlı riyaziyyatçı qadın, riyaziyyat elmləri doktoru Tamilla xanım Nəsirova indiyə kimi müəllimlik fəaliyyətini davam etdirir. Onun elmi-tədqiqat istedadı hələ məktəb illərində özünü göstərib. 1958-ci ildə institutu bitirən Tamilla xanım təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna işə qəbul olundu.

Öz elmi fəaliyyətinin çiçəklənmə çağında o, böyük tətbiqi əhəmiyyəti olan Semi-Markov prosesləri üçün erqodik teoremi kəşf edib. Tamilla xanım Semi-Markov proseslərinin müxtəlif tipləri arasında əlaqəni müəyyən edib. Təsadüfi proseslər sahəsində 64 elmi məqalənin, 3 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. İndiyə kimi universitetin tətbiqi riyaziyyyat və mexaniki riyaziyyat kafedrasında riyazi statistikadan dərs keçir.

Azərbaycan elminə şöhrət gətirmiş qadınların sayı böyükdür. Onların arasında professor, filologiya elmləri namizədi Zərifə Budaqovanı, ilk azərbaycanlı alim qadın, pedaqoq Zümrüd Axundovanı da göstərmək olar...

 

25 yaşında elmə

Bu gün Azərbaycan Elmlər Akademiyasında 5 qadın həqiq üzv və 11 müxbir üzv çalışır. Amma bu gün də Azərbaycanda qadın elmi fikri yaşamaqdadır. Buna parlaq örnək kimi gənc alim, elmlər namizədi və dosent, gələcək elmlər doktoru Tubuxanım Qasımzadəni göstərmək olar. Bu gənc qadının həyatında hər şey onun görkəmli alim olmasına imkan yaradıb.

Əslən ziyalılar və alimlər ailəsindən olması da qızın elmə və tədrisə marağını hər cür stimullaşdırıb. Tubuxanım Qasımzadənin çalışdığı əsas sahələr - ekologiya, botanika, torpaqşünaslıq, ekoloji genetikadır; gənc alim ikinci təhsilinə görə isə hüquqşünasdır. Bu, ona ekoloji və torpaq hüququ sahəsinə qoşulmağa imkan yaradıb. Tubuxanımın sözlərinə görə, elm yaradıcı prosesdir.

Alimlərin yaşı üçün limit yoxdur, dahi elmlər doktoru, hətta 28 yaşda da olmaq mümkündür. Amma bütün dünyada gənclik üçün yaş senzi 29 yaş müəyyən edilirsə (yəni bu insanın müxtəlif gənclik layihələrində iştirak edə biləcəyi, gənclik fondlarından maliyyə ala biləcəyi «gənclik» yaşıdır), Azərbaycanda gənclik yaşı 35 hesab edilib, indi isə bu, 40 yaşa qədər artırılıb. Bu fakt göstərir ki, təəssüf ki, bizim elmimizdə «qocalma» prosesi müşahidə edilir, gənc elmlər namizədinə rast gəlmək nadir hadisəyə çevrilib. «Mən özüm 25 yaşımda ekoloji genetika sahəsində müdafiə etmişəm, mənim yaşım, bir növ, kənaraçıxma sayıla bilər», - deyə Tubuxanım vurğulayır.

Onun fikrincə, alimlərin qocalması həm də elmi prosesin tədqiqat tərəfi ilə bağlıdır. «Elm sahəsində əməkhaqqı elə də böyük deyil, buna görə də gənc alimlərin çoxu öz elmi fəaliyyətini davam etdirmək yerinə maaşlar, adətən, dəfələrlə yüksək olan özəl şirkətlərdə işləməyə razılıq verirlər. Hazırda elmi irəli aparanlar öz işinin fədakarlarıdır», - deyə o vurğulayır.

Bununla yanaşı, alim xanım həm də müsbət meyilləri qeyd edir. Onun sözlərinə görə, 10 il qabaqla müqayisədə elmə gənclərin gəlişi artır. Gender nisbəti də açıq-aydın qadınların xeyrinə yüksəlir və bunun bir səbəbi var: gənc kişilər özlərini maaşa görə məsul sayırlar və buna görə firmalarda işləməyi elmi karyeradan yüksək tuturlar.

«Qadına mentalitet, mühit böyük təsir göstərir. Hesab edilir ki, təhsil, elm «qadın» sahələridir, bu dünya daha təmiz və perspektivlidir, burada sosial təlatümlər və gözlənilməzliklər daha az müşahidə edilir»,- deyə Tubuxanım vurğulayır.

Ekologiyanın mürəkkəb sahə olmasına, torpaq kəsiklərini tədqiq etməyin, dağlarda və çöllərdə, ən müxtəlif təbiət şəraitində işləməyin vacib olmasına baxmayaraq, bu gün ekologiya sahəsində qadınların sayı çoxalıb. Amma fundamental elmlərdə qadınların sayı azdır.

«Mən humanitar alimlərin əməyini azaltmaq istəmirəm, istənilən elmi fəaliyyət ağır zəhmət tələb edir, istənilən alim həm «sahə”də işləməyi bacarmalıdır, həm də kitabxana və arxivlərdə oturub işləyə bilməlidir», - deyə Tubuxanım söyləyir.

Amma bununla yanaşı o, hesab edir ki, ailə qadının həyatında əsas vacib amildir, elmi işdə və ya karyerada hansı uğurlarının olmasna baxmayaraq, qadın qadın olaraq qalır.

 

Elmdə qadın normal haldır

AMEA-nın müxbir üzvü, ictimai elmlər şöbəsinin i.e. akademik katibi Nərgiz Axundova istedadlı alim olmaqla yanaşı, həm də rəhbər şəxsdir. Çox sayda vəzifə öhdəliklərini yerinə yetirmək və elmlə məşğul olmaqla yanaşı, həm də cazibədar qadın olaraq qalmaq üçün böyük istedad tələb edilir.

«Elmdə qadın normal haldır. Ola bilər ki, bu, Sovet İttifaqının uğurudur, ola bilər ki də öz uğurumuzdur. Amma iş belə gətirib ki, qadınlar kişilərlə eyni səviyyəni tuturlar, ictimai fəaliyyətdə, sosial həyatda və elmdə iştirak edirlər. Əgər gənc qız ali məktəbi qurtarır və elmlə məşğul olmaq istəyirsə, onun buna imkanı var. Düşünürəm ki, bizdə peşə fəaliyyətinin bütün sahələrində gender bərabərliyinə tam keyfiyyətlə riayət edilir. Bundan başqa, cinsi mənsubiyyəti ilə bağlı elm sahəsində qadınlara heç bir güzəşt edilmir», - deyə o vurğulayıb.

Düzdür, Nərgiz xanım etiraf edir ki, qadınlar üçün çətindir, çünki onların üzərində çox sayda məişət və ailə öhdəliyi var. «Mən müdafiə edəndən sonra oğlum mən zəng etdi və «Öz ağır uşaqlıq illərimə görə səni bağışlayıram!» - söylədi» deyə Nərgiz xanım gülümsəyir.

Onun sözlərinə görə, alimlərin istənilən başqa mütəxəssisdən əsas fərqi odur ki, başqaları hər şeydən öncə işdən evə qayıdan zaman dəyişirlər, öz peşələrindən azad olurlar. «Amma bizdə belə alınmır. Mən evə gəlirəm, yeni kağızların, yarımçıq qalmış kitabların, oxunmamış məqalələrin arasındayam, iş həmişə davam edir», - deyə Nərgiz xanım vurğulayır. O sanır ki, hədəfi müəyyən etməyi bacarmaq, vaxtı planlaşdırmaq, addım-addım nəticəyə yaxınlaşmaq uşaqlıqdan formalaşır və bu, gender mənsubiyyəti ilə müəyyən edilmir.

 

«Təbiət belə müəyyən edib»?

Psixoloq və sosioloq Humay Axundzadənin sözlərinə görə, hələ sovet dövründən qabaq qadınlar yavaş-yavaş təhsilə çıxış əldə etməyə başlayıblar. Sovet illərindən isə təhsil daha əlçatar olub və elm sahəsi ilə məşğul olan qadınlar ortaya çıxıblar. Qadının muzdlu məşğulluq sahəsinə çıxışı, şəksiz, cəmiyyətin gender sisteminə və xüsusilə dominant gender sazişinə öz təsirini göstərir; məsələn, patriarxal cəmiyyətdə belə qəbul olunurdu ki, qadın ev sahibəsidir, kişi isə qazanc gətirəndir. Amma sovet dövründə qadın azadlığı baş verdi, çünki cinsiyyətindən asılı olmayaraq hər kəs işləməli idi. Amma bununla belə, heç kim qadınların üzərindən ev xanımı və ana öhdəliyini heç kim götürmədi.

90-cı illərdə iqtisadi böhran və bazar iqtisadiyyatına keçid ona gətirdi ki, qadın ev sahəsinə «getdi». İdeologiya elə də birmənalı deyildi və artıq qadının evdən kənarda işləməməsi tənqid edilmədi, əksinə, qadınlar haqqında daha ənənəvi təsəvvürlər dirçəldi. Bununla belə, qadınlar Azərbaycan elminin, demək olar ki, bütün sahələrində təmsil olunurlar.

Sirr deyil ki, Azərbaycanda elmi əməyin maaşı Qərb ölkələrinin əksəriyyətindəki anoloji sahələrdəki maaşdan kəskin fərqlənir. Amma belə bir qanunauyğunluq var: müəyyən əmək sahəsi nə qədər prestijli və yüksək maaşlı olursa, qadınlar bir o qədər oradan uzaqlaşdırılır. Elmlər Akademiyasında maaşların böyük hissəsinin aşağı olduğu nəzərə alınarsa, qadınların işçilərin xeyli hissəsini təşkil etməsini anlamaq olar. Amma psixoloq qeyd edir ki, bununla belə, qadın elmi işçilər yetərincə çox olsa da, direktorların və daha yüksəkvəzifəli şəxslərin səviyyəsində isə onların sayı həddindən azdır.

«Ölkəmizin paytaxtında təhsilli və işləyən qadınlarla müxtəlif söhbətlərimizdən mən gördüm ki, onlar cinsiyyətə görə ayrı-seçkilik hiss edib-etməmələri barədə verilən suala, adətən, «Yox» cavabını verirlər. Qanuna görə, bizdə həqiqətən hamı - qadınlar da, kişilər də bərabərdirlər. Amma problem ondadır ki, çoxları üçün kişilərlə müqayisədə qadınların «ikincidərəcəli» olması başadüşüləndir. Gündəlik həyatımızın çox cəhətləri qərbdə mütləq ayrı-seçkilik kimi qiymətləndirilə bilsə də, bizdə normal sayılır; məsələn, mən çox sayda qadın elmlər namizədi tanıyıram ki, ərə gedəndən sonra özlərini ailəyə həsr etdilər və elmi fəaliyyəti dayandırdılar», - deyə Axundzadə vurğulayır.

Cəmiyyətdə aparıcı olan baxışlara görə, bu, tamamilə doğru qadın bioqrafiyasıdır, axı hesab edilir ki, kişilərdən fərqli olaraq, qadın üçün iş elə də vacib deyil, daha vacib məsələ ailə və uşaqdır. Belə dürüm yalnız bizim cəmiyyətdə deyil, patriarxal dəyərlərin gücünü qoruduğu cəmiyyətlərdə də müşahidə edilir. Gender sosiologiyasına görə, qadınlar karyera pilləkəni ilə qalxan zaman «şüşə tavan”la rastlaşdıqları halda, kişilər əksinə, “şüşə eskalator”a minmiş olurlar. Bizim cəmiyətin bir çox dayanıqlı stereotipləri artıq «sakral» səviyyəyə qalxıb: «Əsrlərboyu belə olub», «Qadın ocağın qoruyucusudur», «Təbiət belə qurulub».

Bu və başqa mədəniyyət çərçivələri qadının seçiminə, onun dünyagörüşünə təsir göstərir, özünəinamdan məhrum edir. Humay xanım qeyd edir ki, gerçəklikdə biz «təbii» keyfiyyət saydığımız amillər sosial təzahürdən başqa bir şey deyil, yəni ictimai fikrin və ictimai mövqenin məhsuludur. Həm də əlbəttə ki, cəmiyyət insanın özü qədər qədimdir.

Amma ilk başdan cəmiyyətin ölmədən yaşama üsulu kimi yaranmış sosial normalar bizim şüuraltımıza və genlərimizə, demək olar ki, alışmayıb. Halbuki, çoxluq bunun əksini ehtimal edir. Genlər, ümumiyyətlə, ictimai ideyaların daşıyıcıları deyil. Sosioloq qeyd edir ki, istənilən elmi, tədqiqat işi ağıl, məntiq, rasional düşüncə qabiliyyəti tələb edir. Bu keyfiyyətləri yalnız kişilərə aid etmək, qadınlarda bunların istisna olduğunu düşünmək kökündən yanlışdır.



MƏSLƏHƏT GÖR:

509