26 Aprel 2024

Cümə, 09:43

SÖVDƏLƏŞMƏK OLAR

Azərbaycanın ticarət tərəfdaşları qarşılıqlı ticarət dövriyyəsinin artırılması üzrə səyləri dəstəkləməyə hazırdırlar

Müəllif:

01.03.2017

Azərbaycan hökumətinin builki iqttisadi siyasətinin başlıca iqtisadi mövzusunun yerli malların xaricə ixracının dəstəklənməsi olduğunu sanmaq daha doğru olardı. Bu istiqamətdə son qərar kimi, Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal ticarətdə bir xab kimi mövqelərinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi barədə fərmanını göstərmək olar. Əlverişlidir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları da qarşılıqlı ticarət dövriyyəsinin artırılması üzrə, hətta qarşılıqlı hesablaşmanın milli valyutaya keçirilməsinə qədər, bütün səyləri dəstəkləməyə hazırdırlar.

 

Rəqəmsal ticarət xabı

Artıq öncədən qeyd etdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işə salınmış www.azexport.az internet-portalı Azərbaycanın potensial ixracatçıları üçün ciddi alətə çevrilməyi vəd edir. www.azexport.az-un missiyası Azərbaycan mənşəli məhsullar haqqında məlumat hazırlamaq, onları xarici və daxili bazarlarda satmaq üçün əlverişli platformalarda yerləşdirməkdir.

Bu zaman resurs maksimum dərəcədə sadələşdirilib ki, ölkənin bütün regionlarında müxtəlif təhsil və bacarıqlara malik iş adamları ondan yararlana bilsin. Həmçinin, o, Alibaba tipli iri elektron ticarət meydançalarına çıxış imkanlarına malikdir ki, Azərbaycan üçün unikal olan bu imkan dünyanın istənilən yerindəki potensial alıcının Azərbaycan məhsullarına çıxışına şərait yaradır. Dövlət başçısının yeni fərmanına görə, dörd ay ərzində azexport.az-da "Azərbaycanın rəqəmsal ticarə xabı " (Digital Trade Hub of Azerbaijan) yaradılmalıdır. O, Azərbaycanda sahibkar kimi qeydiyyatdan keçmiş şəxslərə elektron formada sənədlər, həmçinin xarici biznes tərəfdaşlarla müqavilələr tərtib etmək və imzalmaq imkanı yaradacaq, həmçinin real vaxt rejimində transsərhəd elektron xidmətləri göstərmək üçün şərait yaradacaq. Bundan başqa, elektron ticarət qaydası ilə satılan malların ixracı üçün icazələrin verilməsi qaydası da maksimum sadələşdirilir.

Qeyd edək ki, azexport.az resursu orta və kiçik sahibkarların ixrac əməliyyatlarına cəlbi üzrə indiyə kimi boş olan yeri uğurla tutur ki, bu da sözügedən sahələrin inkişafının dəstəklənməsi üçün həddindən önəmlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, portalın yaradılması dünyada Azərbaycan məhsullarına tələbatı yetərincə artırıb. "Hər həftə bu portalın vasitəsilə bizə yerli məhsul üçün $10 mln.-a yaxın sifariş daxil olur. Bu, Azərbaycan məhsullarına yüksək marağı nümayiş etdirir", - deyə o vurğulayıb. Resursun işə salınmasından sonra keçən iki ay ərzində göstəricilərin təhlilinə əsasən Azərbaycan məhsulları üçün ən çox sifariş Çin, Rusiya, Ukrayna, Türkiyə, İran, bir sıra Avropa ölkələri və ərəb dövlətlərindən daxil olur. "Ən çox maraq qida və kənd təsərrüfatı məhsulları, müxtəlif növ içkilər və mebel doğurur. Bundan başqa, manatın məzənnəsinin dünya valyutalarına nisbətən aşağı düşməsi bir sıra məhsulların rəqabət qabiliyyətini artırıb. Əgər əvvəllər toyuq əti və yumurtası kimi məhsullara tələbat az idisə, indi bizə böyük sayda sifarişlər daxil olur", - deyə V. Qasımlı vurğulayır.

 

Valyuta ittifaqı

Sirr deyil ki, kənd təsərrüfatı məhsulları Azərbaycanın neftdənkənar ixracının əsasında durur. Buna görə, ticarət missiyalarının və görüşlərin çoxu onun sürətli artımının stimullaşdırılması məsələsinin ətrafında fokuslanır. Burada başlanğıc üçün qeyd edək ki, keçən ilin yekunlarına görə, Azərbaycanın əsas ticarət tərəfdaşı Türkiyə olub və dövriyyə $2,3 mlrd. təşkil edib. Bu, ümumi ticarət dövriyyəsinin 13,09%-inə bərabər olub, həmçinin ixrac və idxal, demək olar ki, bərabər paylara malik olub. Bu baxımdan, iki ölkənin yuxarı iqtisadi eşalon məmurlarının birgə ticarət layihələrində maraqlı olmalarının səbəbi tamamilə aydın görünür.

"Rusiya ilə münasibətlərdə bu yaxınlarda baş vermiş böhran Türkiyənin kənd təsərrüfatı ixracında problem yaratdı. Amma bu həm də bizim üçün dərs oldu ki, ixrac bazarları şaxələndirilməlidir. Bu gün Türkiyə Avropada ən iri kənd təsərrüfatı sahəsinə malikdir və sektorda $59,4 mlrd.-lıq məhsul istehsal edilir. Türkiyə 192 ölkəyə 1 680 adda $17 mlrd.-lıq kənd təsərrüfatı məhsulu ixrac edir. Amma bu rəqəmlər bizim üçün yetərli deyil və mən düşünürəm ki, Azərbaycanla birlikdə biz çox şey edə bilərik", - deyə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. Beləliklə, Türkiyə Azərbaycana üçüncü ölkələrə birgə kənd təsərrüfatı məhsulları ixracı təşkil etməyi təklif edir. Çelikin bildirdiyi kimi, Türkiyə Avropa və Yaxın Şərqə, Azərbaycan isə Rusiya və Orta Asiyaya çıxış imkanına malikdir, buna görə Ankara və Bakı arasında effektiv qarşılıqlı əlaqə qurmaq mümkündür. Türkiyə və Azərbaycanın əməkdaşlıq səviyyəsi üçüncü ölkələrin bazarlarında birlikdə fəaliyyət göstərməyə imkan yaradır. Ancaq preferensial, yəni imtiyazlı ticarət haqqında sazişin bağlanmasından sonra Azərbaycan və Türkiyənin ticari-iqtisadi münasibətlərində tamamilə yeni səhifə başlaya bilər. Türkiyənin elm, sənaye və texnologiyalar naziri Faruk Özlünün İstanbulda Türkiyə - Azərbaycan - Gürcüstan formatında keçirilmiş V biznes-forumda dediyi kimi, bu, Azərbaycanla-Türkiyə arasında milli valyutada qarşılıqlı ticarət həcmlərinin artımına gətirəcək. «2016-cı ildə Türkiyənin xarici ticarət əməliyyatlarının 6,5%-i milli valyutada aparılıb. Qarşılıqlı ticarətdə milli valyutaya keçilməsi biznesmenləri xarici maliyyə amillərindən və dolların məzənnəsinin dəyişməsindən xilas edəcək», - deyə o vurğlayıb. Qeyd edək ki, keçən ilin sonlarından Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması barədə danışıqlara başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Rusiya, İran və Çin liderlərinə bu ölkələrlə ticarət dövriyyəsinin milli valyutalarla aparılması barədə təkliflə müraciət edib. Onun sözlərinə görə, həmkarları onun təklifini dəstəkləyiblər.

 

Dollardan imtina

Ümumiyyətlə, ticarət tərəfdaşından bu cür təklifin gəlməsi ilk dəfə deyil. Başqa qonşu ölkələr - Rusiya və İran artıq neçə ildir ki, milli valyuta ilə qarşılıqlı hesablaşmaları genişləndirməyi və ümumi ticarət dövriyyəsində onların payını üstün vəziyyətə gətirməyi təklif edirlər. İran Mərkəzi Bankının bu yaxınlarda dolların rəsmi statistikada istifadə edilməsinin dayandırılması barədə verdiyi açıqlama İran və Azərbaycanın milli valyuta ilə hesablaşmaya keçməsi barədə təklifi gücləndirib. Çünki İran Mərkəzi Bankının başçısı Vəliullah Seyf bildirib ki, İran yeni ilin başlanğıcından (İran təqvimi ilə yeni il martın 20-dən başlayır) maliyyə və statistika hesabatlarında dolları başqa dünya valyutası ilə əvəz edə bilər, ya da hesablamalarda bir neçə valyutadan istfiadə oluna bilər.

Maliyyə dairələrində olan mənbə bildirir ki, Azərbaycan və İran arasında hesablaşmalarda milli valyutalara keçilməsi barədə müəyyən təklif protokolu mövcuddur, amma Bakı və Tehran arasındakı danışıqlar hələ konkret nəticələr verməyib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ildə İranla Azərbaycan arasından ticarət dövriyyəsi $210,76 mln. təşkil edib ki, bunun $49,68 mln.-u Azərbaycan məhsullarının İrana ixracı ilə bağlıdır.

Xarici ticarət əməliyyatları çərçivəsində Rusiya ilə qarşılıqlı hesablaşmalarda milli valyutadan artıq istifadə edilib, amma bu elə də nəzərəçarpacaq qədər olmayıb. Qeyd edək ki, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putin bütün MDB ölkələrinə Birlik fəzasında Amerika dollarının istifadəsindən imtina etməyə və qiymətləri yalnız milli valyutalarla təyin etməyə çağırmışdı. Amma hələ ki, bu ideyanın gerçəkləşdirilməsi üzrə real irəliləyiş yoxdur. Məsələ bundadır ki, bir sıra ekspertlər bu cür cəhdlərin yalnız siyasi gediş olduğunu düşünürlər. Belə düşünənlər müəyyən mənada haqlıdırlar, həqiətən MDB ölkələrinin heç birinin, hətta Rusiyanın belə valyutasının dollar, avro və başqa dünya valyutaları qədər çəkisi və möhkəmliyi yoxdur. Bu gün həmin valyutların məzənnəsi bütünlükdə onların dollara və avroya qarşı dəyişməsi əsasında müəyyən edilir. Uyğun olaraq, hələ ki, dünya valyutalarına bağlanmadan milli valyutalarda qarşılıq hesablaşmaların işlək mexanizmini təsəvvür etmək çətindir.

Həmçinin, bu gün Azərbaycanın əsas ixrac məhsulu neftdir və o da dollara satılır, yəni ölkənin ticarət dövriyyəsinin valyuta səbətinin əsas təşkiledicisi kimi Amerika valyutası çıxış edir. Ölkənin pul-kredit siyasəti və valyuta bazarında məzənnə dəyişiklikləri məhz bu amilə əsaslanır. Mənzərənin önəmli şəkildə dəyişdirilməsi məhz bu sahədə köklü islahatlar tələb edir.

Başqa tərəfdən, ekspertlər hesab edir ki, milli valyutalarda qarşılıqlı hesablaşmalara savadlı keçid dollardan asılılığı yetərincə azaldar və Azərbaycan manatını gücləndirər. Amma bu, yalnız neftdənkənar ticarət dövriyyəsinin enerji resurslarının ticarəti ilə ayaqlaşmasından sonra mümkün ola bilər. Buna görə, bu cür keçidlər çox dəqiq təhlil və proqnozlaşdırma tələb edir. Əsas odur ki, Azərbaycan qarşısında duran bir nömrəli problemin öhdəsindən gələ bilsin və neftdən kənar məhsulların ixrac satışlarını ciddi şəkildə artırmağa nail olsin.


MƏSLƏHƏT GÖR:

405