11 May 2024

Şənbə, 07:16

«MİLLİ HƏMRƏYLİK» KÜRSÜSÜ

Serj Sarqsyan ölkəni Baş nazir postundan idarə etməsi üçün baza hazırlayır

Müəllif:

01.07.2017

Ermənistanda hökumət formalaşdırıldı və bununla da hələ 2015-ci ilin sonlarında başlanmış və bitmək bilməyən siyasi proseslər başa çatdı. Xatırladaq ki, 2018-ci ildən ölkədə Prezident Respublikasının Parlament Respublikası ilə əvəzlənməsini nəzərdə tutan Konstitusiya referendumu məhz o zaman keçirilmişdi. Hakimiyyət bu addımı nə qədər dövlət institutlarının təkmilləşdirilməsi, demokratiya və şəffaflığın təmini cəhdi kimi təqdim etsə də, əsas məqsəd aydındır: Prezident Serj Sarqsyan səlahiyyət müddətinin bitimindən sonra da hakimiyyətdə qalmağa çalışır. Əslində, Sarqsyanın hakimiyyət problemi olmamalıdır - daxili siyasi meydanda hakim Respublika Partiyası (ERP) praktik olaraq, Erməni Milli Konqresinin (EMK) simasında əsas rəqibini məhv edib. Referendum, parlament seçkisi və İrəvanın meri postuna seçki isə heç bir çətinlik yaratmayıb. Bu gün əminliklə demək olar ki, Ermənistanda sistemli müxalifət yoxdur, parlamentdəki fraksiyalar isə «cib partiyaları»ndan formalaşıb.

Güman olunduğu kimi, Sarqsyan, yəqin ki, ölkəni Baş nazir kürsüsündən idarə edəcək. Bununla yanaşı, erməni ictimaiyyətinin beyninə «milli həmrəylik hökuməti» ifadəsi yeridilməkdədir. Bu barədə Sarqsyan hələ ötən yay, terrorçu «Sasna srer» qruplaşmasının tərk-silah edilməsindən sonra danışırdı. Guya bu layihə hakim partiyanın iştirakı və hətta təşəbbüsü olmadan reallaşır. Bu məsələ barədə hakim partiyanın yox, parlamentdəki opponentlərinin (əslində, müttəfiqlərinin) danışması da təsadüf deyildi. Hələ seçkidən əvvəl, «daşnaksutyun» təmsilçisi Armen Rustamyan deyirdi ki, 2018-ci ildə Serj Sarqsyan Baş nazir olarsa, onlar buna dəstək verəcək. Parlamentdə yer almış digər qüvvə - «Sarukyanın bloku» da Sarqsyanın Baş nazir vəzifəsini tutmasına etiraz etmir. Bunu blokun təmsilçisi Vardan Bostancyan bildirib. Bu iki mövqe bir-birindən o qədər də fərqlənmir və bu, təəccüblü deyil. «Daşnaksutyun» hakim partiyanın müttəfiqidir, «Sarukyanın bloku» isə özünü mötədil müxalifət kimi qələmə verməyə çalışır və bu, çoxlarında gülüş doğurur.

Beləliklə, Ermənistan hakimiyyəti və şəxsən Sarqsyan iki problemi birdən həll edə bilər. Birincisi, miqyasına görə «milli birlik» sayılacaq «səhnəarxası çoxluq» yaranır. İkincisi, hakim klan daxilində kimsə oyun qaydalarını dəyişməyə cəhd göstərsə, iqtidar asanlıqla «alternativ dəstək» tapa biləcək. Bunu nəzərə alaraq demək olar ki, Sarqsyan üçün əsas təhlükə yalnız klandaxili mübarizə sayılmalıdır. Onun 2018-ci ildən sonra ölkəyə Baş nazir kimi rəhbərlik etmək planına məhz bu qüvvələr mane ola bilər. Odur ki, Sarqsyan aparıcı vəzifələrə özünün ən etibarlı adamlarını təyin etmək niyyətindədir.

Ermənistan KİV-də, artıq 2018-ci ildə Sarqsyanın prezidentlik kürsüsünü kimə ötürəcəyinə dair xəbərlər yayılıb. Bu, Konstitusiya Məhkəməsinin sədri Qagik Arutyunyandır. Arutyunyan seçimi tamamilə anlaşılandır. Məsələ ondadır ki, 2004 və 2008-ci illərin prezident seçkiləri zamanı Robert Koçaryan və Serj Sarqsyana, məhz Arutyunyan inanılmaz dəstək olub. Gələn il 70 yaşı tamam olacaq Qagik Arutyunyan bu üzdən hazırkı vəzifəsində qala bilməyəcək. Odur ki, Sarqsyanın təklifi ilə Ermənistan Prezidenti kürsüsünü, məhz Arutyunyanın tutacağı ehtimalı böyükdür.

Parlamentin spikeri postu, tibb elmləri doktoru, uroloq-pediatr Ara Babloyana qismət olub. Bu, Ermənistanda çoxlarını, yumşaq desək, təəccübləndirib. Səbəb, Babloyanın adının bu vəzifəyə namizədlər arasında ümumiyyətlə çəkilməməsi idi. Spikerliyə əsas namizəd hakim partiyadan deputat, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı Karen Karapetyan (hazırkı Baş nazirin adaşı) sayılırdı. Seçim isə Babloyanın xeyrinə oldu. İndi, Parlament Respublikasının qanunverici orqanına heç bir xüsusi maraq doğurmayan bu fiqur başçılıq edəcək. Onun əsas uğuru Prezident Sarqsyana tam loyal olmasıdır. Ermənistan hökumətinin nəzarətində olan KİV bu hadisəni, guya, Karen Karapetyanın özünün spiker olmaq istəməməsi ilə əsaslandırır. Əslində isə Babloyanın seçilməsi hakim sinif daxilində «daxili təmizləmə» prosesinin tərkib hissəsidir. Belə təmizləmənin aparılacağı hələ martda elan olunmuşdu. Adı heç bir korrupsiya qalmaqalında çəkilməyən Babloyanın isə oliqarxların dairəsinə yaxın olmadığı bəllidir. Amma faktlar ortaya fərqli məqamları çıxarır.

Birincisi, heç bir «daxili təmizləmə»dən söhbət gedə bilməz. Altıncı çağırış Ermənistan Parlamentinin tərkibinə nəzər salsaq, onun əvvəlkilərdən çox az fərqləndiyini görə bilərik. Yalnız 2 deputatın - generallar, keçmiş səhra komandirləri və hərbi cinayətkarlar Seyran Saroyan ilə Manvel Qriqoryanın adlarını çəkmək kifayətdir. Erməni mətbuatının məlumatına görə, qadın deputatlar bu iki mənfur şəxsdən uzaq oturmaq istəyir - onlar hər iclasda qışqırır, çıxış edənlərin sözünü nalayiq ifadələrlə kəsir.

Yeni spikerin «təmiz əlləri»nə gəlincə, yalnız onu qeyd edək ki, Babloyan səhiyyə sahəsində əsas oliqarxlardan biridir. Uronefrologiya və Uşaq Cərrahiyyəsi Mərkəzi, həmçinin uşaq və yeniyetmələrin sağlamlığı institutu - «Arabkir» tibb kompleksi məhz bu şəxsə məxsusdur. Onu bu sahədəki nüfuzuna görə, az qala, sabiq Prezident Robert Koçaryanın xanımı Bella Koçaryan, yaxud sabiq Müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryan ilə müqayisə etmək olar.

Qeyd edildiyi kimi, Sarqsyan parlamentin spikeri postunun Karen Karapetyana yox, məhz Babloyana həvalə edilməsini istəyib. Səbəb, Karapetyan qardaşlarının Ermənistanın hazırkı Baş naziri Karen Karapetyan ilə sıx münasibətləridir. Sarqsyanın siyasi gələcəyi üçün əsas təhlükə də məhz buradan gəlir.

Bu gün Ermənistanın ekspertlər çevrəsində hakimiyyətdaxili qarşıdurmadan danışılan zaman, əsasən, Prezidentin tərəfdarları ilə Karapetyan qardaşları, həmçinin onlarla eyni soyadın daşıyıcısı olan Baş nazir arasındakı münaqişədən söz açılır. Yerli mətbuat yazır ki, Ermənistanın gələcəyi ilə bağlı Karapetyan qruplaşmasının öz planları var. Hökumət başçısı 2018-ci ildən sonra, yəni Sarqsyanın prezidentlik müddətinin başa çatması ilə vəzifədən getmək niyyətində olmadığını artıq dilə gətirib. Bu, Sarqsyanın bütün planlarını poza bilər. Bununla yanaşı, onu da qeyd edək ki, sözügedən qruplaşmanın himayədarı olan Samvel Karapetyan Ermənistanda, ümumilikdə, müsbət imicə malikdir. O, Ermənistandakı fəaliyyətini getdikcə artırmaqdadır.

Hazırda bütün bu hadisələr getməli olan, lakin getmək istəməyən prezidentlə öz postunda gələn ilin aprelindən sonra da qalmağı arzulayan Baş nazir arasındakı qarşıdurma fonunda cərəyan edir.

Yeri gəlmişkən, Karapetyan ilə «daşnaksutyun» partiyası arasında münasibətlər həmişə pis olub. «Daşnaksutyun», artıq 100 ildən çoxdur ki, başqaları üçün çirkli işlər görməklə məşğuldur. Buna görə isə ənənəvi olaraq, «sevimli erməni xalqı» zülm çəkməli olub. Böyük ehtimalla, daşnaklar bu dəfə də Sarqsyanın əlində Karapetyana qarşı silaha çevriləcək. Digər belə silah isə biznesmen, Rusiya Erməniləri İttifaqı ictimai təşkilatının prezidenti Ara Abramyan ola bilər. O, Karapetyanlarla çoxdan rəqabət aparır. Ara Abramyan, artıq əlaltıları vasitəsilə Baş nazirin ünvanına bir sıra tənqid səsləndirib.

Bütün bunlarla yanaşı, Sarqsyan qrupunun əlində Karapetyana qarşı əsas “kozır” ölkədə iqtisadi vəziyyətin pisləşməsidir. Xatırladaq ki, bu ilin əvvəlində sonuncunun təşəbbüsü ilə «Ermənistanın investorlar klubu» investisiya fondu yaradılıb. Erməniəsilli Rusiya biznesmenləri Ermənistan hökuməti ilə birlikdə fondun biznes layihələrində iştiraka dair deklarasiyanı qəbul edib. Beləliklə, xaricdən külli miqdarda investisiyanın gələcəyi, ölkədə dərin siyasi və iqtisadi islahatların aparılacağı haqqında vədlər hakim partiyanın əsas seçkiqabağı proqramı olub. Partiyanın əsas siması kimi isə o zaman, məhz Baş nazir Karapetyan çıxış edirdi. Biz hələ o günlərdə yazırdıq ki, Ermənistana vəd olunan «qızıl çayları» axmayacaq, gənc islahatçı Karapetyanın təbliği isə gələcəkdə ölkənin hakim elitası üçün problemə çevriləcək. Onun öz oyununu oynamağa başlaya biləcəyi hələ o zaman hiss olunurdu. Görünən odur ki, belə də olub.

«Yaxın illərdə Ermənistana 3,2 milyard dollar investisiya gələcəyini gözləyirik. Onun 850 milyonu, artıq bu il gəlməlidir», - deyə Karapetyan martın 11-də seçkiqabağı kampaniya çərçivəsində etdiyi çıxışında bildirirdi: «Biz bacaracağımız işi vəd edirik».

Reallıq isə fərqlidir. Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ilin ilk rübündə ölkəyə birbaşa xarici investisiyaların həcmi, təxminən, 41 milyon dollar təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 10 milyon dollar çoxdur. Əvəzində, əsasən, ofşor zonalardan gələn vəsaitin həcmində artım var. Üstəlik, ilin ilk rübü ərzində Ermənistandan 15,6 milyon dollarlıq kapital axını qeydə alınıb. 2016-cı ilin hesabat dövründə bu rəqəm 3,5 milyon olub.

Xüsusilə, Rusiyadan fərdi pul köçürmələri sahəsində də vəziyyət çox pisdir; məsələn, bu ilin martında ölkəyə 127 milyon dram daxil olub. Apreldə bu, 109 milyon drama düşüb. İqtisadçı Vahan Xaçatryan əmindir ki, martdakı pul köçürmələrində məqsəd parlament seçkisi ərəfəsində hakimiyyətin təbliğatının effektivliyini artırmaq olub. «Elə həmin aprel ayında ölkədən 86 milyon dollar çıxarılıb. Niyə bu barədə heç kəs danışmır?! Halbuki, 2007-ci ildən bu yana belə rekord göstərici olmamışdı. Demək, investorlar ölkə rəhbərliyinə inanmır və Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan çəkinir», - deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

Digər mütəxəssis Ayka Gevorkyan hesab edir ki, erməniəsilli Rusiya biznesmenləri, sadəcə, 2008-ci ildə olduğu kimi, bu dəfə də hökumətə kələk gəlib. 2008-ci ildə də onlar investisiyalar vəd etmiş, hətta konkret rəqəm söyləmişdi - 500 milyon dollar - bu vəsait isə hələ də gəlib çıxmayıb.

Prinsipcə, ağıllı insanlar hələ ilin əvvəlində Ermənistana qısa zamanda «milyonlarla» investisiyanın gələcəyinə inanmırdı. Sadəcə, məsələ ondadır ki, Ermənistanın hökumətpərəst mətbuatı hadisələrin bu cür gedişatını «Baş nazirin siyasətinin iflası» kimi təqdim edir. Sarqsyan klanının Karapetyanı tezliklə istefaya getməyə məcbur edəcəyi barədə xəbərlər dolaşır. Bu «bombardman»a başqa siyasətçilər də qoşulub və maraqlıdır ki, onlar heç də hakimiyyəti təmsil etmir; məsələn, «Çıxış» fraksiyasından olan deputat Edmon Marukyan «Azadlıq» radiosuna müsahibəsində Karapetyanın 2018-ci ilin yazında istefaya gedəcəyini proqnozlaşdırıb. Proqnozun nəyə əsaslandığına dair sual cavabında parlamentari siyasi baxımdan «çox tutarlı» arqument gətirib: «Məndə belə təəssürat yaranıb». Bununla yanaşı, islahatların iflasında, investisiya axınının baş tutmamasında, ilk növbədə, Sarqsyanı dəstəkləyən və bütün mümkün vasitələrlə Karapetyana mane olmağa çalışan kriminal oliqarx qrupların günahkar olduğunu nə hökumətpərəst KİV, nə də «təəssüratlı» siyasi falçılar etiraf edir.

Göründüyü kimi, Sarqsyan Karapetyan üzərində tərəfdarları baxımından son dərəcə ciddi üstünlüyə malikdir. Buraya psevdomüxalifətçilər, oliqarx qrupları və s. daxildir. Beləliklə, öz adamlarını yüksək inzibati və hakimiyyət strukturlarına yerləşdirən Sarqsyan bu qarşıdurmada mütləq qalib kimi görünür. Amma o, bunadək Karen Karapetyanın harada işlədiyini unutmamalıdır. O, Moskvada, «Qazprom»da işləyib və Karapetyan qardaşları ilə sıx təmasdadır.

Hər halda, Ermənistanın gələcəyi ilə bağlı son sözü Moskvanın deyəcəyinə heç kəs şübhə etmir. Odur ki, Sarqsyan-Karapetyan qarşıdurmasının nə ilə bitəcəyi barədə fikir söyləmək hələ tezdir.



MƏSLƏHƏT GÖR:

386