26 Aprel 2024

Cümə, 11:10

HƏR MANAT HESABDADIR

Azərbaycan Hesablama Palatasının dövlət xərclərinin optimallaşdırılması üzrə fəaliyyətinin miqyası yetərincə artıb

Müəllif:

15.09.2017

Son illərin iqtisadi gerçəklikləri Azərbaycan üçün köklü radikal iqtisadi islahatların zəruriliyini alternativsiz edib. Bunun əsas tələbi, investisiya vektorunu rəqabətədavamlı və ixracyönümlü qeyri-neft bölməsinin formalaşmasına yönəltməkdir. Ancaq yeni iqtisadi kurs dövlətin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə azalması fonunda həyata keçirilir. 

Bununla əlaqədar Azərbaycan Hökuməti dövlət maliyyə nəzarəti mexanizmlərini əhəmiyyətli dərəcədə gücləndirərək, artıq üçüncü ildir ki, büdcə vəsaitlərinə ciddi qənaət rejimini həyata keçirir. Bu sahədə işlərin vəziyyəti MDB dövlətlərinin Ali Maliyyə Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən 17-ci sessiyasında müzakirə olunub. 

Artıq üçüncü ildir ki, davam edən enerji böhranının və büdcə gəlirlərinin nəzərəçarpacaq dərəcədə azalmasının fonunda Azərbaycan da bir sıra MDB ölkələri kimi, milli valyutanın devalvasiyası ilə üzləşib. Nəticədə, bu, kreditlərin ödənilməməsi və bank böhranı üçün katalizator rolunu oynadı, inflyasiya templərinin artmasına, tikinti sektorunda və qeyri-neft iqtisadiyyatının bir sıra digər sahələrində azalmaya səbəb oldu. 

Bu proseslərin səbəb olduğu maliyyə disbalansını aradan qaldırmaq üçün hökumət maliyyə tənzimləmə qaydalarını sərtləşdirməyə və büdcə xərclərinin strukturunu yenidən nəzərdən keçirməyə məcbur oldu. Büdcə qənaətinin daha bir vacib bir istiqaməti isə dövlət vəsaitlərinin xərclənməsi üzərində maliyyə nəzarətinin ardıcıl şəkildə gücləndirilməsi olub. 

Azərbaycan Prezidenti İlham Əliyev MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçıları ilə görüş zamanı bildirib ki, MDB ölkələri keçid və islahatlar dövründə demək olar, eyni problemlərlə üzləşiblər. Onun sözlərinə görə, son illərdə dünyada müşahidə edilən iqtisadi və maliyyə böhranları ilə bağlı proseslər dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bu baxımdan, MDB ölkələrinin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür. 

Azərbaycanda bununla Hesablama Palatası - ölkənin əsas audit orqanı məşğul olur və dövlət maliyyələşməsinin xərclənməsi sahəsində hesabatlılığı və şəffaflığı təmin edir. Böhran dövründə Palatanın fəaliyyətinin miqyası əhəmiyyətli dərəcədə artıb ki, monitorinq fəaliyyətinin əhatə etdiyi dövlət vəsaitlərinin artması da bundan xəbər verir.

"Məsələn, 2014-cü ildən 2016-cı ilədək Palatanın nəzarət fəaliyyəti illər üzrə uyğun olaraq, 3,5 milyard, 4,2 milyard və 5,6 milyard manat vəsaiti əhatə edib. Bizim məqsədimiz dövlət büdcəsinin nəzarət altında saxlanılması səviyyəsində dövlət xərclərinin və maliyyə hesabatlılığının qiymətləndirilməsi üzrə hesabatda (PEFA) göstərilən minimal göstəriciyə (50%) nail olmaqdır və bu göstəricini keçməkdir", - deyə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. 

Onun sözlərinə görə, Palata digər ölkələrin, xüsusilə Rusiya və Qazaxıstanın təcrübəsinin təhlili əsasında öz məlumat bazasını işləyib, müvafiq qanunvericilik aktları əsasında pozuntuları və nöqsanları qruplaşdırıb. Bunlar büdcə qanunvericiliyi sahəsini, kapital qoyuluşları (tikinti) sahəsində hüquqi normaları, dövlət mülkiyyəti sahəsini, dövlət büdcəsi gəlirləri və dövlət borcunun hesablanması, toplanması və ödənilməsini, mühasibat uçotu və hesbatlılığı sahəsini, o cümlədən büdcədənkənar fondları, sosial təminat və sosial müdafiə sahələrini əhatə edir. 

Nəticələrə görə, 2016-cı il üzrə 825 halda pozuntu və çatışmazlıqlar olduğu aşkar edilib. Onlar daha çox əsaslı təmir və tikinti işlərinin yerinə yetirilməsi, mühasibat uçotunun təşkili və hesabatlılığın təmini, büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsi, eləcə də dövlət satınalmaları və kapital qoyuluşu proseslərini tənzimləyən normativ aktların pozulması ilə bağlıdır.

Dövlət satınalmalarının Azərbaycanın dövlət büdcəsinin bütün xərclərinin təxminən 30% -ni təşkil etdiyini nəzərə alsaq, sonuncu çox vacib məsələdir,

Dövlət büdcəsindən maliyyələşdirilən strukturlarda dövlət satınalmalarının gerçəkləşdirilməsi zamanı rast gəlinən çatışmazlıqlar da xarakterikdir. Satınalma prosedurlarının yerinə yetirilməməsi və ya satınalma metodunun dəyişdirilməsi bir tərəfdən, vəsaitlərin səmərəsiz istifadəsi üçün yol açır, digər tərəfdən, korrupsiya üçün əlverişli şərait yaradır. 

Gələcəkdə Azərbaycan Hesablama Palatası üç il bundan əvvəl başladığı səylərini öz fəaliyyətini optimallaşdırmağa və sistemləşdirməyə yönəldəcək. "O cümlədən, Palata 2018-2020-ci illər üçün yeni strateji inkişaf planının hazırlanmasına başlayıb: Bu sənəd konkret məqsədləri, həmçinin müəyyən edilmiş məqsədlərə nail olma dərəcəsini qiymətləndirməyə imkan verən meyarları müəyyən edəcək", - deyə V.Gülməmmədov bildirib. 

Azərbaycan Hesablama Palatasının fəaliyyəti sərf olunan büdcə vəsaitlərinin idarə olunması sahəsində nə dərəcədə effektivdir? 

V. Gülməmmədovun sözlərinə görə, Azərbaycan Hesablama Palatası tərəfindən dövlət büdcəsinə bərpaolunan vəsaitlər bu strukturun saxlanılması xərclərini bir neçə dəfə üstələyir. " 2014-2016-ci illərdə dövlət büdcəsinə 30,2 mln. manat qaytarılması təmin edilib. Hesablama Palatasının saxlanmasına isə hər il 3,1 milyon manat xərclənib. Yəni qaytarılmış məbləğ bundan 2,8-3,4 dəfə çoxdur. Əgər biz həyata keçirilmiş tədbirlərin maddi dəyərini bərpaolunan pul vəsaitlərinin həcminə əlavə etsək, həmçinin maddi xərclərin azaldılmasını qeyd etsək, bu fərq daha da artar", - deyə Gülməmmədov vurğulayıb. 

İnformasiya bazasının göstəricilərinin təhlili göstərir ki, Hesablama Palatasının tələblərinə riayət eləmə dərəcəsi 95%-i keçir, yerinə yetirilməmələr icra üçün müəyyən vaxt tələb edən bəndlərlə bağlıdır. 

Müsbət məqam kimi, bu sənədlərin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə normativ bazanın təhlili və təkliflərin hazırlanması üzrə Palatanın fəaliyyətini aid etmək ola bilər. Xüsusilə, hər il palata boşluqlar və qanunvericiliyə uyğunsuzluqlar barədə hökumətə təkliflər paketi təqdim edir: ümumiyyətlə, 100-dən çox təklif təqdim olunub və onların böyük hissəsi əsasında qanunvericiliyə dəyişikliklər edilib, bir neçə yeni qanun hazırlanıb. 

Beləliklə, ölkənin nəzarət ən yüksək qurumu olan Azərbaycan Hesablama Palatası dövlət maliyyə nəzarəti sistemində mühüm rol oynayır və dövlət vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsini təmin etmək üçün önəmli elementidir. Eyni zamanda, palatanın funksiyalarını və səlahiyyətləri genişləndirmək, onun kadr və texnika potensialını gücləndirmək, dövlət orqanlarında auditor yoxlaması ona "təsir alətləri" və güc vermək üçün bir çox imkanlar var. 

Azərbaycan Milli Məclisinin deputatları hesab edirlər ki, maliyyə nəzarətinin gücləndirilməsinə ehtiyac çox yüksəkdir. "Qanunun pozulması, müxtəlif sahələrdə maliyyə pozuntuları büdcəyə böyük ziyan vurur. Vəsaitlərin geri qaytarılması əsas şərtlərdən biridir: cəza nə qədər sərt olursa-olsun, maliyyə vəsaitlərinin qaytarılmaması halında heç bir mənası yoxdur. Bu baxımdan, Azərbaycan Hesablama Palatasının səlahiyyətlərini genişləndirmək lazımdır ", - deyə deputat Siyavuş Novruzov bildirib. 

Bəzi millət vəkillərinə görə, Hesablama Palatasının audit zamanı aşkar olunan pozuntuların düzəldilməsinə, hər şeydən öncə, itirilən büdcə pullarının geri qaytarılmasına (kompensasiyasına) nəzarət etməsi üçün ona daha genih səlahiyyətlər verilməlidir. 

Bundan başqa, Palatanın dövlət büdcədənkənar fondlarının auditi, həmçinin xarici iqtisadi fəaliyyətin auditinin aparılması ilə bağlı imkanları genişləndirilməlidir. 

Bu mənada Rusiyanın təcrübəsi diqqəti çəkir. Bu ilin fevralında Rusiya Federasiyası Hesablama Palatasının səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanun təsdiq olunub. Auditorlar Palatası funksiyalarının digər genişləndirilmələri sırasına dövlətin büdcədənkənar fondlarının büdcələrinin auditi, eləcə də dövlət müqavilələrinin şərtlərinə əməl edilməsinə (xarici ticarət fəaliyyətinə) xarici dövlət auditinin gerçəkləşdirilməsi funksiyalarının genşləndirilməsi daxildir. 

Eyni zamanda, yeni qanuna əsasən, Rusiyada auditorların sui-istifadəsi və vəzifələrini düzgün yerinə yetirməməsi üzrə məsuliyyət nəzərdə tutulub. 

Belə görünür ki, Azərbaycanda qonşu ölkənin təcrübəsini öyrənməyi faydalı sayırlar. "Azərbaycan və Rusiya hesablama palataları 2018-2021-ci illər üzrə əməkdaşlıq proqramı qəbul edəcəklər: bu proqram iki ölkənin hesablama palatalarının birgə yoxlama tədbirləri keçirməsini əhatə edəcək. 2015-ci ildə biz Azərbaycandan olan həmkarlarımızla əməkdaşlığa dair saziş imzaladıq. Biz yalnız öz təcrübələrimizi bölüşmək deyil, həm də birgə paralel yoxlama tədbirləri keçirmək imkanına malikik. Bizim artıq Xəzər dənizində belə bir təcrübəmiz var ", - deyə Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova bildirib. 

Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsindən danışanda, Avropa ölkələrinin və bir sıra post-sovet ölkələrinin təcrübəsinə  müraciət etmək daha məsləhətli olardı. Bu ölkələrdə ali audit qurumları vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirlər, həmçinin dövlət maliyyəsinin bütün istiqamətlərini audit etmək hüququna mailkdirlər. Eləcə də arbitraj funksiyaları yerinə yetirir və konsaltinq xidmətləri təmin etmək hüququna malikdirlər. 

Avropanın və bir sıra xarici ölkələrin maliyyə nəzarəti strukturları öz fəaliyyətlərini Lima Bəyannaməsinin prinsipləri əsasında həyata keçirməyə can atırlar. Bu bəyannamənin baza prinsipi audit təşkilatlarının nəzarət etdikləri təşkilatlardan tam müstəqilliyidir. Həmçinin audit təşkilatı kənar təsirlərdən müdafiə olunmalı, nəzarət orqanları üzvlərinin tam müstəqilliyi təmin edilməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın müsbət xarici təcrübəni mənimsəməsi əsas məqsədə - dövlət auditin aparılması zamanı maksimum səmərəliliyi və şəffaflığı təmin etməyə imkan yaradar.



MƏSLƏHƏT GÖR:

388