26 Aprel 2024

Cümə, 07:31

ETİMAD DƏRƏCƏSİ

Azərbaycan bankları bir tərəfdən depozit bazasının bərpası üçün, digər tərəfdən kredit çantasını canlandırmaq üçün yollar axtarırlar

Müəllif:

01.12.2017

Ötən il Azərbaycanın bank sektorunda baş vermiş sarsıntılar 2017-ci ildə də bazarı müəyyən dərəcədə titrətməyə davam etdi. Bir sıra bankların, demək olar ki, qəfil bağlanması, öz əmanətçiləri ilə məhkəmə çəkişmələri, əhalinin bazara etimadını inanılmaz səviyyədə aşağı saldı, həmçinin bazar iştirakçılarının özlərini və tənzimləyiciləri potensial risklərin qarşısını almaq üçün gücləndirilmiş tədbir görməyə məcbur etdi. Nəticədə, başa çatmaqda olan il bank sektoru üçün gözləmə və yeni şəraitdə sağ qalma ili oldu. Amma əsas mövzusu "Bank sisteminin yeni inkişaf dövrünə uyğunlaşdırılması" olan II Bank Forumunun iştirakçıları əmindirlər ki, daha bir sıra islahatlar aparılarsa, yerli bankların "ikinci nəfəs"i açılacaq.

 

Sirli birləşmə

Beləliklə, bankirlər və bazarın tənzimləyiciləri hesab edirlər ki, mövcud vəziyyətə uyğunlaşa biliblər. O cümlədən Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev forumda bildirib ki, bu ilin ilk 9 ayında bankların aktivləri 17%, kredit portfeli 25%, manat depozitləri 12% azalıb. Eyni zamanda ölkə bazarında fəaliyyət göstərən 31 bankın xalis mənfəəti 480 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) icraçı direktoru İbrahim Alışov bildirib ki, artıq bank sektoru 2015-2016-cı illərdə yaşadığı şok və problemləri arxada qoyub. Hər şeyin günahı isə 2014-cü ilin ikinci yarısından düşməyə başlayan neft qiymətlərinin yaratdığı böhrandır ki, bunun nəticəsində 2015-ci ildə manat 2 dəfə dəyər itirdi ki, bu da maliyyə və bank sistemində problemlərə gətirib çıxardı. "Nəticədə, banklar kapitallarının 60%-ni itirmiş oldular, kifayət qədər kapital səviyyəsinə malik olmayan 5 bankın lisenziyası ləğv edilib, ümumilikdə 2016-cı ildə bazarı 11 bank tərk etdi", - deyə İ.Alışov bildirib.

Onun müavini, MBNP-nin strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov əlavə edib ki, Azərbaycanın 10 bankında kapitalla bağlı problem var, lakin 2017-ci ilin sonuna qədər bu bankların kapitallaşması proqramı başa çatacaq. Onun sözlərinə görə, bu proqram çərçivəsində kapitalın artırılmasına 1 milyard manat yönəlib.

 "Yalnız 2017-ci ildə problemli bankların səhmdar kapitalına yatırımlar 834 milyon manat təşkil edib. Bunun hesabına bankların ümumi kapitallaşması bu gün 3 milyard manatı ötüb, Azərbaycanın bank sisteminin kapital adekvatlığı əmsalı isə 13%-i ötüb, minimum tələb isə 10%-dir", - deyə Zülfüqarov bildirib.

Bazar iştirakçılarının dediyinə görə, məhz bu sözügedən kapitallaşma bankların konsolidasiyası ətrafında başlayan ajiotajın əsas səbəbidir. Rəsmi sənədlər hələ imzalanmasa da, mətbuat bank dairələrinin daxili mənbələrinə istinad edərək, mümkün birləşmələrin olduqca maraq doğuran variantlarından yazır və bu, əlbəttə ki, bankların özləri tərəfindən dərhal təkzib edilir. Yerli bankirlərdən birinin dediyi kimi, belə məlumatlar müştərilərin banka etibarını ciddi şəkildə zədələyə bilər, buna görə bankirlər sözlərini diqqətlə seçirlər və konsolidasiya ilə bağlı hər hansı bir suala şərh verməkdən imtina edirlər. Aydındır ki, problemli 10 bankın adı da ictimaiyyətə açıqlanmır, yoxsa onları da vaxtından əvvəl müflis elan etmək lazım gələrdi.

 

Əvəzsiz və nəzarətsiz

Bununla yanaşı, MBNP-nin şəxsində bazar tənzimləyiciləri bildirirlər ki, bu il ev təsərrüfatlarının depozitlərinin bank sistemindən elə də kiçik olmayan axın meylinin qarşısını almaq mümkün olub. Əgər 2016-cı ilin 10 ayı ərzində əhalinin bank əmanətləri 22% azalmışdırsa, 2017-ci ildə azalma 2,4% təşkil edib. Eyni zamanda son 7 ay ərzində əhalinin banklardakı əmanətləri 361 milyon manat artıb və bu ilin oktyabr ayının sonuna onların həcmi 7,3 milyard manat səviyyəsində qiymətləndirilir.

Bununla yanaşı, bu müsbət meyli korlayan bir məsələ var ki, lisenziyaların ləğvi ilə əlaqədar 2016-cı ildə bağlanmış 11 bankın əmanətçiləri hələ də toplam 748 milyon manat təşkil edən sığortalı əmanətləri üzrə kompensasiya ala bilməyiblər. Yəni banklar bu il keçən il itirdikləri sığortalı depozitlərin yarısını belə geri cəlb edə bilməyiblər.

Bu da sirr deyil ki, potensial əmanətçilər, demək olar ki, hər gün bağlanmış bəzi bankların rəhbərlərinin açıq cinayət əməlləri ilə bağlı məlumatlarla rastlaşırlar. Keçmiş «Bank Standard»ın kredit portfelinin 41%-nin sıfır faizlə "paylanması" barədə məlumatlar dəhşət doğurur! Bununla bağlı, ekspertlərdən biri çox yerində replika verdi ki, hətta İslam bankçılığında göstərilən xidmət qarşılığında ən azı komissiya haqqı tələb edilir... Təəssüflər olsun ki, bankın fəaliyyətinin son illər audit yoxlamadan keçirilməməsinin və bu cür açıq-aşkar pozuntuların tənzimləyicilər və ictimaiyyət tərəfindən görülməməsinin səbəbləri barədə edilən sorğulara cavab alına bilmədi.

Sektorun daha bir "qanlı yarası" - Azərbaycan Beynəlxalq Bankının (ABB) (aktivlər üzrə) bazar payının 41%-dən 27%-ə enməsidir. İ.Alışovun sözlərinə görə, ABB-nin sağlamlaşdırılmasının son mərhələsinə başlanıb. "Bu il, bunun bir hissəsi olaraq, ABB-nin 4,3 milyard manatlıq toksik aktivləri "Aqrarkredit" QSC-yə verildi. Planlaşdırıldığı kimi, 2018-ci ildə bank özəlləşdirməyə açılacaq",- deyə o vurğulayıb.

Bütün bu mənfiliklər ciddi maliyyə itkiləri ilə yanaşı, sırf sosial amilə də malikdir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin sözlərinə görə, son illərdə bank sektorunda 14 min nəfər iş yerini itirib.

 

Kredit yoxdur - etibar da yoxdur

Eyni zamanda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə hesab edir ki, Azərbaycanın bank sektorunda problemlər yetərincə yavaş həll edilir. "İlk öncə, əhali və banklar arasında problemlərin həllində konsensus əldə etmək lazımdır. Problemli kreditlər məsələsini həll etmək, onların strukturunu müəyyənləşdirmək və diferensiallaşdırma keçirmək lazımdır",- deyə o bildirib .

Məsələ bundadır ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2017-ci il oktyabrın əvvəlinə ölkədə kredit təşkilatlarının borcları 12,44 milyard manat təşkil edib ki, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 26% azdır. Bu zaman vaxtı keçmiş kreditlərin həcmi 1,86 milyard manata çatıb ki, bu il ərzində 16,3% artım deməkdir, xüsusi payı isə 15%-ə bərabər olub.

Bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertlərinin açıqladığı rəyə görə, "bank sistemində turbulentlik və real sektor tərəfindən kreditlərə tələb olmaması üzündən" kredit fəallığı 2016-cı ildə və 2017-ci ilin yanvar-avqust aylarında azalıb.

"Hazırda bank sistemində 6,5 mlrd. manat həcmində sərbəst vəsait mövcuddur. Bu vəsaitlərin 70%-i maliyyə baxımından sağlam olan bankların sərəncamındadır, " - deyə bu günlərdə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bu sərbəst vəsaitlər iqtisadiyyata kredit vermək üçün istifadə olunmur. "Biz diqqətimizi bu səbəblərin üzərinə yönəltməliyik", - deyə E.Rüstəmov əlavə edib. Onun sözlərinə görə, əsas problemlərdən biri yüksək inflyasiya səviyyəsidir (yanvar-oktyabr aylarında orta illik inflyasiya göstəricisi 13,7% səviyyəsində olub). "Buna görə biz bu istiqamətdə bütün mümkün riskləri nəzərə alaraq mühafizəkar siyasət aparırıq", - deyə o vurğulayıb.

Z.Səmədzadənin sözlərinə görə, problem əhalinin bank sektoruna olan inamını itirməsindədir. "Biz bu etibarı qaytarmalıyıq", - deyə o əlavə edib.

İ.Alışov isə daha nikbin danışıb və qeyd edib ki, sentyabr ayında bankların kredit portfelində 62 milyon manata yaxın artım olub. "Biz kreditləşmədə müsbət meyillər görürük. Hələ ki, bu, özünü rabitə sektorunda kreditləşmənin 27% və aqrar sektorda 12% artması ilə göstərir", - deyə o vurğulayıb.

 

Konsorsium və güzəştlər  

Xüsusi təkliflər bankirlərin özündə də var. Belə ki, ABA kreditorların qorunması üçün yeni bir sistemin yaradılmasına çağırır və bunun bəzi elementləri artıq işləyir. Xüsusilə yaxın gələcəkdə ölkədə Kredit Zəmanət Fondu yaradılacaq və sentyabr ayından maliyyə ombudsmanı institutu fəaliyyət göstərir və 2 min $ qarşılığında müqavilələr üzrə mübahisələri tənzimləməkdə kömək edir. Bundan əlavə, bank sektorunda dollarsızlaşdırma üzrə tədbirlər lazımdır, oktyabrın 1-nə dollarlaşma səviyyəsi kreditlər üzrə 43%, depozitlər 74,6%, əhalinin əmanətləri 71,8% təşkil edib.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi təminat şöbəsinin müdiri Nurlan Babayev əmindir ki, işləməyən kreditlər problemini həll etmək üçün banklar konsorsium yaratmalı və dövlət vergi imtiyazları verməlidir. "Bu gün bizim hesablamalara görə, fəaliyyətsiz kreditlərin həcmi 2 mlrd. manata çatıb. Ancaq problemli aktivlərdən dəyən zərər təkcə bankın onları geri ala bilməyəcəyi ilə bağlı deyil, həmçinin bank problemli aktivlər üçün ehtiyat yaratmaq məcburiyyətindədir. Başqa sözlə, problemli aktivlərin artması ilə əlaqədar olaraq, banklara düşən ümumi yük 4 milyard manata yaxın ola bilər. Bu vəsaitləri real sektorun inkişafına yönəltmək mümkün idi ki, bu da yeni iş yerləri yaratmağa kömək edərdi".

N. Babayevin sözlərinə görə, bu problemin həlli yalnız qanunvericilikdə dəyişikliklər deyil, institusional islahatlar da tələb edir. "Bütün dünyada fəaliyyətsiz aktivlər problemini həll etmək üçün çox vaxt vergi imtiyazlarının tətbiqinə müraciət edirlər" - deyə ölkənin maliyyə requlyatorunun nümayəndəsi əlavə edib.

Banklar özləri isə ölkənin bank sektorunda likvidliyin bərabər paylanmasına çağırır, bunun üçün banklararası valyuta bazarının inkişaf etdirilməsini təklif edirlər. Yeri gəlmişkən, bu istiqamətdə müvafiq qərarlar qəbul edilib: artıq bank kartlarına xidmətə qoşulan kredit təşkilatlarının əməliyyatların aparılması prosesində bir-birini ödədikləri komissiya (interchange fee) azaldılıb. Bu qərar ABA, prosessinq mərkəzləri və banklar arasında əldə edilmiş anlaşma əsasında qəbul edilib.

Bütün bu böyük problemlər toplusuna baxmayaraq, ölkədə 31 bank işləməyə davam edir və yuxarıda göstərildiyi kimi, hətta mənfəət qazanır. Buna görə, hansısa qlobal kollapsdan danışmaq məntiqsizdir. "Bu gün bank sektorunda, kiçik də olsa, inkişaf meyilləri müşahidə olunur. Biz hesab edirik ki, bu amillər 2018-2020-ci illərdə bizə bank sektorunu daha da intensiv inkişaf etdirməyə imkan yaradacaq ", - Z.Nuriyev xüsusilə vurğulayıb.

Bu prosesdə bütün maraqlı tərəflər bu fikirdə ortaq məxrəcə gəliblər ki, bu məqsədlərə nail olmaq üçün həm qanunvericilik bazasının modernləşdirilməsi, həm əvvəllər qəbul edilmiş qanunların icrasının sürətləndirilməsi, həm də yuxarıda göstərilən bütün problem və təkliflərə erkən reaksiya verilməsi vacibdir.

Təəssüf ki, sektorda etibarın bərpası onun itirilməsindən daha uzun müddət tələb edən prosesdir. Lakin bu, yetərincə realdır, çünki ötən əsrin sonlarında maliyyə piramidalarının sarsıdıcı uğursuzluqlarından sonra banklar bunu bacara bilmişdilər. Yəni çatışmazlıqlara qələbə çalmaq tamamilə mümkündür, ən başlıca məsələ müştərilərə doğru addım atmaqdır.


MƏSLƏHƏT GÖR:

395