19 Aprel 2024

Cümə, 14:56

KÜÇƏNİN GÖZLƏNİLMƏZLİYİ

Ağdəs BAĞIRZADƏ: "Müxtəlif insanlar, əslində, emosional, hisslərlə dolu həyatı eyni cür yaşayırlar. Bizim hamımızı bu həyat eşqi birləşdirir»

Müəllif:

15.12.2017

Ağdəs Bağırzadənin şəkilləri lakonik və yaradıcıdır. Onların hər biri sanki fotoqraf tərəfindən izlənmiş və bir anlığa dondurulmuş həyat kimidir. Qar örtülü cığırlar, boş qalmış quş qəfəsi, qədim möhtəşəm qapılar, zəncirlərin ağır halqaları. Ağdəs ətrafımızdakı dünyanın ən maraqlı detallarını seçməyi və əbədiləşdirməyi bacarır. «R +» jurnalının bugünkü qonağı məşhur Bakı fotoqrafı Ağdəs Bağırzadədir.

- Ağdəs, hər şey necə başladı? Necə oldu ki, fotoqraf oldunuz?

- Həyatımı fotoqrafiya ilə bağlayacağımı heç düşünməmişdim. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra Musiqi Akademiyasına daxil olmağa hazırlaşırdım. Ancaq imtahanlara bir neçə həftə qalmış əlimi zədələdim. Və musiqiçi karyerasını unutmaq məcburiyyətində qaldım. Mən Qərb Universitetinin «Biznes, idarəetmə və bankçılıq» fakültəsinə daxil oldum. Bir müddət İsrailin Azərbaycandakı səfirliyində çalışdım, sonra paytaxtın turizm agentliklərindən birində, daha sonra isə bir neçə şirkətdə işlədim. Sonra anladım ki, foto sənəti məni özünə çəkir.  

İlk şəkillərimi valideynlərimin tanışlarından birinin müəyyən müddətə istifadə etmək üçün mənə verdiyi köhnə "Zenit"in köməyi ilə çəkdim. Sonra mən özümə «Zenit» aldım və iki il ərzində yalnız əyləndim. İlk ciddi işlərim gözlənilmədən ortaya çıxdı - bir qrup tələbə ilə birlikdə döyüş zonasını ziyarət etdim. Oradan ilk ciddi reportajımı gətirdim. Bu seriyadan olan şəkillər indiyə qədər İncəsənət Akademiyasının foyesində asılıb.

- İlk fərdi fotosərginiz nəyə həsr edilmişdi?

- Azərbaycanın caz musiqiçilərinə. Mən Bakı Caz Klubunda tez-tez olurdum, orada musiqi dinləməyi, məşqlər və konsertlər zamanı baş verən hər şeyi çəkməyi xoşlayırdım. Yəni məndə çox sayda maraqlı portretlər toplanmışdı və qərara gəldim ki, ictimaiyyət onları görməlidir. "Müasir İncəsənət Mərkəzi" qalereyası ilə razılaşdım, bütün qəhrəmanlarımı sərgiyə dəvət etdim, amma sərgini onlara həsr etdiyimi gizlətdim.  

Yalnız özləri ilə musiqi alətlərini gətirmələrini istədim. Dostlarım - musiqiçilər maraqlandılar və hər biri təyin olunan gün təyin olunmuş yerə gəldi. Salonda girərkən onların necə heyrətləndiyini özünüz təsəvvür edin, onlar divarlara asılan portretlərini gördülər. Sərgi yavaş-yavaş ekspozisiya qəhrəmanlarının elə birbaşa qalereya salonunda təşkil etdiyi konsertə çevrildi. Özünəməxsus caz-parti alındı.

- Sizin fotoşəkilləriniz müxtəlif ölkələrdə - Böyük Britaniya, ABŞ, Çin, Türkiyə, Rusiya, Polşa, Sloveniya, Avstriya kimi ölkələrdə tez-tez nümayiş olunur. Son xarici sərginiz haqqında danışın.

- Sonuncu fərdi fotosərgilərimdən biri beş il bundan əvvəl Milanın müasir incəsənət mərkəzi "Zamenhof"da baş tutub. Sərgi «The other side of me» ("Mənim digər tərəfim") adlanırdı. İtaliyada sərgini təşkil etməyi mənə Turində təqdimatdan sonra təklif etdilər, onda mən yerli qalereyanın direktoruna işlərimdən birini hədiyyə etmişdim. O, mənim çəkdiyim "Karvan" fotoşəklini çox bəyəndi və onu öz qalereyasının ekspozisiyasına daxil etdi. Bu işi Turin muzeyinin Müasir İncəsənət Mərkəzinin direktoru gördü, bundan sonra o, mənimlə əlaqə saxladı və Milanda fərdi sərgi təşkil etməyi təklif etdi. Mən məmnuniyyətlə razılaşdım.

Dünyanın müxtəlif ölkələrində çəkdiyim 50-dən çox fotoşəklin toplandığı ekspozisiya bir ay davam etdi. Həm də uğur qazandı, ekspertlərin fikrincə, İtaliyada ay üçün ən yaxşı sərgilər siyahısına daxil oldu. «The other side of me»nin əsas ideyası, adi obyektləri unikallıq, təkrarsızlıq prizmasından göstərməkdir. Bizi elə şeylər əhatə edir ki, çox vaxt adi gündəlik vurnuxmada onları görmürük. Halbuki, hər cansız obyektin öz həyatı, öz enerjisi və öz xarakteri var. Milandan sonra «The other side of me» sərgisi Madriddə də təşkil edildi.

- Ən çox nələri çəkməyi sevirsiniz?

- Memarlıq əsərlərini, şəhərlərin gözdən qaçan detallarını. Yeri gəlmişkən, interyer və arxitektura texniki baxımdan fotoqrafiyanın ən çətin janrlarından biridir. Memarlıq fotoqrafiyası zamanda səyahət etməyə və insanların yaratdığı incilər vasitəsilə insanlıq tarixinin inkişafını izləməyə imkan verir. Bir neçə il bundan öncə Əmircanda Murtuza Muxtarovun tikdirdiyi qədim məscidin şəklini çəkirdim. Bu, ötən əsrin əvvəllərində inşa edilib. Maraqlıdır ki, məscidin tikintisinə 1901-ci ildə Əmircan kəndinin sakinləri tərəfindən başlanılıb, lakin maliyyə çətinlikləri üzündən tikinti dayandırılıb.  

Və onda kəndin ağsaqqalları kəndin sakini, milyonçu, neft maqnatı Murtuza Muxtarova müraciət edirlər, o, dərhal lazımi miqdarda vəsait ayırır və Bakının ən yaxşı memarlarından birini Zivər bəy Əhmədbəyovu tikintiyə cəlb edir. 1908-ci ildə məscidin açılış günü Əmircan kəndinin axundu Abu Turab məscidin minbərinə çıxaraq xütbə oxuyub. Binanın memarlığı məni o qədər heyran etdi ki, mən onu fotoya köçürməyi qərara aldım, hər bir divarını öyrəndim və hətta günbəzin özünə dırmaşdım. Məscidin aurasına girərək, hər daşını və hər naxışını hiss etdim. Və sonra düşüncə ilə bu möhtəşəm binadan şəklini çəkmək üçün icazə istədim. Və məndə hər şey necə düşünmüşdümsə, elə də alındı.

- Bu xüsusi iş üsuludur - çəkiliş üçün binadan… icazə istəmək?

- Nə qədər qəribə səslənsə də, amma mən həmişə köhnə bir binanın şəklini çəkməyə başlamazdan əvvəl belə edirəm. Mən işə başlamadan əvvəl bu memarlıq abidəsinin tarixi haqqında oxuyuram. Bilmək istəyirəm, onu kim tikib, kim yaşamış və bu ev nə kimi çətinliklər görüb. Mənim üçün müəyyən bir hala düşmək vacibdir ki, həmin müddət ərzində mən bu binanın enerjisini hiss edə bilim. Təxminən, on beş il əvvəl mən hətta bu barədə düşünmürdüm belə: gəlirdim, şəkilləri çəkirdim, maraqlı rakursları axtarırdım... vəssalam.

Baxmayaraq ki, kompozisiya və texnika baxımından mən hər şeyi doğru edirdim, amma fotoşəkillər nəsə cansız alınırdı. Elə bil ki, onların ruhu yox idi. Yeri gəlmişkən, "Murtuza Muxtarov məscidi" seriyasından sonra ağlıma yeni ideya gəldi - "XIX əsrin sonlarının - XX əsrin əvvəllərinin memarlıq irsi" adı altında memarlığa bitkin bir bir seriya həsr edim. İndi də bunun üzərində işləyirəm.

- Kimin fotoşəkillərini siz əsl inci hesab edirsiniz? Foto incəsənətinin hansı janrları sizə daha çox yaxındır?

- Xüsusi bir janr və ya bir fotoqraf haqqında danışmaq çətindir. Mən ölkələri gəzən zaman məni insanların fotoşəkillərini çəkmək, küçə eskizləri etmək maraqlandırır. Bu küçə fotoqrafiyası janrında mənə Vivyen Mayerin, eləcə də bu janrın iki böyük yaradıcısının - fransız fotoqraflar Rober Duanonun və Anri Kartye-Bressonun işləri daha yaxındır. Onların işləri dünya fotoqrafiyasının qızıl fondu oldu, bu janrın klassikasına çevrildi. Əslində, küçə fotoqrafiyası dünyasını kəşf etmək üçün onlardan başlamanız lazımdır. Robert Duano nə vaxtsa deyib: "Gündəlik həyatın möcüzələri heyrətamizdir. Küçədə sizi gözləyən gözlənilməzliyi təşkil edən bir rejissor yoxdur."  

Küçə fotoqrafiyası ona görə yaxşıdır ki, çünki qalaq-qalaq foto avadanlıq tələb etmir. Tam əksinə - sadəliyi ilə daha yaxşıdır. Axı, fotoqraf diqqəti özünə çəkməməli, kütlədən seçilməməlidir. O, kütlənin bir hissəsinə, küçənin bir hissəsinə çevrilməlidir. Yadımdadır, mən Parisdə olarkən, mən Rober Duanonun çəkiliş üsulu təkrarlamaq, şəhəri onun gözü ilə çəkmək istədim. O, çəkiliş üçün müəyyən bir yer seçirdi və bütün gün ərzində onun hüdudlarında baş verən hər şeyi qeyd edirdi.

Məsələn, onun hədiyyə mağazasında, kafedə və ya küçələrin kəsişməsində apardığı məşhur çəkilişlərini götürək. Mən də eynilə hər şeyi təkrar etdim. Mən küçə kəsişməsində kiçik bir kafe seçdim və çəkilişə başladım. Sonra uşaqların oynadığı və böyüklərin istirahət etdiyi yaxınlıqdakı parka keçdim. Mən bu təcrübədən çox məmnun qaldım. Bunlar canlı, emossional və çox səmimi şəkillər idi. Eyni şeyi mən dünyanın digər şəhərlərində də təkrarladım. Təəccüblü olsa da, müxtəlif dillərdə danışan, müxtəlif ölkələrdə yaşayan insanlar emossional, həyat dolu hissləri eyni cür yaşayırlar. Və bizim hamımızı bu həyat sevgisi birləşdirir...



MƏSLƏHƏT GÖR:

400