26 Aprel 2024

Cümə, 12:26

SARKİS OĞULLARININ GİROVLARI

Ermənistanın sadə vətəndaşları üçün növbəti dövlət başçısının kim olacağının fərqi yoxdur

Müəllif:

01.02.2018

2018-ci ilin əvvəli Ermənistanda siyasi fəallığı ilə seçilir. Əslində, söhbət növbəti - dördüncü dövlət başçısının «təyinat»ından və ilkin tələbat mallarının bahalaşması üzündən artmış sosial-siyasi gərginlikdən gedir. Hər bir halda, əsas fiqur və gizli oyunların əsas səbəbkarı dövlət başçısı Serj Sarqsyandır.

Ermənistanda 2015-ci ildə Konstitusiya islahatları referendumundan sonra keçiriləcək ilk prezident seçkisi martın 2-nə təyin olunub. Xatırladaq ki, Konstitusiya islahatları Ermənistanın prezident respublikasından parlament idarəçiliyi sisteminə keçidi nəzərdə tutur. Bu halda parlamentin və Nazirlər Kabinetinin səlahiyyətləri genişlənir, prezident isə sadəcə rəmzi səlahiyyətlərə malik olur. Bu Konstitusiya islahatının hansı məqsədlə həyata keçirildiyi, bir hədəfə hesablandığı ilk andan hər kəsə bəlli idi. Məqsəd, əlbəttə ki, Serj Sarqsyanın Ermənistan siyasi olimpində mümkün qədər çox qalmasını təmin etməkdir.

Ermənistanın hakim Respublika Partiyasının (ERP) qalib gəldiyi son parlament seçkisindən sonra bu təşkilatın rəhbəri olan Sarqsyan üçün vəzifənin xüsusi önəmi yoxdur. O, baş nazir də ola bilər, ali lider də və s. Əsas odur ki, bundan sonra da ölkədə siyasi proseslərin əsas tənzimləyicisi rolunu özündə saxlasın.

Qarşıdan gələn prezident seçkisinin əsas intriqası ERP-nin prezidentliyə namizədinin kim olacağı ilə bağlı idi. Çünki artıq qeyd edildiyi kimi, prezident kürsüsünü məhz bu partiyanın nümayəndəsi tutacaq. Sarqsyan ənənəsinə sadiq qalaraq, intriqanı son anadək uzadıb və bununla da, ən müxtəlif proqnozlara, qızğın diskussiyalara yol açıb. Ölkənin gələcək prezidentini necə təsəvvür etdiyinə dair suala cavabında Sarqsyan bildirib ki, yeni dövlət başçısı bir neçə xarici dil bilməli, diaspora və Qərb dairələrilə yaxşı əlaqələrə malik olmalı, ən başlıcası isə siyasi fəaliyyət təcrübəsinə malik olmamalıdır. Məhz son məqam erməni politoloqlarının namizədin kim olacağına dair proqnozlar verməsinə əngəl idi. Lakin yanvarın 19-da S.Sarqsyan «təklif»ini irəli sürüb. Bu, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarqsyandır. Bununla da, ölkənin növbəti prezidentinin kim olacağı ilə bağlı intriqa sona çatıb.

Armen Sarqsyan haqda nə məlumdur? İrəvanlı olan Sarqsyan ixtisasca fizikdir. 1980-ci illərin ortalarında o, Kembricdə, daha sonra İrəvanda dərs deyib. 1992-ci ildə diplomatiya sahəsində fəaliyyətə başlayıb. Ölkəsinin Avropa İttifaqında, Belçikada, Niderlandda, Vatikanda, Lüksemburqda səfiri işləyib. 1996-cı ilin sonlarında və 1997-ci ilin əvvəllərində Ermənistanın baş naziri postunu tutub. Görünür, S.Sarqsyan varisinin siyasi fəaliyyət təcrübəsinin olmamasını şərt kimi irəli sürərkən bu məqamı unudub. O, Ermənistan Konstitusiyasının 124-cü maddəsinin 4-cü bəndinin tələbini də yaddan çıxarıb: «Respublika prezidenti hər hansı başqa post tuta, sahibkarlıq fəaliyyətilə məşğul ola, hər hansı digər işdən pul qazana bilməz». Üstəlik, elə həmin maddənin 2-ci bəndində deyilir ki, «Respublika prezidenti son 6 ildə yalnız Ermənistan Respublikasının vətəndaşı olan və bu müddətdə daimi əsaslarla Ermənistanda yaşamış istənilən şəxs seçilə bilər…». Tutaq ki, Armen Sarqsyanın yaşadığı Böyük Britaniyadakı səfirlik Ermənistan ərazisi sayılır. Bəs, onun sahibkarlıq fəaliyyəti necə olsun? Daha bir maraqlı məqam: Armen Sarqsyan baş nazir postunda cəmi 4 ay çalışıb. 1997-ci ilin fevralında o, rəsmi versiyaya görə, «səhhətilə əlaqədar» istefaya gedib. Lakin o zaman Ermənistanda, demək olar ki, hər kəs həqiqəti bilirdi. Məsələ onda idi ki, Armen Sarqsyanın işgüzar maraqları ölkənin o dövrdə ən qüdrətli şəxsi olan müdafiə naziri Vazgen Sarqsyanın maraqları ilə toqquşmuşdu. Münaqişə, hətta sonuncunun baş nazirə əl qaldırmasınadək gedib çıxmış, döyülmüş hökumət başçısı isə dərhal istefa verərək Böyük Britaniyaya yollanmışdı. Lakin o, vəzifəsini «səhhətində problemlər olduğu üçün» tərk etdiyini açıqlamışdı.

Ermənistanın gələcək prezidenti diplomatik fəaliyyətilə yanaşı, ciddi sahibkarlıqla da məşğuldur. O, «Knightsbridge Group» şirkətinin sahibidir (artıq sabiq sahibi). «Knightsbridge Group» energetika, neft və qaz hasilatı sahəsində çalışan 15-dən artıq şirkəti özündə birləşdirir. Onlar Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika, neft və qaz sənayesi sahəsində fəaliyyət göstərir. Armen Sarqsyanın adı kifayət qədər qalmaqallı layihə ilə də bağlıdır. Söhbət Sevan gölü yaxınlığında yerləşən və qiymətli metal ehtiyatları ilə məşhur olan Amulsar yatağının işlənməsindən gedir. Layihə çərçivəsində bu ildən qızıl və gümüşün, həmçinin alümin, radioaktiv uran və toriumun hasilatına başlanılması planlaşdırılır. Ermənistanda çoxları deyir ki, Amulsar yatağının işlənməsində ölkənin siyasi rəhbərliyinin, xüsusilə prezident Serj Sarqsyanın öz biznes maraqları var. Lakin maraqlıdır ki, layihənin əsas operatoru kimi Ermənistanda törəmə strukturu («Lydian Armenia») olan «Lydian International» şirkətinin adı çəkilir. «Lydian International» şirkətinin Direktorlar Şurasında vaxtilə qəhrəmanımız Armen Sarqsyan da yer alıb. 2013-cü ilin mayında şahzadə Çarlzı Ermənistan səfəri zamanı məhz o müşayiət edib. O zaman şahzadənin səfərini «Lydian International» şirkətinin Amulsar layihəsində iştirakı ilə bağlı lobbiçilik fəaliyyətilə əlaqələndirirdilər.

Əksər analitiklər Armen Sarqsyanı faktiki olaraq, nəhəng beynəlxalq korporasiyalarla əməkdaşlıq təcrübəsinə malik beynəlxalq maliyyə və oliqarx dairələrinin nümayəndəsi sayır. Ermənistanın müasir tarixində bu, A.Sarqsyanın adının yüksək vəzifəyə namizəd kimi hallandığı ilk hal deyil.

Bəs, Serj Sarqsyan niyə məhz Armen Sarqsyanın namizədliyi üzərində dayanıb? Bunun bir neçə səbəbi var.

Birincisi, artıq qeyd olunduğu kimi, Armen Sarqsyan, ilk növbədə, Qərbin maliyyə-oliqarx dairələrinin əlaltısıdır. İrəvan komplementarlıq siyasətinə sadiq olduğunu nümayiş etdirmək üçün əlindən gələni edir. Köhnə «qazpromçu»» olan hazırkı baş nazir Karen Karapetyanın dövründə «qərbpərəst prezident» bu siyasətin nümayişi üçün lap yerinə düşür. Serj Sarqsyanın bütün mümkün yollarla erməni diasporunun rəğbətini qazanmağa çalışdığını da unutmaq olmaz. Serj Sarqsyan hələ də diasporun gözündə «yad»dırsa, eyni sözləri Armen Sarqsyan haqda demək olmaz. Yeri gəlmişkən, gələcək prezident müxtəlif psevdoqlamur səyahətlərin təşkilatçısı və bilavasitə iştirakçısı olmağı çox sevir. Şahzadə Çarlz ilə yanaşı, hələ 90-cı illərdə Ermənistana erməni əsilli dünya ulduzu Şeri məhz o dəvət etmişdi.

İkincisi, «intellektual irəvanlı» obrazı daxili publikaya da hesablanıb. Məsələ ondadır ki, əhali bütün bu illər ərzində aşkar kriminal keçmişə və simaya malik qarabağlılardan bezib. Beləliklə, indi qarabağlıların hakimiyyəti irəvanlılarla bölüşdüyünü demək olar. Amma bunun nə qədər real hakimiyyət olduğu da sual altındadır. Söhbət, sadəcə, rəmzi səlahiyyətlərə malik prezidentdən gedir.

Üçüncüsü, Armen Sarqsyanın şəxsiyyəti və xarakteri Serj Sarqsyana çox sərf edir. Çünki o, «fağır quzu»dur və sonuncunun ölkəni istədiyi kimi idarə etməsinə mane olmaq iqtidarında deyil. Başqa sözlə, A.Sarqsyan gürcü həmkarından fərqli olaraq, «problemsiz» prezident olacaq. Gürcüstanın dövlət başçısı da məhdud səlahiyyətlərə malikdir. Lakin o, məhdud səlahiyyətlərindən çox tez-tez maksimum istifadə etməyə çalışır. Armen Sarqsyanın vaxtilə Vazgen Sarqsyandan yediyi dayağı və dərhal vəzifəsindən istefa verərək ölkəni tərk etdiyini nəzərə alsaq, o, çətin ki, prezident postunda belə, S.Sarqsyanın əleyhinə gedə bilsin.

Beləliklə, demək olar ki, hazırkı prezident dövlət başçısı postu ilə bağlı bütün məsələləri həll edib və indi baş nazir Karen Karapetyanın taleyi həll olunmalıdır. S.Sarqsyanın yazdan sonra özü və Karapetyan üçün hansı rolları müəyyənləşdirdiyini Ermənistanda çox az adam bilir. Aprelin əvvəlində parlament yeni baş naziri seçməlidir.

İki versiya var: birinci versiyaya görə, Serj Sarqsyan hökumət başçısı postu uğrunda yarışa girməyəcək və hakim ERP-nin lideri kimi, təsir rıçaqlarını özündə saxlayacaq, bütün prosesləri şəxsən özü idarə edəcək. Lakin bu versiyanın zəif tərəfləri də var. Ermənistanın yeni tarixində ERP dəfələrlə liderini xaincəsinə devirib. Üstəlik, siyasi proseslərdən qismən də olsa uzaqlaşmaq Serj Sarqsyanın nüfuzunu zəiflədə bilər.

Digər versiyaya görə, hazırkı prezident baş nazir olacaq, Karen Karapetyan isə baş nazirin birinci müavini təyin ediləcək. Bu yerdə Sarqsyanın indiyədək Ermənistanın baş naziri postunu tutmaq fikrində olmadığına dair verdiyi bəyanatları ciddiyə almaq lazım deyil. Siyasi hədəflər naminə Konstitusiyanın tələbləri pozulursa, hansısa vədləri «unutmaq», ümumiyyətlə, çətin deyil. Lakin bu halda Karapetyanın məsələsini çözmək, onun daha üzüyola olmağa razı salmaq lazımdır. Serj Sarqsyan bilir ki, Karapetyan onun üçün Armen Sarqsyan deyil. Yəni onu asanlıqla vəzifədən getməyə razı salmaq asan olmaya bilər. Karapetyanın xalq arasında da nüfuzu var. Ən başlıcası isə Karapetyanın xətrinə dəyilərsə, bundan onun Moskvadakı dostları da incik düşə bilər. İndiki şəraitdə bu, Serj Sarqsyan üçün heç də arzulanan hal deyil.

Odur ki, Karapetyana qarşı birinci vitse-premyer postu kimi «kökə» ilə yanaşı, «qamçı»nı da hazır tutmaq lazım gələcək. Burada erməni müxalifətinin parlamentdəki «Yolk» fraksiyasının rəhbərliyilə keçirdiyi etiraz aksiyaları işə yaraya bilər.

Hər şey ötən il dekabrın 13-də ERP və «Daşnaksutyun»un simasında parlamentdəki çoxluğun Ermənistanın Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul etməsilə başlayıb. Qanun layihəsi Serj Sarqsyanın hakim partiyadakı birinci müavini, baş nazir Karen Karapetyan tərəfindən hazırlanmışdı. Dekabrın 26-da prezident Sarqsyan qanunu imzalayıb. Bununla yanaşı, dövlət başçısı «Dövlət rüsumu haqqında» və «Gəlir vergisi haqqında» qanunlara dəyişikliklərə də imza atıb. Ən başlıcası isə o, bunu hökumətin son dəyişikliklərin əsas ərzaq məhsullarının bahalaşmasına səbəb ola biləcəyinə dair xəbərdarlığına rəğmən edib.

Təbii ki, nəticədə, yeni ilin ilk günlərindən bir sıra məhsulların qiymətində 40%-lik artım baş verib. Bu, vətəndaşların yaşam səviyyəsinə təsirini göstərib və nəticədə, cəmiyyətdə etirazlar artıb. Artıq yanvarın 9-da maliyyə naziri Vardan Aramyanı qəbul edən Serj Sarqsyan şəxsən özünün imzaladığı sözügedən dəyişikliklərdən narazılığını bildirib. O, maliyyə nazirini vergi qanunvericiliyində tez-tez dəyişikliklər etməkdə də günahlandırıb.

İlk baxışdan hər şeyi psixoloji disfunksiya ilə izah etmək olardı. Hər halda, adam öz partiyasının hazırlayaraq qəbul etdiyi, şəxsən özünün də imzaladığı qanun layihələrini pisləyir. Lakin qiymətlərin bahalaşmasından dərhal sonra, əslində, Sarqsyanın «cib müxalifəti» kimi tanınan «Yolk» fraksiyasının hökumət əleyhinə aksiyalara başlayacağını bəyan etdiyini nəzərə aldıqda, hər şey aydın olur.

Qərbpərəst parlament müxalifəti Serj Sarqsyanın əlində hazırkı baş nazirə qarşı kartlardan biridir - kozır olmasa belə. Qeyd etmək lazımdır ki, müxalifət İrəvanın mərkəzində təşkil etdiyi yürüşə bir neçə min insan toplaya bilib. Tədbirdə əsas yenilik isə bir qrup insanın Sovet istehsalı olan köhnə avtomobili itələyərək aparması olub - bu, Ermənistan iqtisadiyyatının rəmzi idi. Bununla yanaşı, ölkədə bir çoxları onu elə müxalifətin özü ilə də müqayisə etməyə başlayıb. Odur ki, müxalifətin «kreativ»liyinin onun özü üçün baha başa gəldiyini söyləyə bilərik. Bu dərəcədə ciddi bahalaşmadan sonra belə, küçələrə çox az sayda insanın çıxması bir şeydən xəbər verir - insanlar hakimiyyətlə yanaşı, müxalifətə də inamını çoxdan itirib. Görünən odur ki, Ermənistanın sadə vətəndaşları üçün növbəti dövlət başçısının kim olacağının fərqi yoxdur. Yalnız ona görə yox ki, onlar bu seçkidə iştirak etməyəcək. Əsas səbəb onların yeni dövlət başçısının ölkəyə nə verə biləcəyilə bağlı heç bir təsəvvürə malik olmamalarıdır. Çünki xalq özünü çoxdan siyasi xadimlərin bitmək bilməyən iddialarının qurmanı kimi hiss edir. Onlar düşünür ki, Sarqsyanın dəyişiklikləri nəticəyə heç bir təsir göstərməyəcək.



MƏSLƏHƏT GÖR:

430