27 Aprel 2024

Şənbə, 08:12

İRƏVAN, ERİVAN, YEREVAN

Azərbaycan şəhəri Ermənistanın paytaxtına necə çevrildi - Yermakovun fotolarının dili ilə…

Müəllif:

01.06.2018

Azərbaycanın İrəvan şəhərinin Ararat (Ermənistan) Respublikasına paytaxt olaraq verildiyi 29 may 1918-ci il tarixinin 100-cü ildönümündə Bakıda tarixi saxtakarlığın faciəvi fəsadları bir daha xatırlanıb. Dağıdılmış abidələr və maddi və qeyri-maddi irsin digər nümunələri nə qədər dəyərli olsa da, belə cinayətlərdə daha təhlükəlisi siyasətçilərin ölçüyəgəlməz iddialarının insan tələfatlarına yol açması və bunun nəsillərdən-nəsillərə davam etməsidir.

Azərbaycan XX əsrin əvvəllərində İrəvandan niyə, kimlərin təzyiqilə imtina etmək məcburiyyətində qaldığı ayrıca söhbətin mövzusudur. Lakin bu şəhərin kədərli tarixi indi müasir Ermənistanın qurulduğu digər Azərbaycan torpaqlarına da nümunə sayıla bilər. Maddi-mədəniyyət abidələrinin məhvi və etnik təmizləmə ilə İrəvandan azərbaycanlı izi tamamilə silinib. Orta əsrlərə aid Azərbaycan şəhəri, nadir İrəvan qalası dağıdılıb, onların yerində yeni şəhər, müasir Yerevan salınıb. Bu, həqiqətən də, miqyaslı cinayətdir. Yerevanın yeni simasının yaradılması zamanı yeni baş plana əsasən, 800-dən artıq bina, məscid, saray, karvansaray, hamam və digər ictimai tikili məhv edilib. Bu gün «Mavi məscid» istisna olmaqla, bu tikililərin heç birindən bir əlamət belə, yoxdur. Şəhərdən azərbaycanlı əhalinin mərhələli şəkildə köçürülməsi isə 1990-cı ildə Ermənistandakı son azərbaycanlıların da qovulması ilə başa çatıb.

Lakin bəzi faktları məhv etmək heç cür mümkün olmayıb. Azərbaycanın Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundovun layihəsi sayəsində mayın 29-da Bakıda ictimaiyyətə nadir fotolar nümayiş olunub. Söhbət XIX əsrə aid orta əsrlər tikilisi - İrəvan qalasının, həmçinin qalanın dağıdılmasından sonra Tbilisiyə aparılmış, hazırda Gürcüstan Milli Muzeyində saxlanılan artefaktların şəkillərindən gedir. Əldə edilmiş foto və artefaktların əsasında «Yerevanın (İrəvanın) tarixi mərkəzi arxiv materialları və qədim fotolar əsasında» adlı kitab-fotoalbom da artıq çapa hazırlanıb.

Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov bildirib ki, burada rus fotoqrafiyasının pioneri, şərqşünas Yermakovun (1845-1916) çəkdiyi unikal fotolara, həmçinin həmin dövrün arxiv materiallarına xüsusi diqqət yetirmək lazımdır. Həmin materiallardan məlum olur ki, XX əsrin əvvəllərində İrəvan qalasının görünüşündən heyrətə gəlmiş rus imperatoru II Nikolay onun bərpası haqda göstəriş verib. Yeri gəlmişkən, onun bu göstərişinə əməl olunmayıb.

Arzulayan istənilən şəxs tikilinin fotoları, mebel və məişət əşyaları, bayraqlar və bəzək əşyaları ilə tanış ola bilər. Ən önəmlisi isə bu gün yer üzündən silinmiş İrəvan xanının möhtəşəm sarayının görüntüsüdür.

Yeri gəlmişkən, hazırkı Yerevanın yeni salınmış şəhər olduğunu sübut edən başqa faktlar da var. Çünki bir cinayətin üzərini örtmək üçün əksər vaxt yeni cinayətlərə əl atmaq lazım gəlir. İrəvanın dağıdılması zamanı da belə olub - müasir Yerevan dünyada tarixi mərkəzi olmayan yeganə paytaxtdır. Məhz bu üzdən yerli hakimiyyət hələ 1950-60-cı illərdə «28 əsrlik yaşı olan qədim Yerevan» haqda növbəti mifi uydurub. Onlar bunu Yerevan yaxınlığında eramızdan əvvəl VIII əsrə aid Erebuni adlı Urartu qalasının qalıqlarını taparaq uydurublar. Məhz bunun əsasında bu ilin payızında Ermənistan paytaxtında qəribə 2800 illik «yubiley» keçiriləcək. Halbuki bu faktı dünyanın heç bir alimi qəbul etmir. UNESCO-nun da qəbul etmədiyi bu faktı sovet alimləri belə, rədd edib.

Azərbaycan şəhəri olmuş İrəvan haqda həqiqətləri ortaya çıxaran layihənin müəllifləri deyir ki, burada söhbət heç də tarixin siyasiləşdirilməsindən getmir. Azərbaycanın qonşularına qarşı ərazi iddiası heç zaman olmayıb, bu gün də yoxdur. Azərbaycanlı alimlər sadəcə, əsl tarixin təbliğinə çalışır. Çünki lazımınca öyrənilməmiş bu sənədlər həm də Qarabağ münaqişəsinin mənbəyini öyrənməyə imkan verir. Təəssüf ki, tarix təkrarlanır. Məsələn, hazırda keçmişə aid miflərdən yeni iddiaların irəli sürülməsi üçün istifadə olunur. Hər halda, azərbaycanlıların Dağlıq Qarabağa olan haqqını al-ver predmetinə çevirmək üçün nələrin edildiyini görürük. Bakı isə təbii ki, buna heç zaman getməyəcək.

«Ermənilər tərəfindən dağıdılmış İrəvan qalasının 500 yaşının tamam olduğu 2011-ci ildə Ermənistan KİV-i onun Azərbaycan yox, fars qalası olduğunu birağızdan bəyan edirdi. Yaxşı, deyək ki, fars, lap Çin qalasıdır… onu dağıtmaq nəyə gərəkdir? Sonra dedilər ki, məscid Azərbaycan yox, fars məscididir. Sual olunur, niyə? Ona görə ki, o, İran ərazisində olub. Bu zaman mən belə cavab verdim ki, o zaman Bakının mərkəzindəki kilsə erməni yox, rus kilsəsidir. Çünki o, dövrün Rusiya İmperiyası ərazisində tikilib. Yeri gəlmişkən, Qarabağda da hadisələr belə absurd dəlillərlə başlayıb», - deyə F.Axundov bildirib.

O, layihələrlə erməni ictimaiyyətinə müraciət etdiyini və daha da önəmlisi, artıq reaksiyaların olduğunu söyləyib: «Ermənistanda tarixin saxtalaşdırılmasına ehtiyac görməyən ağıllı adamlar var. Onlar xalqın aldadılmasının əleyhinədirlər. Düşünürəm ki, biz belə layihələri daha tez-tez reallaşdırsaq və xüsusilə internet vasitəsilə yaysaq, erməni ictimaiyyətində bunu anlayan insanlar tapılacaq. Onlar bundan sonra aldadılmaq istəməyəcəklər».

Yeri gəlmişkən, Bakıda keçirilmiş mətbuat konfransına «Sülh platforması»nın Ermənistan tərəfdən olan nümayəndələri də qatılmışdılar. Onlar belə layihənin həqiqəti üzə çıxarmağa çalışan erməni tarixçilərinə yaxşı kömək olacağını bildiriblər.

Tarixi həqiqət güclü silahdır və onun yalnız alimlərin deyil, yeni nəsillərin də nəzərinə çatdırılması vacibdir. Fuad Axundov çıxışı zamanı Bismarkın «müharibələri orta məktəb partaları arxasında qazanır və orada məğlub olurlar» fikrinə istinad edib. Onun fikrincə, tarixin saxtalaşdırılmasının, əsassız iddiaların qarşısını yalnız bu yolla almaq olar.



MƏSLƏHƏT GÖR:

390