26 Aprel 2024

Cümə, 21:23

RİSKLƏRİ BÖLƏRƏK

Yeni Sahibkarlığın İnkişafı Fondun yeni səlahiyyətləri Azərbaycanda işgüzar fəallığın hərəkətvericisi olacaq

Müəllif:

01.09.2018

Azərbaycanda iqtisadi islahatların cari mərhələsinin əsas məqsədi kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi üçün yeni forma və mexanizmlərinin axtarışıdır. Post-neft islahatları dövründə nəzərə çarpan əsas meyillər göstərir ki, nisbətən bahalı bank kreditləri, xüsusilə kənd təsərrüfatı və sənaye sahələrində biznesin inkişafı üçün əlverişli deyil. Xarici donorlardan alınmış borclar buna xidmət edə bilməz, hər halda, ölkənin son devalvasiya təcrübəsi hələ unudulmayıb və ölkədə xarici valyutada təqdim edilən kreditlərə tələbat çox aşağıdır. Yaranmış şəraitdə KOS-un maliyyələşdirilməsində əsas rol fondların, hər şeydən öncə isə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) payına düşür. Lakin dövlətin qeyri-neft sektorunun inkişafı üçün gerçəkləşdirəcəyi yeni öhdəliklər nəzərə alınaraq SKMF-nin ləğv edilməsi və bu yaxınlarda verilmiş prezident fərmanı ilə yeni strukturun - Sahibkarlığın İnkişafı Fondunun (SİF) yaradılması qərara alınıb.

 

Kredit donorları

2017-ci ildən bu yana artan neft qiymətləri və xarici ticarətdə müşahidə edilən əlverişli konyunktur Azərbaycan hökuməti üçün apardığı sərt pul-kredit siyasətinin tədricən liberallaşdırılması üçün zəmin yaradıb və ölkənin mərkəzi bankı bu il iki dəfə uçot dərəcəsini endirdi - birinci dəfə 15%-dən 13%-ə saldı, sonra investisiya fəaliyyətinin stimullaşdırılması və borc resurslarının ucuzlaşdırılması məqsədi ilə 11%-ə salıb. Lakin hələ də problemli kreditlərin təmizliyi ilə məşğul olan və kreditlərin verilməsində mühafizəkar siyasətə əməl edən, yüksək risklər üzündən kreditlər üçün nisbətən yüksək faiz (orta hesabla, 20%-dən çox) tələb edən bank sektorundakı ətalət prosesləri iqtisadiyyat üçün tələb olan sürətdə kredit dövriyyəsini işə salmağa imkan vermir.  

Bank kreditləşməsində daha öncəki azalmanın miqyası nəzərə alınarsa, bu, elə də təəccüblü deyil. Beynəlxalq reytinq agentliyi «Moody’s»in son hesabatında qeyd edildiyi kimi, Azərbaycan banklarının ümumi aktivlərində kreditlərin xüsusi çəkisi 2014-cü ildəki 74%-dən 2017-ci ildə 41%-ə qədər aşağı düşüb.

AMB-nin məlumatına görə, bu ilin birinci yarısında ölkə üzrə kreditləşmənin artım templəri 2,95%-ə çatıb, artımda sənaye və kənd təsərrüfatı sahələrinə verilən kreditlər nisbətən kiçik paya malik olduğu halda, artımın hərəkətvericisi ticari və istehlak kreditləri olub. Öz növbəsində, ilin əvvəlindən gecikmiş kreditlərin həcmi 7,3% artıb. Ümumiyyətlə, gecikmiş kreditlərin xüsusi çəkisi hələ də bank sistemində risklərin qaldığını ifadə edir və bu müddət ərzində 13,8%-dən 14,4%-ə qədər artıb.

«Moody 's»in Azərbaycanın bank sistemi üzrə proqnozunu "mənfi"dən "sabit"ə dəyişməsinə baxmayaraq, kredit portfelinin cüzi artımı yerli bankların iqtisadiyyatın real sektorunun maliyyə ehtiyaclarını lazım olan həcmlərdə təmin etməyə hazır olmasına ümid etməyə imkan vermir. Belə olan vəziyyətdə, dövlət sahibkarlar üçün aşağı faizli və "uzun" borc vəsaitləri verən əsas donora çevrilir.

Son iki onillikdə KOS subyektlərinin maliyyələşdirilməsində əsas rol İqtisadiyyat Nazirliyi çərçivəsində fəaliyyət göstərən SKMF tərəfindən oynanılmışdır. Onun fəaliyyəti illərində, təxminən, 35 min KOS subyektinə fond vasitəsilə toplam 2 mlrd. manatdan artıq güzəştli kredit verilib, bu isə dövlətin verdiyi güzəştli maliyyələşmənin yarıdan çoxu deməkdir. Fondun maliyyəsinin yönəldiyi sahələrə gəldikdə isə, güzəştli kreditlərin, təxminən, 69 faizi kənd təsərrüfatı məhsulları istehsalçılarına, kənd təsərrüfatı məhsullarının emalı və aqrar infrastrukturun inkişafı üçün xüsusi layihələrə ayrılıb. SKMF-in əsas fəaliyyəti son vaxtlarda aqroparkların, quşçuluq təsərrüfatlarının, heyvandarlıq komplekslərinin maliyyələşdirilməsinə istiqamətlənmişdi. SKMF-nin icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, bu il 15 aqroparkın istifadəyə verilməsi planlaşdırılırdı. Həmçinin, 2018-ci ildə turizm sahəsində layihələrin kreditləşdirilməsinin beş qat artırılması nəzərdə tutulur, bu məqsədlə 10 milyon manat güzəştli kredit ayrılması planlaşdırılmışdı.

"Dövlət sahibkarlığın inkişafına böyük dəstək göstərir. SKMF-in xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kredit verilib. Yalnız bu kreditlər sayəsində Azərbaycanda 163 min yeni iş yeri yaradılıb. Cari il 170 milyon manat məbləğində güzəştli kreditin ayrılması nəzərdə tutulur və bunun çox hissəsi ilin birinci yarısında artıq verilib",- deyə Prezident İlham Əliyev bu yaxınlarda Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

 

Yeni fond - yeni vəzifələr  

Bununla belə, SKMF xətti ilə maliyyələşmənin yüksək səmərəliliyinə baxmayaraq, son illərdə təşkilatın kredit fəaliyyətində müəyyən azalma müşahidə olunurdu. Belə ki, böhrandan əvvəlki nisbətən firvan 2014-cü ildə Fondun xətti ilə sərmayə layihələrinin həyata keçirilməsi üçün 295 milyon manat vəsait ayrılıb, proqnoz isə 280 milyon manat olub. Sonrakı illərdə bu məbləğ azalıb, 2017-ci ildə 146 milyon manata düşüb, cari ilin proqnoz göstəriciləri isə 170 milyon manat səviyyəsində təsdiq edilib.

Son illərdə fondun fəaliyyətində müşahidə olunan geriləmə iqtisadiyyatdakı, xüsusilə də kreditləşmə sahəsindəki ümumi vəziyyətlə izah edilir. Qeyri-neft sektorunda istehsal və əsaslı tikinti templərinin azalması borc vəsaitlərinə tələbin böyüməsinə dəstək verməyib. Bir sıra bankların və qeyri-bank kredit təşkilatlarının - SKMF tərəfdaşlarının bağlanması da güzəştli kreditlər verilməsi prosesinə mənfi təsir edib. Bu, önəmli məqamdır, nəzərə almaq lazımdır ki, Fondunun kreditlərin qaytarılmasından daxil olan vəsaitləri yeni kreditlərin verilməsi üçün istifadə edir.  

Belə ki, Şirzad Abdullayevin sözlərinə görə, son illərdə ölkə SKMF-in müvəkkil təşkilatı olan 12 bank bağlanıb, fondun vəsaitlərindən onlara 200 mln. manat fond verilib. Ləğv edilmiş banklar tərəfindən verilmiş 40 mln. manat güzəştli kredit artıq Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADİF) qaytarılıb, daha 10 mln. manat isə birbaşa SKMF-in xəzinə hesabına köçürülüb.  

"Biz artıq bu layihələr üzrə kreditlərin digər banklara transferinə icazə verilməsi üçün ADİF-ə və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişik. Bütün bu layihələr işləkdir, kreditlər üzrə ödənişlər ADİF-ə vaxtında qaytarılır", - deyə SKMF-in icraçı direktoru bildirib.

Digər tərəfdən artan risklər baxımından bank bazarında problemlərin ən yüksək nöqtəsində müvəkkil agent banklar biznes planların seçimində daha ciddi davrandılar və borcalanlara qarşı maliyyə öhdəliyi tələblərini gücləndirdilər. Təbii ki, bu, fonda müraciət edən sahibkarların qarşısında biznes planın hazırlanması, rentabelliyin hesablanması, kreditlərin qaytarılma şərtləri üzrə müəyyən öhdəliklər qoydu, fors-major halı üçün təcrübə və əmlak zəmanətinin mövcudluğu tələb edildi. Ümumiyyətlə, bu, fondun fəaliyyətini yalnız kreditlərin verilməsi üzrə məhdudlaşdıran və onun işində lazımsız risklərə yol verməyən obyektiv haldır.  

Eyni zamanda yerli bazarın xüsusiyyətləri nəzərə alındıqda görmək olur ki, bu gün Azərbaycanda tələb yalnız güzəştli kreditlər verən ənənəvi kredit təşkilatlarına deyil, ilk növbədə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa geniş səlahiyyətləri olan və sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və s. sahələrdə sərmayə yatırmağa istiqamətlənmiş investisiya qurumuna yönəlib.  

Banklardan və kredit fondlarından fərqli olaraq belə bir qurum bu və digər istehsal layihəsinə müstəqli sərmayə yatırmaq və KOS subyektlərinin birgə maliyyələşməsində kreditlər vasitəsilə deyil, pay bölgüsü əsasında iştirak etməklə yüksək risk tolerantlığına malik olmalıdır. Bundan başqa, bu cür investisiya qurumu işini təkcə sahibkarlara maliyyə resurslarının təmin edilməsi ilə məhdudlaşdırmamalıdır, şirkətlərin idarə edilməsində birbaşa iştirak etməli, təcrübə və konsaltinq dəstəyi ilə sahibkarların uğur əldə etməsinə yardım göstərməlidir.  

Əslində, bu məsələlərin həlli yeni struktura - dövlət başçısının bu yaxınlarda verdiyi "Azərbaycanda sahibkarlığa dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" fərman əsasınla yaradılmış publik hüquqi şəxs Azərbaycan Sahibkarlığın İnkişaf Fonduna (SİF) həvalə edilib. Bununla əlaqədar olaraq, SKMF-in ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Fondunun fəaliyyəti üzərində ümumi rəhbərlik və nəzarət məqsədləri üçün doqquz nəfərdən ibarət Müşahidə Şurası yaradılıb ki, onların fəaliyyəti könüllülük əsasında həyata keçiriləcək. Müşahidə Şurasının beş üzvü İqtisadiyyat Nazirliyi tərəfindən təyin edilir, qalan dörd üzvün hər birindən bir nəfər olmaqla Maliyyə, Vergi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilir. Fondun işinə İdarə Heyəti rəhbərlik edəcək. İdarə Heyətinin üzvlərinin təyinatına və ya işdən çıxarılmasına, yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə iqtisadiyyat naziri qərar verir, o, dövlət başçısının razılığı əsasında Fondun strukturunu və ştat cədvəlini, əməkdaşların sayını, onların əməkhaqqını və s. müəyyən edir.

 

Kreditlər üzrə aşağı dərəcələr  

Fərmana preambulasında qeyd edildiyi kimi, yeni fond yaradılması sahibkarlığın dəstəklənməsi mexanizminin təkmilləşdirilməsinə, qeyri-neft sektorunda innovativ texnologiyalar əsaslanan yeni sənaye, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixrac əməliyyatlarının maliyyələşdirilməsinə, real sektora sərmayə qoyuluşlarının sürətləndirilməsinə və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlib.  

Sələfindən SİF-in fundamental fərqi odur ki, yeni struktura müstəqil biznes fəaliyyəti həyata keçirmək hüququ verilib ki, bu, təşkilatın nizamnaməsində nəzərdə tutulub. Eyni zamanda SİF biznes fəaliyyəti ilə yalnız ciddi müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün məşğul ola bilər ki, bu da, ilk növbədə, təsərrüfat subyektlərinin yaradılması və ya iştirakı ilə gerçəkləşdirilə bilər.  

Həmçinin SİF sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədi daşıyan sektoral və regional proqramların yaradılmasında iştirak edəcək. Əsas vəzifəsi - biznesin güzəştli kreditləşdirilməsi ilə yanaşı, yeni fond Azərbaycan sahibkarlarına xaricdə fəaliyyətlərini genişləndirməkdə yardım edəcək, onlara bazar konyunkturunun öyrənilməsində, onlar üçün investisiya layihələrinin hazırlanmasında, bazar infrastrukturunun yaradılmasında yardım edəcək, treninqlər, müxtəlif tədbirlər keçirəcək və s.  

Müqayisə üçün, SKMF-in fəaliyyəti nizamnamə ilə məhdudlaşırdı və yalnız bu, ya digər layihələr üçün kredit verilməsini nəzərdə tuturdu. SİF funksiyalarının genişləndirilməsi son dərəcə vacib məqamdır, çünki sənaye istehsalı və kənd təsərrüfatı sahələrində bir sıra perspektivli, lakin yerli biznes tərəfindən mənimsənilməmiş istiqamətlərin maliyyələşdirilməsinə imkan verəcək. Son nəticədə, biznes müəssisəsində birgə maliyyələşdirmə və birgə iştirak sahibkarlar risk səviyyəsini əhəmiyyətli dərəcədə azaldır, ən müasir və mürəkkəb texnologiyaların tətbiqinə imkan verir, effektiv biznes strategiyaların işlənməsini təmin edir, qabaqcıl nou-hauların tətbiqinə, eləcə də ixtisaslı konsaltinq xidmətlərinin cəlbinə şərait yaradır. Beləliklə, daha çeviklik və investisiya funksiyalarının mövcudluğu SİF-ə biznesin diqqətini iqtisadiyyatın müəyyən sektorlarının və sahələrinin inkişafına, rentabelliyi artırmağa və istehsalı xarici bazarlara doğru genişləndirməyə cəmləşdirmək üçün imkanlar yaradır. 

Yeni fondun kredit funksiyası da əhəmiyyətli dəyişikliklərə məruz qalıb və bu da çox vacibdir: ilk növbədə, güzəştli maliyyələşmə şərtləri ucuzlaşdırılıb. Belə ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş "SİF vəsaitlərinin istifadəsi qaydaları" na uyğun olaraq, yeni fondun kreditləri üzrə illik faiz dərəcəsi yalnız 1% olacaq, daha 4% isə müvəkkil kredit təşkilatlarının dərəcəsi olacaq. Bundan əvvəl SKMF kreditləri isə illik 7% dərəcəsi ilə verilirdi.

Azərbaycan Sahibkarlığın İnkişafı Fondu tərəfindən təmin edilə bilən güzəştli kredit minimum 5 min manat, maksimum isə 10 milyon manat təşkil edəcək. KOS subyektlərinə veriləcək kiçik kreditlər - 5 min manatdan 50 min manata kimi təşkil edəcək, üçillik müddətə veriləcək; orta kreditlər - 50 001manatdan 1 milyon manata qədər 5 illik müddətə veriləcək; iri kreditlər isə - 1 milyon manatdan 10 milyon manata kimi təşkil edəcək və 10 illik müddətə ayrılacaq.  

SİF-in kreditləri üzrə faiz dərəcəsinin azalması və uzunmüddətli borc almaq imkanı, fondun yeni müəssisələrin kapitalında iştirak etmək perspektivi ilə birlikdə biznes mühitində ətaləti aradan qaldırmağa və KOS-ların istehsalı genişləndirməyə marağını artırmağa şərait yaradacaq.  

Fondun özünün kapitallaşması həcminə görə ehtimal etmək olar ki, onun ölkədəki fəaliyyətinin miqyası çox əhəmiyyətli olacaq. SİF-in nizamnamə fondu 1,094 mlrd. manatdan artıq məbləğdə müəyyənləşdirilir, bu, ona verilən əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən fomalaşır. Yeni fondun kapitallaşdırılmasının artırılması və dövriyyə kapitalının həcminin böyüdülməsi məqsədi ilə Nazirlər Kabinetinə bir ay müddətində agent banklar tərəfindən (keçmiş SKMF ssudaları üzrə) qaytarılan vəsaitlərin vergi öhdəliyindən azad edilməsini təmin edən qanun hazırlamaq, həmçinin yeni fondun maddi-texniki bazasının təmini ilə bağlı bütün məsələləri həll etmək tapşırılıb.

SİF xətt ilə maliyyələşmə yaxın aylarda başlayacaq və ümid etmək qalır ki, yeni struktur öz sələfinin, yəni SKMF-nin bütün nailiyyətlərini artıracaq və Azərbaycanda sahibkarlığın inkişafının keyfiyyətcə irəliləyişə nail ola biləcək.


MƏSLƏHƏT GÖR:

292