26 Aprel 2024

Cümə, 22:48

«YAMAQ» SİYASƏTİ

Miqrant problemi getdikcə artmaqla, Aİ-ni daha ciddi böhrana soxacaq

Müəllif:

01.09.2018

Afrika və Yaxın Şərqdən Avropaya qaçqın axınında pik sayılan 2015-ci ilin payızı ilə müqayisədə, indi axın dəfələrlə azalıb. Amma bu, problemin həll olunduğu anlamına gəlmir: Avropa İttifaqı (Aİ) İkinci Dünya müharibəsindən bu yana ən miqyaslı miqrasiya böhranı yaşamaqdadır. Hazırda Avropa ölkələrində 1,5 milyonadək qeyri-leqal miqrant var. Belə bir vəziyyətdə Aİ-nin qaçqınlarla bağlı xüsusi proqrama ehtiyacının olduğu şübhə doğurmur. O, vahid mərkəzdən idarə olunmalı və qaçqınları Aİ üzvləri arasında ədalətlə bölməlidir. Amma belə bir sistemlə bağlı nə razılıq, nə dəqiq plan var. Hələlik Avropa ölkələri problemi bir-birinin üzərinə atır, siyasətdə isə populist, ksenofob əhval güclənir. İndi vizasız hərəkətin mümkün olduğu Şengen zonası belə, ciddi risklə üz-üzədir.

 

Aİ-nin xəyali sərhədləri

Avropa İttifaqı Şurasının nümayəndələri bildirir ki, 2015-ci ilin oktyabrı ilə müqayisədə bu gün qeyri-leqal miqrantların sayı 96% azalıb. Bununla yanaşı, Aralıq dənizilə qaçqınlarla dolu gəmilər hələ də gəlməkdədir. Müxtəlif məlumatlara görə, bu ilin əvvəlindən iyulun 25-dək Avropaya, təxminən, 55 min qaçqın gəlib. Yalnız iyul ayı ərzində İspaniya sahillərinə yüzlərlə miqrant yerləşib. Onlar Mərakeşdən Cəbəllütariq boğazından keçməklə, Alxesiras liman şəhərinə üz tutur. Əgər 2017-ci il ərzində dəniz vasitəsilə İspaniyaya, təxminən, 22,4 min qaçqın gəlmişdisə, bu il yanvarın 1-dən iyulun 27-dək olan müddətdə bu rəqəm 21 min təşkil edib. İyulun əvvəlindən indiyədək isə İspaniyaya daha 5916 miqrant yerləşib. Bu, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatıdır.

Qaçqın axını İtaliyanın daxili işlər naziri Matteo Salvininin yüzlərlə miqrantın olduğu «Laylayn» və «Akvarius» gəmilərini İtaliya sahillərinə buraxmaqdan imtina etməsindən sonra İspaniyaya üz tutub. İtaliyanın sağçı «Şimal Liqası» partiyası ölkədə keçirilmiş sonuncu ümumi seçki zamanı seçicilərə immiqrantlarla bağlı sərt siyasət yürüdüləcəyini, hətta qeyri-leqal miqrantların deportasiya olunacağı sözünü verib. Odur ki, Salvini ölkəsinin «insan alverinə, qeyri-leqal immiqrasiya biznesinə «yox» dediyini» bəyan edib. İtaliyanın daxili işlər naziri hesab edir ki, Roma mümkün qədər çox miqrantı ölkədən çıxarmalı, artıq sığınacaq almış qaçqınlar isə Aİ üzvləri arasında bölüşdürülməlidir.

Lakin problem ondadır ki, Salvininin mövqeyi almaniyalı həmkarı Xorst Zeexoferin fikrilə tam ziddiyyət təşkil edir. Almaniyanın o qədər də dayanıqlı sayılmayan hakim koalisiyasının daha mühafizəkar qanadı olan Xristian-Sosialist İttifaqını (XSİ) təmsil edən Zeexofer hesab edir ki, Aİ daxilində miqrantların hərəkəti məhdudlaşdırılmalı, Aİ-nin bir ölkəsində qeydiyyata düşmüş miqrant birliyin digər ölkəsinə buraxılmamalıdır. Ölkədə bütün problemli miqrantların yerləşdirələcəyi düşərgələr şəbəkəsinin yaradılması ideyası da ona məxsusdur. Bütün bunlar miqrasiya üzrə baş plana (Masterplan Migration) daxildir. Zeexofer faktiki olaraq, kansler Angela Merkelə ultimatum da verib. Nəticədə, hökumətdə yaranmış ciddi böhran son dərəcə ağır keçən danışıqlarla yoluna qoyulub.

Məsələn, əldə edilmiş kompromisə əsasən, Avstriya-Almaniya sərhədindəki miqrantlar əvvəl qaçqın statusu almaq üçün müraciət etdikləri ölkələrə deportasiya ediləcək. Bu, vaxtilə Almaniyaya girişi və ya orada yaşaması qadağan olunmuş şəxslərə də aiddir. Beləliklə, Almaniya-Avstriya sərhədində yaradılacaq tranzit mərkəzlərindən miqrantlar sığınacaq almaq üçün müraciət etdikləri ölkələrə göndəriləcək.

Merkel öz növbəsində, «üsyançı» nazirini sakitləşdirmək üçün iyulun əvvəlində Avropa liderlərinin qeyri-formal görüşünü çağırmışdı. Toplantıda Aİ liderləri miqrantlarla bağlı bir sıra məsələləri razılaşdırmışdılar. Lakin əksər müşahidəçilər hesab edir ki, əldə olunmuş razılaşmalar o qədər də inandırıcı görünmür. Məsələn, Avropa ərazisində qaçqınların qəbulu üçün könüllülük əsasında idarə olunacaq miqrasiya mərkəzlərinin yaradılması haqda razılaşma bir çox suallar doğurur. Eyni sözü mühacirlərin Avropadan çıxarılmasına dair regional platformalar hauda da söyləmək olar. Hələlik belə yerlərin harada, kimin tərəfindən, nə vaxt və hansı vəsait hesabına yaradılacağı bəlli deyil. «İqtisadi miqrantlar»ın hərbi münaqişələrdən, təbii fəlakətlərdən qaçmış insanlardan hansı meyarlarla fərqləndiriləcəyi də qaranlıq qalır.

Başqa sözlə, ölkələr razılaşmadan çox uzaqdır. Məsələn, İtaliya ilə Avstriya ilkin olaraq bu ölkələrdə qeydiyyata düşsə belə, sonradan Almaniyada sığınacaq almış qaçqınları qəbul etmək istəmir. Macarıstan, Çexiya və Polşa da eyni mövqedədir. Polşa, ümumiyyətlə, Aİ daxilində miqrantların qəbulu mərkəzlərinin yaradılmasını istəmir. Macarıstanın baş naziri Viktor Orban isə Almaniyadakı miqrantların Macarıstana deyil, Yunanıstana qaytarılmalı olduğunu deyir. O, fikrini qaçqınların Aİ-yə «giriş qapısı»nın Yunanıstan olması ilə əsaslandırır.

Çexiya hökuməti qeyri-leqal miqrantların ölkəyə axışacağı təqdirdə, sərhəddə nəzarət tətbiq edəcəyini bildirir. Ölkənin baş naziri Andrey Babişin fikrincə, miqrant böhranının yeganə həll yolu qeyri-leqal miqrasiyanın qadağan olunmasıdır.

 

Qazanmaq hərisliyi, yoxsa yardım etmək arzusu?

Avropa ölkələrinin bu yay birağızdan car çəkdiyi daha bir problem qeyri-kommersiya və hüquq müdafiəsi təşkilatları ilə bağlı yaranmış şübhələrdir. Bəziləri hesab edir ki, dənizdə miqrantların xilası ilə məşğul olan belə təşkilatlar qaçaqmalçılarla əməkdaşlıq edir. Bu qənaətə gəlmiş şəxslərdən biri Matteo Salvinidir. Avropa Parlamentinin sədri Antonio Tayani isə Afrikadan Avropaya qeyri-leqal miqrantların daşınması ilə məşğul olan təşkilatların «qara siyahısı»nın hazırlanmasını təklif edir.

Bu məsələhədə bütün tərəfləri qane edəcək qərar vermək çox çətindir. Bir yandan aydındır ki, kriminal sxem olmadan bir çox miqrant Avropaya gəlib çıxa bilməz. Digər tərəfdən, Aralıq dənizində boğulub dünyasını dəyişən qaçqınlar necə olsun? Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Aralıq dənizində Avropa sahillərinə çıxmağa çalışan 1,5 mindən artıq miqrant boğulub. Bəs, uzun müddət ağır sanitar şəraitdə qalan, tibbi yardım ala bilməyən uşaqlar? SOS Mediterranee xəbər verir ki, İtaliyanın qəbul etməkdən boyun qaçırdığı gəmidə böyüklərin nəzarətində olmayan 123 yeniyetmə (13-17 yaş), 11 uşaq və 7 hamilə qadın da var imiş. Bu üzdən də, «Sərhədsiz həkimlər» xeyriyyə təşkilatı Aİ-nin ünvanına sərt tənqidlər yağdırır. Təşkilat Aİ liderlərinin bu sahədə qəbul etdiyi qərarları insanpərvərlikdən uzaq qərarlar sayır. «Görünür, Avropa ölkələri yalnız bir məsələdə razılığa gəlib: insanları nə qədər müdafiəsiz, zəif olmalarından, nələr yaşadıqlarından asılı olmayaraq, Avropanın astanasında saxlamaq»», - deyə təşkilatın fövqəladə vəziyyətlər şöbəsinin müdiri Karlin Kleyxer bildirib.

 

 

Avropa siyasətinin «No-go-area»sı

Amma Avropanın miqrant böhranının yaratdığı problemlər bununla da bitmir. Birincisi, Avropaya gəlmiş qaçqınların bir hissəsi ağır cinayətlərə əl atır. Məsələn, Almaniya hökumətinin bu yaxınlarda açıqladığı hesabatdan məlum olub ki, ölkədə törədilmiş cinayətlərin iştirakçıları arasında miqrantların sayı kifayət qədər çoxdur və onların əksəriyyəti gənc oğlanlardır. 2015-ci ildə Kölndə təşkil olunmuş Yeni il şənliyi zamanı iğtişaşları, qadınlara seksual xarakterli təcavüzü də məhz onlar törədib. Bu siyahını uzatmaq da olar.

İyulun sonunda isə miqrantlar İspaniyada kifayət qədər, nəcis atıblar, spreydən oxatan kimi istifadə ediblər. Onlar xüsusi dəzgahlarla, qayçı və çəkiclə tikanlı məftilləri kəsib və belə insanlar gələcəkdə də, çətin ki, dinc dayansın. Üstəlik, Avropanın bəzi şəhərlərində miqrant anklavları - «no-go-areas» yaranıb. İndi polis və digər xüsusi xidmət orqanlarının əməkdaşları həmin ərazilərə daxil olmağa çəkinir. Bunu bu yaxınlarda Merkel də etiraf edib.

İkincisi, qaçqınlar Avropa şəhərlərinin bəzi rayonlarından yerli əhalini sıxışdıraraq çıxarır. Burada artıq «no-go-areas» ilə yanaşı, qaçqın uşaqlarının çoxluq təşkil etdiyi bağçalar və məktəblər də var. Lakin avropalılar qeyri-tolerant, irqçi təsiri bağışlamaqdan çəkinərək, bu haqda açıq danışmır. Başqa sözlə, «Köhnə dünya» liberal dəyərlərinin girovuna çevrilib. Bu isə tam əks nəticələr verir - cəmiyyətdə ksenofob əhval və paralel olaraq, belə əhvallı siyasətçilərin populyarlığı artır.

Brüsselin yaranmış vəziyyətdən çıxış yolu ilə heç də çox deyil - ya problemin yerlərdə həlli üçün mexanizmlər yaradılmalı, ya da Avropaya qaçqın axınının qarşısı birdəfəlik alınmalıdır. Göründüyü kimi, birinciyə nail olmaq asan deyil. İkinci variant isə daha çətindir. Miqrantların əsas «tədarükçü»ləri Liviya, Əfqanıstan, Suriya, İran, Nigeriya, Eriteriya, Qana, Sudan kimi ölkələrdir. Göründüyü kimi, söhbət beynəlxalq birliyin, ilk növbədə, Aİ-nin ən nüfuzlu üzvlərinin, NATO dövlətlərinin, G7 və G20 ölkələrinin, BMT TŞ-nin daimi üzvlərinin terrorçuluqla mübarizə apardığı, qeyri-demokratik rejimlərin devrilməsinə yardım göstərdikləri, yoxsulluq və xəstəliklərlə mübarizə, kənd təsərrüfatının dirçəldilməsi və s. məqsədilə humanitar missiyalar göndərdikləri, eyni zamanda neft də daxil olmaqla, faydalı qazıntılar çıxardıqları ölkələrdən gedir. Odur ki, miqrantların Avropa sahillərinə daşınması ilə məşğul olanların qaçaqmalçılarla əlbir olaraq qazanc əldə etmək istəyi, sayca, onuncu səbəbdir…

Problem daha dərin və daha çətindir. Qaçqın axınını yalnız Afrika və Yaxın Şərq ölkələri xalqlarının daha yaxşı həyat axtarışına son qoyacaq sosial-iqtisadi yenidənqurma ilə saxlamaq olar. Polşanın baş naziri Mateuş Moravetski də Aİ-ni miqrasiya problemini çözmək məqsədilə Afrika üçün «Marşall planı» hazırlamağa çağırıb. Lakin reallıqda bu təklifin perspektivinin olmadığını anlamaq üçün nə siyasətçi, nə iqtisadçı olmaq lazımdır.

Bütün bunların fonunda Aİ, demək olar ki, «yamaq» siyasətilə məşğuldur. Məsələn, Avropa Komissiyası avqustun 1-də Yunanıstana miqrantların qəbulu şərtlərinin yaxşılaşdırılması məqsədilə, təxminən, 40 milyon avro ayırıb. Bu məbləğin ən azı yarısı qədər də vəsait İspaniyaya veriləcək. Avropa Komissiyası Aralıq dənizi vasitəsilə İspaniyaya miqrant axınının qarşısının alınması yollarından biri kimi, Mərakeş və Tunisə də vəsait ayrılmasını lazım bilir. Avroparlamentarilər hesab edir ki, həmin ölkələr bu vəsait hesabına milli sərhəd xidmətlərini gücləndirə bilər. Amma bu, problem həll edə bilməz. Demək, problem getdikcə daha da dərinləşərək, Aİ-ni daha ciddi böhrana soxacaq.



MƏSLƏHƏT GÖR:

338