22 Dekabr 2024

Bazar, 10:53

BÖYÜK İDEYANIN MİNİ-FORMATI

Bakı Marionet Teatrının səhnəsində Üzeyir Hacıbəyovun əfsanəvi «Arşın mal alan» operettasının premyerası olub

Müəllif:

01.10.2018

«Uğurlu evlənmək resepti» - 1913-cü ildə Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrında Üzeyir Hacıbəyovun operettası bu ad altında ortaya çıxıb, 1916-cı ildə isə Maililov qardaşlarının teatrında rus dilində ifa olunub. Süjet o qədər əyləncəli-maraqlı, musiqi o qədər dahiyanə idi ki, "Arşın mal alan" operettası tezliklə dünya bestsellerinə çevrildi, dünyanın 80 dilinə tərcümə olundu, onun əsasında çox sayda teatr tamaşası qoyuldu və bir neçə ekran versiyası çəkildi. Biz 1945-ci ilin ekran versiyası ilə yaxşı tanışıq (Rəşid Behbudovun iştirakına görə bu, ən populyar versiyadır), eyni zamanda 1965-ci il versiyasına da çox baxmışıq. Amma böyük bəstəkarın mədəni və tarixi irsi haqqında mənbələrdən aydın olur ki, operetta, həmçinin 1916-cı ildə Rusiyada (Piron qardaşlarının studiyası tərəfindən), ABŞ-da (1937-ci ildə) erməni mənşəli amerikalı rejissor tərəfindən müəllif göstərilmədən və İranda (1960-cı ildə) fars dilində İran rejissoru tərəfindən də ekranlaşdırılıb.

1916-cı ildə Peterburqda çəkilmiş və 1917-ci il yanvarın 3-də Bakının "Forum" kinoteatrında da nümayiş etdirilən film 4 yanvar tarixində (artıq biletlərin satılmasına baxmayaraq) Üzeyir Hacıbəyovun müəllif hüquqlarının pozulmasına görə, onun tələbi ilə prokatdan çıxarılıb (film müəllifin icazəsi və razılığı olmadan çəkilibmiş). 1918-ci ildə bəstəkar operettanın "Xanjonkov və Ko" kinofirması tərəfindən ekranlaşdırılmasına icazə verməyib, amma operettanın "Pate qardaşları" fransız firması tərəfindən ekranlaşdırılması ilə bağlı birgə layihə isə bolşevik çevrilişi səbəbindən alınmayıb. Operettanın, bax, belə bir ekranlaşma hekayəsi var...

«Uğurlu evlənmək resepti»ni incəsənətdə xoşbəxt bir yaradıcı tale gözlədiyinə müəllif heç zaman şübhə etməyib. Peterburqda yaşayarkən 30 iyul 1913-cü il tarixdə dostu Hüseynqulu Sarabskiyə yazırdı: «Təhsillə yanaşı yeni bir "Arşın mal alan" komediyası yazıram. Gözəl operetta olacaq». O, səhv etmirdi. Yalnız müəllif heç ehtimal edə bilməzdi ki, gün gələcək və onun əsəri Bakı Marionet Teatrının səhnəsində yeni bir orijinal tərtibat əldə edəcək.

 

Məşq və premyera

Teatrda böyük bəstəkarın ad günü ərəfəsində (18 sentyabrda) növbəti teatr mövsümünün açılışı ilə bağlı intensiv məşqlər keçirilirdi. Tamaşanın rejissoru və teatrın rəhbəri əməkdar incəsənət xadimi Tərlan Qorçu narahat idi, aktyorlar da narahat idilər: onlar birlikdə nə vaxtsa tamaşaya qoyulmuş, «Arşın mal alan»ı yenidən gündəmə gətirməli idilər! Yalnız onda, yəni bundan təxminən, 30 il əvvəl tamaşa başqasının kirayə platformasında və tamamilə fərqli (səyyar) formatda təqdim edilmişdi. İndi isə operetta müəllifinin "resept"indən istifadə edərək evlənən bütün sevgililərin ölümsüz eşq hekayəsi yeni bir yozumda çox cazibədar bir səhnə həyatı qazandı.

Sentyabrın sonlarında Bakı şəhərinin sakinləri və qonaqları Tərlan Qorçunun versiyasını görə bildilər, aktyorların, rəssamların və rejissorun yaradıcılıq və peşəkarlıq səylərini layiqincə qiymətləndirmək imkanı qazandılar.

Üzeyir bəy əsl Hollivud gərginliyi ilə süjetdəki intriqanı cərəyan etdirir və onu triumfal yekuna çatdırır. Ola bilər ki, bu, məqsədli ehtimaldır, amma demək lazımdır ki, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ideyası əsasında Rza Təhmasib və Tofiq Tağızadənin çəkdiyi "Arşın mal alan" dünya üzrə səhnədə yaradılmış ilk xoşbəxt sonluqdur (bu, 1913-cü ildə olub), bu, sonradan Hollivud standartları ilə «həppi end» adı altında Amerika kinosuna daxil edilib. Tağıyev teatrında bu operetta oynanan zaman indiki anlayışlı Hollivudun heç konsepsiyası belə yox idi. Onların ilk tammetrajlı filmi "Hindli qadının əri" yalnız 1914-cü ildə çəkilib. Halbuki 1920-ci ilə "Resept"in süjeti bütün Rusiya İmperiyasında məşhur idi.

 

Tamaşa haqqında

Pərdə açılan zaman Azərbaycan çalarlarının miniatür dünyasına düşürsünüz (quruluşçu rəssamlar Elçin Məmmədov və Tərlan Qorçu, dekorasiya ustaları Abbasəli Mustafayev, Elman Mirzəyev və İrma Kaadzedir) – xalça naxışlarının boyalarının çılğınlığı, Əsgərin divarları naxışlarla boyalı evinin səliqəsi, Soltan bəyin həyətində büllur fəvvarə, qəfəsdə söhbət edən tutuquşu, sevgililərin yanı ilə uçan parlaq quşlar, qəhrəmanların kostyumları və əlbəttə ki, səhnə işıqlandırması! Bu ayrı bir partitura və müzakirə mövzusudur.

İşıq möcüzələr yaradır. Tərlan Qorçunun bu tamaşasında da bu, baş verir. O, böyüklərə möcüzələrin baş verdiyi və xeyirxahlıqların edildiyi nağıl hissini yenidən yaşamağa kömək edir; sonda qəhrəmanların bütün çətinliklərdən keçərək xoşbəxtlik qazandığı dünyanı görmək imkanı yaradır. Şərti rampa xəttinə keçərək düşmək istədiyimiz, bir parçası olmaq istədiyimiz, Əsgər öz qismətini aradığı, sadəlövh Telli və Vəlinin xoşbəxtliyə yol aradağı dünyanı, Süleymanın Asyanın Əsgərin Gülçöhrəsi olmadığına əmin olduqdan sonra möcüzələrə inandığı, Cahan xala ilə Soltan bəyin də xoşbəxtliyi tapdığı dünyanı. Maraqlıdır ki, üzlər və onların ifadələri 1945-ci ildəki ekranlaşmada iştirak etmiş aktyorlara çox oxşardır.

Hər bir personaj kuklanın öz xarakteri var. Bu, kuklaları idarə edən aktyorların sayəsindədir. Bu, aktyorların pərdə arxasında gizlənmədən tamaşaçı qarşısında açıq şəkildə kuklalarla işlədiyi "Leyli və Məcnun" kukla tamaşasından fərqlənir, burada elə deyil. Aktyorlar pərdə arxasında gizlidir. Biz onları görmürük. Amma önümüzdə lirik Gülçöhrə, coşqun Asya, təmkinli Cahan xala, ağıllı Telli, gülməli və sərt xarakterli Vəli hərəkət edir. Bu, yalnız əla texnika və kukla oynadanların peşəkarlığı demək deyil, həm də peşəkarlığın ən yüksək səviyyəyə qaldırılmasıdır. Xüsusi qeyd edək ki, bu tamaşada kuklaları truppanın kişi üzvləri idarə edirlər! Bunlar Əli Allahverdiyev, Həsən Yaqubov, Nazim Hüseynov, Hikmət Aydınoğlu, Ramiz Əliyev, Rizvan Ələsgər, Səbuhi Yaqubovdur. Tamaşa iki dildə gedir: Azərbaycan dilində qəhrəmanlar dramatik aktyorların səsi ilə danışırlar, peşəkar müğənnilərin səsi ilə oxuyurlar.

 

Teatrın Adamı

Rus dilində Fərizə Babayeva oynayır. O, art-deko dövrünə aid geyimdədir və bu, quruluş üslubuna uyğun gəlməklə yanaşı, Bakının XX əsr atmosferinin ayrılmaz tərkib hissəsi kimi aktrisanı bəzəyir, onun özəl xüsusiyyətlərini vurğulayır. Quruluşçu tərəfindən ona xüsusi rol ayrılıb. Çox çətin və ümumiyyətlə, kukla teatrına xas olmayan bir rol. Hətta marionet teatrı üçün də. Amma! Tərlan bir eksperimentatordur. Bir tamaşada adamla kuklanı vahid bir «Personaj» adı altında birləşdirir, burada isə aktrisanı ramp il izləyici zalı arasındakı zonaya çıxarır. Beləcə, ona Teatrın Adamı rolunu verir: onların arasında vasitəçi-dilmanc kimi.

Onun personajı tamaşaçı zalı ilə rusca danışır, sanki 1913-cü il və 1916-cı il premyeraları arasında tarixi bərabərlik işarəsi qoyur. Bu, şəhərimizin çoxsaylı qonaqları və Azərbaycan dilini bilməyənlər üçün imkan yaradır ki, baş verənləri anlamaqla yanaşı, həm də müəlliflərin gözü ilə baxa bilsinlər: libretto müəllifiin və quruluşçu rejissorun gözü ilə.

Teatrın Adamı lazım gələndə mətni yüngül istehza, qarışıq heyranlıq və ofsun hissləri, sirlilik və imtina ilə rəngləndirməyi bacarır. Quruluşa dramatik teatr elementləri daxil edilib: art-deko dövründən olan Teatrın Adamı tamaşanın quruluş üslubuna çox uyğun gəlir. O, tamaşaya xüsusi cazibədarlıq verir və ötən əsr Bakısı barədə müzakirə və düşüncələr üçün səbəb yaradır. Bu, ilk neft bumu dövrü, sinematoqrafın çiçəklənmə çağı, çoxsaylı teatrlar, restoran və kafelər, gəmiçilik, yeni evlərin tikintisi, kapitalist münasibətləri və Üzeyir bəyin "Arşın mal alan"da təklif etdiyi reseptə oxşar ixtiralar əsridir…



MƏSLƏHƏT GÖR:

440