26 Aprel 2024

Cümə, 05:37

KƏSİLMƏYƏN QORDİ DÜYÜNÜ

Fövqəldövlətlərin ilkin danışıqları Suriyaya sülh və sabitlik gətirəcəkmi?

Müəllif:

01.11.2018

«Ərəb baharı»nın əks-sədası kimi hələ 2011-ci ildə başlamış Suriya münaqişəsində, deyəsən, nizamlama vektorları dəyişir. Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin bu günlərdə İstanbulda keçirilmiş görüşü belə düşünməyə əsas verir.

Xatırladaq ki, xarici dövlətlərin müdaxiləsi və ayrı-ayrı terror təşkilatlarının fəaliyyəti nəticəsində Suriya münaqişəsi vətəndaş müharibəsinə, dünya miqyaslı böhrana çevrilib. «Qaynamaqda olan» Suriyanın Yaxın Şərqin mərkəzində yerləşməsi, münaqişədə bilavasitə iştirak edən tərəflərin və region ölkələrinin sosial, siyasi, iqtisadi və dini maraqlarının müxtəlifliyi illərdir problemin həllinə imkan vermir. Qarşıdurmanın əsas nəticəsi isə milyonlarla qaçqın və bəşəriyyətin tarixi-mədəni abidələrinin məhvidir.

Son bir neçə ildə dünya ictimaiyyəti Suriya qətliamını dayandırmaq üçün çoxsaylı, bəzən çox fədakar addımlar atır. Onlar problemi siyasi yolla həll etməyə çalışır. Fövqəldövlətlərin Suriya münaqişəsinə son qoymaq üçün atdıqları ilk birgə addım Beynəlxalq Suriyaya Dəstək Qrupunun yaradılması olub. Cenevrə və Astana proseslərini də sülhməramlı səylərin məntiqi davamı saymaq olar. Lakin bu cəhdlərin hər hansı ciddi nəticəsi olmayıb. Onlar sadəcə, münaqişənin həllində maraqlı olan güc mərkəzlərini ortaya qoyub. Əgər Cenevrə formatında əsas rol ABŞ-da idisə, Astana formatı problemin onun əsas rəqibi olan Rusiyanın diqtəsilə çözümünü nəzərdə tuturdu.

Rusiya, Türkiyə və İrandan ibarət üçtərəfli ittifaq Suriyadakı beynəlxalq koalisiyanı balanslaşdırmağa çalışırdı. Əsas hədəf İŞİD və digər radikal islamçı terror qruplaşmalarının məhvi idi. Lakin terrorçuların darmadağın edilməsindən sonra Suriya böhranı yeni mərhələyə qədəm qoyub – hərbi əməliyyatların tədricən «sönməsi» və bilavasilə sülh yolu ilə nizamlamaya keçid. Bu məqamda isə müxtəlif tərəflərin münaqişəyə, yeni Suriyanın siyasi düzəninə fərqli yanaşmaları ortaya çıxıb.

 

Nadir razılaşma imkanı

Bu kontekstdə ən maraqlısı aparıcı regional güc olan Türkiyənin mövqeyidir. Əvvəl beynəlxalq koalisiyaya qoşulmuş Ankara sonradan kursunu bir qədər dəyişərək, Rusiya və İranla ittifaqa girib. Bu, «Kürd problemi»nin kəskinləşməsindən və ABŞ-ın Suriyanı aşkar parçalamaq cəhdlərindən sonra baş verib. Ərdoğanla Əsəd arasında nə qədər fikir ayrılıqları olsa da, Türkiyənin sərhədi yaxınlığında daha bir yarımmüstəqil kürd muxtariyyətinin yaranması perspektivi Türkiyə liderini müəyyən güzəştlərə getməyə məcbur edib.

Bu gün kürdlər məhz ABŞ-ın dəstəyi sayəsində Suriyanın şimal-şərqinə tam nəzarət edir. Kürdlərlə Rusiya və İranın dəstəklədiyi hökumətpərəst qüvvələrin mövqelərini Fərat çayının əyri-üyrü yatağı ayırır. Sonuncuların uğurlu fəaliyyəti nəticəsində müxalifət dəstələrinini nəzarətində qalan yalnız İdlib rayonudur. Buraya da Türkiyənin təsiri ənənəvi olaraq, çox güclüdür. Bununla yanaşı, Ankara Suriyanın şimal rayonlarına da nəzarəti əldə saxlayır. Söhbət onun sərhədlərinə bitişik olan və türkmənlərin yaşadığı bölgədən gedir. Rusiya və Türkiyə prezidentlərinin bu yaxınlarda Soçidə əldə etdikləri razılaşmaya əsasən, İdlib demilitarizasiyadan sonra Rusiya və Türkiyə hərbi polisinin birgə nəzarətində olacaq. Paralel olaraq, qaçqınların geri qaytarılması prosesi də sürətlə davam edir. Artıq onlar bir vaxtlar hərbi əməliyyatların getdiyi ərazilərə dönür. Bu mənada müharibənin dağıtdığı infrastrukturun bərpası məsələsi də gündəmdədir. Şəhərlər və digər yaşayış məntəqələri yenidən salınmalı, humanitar yardımlar ünvanına çatdırılmalıdır. Bəs, Suryianın bu xarabalıqdan qurtulmasına kim kömək edəcək?

Digər tərəfdən Suriyanın yeni Konstitusiyasının hazırlanması məsələsi də var. Orada bütün münaqişə tərəflərinin maraqları nəzərə alınmalıdır. Hökumət qüvvələrinin qələbəsindən sonra prezident Bəşər Əsədin mövqeyi daha da güclənib. Lakin buna baxmayaraq, əksər ekspertlər Suriya liderinin səlahiyyətlərinin, heç olmasa, bir hissəsilə vidalaşmalı olacağını düşünür. Bəs, Əsədi siyasi arenanı dinc şəkildə tərk etməyə kim razı salacaq? Bundan sonra ələvi azlığın təmsilçisi kim olacaq? Bu suallara konstitusion dəyişikliklərdən sonra cavab veriləcək.

İstanbul sammitində bu qəbildən olan çətin problemlərin həlli yolları müzakirə edilib.

 

Təxmin edilən nəticələr

İlk baxışdan diqqəti çəkən İstanbul sammitində Suriya üzrə aparıcı oyunçular sayılan ABŞ ilə İranın iştirak etməməsidir. Güman ki, bunun səbəbi iki liderin bir masa arxasına əyləşməyə razı olmamasıdır. Bununla yanaşı, Avropa liderləri sammitin mümkün antiamerika istiqaməti almasına qəti etiraz edib. Məsələn, Fransa KİV-nin məlumatına görə, Emmanuel Makron İstanbula yollanmazdan əvvəl ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb. Ola bilsin ki, Vaşinqton danışıqlar prosesinə sonradan, daha geniş formatda olan zaman qoşulmaq istəyir və buna məhz Paris vasitəsilə zəmin yaratmağa çalışır. Beləliklə, ABŞ Suriya probleminin heç də onun ssenarisinə uyğun getməyən nizamlama prosesində simasını qorumağa çalışır.

Amma bu, dünya lideri və sülhməramlı rolunu oynamağa çalışan Makronun şəxsi təşəbbüsü də ola bilər. Məsələn, o, bu il Peterburqda keçirilmiş Beynəlxalq İqtisadi Forumda da qlobal ümumdünya dəyərləri haqda çox həvəslə danışırdı. Hər halda, Qərbdə sühməramlı siyasətçi rolu «qırğı» ideologiyasından daha çox işə yarayır. Bu arada Angela Merkel də müəyyən reytinq problemi yaşamaqdadır. Elə sammitdən sonra məlum olub ki, Merkel bundan sonra Xristian-Demokrat İttifaqının rəhbəri postu uğrunda yarışa qatılmayacaq. Səbəb əhalinin ona dəstəyinin rekord həddə azalmasıdır. Bu, avtomatik olaraq o anlama gəlir ki, Merkel üçün bu, son səlahiyyət müddətidir. Alman diplomatiyasının «dəmir ledi»sinin reytinqini itirməsinin əsasə səbəbi Yaxın Şərqdən və Afrikadan olan milyonlarla miqranta qucaq açmasıdır. Bütün Avropa kimi, miqrantlarla dolmuş Almaniyanın kansleri qaçqınların bir hissəsinin vətəninə qayıtması prosesinin sürətləndirilməsində, yaxud, heç olmasa, Türkiyə vasitəsilə yeni miqrant axınına imkan verilməməsində son dərəcə maraqlıdır. Aİ əsas oyunçuları olan Almaniya və Fransanın simasında bunun üçün Ərdoğana müəyyən vəsaitin ayrılması məsələsini yenidən gündəmə gətirməyə belə, hazırdırlar. Məlum olduğu kimi, bir neçə il əvvəl Türkiyənin 3 milyon suriyalı qaçqını saxlaması Avropa tərəfindən 2 milyard avro qiymətləndirilmişdi. Ankara isə bunun üçün 6 milyard və Aİ-yə üzvlük tələb edirdi. Bütün bunlar Ərdoğanın və onun Ədalət və İnkişaf Partiyasının liderlərinin adı ətrafında qalmaqala yol açmışdı. Onlar Avropada «arzuolunmaz şəxslər» belə, elan edilmişdilər. Bu baxımdan, Aİ liderlərinin İstanbula gəlməsi faktının özü, şübhəsiz ki, Ərdoğanın qələbəsidir. Buna onun özü də sammitdəki yekun çıxışında eyham vurub.

«Suriya münaqişəsi qlobal problemə ona görə çevrilib ki, dünya birliyi onu qlobal problem saymayıb. Uzun illər ərzində Suriya probleminin bütün ağırlığı qonşu dövlətlərin və onun özünün çiyinlərində olub», - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Əsas yekunu isə Rusiya prezidenti Vladimir Putin vurub. O, birgə mətbuat konfransında Suriya Konstitusiya Komitəsinin yaradılacağı vaxtı açıqlayıb, onun bu ilin sonunadək təşkil edilməli olduğunu söyləyib. Bununla da, Putin Astana prosesinin Cenevrə prosesi üzərindəki üstünlüyünü və Suriyada qələbə çaldığını ifadə edib.

«Görüşün bütün iştirakçıları vacib bir məsələdə həmrəydirlər: Suriyada uzunmüddətli sabitliyə yalnız siyasi-diplomatik vasitələrlə nail olmaq mümkündür. Buna yalnız bu ərəb ölkəsinin birliyi, suverenliyi, ərazi bütövlüyü prinsiplərinə əsaslanmaqla nail olmaq olar. Bununla yanaşı, ölkələrinin gələcəyini suriyalıların özləri müəyyənləşdirməlidir. Rusiya, Türkiyə və İranın fəal işilə Astana formatı sayəsində bütün üçün əlverişli şərait yaradılıb», - deyə V.Putin qeyd edib.

İstanbul sammiti göstərib ki, Avropa müəyyən dərəcədə məqbul şərtlərlə razılığa gəlməyə hazırdır. «Köhnə dünya»nı «üzüyola» olmağa, bəlkə də, Donald Trampın uzaqgörən olmayan siyasəti vadar edib. Məsələn, onun Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi Müqaviləsindən çıxa biləcəklərini bəyan etməsi bütünlükdə Avropanın təhlükəsizliyinə təhdid yaradıb. Nəticədə, Avropa Rusiya və Türkiyə ilə razılığa getməklə, xarici siyasətdəki çevikliyini, kompromisə getmək bacarığını nümayiş etdirib.

Suriyanın özünə gəlincə, ümid edək ki, fövqəldövlətlərin ilkin razılaşması əsrlərdir sakitlik həsrətində olan bu torpaqlara sülh və sabitliyi qaytaracaq.



MƏSLƏHƏT GÖR:

283