19 Aprel 2024

Cümə, 21:51

CANSAĞLIĞINI DA ALMAQ OLARMIŞ

Azərbaycan icbari tibbi sığortanın geniş tətbiqinə hazırlaşır

Müəllif:

15.11.2018

"Cansağlığını satın almaq mümkün deyil" - tibbin hazırkı inkişafı nəzərə alınarsa, bu ifadə getdikcə öz mənasını itirir. Amma çağdaş tibb xidmətlərini satın almaq heç də hər kəsin cibinə uyğun deyil. Pulsuz səhiyyəyə etibar isə dünyada çox aşağı səviyyədədir.

İnkişaf etmiş ölkələrdə səhiyyə xidmətinin maliyyə xərclərini ödəmək problemi öz həllini artıq uzun müddətdir dövlət büdcəsindən kənarda tapır. Uğurla sınaqdan keçirilmiş icbari tibbi sığorta (İTS) sistemi son iki il ərzində Azərbaycanda da özü üçün daha aydın konturlar cızır. İlk dövrlərdə tibbi xidmətlərin maliyyələşdirilməsinin yeni mexanizminin əsas "sponsoru" kimi dövlətin çıxış etməsinə baxmayaraq, sığorta daxilolmalarının toplanması üçün işlək mexanizmin yaradılması ilə bu məsələdə dövlətin rolu getdikcə daha çox arxa plana keçəcək.

 

71,5 mln. manatlıq inqilab  

«BusinessStat» tərəfindən hazırlanmış "Azərbaycanda tibbi xidmətlər bazarının təhlili"nə görə, 2013-2017-ci illərdə Azərbaycanda tibbi xidmətlərin natural həcmi 7,3% azalaraq, 2013-cü ildəki 76,3 milyon qəbuldan 2017-ci ildə 70,7 milyona qədər enib. Həmçinin 2017-ci ildə tibbi xidmət bazarının fiziki həcmində daha böyük pay özəl tibb sektoruna məxsus olub, ölkədə bütün tibbi prosedurların 70,3%-i bu sektorun payına düşür.  

Yəni əhalinin özəl klinikalara inamının önəmli dərəcədə artması göz qabağındadır. Uyğun olaraq, vətəndaşların müalicə xərclərinin maliyyələşdirilməsi sistemində dərin islahatlar məsələsi ildən-ilə aktuallaşır.  

Əslində, İTS kimi önəmli bir layihənin icrasının başlamasına bir qədər gecikmişik və bu məhz maliyyə problemləri ilə bağlı olub. Hələ 2007-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb, lakin uzun illər ərzində layihə sadəcə kənarda qalıb, çünki ilkin araşdırmalar göstərdi ki, sistemin yaranması və saxlanılması üçün ilk illərdə xeyli xərc tələb olunur. Ancaq, təxminən, 10 il sonra Azərbaycan iqtisadiyyatının böyüməsi və güclənməsi ilə layihə ikinci nəfəs qazandı - Mingəçevir və Yevlax şəhərlərində İTS-nin pilot tətbiqi üçün 2016-cı ildə dövlət büdcəsindən 10 milyon manat, 2017-ci ildə isə 24,5 milyon manat ayrılıb. 2018-ci ildə isə Prezident İlham Əliyevin fərmanı ilə Ağdaş rayonu da pilot layihəyə qoşulub. Ümumiyyətlə, bu il üç bölgəyə dövlət büdcəsindən, təxminən, 37 milyon manat ayrılıb.

Beləliklə, üç il ərzində İTS Agentliyi büdcə fondlarından ümumilikdə 71,5 milyon manat alıb. Onlar səmərəli xərcləniblərmi? Qeyd etmək yetərlidir ki, qısa müddət ərzində pilot rayonların səhiyyə sistemində, demək olar ki, inqilabi dəyişikliklər baş verib. Bu dəyişikliklər yalnız tibb müəssisələrinin idarəetmə strukturunun tam yenidən işlənməsi ilə məhdudlaşmır, o cümlədən müalicəni nəzarətdə saxlayan baş həkimlə yanaşı bütün inzibati və biznes məsələləri ilə məşğul olan direktor-menecer vəzifəsi də yaradılır. Bundan əlavə, klinikaların işi, demək olar ki, tamamilə avtomatlaşdırılıb, hər hansı bir avadanlıq və ya alətdən, dərmanlardan istifadə bu gün onlayn sistemdə müfəssəl izlənilə bilər.  

Bundan əlavə, ilkin tibbi yardım xidmətləri təkmilləşdirilib, ayrıca ailə həkimi institutu yaradılıb, bu səbəbdən sahə həkimlərinin ixtisas dəyişməsi üçün yerli və xarici kurslar keçirilib. Tibbi xidmətlərin regionun bütün sakinləri üçün maksimum əlçatan olmasını təmin etmək məqsədilə kənd tibb məntəqələri ailə-sağlamlıq mərkəzlərinə çevrilib, onlar üçün yeni avadanlıqlar alınıb və həm də kadrlar hazırlanıb.

Pulsuz tibbin əsas problemlərindən biri də həll olunub – bu, tibbi heyətin aşağı maaş alması və buna görə xəstələrdən pul alması faktları ilə bağlı idi. Birincisi, əməkhaqları artırıldı və ikincisi, xəstə qəbulu üzrə müəyyən bir limitin aşıldığı zaman həkimlər üçün bonuslar sistemi tətbiq olunmağa başladı. Buna görə həkimlər daha çox xəstə qəbul etməkdə maraqlıdırlar, bunun üçünsə daha yaxşı və vicdanlı mütəxəssis kimi tanınmaq lazımdır. İTS Agentliyinin nümayəndələri əmin edir ki, hər hansı mənfi siqnal ilə bağlı sərt qərarlar qəbul edilir.

 

İş puldadır  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, təqdim olunan yeniliklər insanları o qədər qane edib ki, tibbi xidmət üçün edilən müraciətlərin sayı xeyli artıb. Məsələn, 2017-ci ildə 2016-cı ilə nisbətən stasionar müalicəyə 28% daha çox xəstə qəbul edib, cərrahi əməliyyatların sayı isə 50% artaraq 8274-ə çatdı.  

"Qeyd edim ki, bizim əsas paketimizə yüksək qiymətli, lakin həyati vacib olanlar xidmətlər də daxildir – bunların sırasına ürək əməliyyatı, beyin anevrizmlərinin aradan qaldırılması, angioplastika və s. daxildir. Yalnız ötən il 300 belə əməliyyat həyata keçirilib. Daha bir önəmli statistika göstəricsi: ötən il Mingəçevirdə 10-dan uşaq anadangəlmə ürək çatışmazlığı ilə doğulub və onların hamısı dövlət agentliyinin dəstəyi ilə əməliyyat edilib", - deyə Qurbanov bildirib.

Bir sözlə, ilk kündə heç də küt getmədi və hər üç bölgədə yeni sistem çox uğurla oturuşur. İstənilən halda, son sorğunun nəticələrinə əsasən, yerli əhalinin 80%-dən çoxu Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın istifadəsi barədə müsbət rəy bildirib.  

Ancaq hər şey belə yaxşıdırsa, onda nə üçün bütün ölkə miqyasında, xüsusən də Bakıda icbari tibbi sığortanın tətbiqində bu qədər gecikmə baş verir? Axı, yolun başlanğıcında pilot dövrün bir il - il yarım çəkəcəyi və 2018-ci ildən paytaxtda da layihənin işə salınacağı bildirilirdi.  

Göründüyü kimi, burada hər şey maliyyədən asılıdır. Həqiqətən, yuxarıda qeyd olunduğu kimi, hələ ki, yalnız yeni mexanizmlərin yaradılması deyil, həm də onların idarə olunması bütövlükdə ənənəvi pulsuz tibbi xidmətlərin maliyyələşdirilməsi yükünə paralel olaraq dövlət büdcəsindən maliyyələşdirilir. Üç il əvvəl baş vermiş devalvasiya nəticəsində təxirə salınmış və bunun ardınca büdcə xərclərinin optimallaşdırılması üzrə gerçəkləşdirilən tədbirlər xüsusi bir irəliləyiş etməyə imkan verməyib.

Ancaq belə görünür ki, pilot layihələrin uğuru hökumətə İTS-nin bütün ölkə səviyyəsində genişləndirilməsinə sərmayə yatırmağa həvəsləndirib. Artıq 2019-cu ilin dövlət büdcəsində bu məqsəd üçün rekord 223,5 milyon manat ayrılması nəzərdə tutulur. İTS üzrə Dövlət Agentliyinə daha 1,3 milyon manat dövlət başçısı İlham Əliyevin fərmanı ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan ayrılıb. Bu vəsait bütün ölkədə İTS-ə keçid planı hazırlamış beynəlxalq-konsultant şirkət «McKinsey & Company»nin xidmətinin haqqının ödənilməsi üçün istifadə olunacaq.  

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Azərbaycanda İTS sisteminin tam tətbiqi 2020-ci ilə gözlənilir, 2019-cu il isə bu layihə üçün həlledici olacaq.

 

Maliyyə dayanıqlılığı  

Bununla belə, layihənin genişmiqyaslı tətbiqinə başlamaqdan əvvəl həll olunmalı əsas məsələ İTS-in maliyyələşdirmə mənbələrini müəyyən etməkdir. Amma əgər səhiyyə işçilərinin maaşlarının əhəmiyyətli dərəcədə artırılması, kompleks cərrahiyyə əməliyyatlarının maliyyələşdirilməsi və əsas İTS paketinə daxil olan digər bahalı prosedurlar nəzərə alarsa, həmçinin dövlət büdcəsi bütün maddi yükü daşımaqda davam edərsə, aydın olur ki, yeni sistem iqtisadi baxımdan səmərəsiz olacaq və uzun müddət davam etməyəcək. Həm də belə dəyişmənin nə əhəmiyyəti var, əgər söhbət sığortadan gedirsə, ilkin olaraq sığorta etdirənin ödəyəcəyi rüsum nəzərdə tutulur.  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev qeyd edib ki, Azərbaycanda da icbari tibbi sığorta üzrə sığorta haqları yığılacaq və bu, ayrıca fondda toplanacaq. Prosesin mexanizmi, təxminən, indiki pensiya sisteminə və sosial vergi ödənişlərinə bənzəyir. Agentliyin şöbə müdiri Araz Nəsirovun sözlərinə görə, Avropa ölkələrində işəgötürəndən və işçidən icbari tibbi sığorta üçün 5%-dən 15%-ə qədər vəsait tutulur. Azərbaycan üçün, əlbəttə ki, bu aralıq, hələ ki, mümkünsüz sayılır.  

İlkin mərhələdə ehtimal edilir ki, sığorta haqları, təxminən, 3% təşkil edəcək, onun 2%-i işçi tərəfindən, 1%-i isə işəgötürən tərəfindən ödəniləcək. Vətəndaşların qalan hissəsi üçün sığorta haqqının məbləği hər il bir nəfər 120 manat, yəni ayda 10 manat olacaq. Bununla yanaşı, işləyən vətəndaşlar və sərbəst məşğul əhali üçün sığorta haqqının hissə-hissə ödənilməsi mümkün olacaq.

İşləməyən insanlar - uşaqlar, pensiyaçıların, əlillər və aztəminatlı ailələr ilə bağlı necə olacaq, onlar əlçatan tibbi xidmət almaq imkanından məhrum olmayacaq? "Onların İTS üzrə xərclərini dövlət öz üzərinə götürəcək", - deyə Z.Əliyev bildirib.

Ümumiyyətlə, İTS üzrə geniş təcrübəyə malik ölkələrdə də əhalinin müəyyən qrupları üçün tibbi xidmətlərin ödənilməsində dövlət iştirakı tətbiq edilir. Bundan başqa, A.Nəsirov qeyd edib ki, o ölkələrdə İTS Fondunun büdcəsinin artırılması üçün alternativ üsullar da tapılıb. Məsələn, tütün, spirtli içki və sağlamlıq üçün zərərli olan digər məhsulların satışından əldə edilən əlavə vergilər bu fondlara köçürülür. Bəli, bu, həmin məhsulların qiymətinin artmasına gətirib çıxarır. Digər tərəfdən səhiyyə xidmətinə ikiqat təsir göstərir - insanlar bahalı və sağlamlığa zərərli mallardan daha az istifadə etməyə başlayırlar, amma onların satışı işsiz vətəndaşlar üçün tibbi yardım göstərilməsinə yardım edir.

Ekspertlər hesab edirlər ki, İTS sisteminin maliyyə dayanıqlılığının yaxşılaşdırılması üçün gələcəkdə sığorta rüsumlarını ölkədəki inflyasiya proseslərinə uyğun şəkildə indeksləşdirmək məqsədəuyğundur. Litvada bu cür mexanizm istifadə olunur, orada rüsum indeksi minimum əməkhaqqına bağlanıb - onun artması ilə rüsumun miqdarı da artır.

Bir sözlə, İTS daha çox bir sosial layihədir. Bu sistem sosial həmrəylik prinsipi əsasında qurulur, burada gənclər yaşlılar üçün, sağlamlar xəstələr üçün ödəyir. İTS ümumi əhatə dairəsi üzərində qurulur, yəni cinsiyyətindən, yaşından, sağlamlıq durumundan, yaşayış yerindən, fərdi gəlir səviyyəsindən asılı olmayaraq bütün vətəndaşlar baza İTS paketinə daxil edilmiş tibbi xidmətləri pulsuz almaq hüququ qazanırlar.  

Digər tərəfdən yüksək keyfiyyətli tibbi xidmətlərin əldə edilməsi imkanlarını artırmaqla, əmək qabiliyyətli əhali sayının artmasına nail olmaq mümkündür ki, bu, ölkənin iqtisadi imkanlarını artıracaq. Yəni bu gün dövlət büdcəsindən böyük miqdarda sərmayə qoymaqla, ölkə bu "sərmayələri " gələcəkdə tam şəkildə geri qaytaracaq.


MƏSLƏHƏT GÖR:

412