26 Aprel 2024

Cümə, 14:46

UÇURUM DƏRİNLƏŞİR

Rusiya ilə Ukrayna arasında dialoq imkanı getdikcə azalır

Müəllif:

15.12.2018

Rusiya-Ukrayna münasibətlərində bir müddətdir sanki kölgəyə çəkilmiş gərginlik noyabrın 25-də Kerç boğazında baş vermiş insidentlə yenidən gündəmə gəlib. Hər zaman olduğu kimi, bu məsələdə də tərəflərin baş verənlərlə bağlı irəli sürdüyü versiyalar bir-birinə tam ziddir. Moskva ilə Kiyevin getdikcə daha çox haçalanan mövqeləri bütünlükdə rengion üçün təhlükədir və əksər müşahidəçilər hesab edir ki, vəziyyət ən azı Ukraynada 2019-cu ilin martına təyin olunmuş parlament seçkisinədək düzəlməyəcək.

Ukrayna hökumətinin iddiasına görə, Moskva bütünlükdə Azov dənizinə nəzarət etmək istəyir və bu plana uyğun olaraq, münaqişəni məqsədli şəkildə qızışdırır. Kiyev bildirir ki, noyabrın 25-i səhər Rusiya hərbçiləri Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus «Berdyansk», «Nikopol» və «Yanı Kapu» gəmilərini atəşə tutub. Bu gəmilərin Kerç boğazı vasitəsilə Qara dənizdən Azov dənizinə keçidi zamanı baş verib. Daha sonra rusiyalı hərbçilər gəmilərin heyət üzvlərini həbs edib. Yenə də Ukrayna tərəfinin iddiasına görə, onların Azov dənizindəki limanlarına yanaşması bu ilin mayında Kerç boğazında Rusiyanı Krımla birləşdirən körpünün inşasından sonra çətinləşib. Körpünün hündürlüyü 33 metrdir və bu, Ukraynaya məxsus gəmilərin, təxminən, dörddə birinin onun altından keçməsini mümkünsüz edir. Rusiya, eyni zamanda xarici ticarət gəmilərini də saxlayır. Kiyev bunu faktiki yarımblokada sayır və yaranmış vəziyyətin 2003-cü ildə imzalanmış müvafiq razılaşmaya zidd olduğunu bildirir. Söhbət həm Rusiya, həm də Ukrayna gəmilərinin Azov dənizinə çıxışına zəmanət verən razılaşmadan gedir. Ukraynalılar deyir ki, yaranmış vəziyyət onların iqtisadiyyatına mənfi təsir göstərir.

Azov dənizində iki liman şəhəri var – Mariupol və Berdyansk. Ukraynanın metallurgiya sənayesinə adi yüklərin əhəmiyyətli bir hissəsi Mariupol vasitəsilə daşınır. Berdyanska isə bu yaxınlarda Ukraynanın yeni hərbi-dəniz bazası yerləşdirilib. Artıq sentyabrda oraya kiçik zirehli artilleriya katerləri gətirilib. Bir müddət sonra oraya gözətçi və mina gəmiləri də gətiriləcək. Ukrayna üçün bu cür kiçik, manevr imkanları geniş gəmilərdən ibarət, operativ taktiki vəzifələrin öhdəsindən gələ biləcək «dəniz donanması»nın yaradılması «regionda Rusiyanın aqressiv hərəkətlərinə sinə gərilməsi üçün» lazımdır. Bəzi müşahidəçilər deyir ki, Kiyevin bu addımı Rusiyada ciddi narahatlıq yaradıb. Lakin Ukraynanın Azovda baza yaratmasının Moskvanı, həqiqətən, qorxutduğunu demək olmaz. Putinin sabiq köməkçisi, hazırda müxalifətdə olan Andrey İllarionovun versiyası daha inandırıcıdır. Onun fikrincə, Moskvanın əsas hədəfi quraqlıq olan Krımın inkişafı üçün vacib sayılan su resurslarını əldə etməkdir. İllarionov hesab edir ki, Dneprin aşağı hissəsində tikilmiş Şimali Krım kanalına çıxış əldə etmək üçün Kreml, həqiqətən də, Ukraynanı Azov sahillərindən sıxışdırıb çıxarmaq yolunu seçə bilər.

Moskva isə öz növbəsində, Kerç boğazında baş verənləri prezident Pyotr Poroşenko tərəfindən planlaşdırılmış düşüncəsiz təxribat və «sərhəd insidenti» adlandırır. Rusiya tərəfi hesab edir ki, Poroşenko bunu 2019-cu ilin yazında keçiriləcək prezident seçkisində qələbə şansını artırmaq üçün edib. Ölkədə aparılmış son sosioloji sorğular Poroşenkonun reytinqinin son dərəcə azaldığını göstərib. Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, Razumkov Mərkəzi və «Reytinq» sosioloji qrupunun birgə təşkil etdikləri sosial araşdırma göstərib ki, prezidentlik uğrunda mübarizə aparan şəxslər arasında ən yüksək reytinqə Yuliya Timoşenko malikdir. O, Poroşenkonu, təxminən, 2 dəfə üstələyir və təxminən, şoumen Vladimir Zelenski ilə eyni reytinqdədir. Odur ki, Poroşenkonun Rusiya təhlükəsi ətrafında oyun oynayaraq siyasi xal qazanmağa çalışdığına dair fikirlər boş yerə yaranmayıb. O, bununla, vətəndaşların diqqətini daxili problemlərdən yayındırmağa çalışa bilər. Ukrayna prezidentinin 30 gün davam edəcək hərbi vəziyyətin elanı haqda əmr verməsi bu fikirləri daha da gücləndirib. O, daha uzun müddətə hərbi vəziyyət elan edə bilməyib, amma əslində uğurlu seçim edib – ölkə hərbi dövrün qanunları ilə yaşayanda prezident seçkiləri ikinci plana keçir.

Lakin Poroşenkonu nə evdə, nə Qərbdə tam anlayıblar. Qərb KİV-nin əksəriyyəti Ukraynada indi hərbi vəziyyətin elan olunmasını anlamır. Çünki ölkənin cənub-şərqində məlum hadisələrin başladığı dövr bunun üçün daha uyğun idi. Qərbin məsələyə reaksiyası Kiyevi əməlli-başlı məyus edib. Üstəlik, Poroşenko Rusiya gəmilərinin Avropa və Amerika limanlarına girişinə qadağa qoyulmalı olduğunu, perspektivdə isə «Şimal axını 2» qaz kəmərindən imtinanın vacibliyini bəyan edib. Lakin Avropa ölkələrinin heç biri Moskvaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığını demir. Görünən odur ki, məsələ, sadəcə, Almaniya kansleri Angela Merkelin Rusiya prezidenti Vladimir Putinə telefon zəngilə bitib - tərəflər razılaşıblar ki, ehtiyatsız addımlardan mümkün qədər çəkinmək lazımdır.

ABŞ prezidenti Donald Trampın da məsələyə münasibəti qeyri-müəyyən olub. O, hər kəsi ehtiyatlı olmağa çağırıb və Rusiya ilə bağlı atdığı ən sərt addım «Böyük iyirmilik» sammiti çərçivəsində Putinlə danışıqlardan imtinası olub. CNN telekanalı Kerç boğazındakı insidentdən sonra ABŞ-ın Qara dənizə hərbi gəmilər göndərməyə hazırlaşdığı, ərazidə guya Amerika kəşfiyyatına məxsus vertolyotların dövrə vurduğu haqda xəbər yaysa da, bu istiqamətdə hər hansı ciddi addım atılmayıb.

Ümumilikdə, Avropa və Amerika KİV-nin ümumi tonu göstərib ki, artıq Qərb Ukraynanı Rusiyadan qorumaq eşqilə alışıb yanmır. Hər halda, hər kəs üçün öz maraqları və problemləri daha vacibdir. İndi onların başı hər kəsi bezdirmiş «Breksit»ə, yetişmədə olan «Freksit»ə, Almaniyadakı daxili siyasi hadisələrə, İtaliyanın iqtisadi çətinliklərinə və s. qarışıb. Üstəlik, Kiyev nə Avropa İttifaqının, nə də NATO-nun üzvüdür. Məsələn, Bolqarıstanın baş naziri Boyko Borisov bildirib ki, Qara dənizə hərbi gəmilərin göndərilməsi ciddi böhrana yol açacaq və bundan Bolqarıstanın turizm sektoru ciddi zərər görəcək. Onun fikrincə, bu halda enerji sahəsində regional layihələrə də zərbə dəyəcək. Başqa sözlə, bütün bunlar heç kəsə lazım deyil.

Amerikanın kifayət qədər nüfuza sahib «American Conservative» nəşri də mövqeyini açıq ifadə edib: «Kerç boğazındakı böhrandan bizə nə var?» Bəlkə də, Donald Trampın özü bir qədər fərqli düşünür. ABŞ prezidentinin xarakteri hər kəsə məlumdur. Odur ki, o, bəlkə də, əslində nə baş verdiyini dəqiq bilmir və ya amerikalılar üçün ifadəsi çətin olan Mariupol və Berdyansk şəhərlərinin Ukrayna üçün hansı əhəmiyyət daşıdığını tam anlamır.

Bu arada Kerç boğazı bir tərəfə, Rusiya ilə Ukrayna arasında münaqişə başqa istiqamətdə də qızışa bilər və bu, daha təhlükəlidir. Çünki o münaqişənin iştirakçıları hərbçilər yox, adi insanlar ola bilər. Söhbət kilsələrin bölüşdürülməsindən gedir. Ukraynanın hazırkı rəhbərliyi üçün bu, çox vacib layihədir. «Foreign Affairs» yazır ki, «Poroşenkonun Rusiya ilə hərbi qarşıdurmada uğur qazanmaq şansı olmadığından», milli birlik hissini gücləndirməkdən başqa yolu yoxdur. «Bu, ölkəyə Rusiya ilə tarixi əlaqələrdən uzaqlaşmaq imkanı verəcək», - deyə yazıda bildirilir.

Müstəqil Ukrayna kilsəsi Ukrayna dövlətçiliyinin vacib elementi sayılır və o, məhz Poroşenkonun adı ilə bağlı olacaq. Lakin onun adı ilə dini zəmində ciddi qarşıdurmaların da bağlanması ehtimalı var. Çünki kilsələrin bölüşdürülməsi işinin hansı nəticələr verəcəyi dəqiq məlum deyil. Görünən isə odur ki, Poroşenko prezident seçkisi ərəfəsində əldə etdiklərilə kifayətlənmək niyyətində deyil. O, dekabrın 10-da Rusiya ilə dostluq sazişinin qüvvədən düşməsinə dair sənəd imzalayıb. Söhbət iki ölkənin münasibətlərinə dair əsas sənəddən gedir. Orada Rusiya ilə Ukraynanın strateji tərəfdaş olduqları göstərilir. Maraqlıdır ki, prezidentin bu addımına bir çox Ukrayna siyasətçisi belə, etiraz edib. Onların fikrincə, bu qərar Moskva ilə münasibətlərdə vakuum yaradacaq. Məsələ ondadır ki, Azov dənizindən birgə istifadəyə dair müqavilə belə, həmin dostluq sazişinə əsaslanır. Beləliklə, indi Kiyev öz mövqelərini qorumaqda daha ciddi çətinliklərlə üzləşə bilər.

Təəssüf ki, payızın sonu, qışın əvvəlində yaşananlar Rusiya ilə Ukrayna arasında dialoq imkanının getdikcə azaldığını, münaqişəli zonalarda vəziyyətin qarışması üçün səbəblərin getdikcə artdığını göstərib. Məsələ ondadır ki, Krım ətrafında, Qara və Azov dənizlərində, Donbasda baş verənlər istər Rusiya, istərsə də Ukrayna hökuməti üçün hər zaman reytinq, nüfuz məsələsi olub və belə də olacaq. Fərq yalnız ondadır ki, siyasi karyerasının tezliklə bitə biləcəyini anlayan Poroşenko bu dəfə daha çox şeyə hazırdır. Bu isə, həqiqətən, təhlükəli ola bilər.



MƏSLƏHƏT GÖR:

347