26 Aprel 2024

Cümə, 17:01

ULDUZ MÜHARİBƏLƏRİ

Kosmik qoşunlar ABŞ ordusunun altıncı hərbi bölüyünə çevrilə bilər

Müəllif:

01.01.2019

Bu günlərdə Qrenlandiyaya meteoritin düşməsi Tramp administrasiyası üçün nə qədər gözlənilməz idisə, o qədər də sevindirici olub. Meteorit Amerikanın adada yerləşən erkən xəbərdarlıq bazasının «iki addımlığına» düşüb. Britaniyanın «The Times» nəşri yazır ki, amerikalı hərbçilər özlərinin də etiraf etdikləri kimi, hər şeydən çox «perhalborluqdan» (pearl-harboured), yəni düşmənin ilk zərbə endirəcəyi anı diqqətdən qaçırmaqdan qorxurlar. Xatırladaq ki, 1941-ci il dekabrın 7-də Amerikanın Havay adalarındakı Perl-Harbor limanında yerləşən hava bazası sualtı qayıqla qəfil hücuma keçmiş Yaponiya tərəfindən darmadağın edilmişdi.

İndi isə amerikalılar yenə «yuxuya gedərək» Qrenlandiyaya düşən meteoriti də əvvəlcədən görə bilməyiblər. Kosmosdan gələ biləcək təhlükələrlə ciddi məşğul olmaq üçün bundan yaxşı hansı stimul ola bilərmi? Üstəlik, ABŞ-ın müdafiə doktrinasında əsas düşmənlər kimi göstərdiyi Rusiya ilə Çin son dövrlərdə kosmosun öyrənilməsinə daha ciddi girişib.

«Son dövrdə kosmik mühit köklü dəyişikliklərə məruz qalıb. O, əvvəllər sülhün hökm sürdüyü məkan idisə, indi düşmənçilik kosmosa da çatıb», - deyə ABŞ-ın vitse-prezidenti Maykl Pens bu günlərdə verdiyi açıqlamada bildirib. O, kosmosda Amerikanın maraqlarını qorumaqla məşğul olacaq qoşun növünün yaradılacağını bəyan edib.

Amerika Ordusu GPS naviqasiyadan, peyk rabitəsindən, kosmik kəşfiyyatdan və erkən xəbərdarlıq sistemindən getdikcə daha asılı vəziyyətə düşür. Pentaqon nümayəndələri deyir ki, Birləşmiş Ştatların Çin və Rusiyanın Amerika peyklərini «söndürmək», yaxud hətta məhv etmək üzərində çalışmasından narahatlığı artır.

 

Potensial düşmənlər

Çin hələ 2007-ci ildə «yer-hava» tipli raketlə öz peyklərindən birini vurmuş, bununla da, kosmosdakı hədəfləri belə, dəqiqliklə nişan almaq qabiliyyətinə malik silahı nümayiş etdirmişdi. 2015-ci ildə isə ÇXR Strateji dəstək qüvvələrinin yaradıldığını açıqlamışdı. O, Çin Ordusunun kosmik, kibernetik və elektron vəzifələrinin öhdəsindən gəlinməsi üçün yaradılıb.

Rusiya kosmosun mənimsənilməsi işində daha irəli gedib. O, kosmosa nəzarət etmək üçün hələ SSRİ dövründə dünyanın müxtəlif nöqtələrində, o cümlədən Şimali (Meksika) və Cənubi (Boliviya) Amerikada qurulmuş telesopları bərpa edib, daha da genişləndirib. İndi orbitdə onun gizli uçuş aparatları da var. ABŞ administrasiyası onları başqa kosmik aparatlara hücum edə biləcək «qatil peyklər» adlandırır. Bu ilin oktyabrında isə rusiyalı hərbçilər peyklərin zərərsizləşdirilməsi üçün yaradılmış «Tirada-2S» adlı yeni sistemi sınaqdan keçiriblər. Onun artıq bu il Rusiya Silahlı Qüvvələrinin silahları arasında daxil ediləcəyi deyilir.

Bu arada nüfuzlu xəbər və analitik nəşrlər birağızdan qorxunc proqnozlar verməkdədir: «Birləşmiş Ştatlar Rusiya və Çinlə savaşa hazırlaşır» («Stratfor», ABŞ, 17 dekabr), «ABŞ Çin və Rusiya ilə müharibəni uduza bilər» («The Independent», Böyük Britaniya, 16 noyabr), «ABŞ zəifləyib və yeni müharibədə məğlub ola bilər» («CBS News», ABŞ, 14 noyabr), «Rusiya ilə müharibə? Yeni dünya müharibəsi yaxınlaşır» («The Nation», ABŞ, 03 dekabr).

 

Kosmosla kim məşğul olacaq?

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə hərbi əməliyyatların kosmosda gedəcəyini mümkün hesab edərək, ötən ilin iyununda Pentaqona yeni növ silahlı qüvvələrin yaradılmasını tapşırıb. Söhbət kosmik qoşunlardan gedir. Prezident hesab edir ki, onlar ABŞ ordusunun 6-cı bölüyü olmalıdır (digərləri Quru qoşunları, Dəniz piyadaları, Sahil mühafizəsi, Hərbi Dəniz və Hərbi Hava qüvvələridir).

Beləliklə, ABŞ-da əlahiddə kosmik qüvvələrin yaradılması məsələsi artıq 2 ildir istər ABŞ parlamentində, istər Ağ Evdə, istərsə də Pentaqonda qızğın mübahisə mövzusudur. Hərbi ekspertlər ümumilikdə Çin və Rusiya kimi rəqiblərin kosmosda ABŞ-a təhlükə yaratdığı fikrilə razılaşsalar da, kosmosla məşğul olacaq ayrıca silahlı qüvvələrə ehtiyacın olmadığını düşünürlər. Prezidentinsə ABŞ Silahlı Qüvvələrində yeni qoşun növünün yaradıldığını elan etmək səlahiyyəti yoxdur. Bunun üçün ən azı Konqresdə qanunverici aktın qəbulu və Silahlı Qüvvələrin tam restrukturizasiyası tələb olunur. Çünki ölkənin bütün növ qoşunlarında kosmosa aid departament var: HHQ Kosmik Komandanlığı (AFSC), Kosmosdan və raketdən müdafiə komandanlığı (SMDC), Hərbi-dəniz şəbəkələri və kosmik əməliyyatlar komandanlığı (NNSOC), Kosmik və hərbi-dəniz sistemləri komandanlığı (SPAWAR) və s. Bundan başqa, Milli Kəşfiyyat İdarəsinin (NRO) və Milli Geofəza Kəşfiyyatı Agentliyinin (NGA) işi də kosmosla əlaqəlidir.

 

HHQ-nin tarixi

ABŞ Silahlı Qüvvələrində prezident Trampın nəzərdə tutduğu islahatlar həyata keçirilərsə, bu, son 70 ilin ən köklü islahatları olacaq. Söhbət ölkədə yeni qoşun növünün – Hərbi Hava Qüvvələrinin yaradıldığı 1947-ci ildən bu yana olan dövrdən gedir. Amma o illərdə islahatlar bir anda aparılmamış, onilliklər boyu davam etmişdi.

Birinci Dünya müharibəsi zamanı aviasiya əməliyyatlarını Quru qoşunları planlayırdı. Pilotlar isə onlara rəhbərlik edən insanların bu işin xüsusiyyətini bilməməsindən şikayətlənirdi. Müharibənin başa çatması ilə ABŞ Konqresi bu problemin həllinə girişsə də, düz İkinci Dünya müharibəsinin sonunadək istəyinə nail ola bilməmişdi. Həmin dövr ərzində 29 qanun layihəsi hərbçilərin fikrincə, uğursuz olduğundan iflasa uğramışdı.

Beləliklə, ölkə parlamenti hərbi islahatlara dair qanunu yalnız 1947-ci ildə qəbul edib və prezident Harri Trumen sənədi imzalayıb. Bununla da, ABŞ SQ-nin tərkibində HHQ yaradılıb.

Kosmosa cavabdeh olan ilk hərbi bölük – HHQ Kosmik komandanlığı isə 1982-ci ildə yaradılıb. Komandanlıqda hərbi-kosmik sistemin dəyişdirilməsi ideyası 2000-ci ildə, Donald Ramsfeldin müdafiə naziri olduğu dövrdə yaranıb. Lakin 11 sentyabr terrorundan sonra bütün diqqət terrorçuluqla mübarizəyə yönəldiyindən, bu məsələ arxa plana keçib. Məsələ bir də 2016-cı ildə qaldırılıb və Konqresdə məsələ həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənib.

2017-ci ilin iyununda parlamentarilər 2018-ci maliyyə ili üçün nəzərdə tutulmuş müdafiə büdcəsi layihəsinə Kosmik qoşunların yaradılması təklifini də daxil edib. Lakin hərbçilər buna etiraz edib. Xüsusilə müdafiə naziri Ceyms Mettis Konqresdən Kosmik qoşunlara tam müstəqillik verilməsi təklifinin rədd olunmasını israrla tələb edib.

 

«Böyük tarix» olmaya da bilər

O zaman məsələ gündəmdən çıxsa da, 1 il sonra ən yüksək səviyyədə ortaya atılıb. Ötən ilin martında şəxsən prezident Donald Tramp belə qoşun növünün yaradılmalı olduğunu israrla bəyan edib. «Məni yeni kosmik strategiyamda kosmos yer, hava və dəniz kimi, hərbi əməliyyatlar zonası sayılır», - deyə Tramp Kaliforniyadakı hərbi-hava bazasındakı çıxışında bildirib: «Bizdə HHQ var, Kosmik qüvvələr də olacaq». Bununla yanaşı, prezident əvvəlcə bu ideyanın onda zarafat kimi arandığını, lakin bu haqda ciddi düşünə biləcəyini deyib: «Bilirsiniz, bu haqda bir neçə gün əvvəl danışmışdım, çünki kosmosda nəhəng işlər görürük. Demişdim ki, bəlkə də, bizə yeni qüvvə lazımdır və onu kosmik qüvvələr adlandıra bilərik. Amma onda qeyri-ciddi danışırdım. Sonradan bunun nə qədər gözəl ideya olduğunu anladım. Bu, ola bilər. Bu, böyük tarix ola bilər».

Amma görünən odur ki, «böyük tarix» gözləməli olacaq. Onun əleyhinə olan əsas arqumentlər arasında hərbi peyklərin səmaya buraxılması və istismarına cavabdeh olan çoxsaylı personalın başqa qurumun tabeliyinə verilməsi kimi texniki baxımdan çətin proses də var. Hazırda onlar ABŞ HHQ, Hərbi-Dəniz Donanması, Milli Kəşfiyyat İdarəsi də daxil olmaqla, Müdafiə Nazirliyinin müxtəlif bölmələrinə tabedir. Üstəlik, yeni idarəçilik aparatının yaradılması böyük həcmdə maliyyə tələb edir. Müxtəlif hesablamalara görə, bu işə 5 il ərzində 13 milyard dollaradək vəsait tələb oluna bilər.

Parlamentdə, prezident administrasiyası və Pentaqonda aylarla davam etmiş müzakirələrdən sonra hələlik Kosmik Qüvvələr Komandanlığı (SPACECOM) adlı bölüyün yaradılması kifayət hesab olunub. Lakin o, Trampın tələb etdiyi kimi, müstəqil deyil, HHQ-nin tabeliyində olacaq. Məsələn, Hərbi-Dəniz Donanması departamenti yanında müstəqil xidmət olan Dəniz Piyadaları Korpusu kimi. Prezident müvafiq sənədi dekabrın 18-də imzalayıb.

Kosmik qüvvələrin formalaşdırılması prosesinin 2020-ci ilədək başa çatdırılması nəzərdə tutulub. O, əsasən ABŞ SQ-nin digər bölüklərindəki profil strukturların hesabına formalaşdırılacaq.

ABŞ Konstitusiyasına əsasən, Silahlı Qüvvələr üçün resursların yaradılması, tənzimlənməsi və hansı qüvvənin öhdəsinə buraxılması səlahiyyətləri Konqresə məxsusdur. 2020-ci ilin hərbi büdcəsində yeni hərbi birləşməyə hansı həcmdə vəsaitin ayrılacağını da fevralda məhz Konqres müəyyənləşdirməlidir.

Nəzərə alsaq ki, Nümayəndələr Palatasında çoxluq demokratlardadır, prezident administrasiyası Kosmik qüvvələrin artıq 2020-ci ildə ABŞ Ordusunun 6-cı müstəqil qoşun növünə çevriləcəyini gözləməməlidir. «Məni narahat edən odur ki, bu təklif yeni bahalı hərbi bürokratiyaya yol açacaq. Halbuki bizim müdafiə resurslarımız onsuz da məhduddur. Bunun ABŞ-ın milli təhlükəsizliyinin təmini üçün ən yaxşı variant olduğunu düşünmürəm», - deyə demokrat konqresmen Adam Smit bildirib. Yeri gəlmişkən, parlamentin Silahlı qüvvələr komitəsinə 2019-cu ilin yanvarından məhz o rəhbərlik edəcək.



MƏSLƏHƏT GÖR:

309