26 Aprel 2024

Cümə, 13:21

ƏSAS VƏZİFƏ

İlham Əliyevdən Azərbaycanın şəhid ailələrinə: «Sizə xidmət etmək mənim üçün böyük şərəfdir»

Müəllif:

01.02.2019

«Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olub, şəhidlik zirvəsinə yüksəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin». Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə Prezident Sarayında keçirdiyi görüşdəki çıxışına bu sözlərlə başlayıb. Görüş isti, səmimi atmosferdə keçib. Dövlət başçısı görüşdə iştirak edənlərin hər birinə minnətdarlığını, hörmətini bildirib, övladını Vətənə sevgi ilə, vətənpərvərlik ruhunda böyütmüş hər bir valideynin itki acısını bölüşdüyünü bildirib.

Lakin, kaş müharibə olmayaydı...Bu fikir qəhrəman övladlarını Vətənə qurban vermiş ana və ataların da üzündə əks olunmuşdu. Bəlkə elə prezidentin özü də bunu demək istəyərdi, lakin Ali Baş Komandan adı müharibəni istisna etmir. Prezident məğlubiyyəti qəbul etmir. Dövlətin liderinin hədəfi xalqda vətənpərvərlik ruhunun artmasıdır. Şəhid ailələri ilə görüş bunun təsdiqi idi.

İlham Əliyev çıxışında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli Azərbaycan üçün əsas hədəfdir. Bununla yanaşı, o, bu gün dünyada «güc variantının ön plana çıxdığını» deyib və Azərbaycanın da buna hazır olduğunu söyləyib.

 

Müharibədən zərər çəkənlər

Dövlət başçısı şəhid ailələrini Prezident Sarayına dəvət etməklə, yalnız onlara minnətdarlığını, dərin hörmət və ehtiramını çatdırmağa çalışmayıb. O, dövlətin müharibədən zərər çəkmiş insanlara qayğısını bir daha nümayiş etdirib. İ.Əliyevin sözlərinə görə, son illərdə ölkədə yalnız məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik və qəsəbə tikilib. Şəhid ailələrinə isə 6650-dən çox mənzil və 6 min minik avtomobili verilib.

«Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilib. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcək. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin. Bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim», - deyə Prezident İlham Əliyev bildirib.

 

Ədalətli qərar

Bununla yanaşı, dövlət başçısı 2016-cı ilin aprel hadisələri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlər haqqında fərman imzaladığını da xatırladıb. O, bunu belə izah edib: «Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur».

Ödəmələrin verilməsi prosesinə artıq başlanılıb. Artıq 3 mindən artıq şəhid ailəsinin hər birinə 11 min manat ödənilib. «Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni fərman imzaladım. Bu fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində, təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur», - deyə İ.Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, bu proqramın icrası məqsədilə dövlət büdcəsindən 135 milyon manat ayrılacaq: «Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir».

 

Xalq onlarla qürur duyur

Görüşdə şəhid ailələrinin nümayəndələrinə də çıxış etmək imkanı yaradılıb. Onlar babalarının, atalarının və oğullarının Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olması ilə qürur duyduqlarını deyib, göstərilən diqqət və qayğıya görə prezidentə minnətdarlıqlarını bildiriblər. «Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik. Sağ olun, var olun! Allah Sizə ömür versin!» - deyə şəhid atası Şirvan Nüsrətov bildirib.

Sonda dövlət başçısı görüş iştirakçılarına minnətdarlığını bildirib, onlara cansağlığı, bir daha heç zaman «belə dəhşətli faciə ilə qarşılaşmamağı» arzulayıb.

Daha sonra İlham Əliyev şəhid ailələrinin nümayəndələrinə birdəfəlik ödəməni almaları üçün plastik kartlar təqdim edib.

«Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. Sağ olun!» - deyə sonda İ.Əliyev bildirib.



MƏSLƏHƏT GÖR:

430