26 Aprel 2024

Cümə, 19:32

İXRACIN SƏNAYELƏŞDİRİLMƏSİ

Azərbaycanın neft-kimya kompleksi xarici bazarlar üçün rəqabət qabiliyyətli məhsulun istehsalını artırır

Müəllif:

01.02.2019

Son bir neçə il ərzində Azərbaycanda dövlətin və özəl sərmayəçilərinin səyləri nəticəsində neft-kimya sənayesi yeni dirçəliş mərhələsinə qədəm qoyulub. Bu gün ölkədə 20-yə yaxın nəhəng kimya müəssisəsi işləyir, onların dörddə üçü dövlətə məxsusdur. "Azərkimya" neft-kimya kompleksinin əsas müəssisələrinin modernləşdirilməsinə paralel olaraq Sumqayıt Kimya Sənaye Parkında (KSP) yeni kimya müəssisələri yaradılır. Belə ki, keçən ilin iyul ayında «SOCAR Polymer» layihəsi çərçivəsində tikilmiş polipropilen zavodunun birinci mərhələsi istismara açılıb, 2019-cu ilin ortalarında «SOCAR Karbamid» zavodu istifadəyə verilib.

 

Tək və ən iri

"Regionda ən böyük karbamid zavodunun işə salınması qeyri-neft sənayesinin inkişafının və ölkənin sənayeləşmə strategiyasının uğurunun aydın göstəricisidir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda «SOCAR Karbamid» zavodunun açılış mərasimində bildirib. "Zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan, təqribən, 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi, demək olar ki, iki dəfə artırmışıq".

Dövlət başçısı bu layihəni maliyyələşdirən xarici bankların rolunu xüsusi vurğulayıb. Bu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. SOCAR-ın məlumatına görə, zavodun ümumi tikinti xərcləri 770-780 milyon avro qiymətləndirilir. Bunun üçün 500 milyon avro məbləğində kredit xətti cəlb edilib: vəsaitin, təxminən, yarısı Koreya «Eximbank», qalan yarısı isə «UniCredit», «Societe Generale» və «Deutche Bank» (Koreya İxrac İdxal Bankının zəmanəti ilə) tərəfindən təmin edilib. Tikintinin birinci mərhələsində (banklarla müqavilə bağlanmasından əvvəl) SOCAR hazırlıq və torpaq işlərini, eləcə də zəruri energetika infrastrukturunun və digər infrastrukturun qurulması xərclərini müstəqil şəkildə maliyyələşdirib. Bundan başqa, layihə çərçivəsində vergi və rüsumların ödənilməsi üçün digər xərclərə SOCAR tərəfindən 100 milyon avro ayrılıb. Kreditin geri qaytarılması müəssisənin işə başlamasından 1,5 il sonra başlayacaq və zavod səkkiz ildən sonra mənfəətə çıxacaq.

Tikintinin baş podratçısı Koreya şirkəti «Samsung Engineering»dir, layihə işləri Danimarkanın «Haldor Topsoe A/S» və Hollandiyanın «Stamicarbon B.V» şirkətləri tərəfindən gerçəkləşdirilib, zavod Avropa istehsalı olan ən çağdaş avadanlıqlarla təchiz olunub.

Şirkətə üç istehsal sahəsi daxildir: hər gün zavodda 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal edəcək, qalan güclər dənəvər karbamid istehsalına yönəldiləcək. "SOCAR-ın karbamid zavodu Cənubi Qafqaz regionunda yeganə iri istehsalçısıdır, gözlənilir ki, onun məhsulunun 2/3 hissəsi əsasən Türkiyəyə, eyni zamanda Gürcüstana və Ukraynaya ixrac ediləcək. Zavodun məhsulları həmçinin beynəlxalq fond birjasına çıxarılacaq və bu əməliyyatlar «SOCAR Trading» tərəfindən gerçəkləşdiriləcək", - deyə «SOCAR Karbamid»in direktoru Xəyal Cəfərov bildirib.

 

Dayanıqlı tələbat

Əsasən xarici bazarlara yönələcək karbamid istehsal güclərini Sumqayıtda yerləşdirmək hesabına Azərbaycan nə kimi üstünlüklər əldə edəcək?  

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən edilən araşdırmaya görə, karbamid ən geniş yayılmış, təsirli və nisbətən təhlükəsiz azot gübrəsi sayılır. Bu məhsul digər kimyəvi maddələrin və dərmanların istehsalında da geniş istifadə olunur. Dəyərinin ucuz olması və yüksək məhsuldarılığı karbamidin istifadəsi üzrə sabit tələbat formalaşdırıb və bu məhsul bu gün dünyada istifadə olunan bütün mineral gübrələrin üçdə birini təşkil edir.

Bu yaxınlara kimi dünya üzrə bu məhsulun ən böyük istehsalçıları olan ABŞ, Çin və Hindistan ixrac proqramlarında yalnız cüzi səviyyədə iştirak edirdilər, çünki istehsal edilən gübrənin çoxunu özləri istehlak edirdilər. Bu vəziyyət inkişaf etməkdə olan bazarları yeni karbamid gücləri işə salmağa vadar etdi. Yalnız son on il ərzində dünyada 25 yeni zavod tikilib və dünya üzrə karbamid istehsalı 20% -dən çox artıb, 2018-ci ildə dünya üzrə tələbat 200,5 mln. tondan çox olub.

Bununla belə, 2017-ci ildə Birləşmiş Ştatlarda ümumi istehsal gücü 3,1 milyon ton olan iki böyük karbamid zavodunun tikilməsi, eyni zamanda bu yaxınlarda Çin hökumətinin ixrac üzrə gömrük rüsumlarını sıfra endirməsi təklifin artmasına və karbamidin dünya qiymətlərinin nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxardı. Buna baxmayaraq, FAO-nun proqnozlarına görə, inkişaf etməkdə olan ölkələrdə gözlənilən əhali artımı və ərzağa tələbatın artması yaxın illərdə azot gübrələrinə bazar tələbatı ilə və təklifin artması arasında uyğunluq yaradacaq.

Bu vəziyyət göstərir ki, «SOCAR Karbamid» məhsullarına dünya bazarında dayanıqlı tələbat olacaq. Bundan başqa, zəngin təbii qaz yataqlarına və əlverişli logistikaya malik olması sayəsində Azərbaycan karbamidinin istehsal dəyəri bir sıra digər dünya təchizatçılarınınkına nisbətən yetərincə aşağı olacaq.

"SOCAR tərəfindən karbamid zavodunun tikintisi Azərbaycan hökumətinin xammalın ixracının azaldılması, onun emalının təşkili ilə xarici bazarlara daha yüksək əlavə dəyərli, daha yüksək texnologiyalı məhsulların ixracının artırılması strategiyasının bir hissəsidir ki, bu da ekvivalent xarici ticarətə nail olmaq üçün şərait yaradacaq", - iqtisadçı Elşad Məmmədov bildirib.

Karbamid zavodunun istismara verilməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. "Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Müqayisə üçün, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana müxtəlif növ mineral gübrələrin idxalı 264,9 min ton təşkil edib ki, bu da 2017-ci ilin eyni dövründəkindən 60% çoxdur. Eyni zamanda Azərbaycanda karbamidin daxili istehlakı ildə 150 min ton səviyyəsində qiymətləndirilir. Özü də hətta özəl şirkətlərin bazarda satdığı mineral məhsullar nəzərə alındıqda belə, fermerlər tərəfindən istifadə olunan karbamidin illik miqdarı aqrotexniki standartlarla tələb olunan normativ miqdarın 60%-dən artıq olmur. Buna görə, karbamid zavodunun istehsalı artdıqca daxili tələbatın ildə ən azı 200 min tona qədər artacağı gözlənilir. Ucuz yerli karbamiddən böyük miqdarda istifadə edərək fermerlər bitkiçilikdə məhsuldarlığı artıra bilərlər ki, bunun nəticəsində xarici bazarlarda yerli məhsulların rəqabət gücü yüksələr.

 

Neft-kimya kompleksi

Bu yaxınlarda istifadəyə verilmiş karbamid zavodu Azərbaycanda neft-kimya sənayesində yeganə böyük layihə deyil. Belə ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 18 rezident müəssisə qeydiyyata alınıb: onlardan 10-u fəaliyyət göstərir (on birinci «SOCAR Karbamid» oldu). Eyni zamanda SKSP-yə yatırılan və planlaşdırılan sərmayələrin ümumi məbləği, təxminən, 3 milyard dollar qiymətləndirilir.

"Keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq" – deyə Prezident İlham Əliyev xatırladıb.

«SOCAR Polymer» şirkəti 2013-cü ildə ölkədə kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə yaradılıb: 25 oktyabr 2015-ci ildə «SOCAR Polymer»in birinci mərhələsinin təməli qoyulub və üç ildən də az müddət keçəndən sonra dövlət başçısının iştirakı ilə çağdaş və yüksək texnologiyalı obyektlər istifadəyə verilib. Bu, son 40 ildə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk bu cür irimiqyaslı layihədir. Yaxın vaxtlara qədər "Azərkimya" İstehsalat Birliyi aşağı sıxlıqlı polietilen ixrac edirdi, yüksək sıxlıqlı polietileni isə idxal edib. «SOCAR Polymer» zavodunun istismara verilməsi ilə bahalı idxaldan qurtulmaq və bu yüksək tələbat olan məhsul üçün daxili ehtiyacı tam şəkildə ödəmək mümkün olacaq. Sumqayıtdakı yeni zavod ildə 19 növdən 184 min ton polipropilen və 12 növdən 120 min ton yüksək sıxlığı polietilen istehsal edəcək.

"2018-ci ilin sentyabrından etibarən propilen ixrac olunmur və polipropilen istehsalı üçün «SOCAR Polymer»ə verilir. Öz növbəsində «SOCAR Polymer» polipropilen və yüksək sıxlıqlı polietilen kimi daha qiymətli qabaqcıl emal tsikli məhsullarını ixrac edəcək",- deyə SOCAR-dan bildiriblər.

Gözlənilir ki, yüksək sıxlığı olan polietilenin, təxminən, 70%-i Türkiyənin, Çinin və Avropanın iritutumlu bazarlarına ixrac ediləcək. Ümumiyyətlə, «SOCAR Polymer» şirkəti ümid edir ki, polipropilen və yüksək sıxlıqlı polietilen satışından ildə 350 milyon dollar gəlir əldə edəcək, istehsalın 75-80 faizə yaxını ixrac ediləcək.

«SOCAR Polymer» ölkənin neft-kimya sənayesində dövlət və özəl sektorların əməkdaşlığı şəraitində qurulan ilk şirkətdir. Belə ki, sərmayələrin 60%-i Rusiyanın "Qazprombank"ı tərəfindən təmin edilib, qalan hissə uyğun olaraq SOCAR, «Vitol», «Paşa Holdinq», «Gilan Holdinq» və «Azərsun Holdinq»ə məxsusdur.

"Azərkimya" İB modernləşmə çərçivəsində son 5-6 il ərzində etilen-propilen zavodunun yenidənqurulması və avadanlıqlarının yenilənməsi prosesini gerçəkləşdirib. 2020-ci ilin birinci yarısında müəssisələrin modernləşdirilməsinin və yenidənqurulmasının bütün mərhələlərini başa çatdırmaq planlaşdırılır.

Beləliklə, il yarımdan sonra Sumqayıtda tam tsikldə yüksək əlavə dəyər payına malik məhsullar istehsal edən ixracyönümlü neft-kimya müəssisələri kompleksi işləyəcək. İlkin hesablamalara görə, «SOCAR Polymer» zavodlarının fəaliyyətə başlaması ilə Azərbaycanın qeyri-neft sektorunun ümumi ixrac gəlirləri 19% artacaq.



MƏSLƏHƏT GÖR:

334