27 Aprel 2024

Şənbə, 08:33

ƏSRLƏRİN MÜBAHİSƏSİ

Cənubi Kurillə bağlı danışıqlar prosesi yekun nəticədən qat-qat sərfəlidir

Müəllif:

01.02.2019

Kifayət qədər mehriban qonşuluq münasibətlərinə, ən yüksək səviyyədə mütəmadi əlaqəyə, 20 milyard dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsinə malik Rusiya ilə Yaponiya bütün bunlara rəğmən, İkinci Dünya müharibəsinin bitimindən bu yana Kuril adaları ilə bağlı texniki olaraq müharibə şəraitində yaşamaqdadırlar. Bu problemin həllində dönüşə növbəti cəhd də nəticə verməyib. Başqa sözlə, Rusiya prezidenti Vladimir Putin ilə Yaponiyanın baş naziri Sindzo Abenin yanvarın 22-də Moskvada apardıqları danışıqlar yenə də nəticəsiz qalıb.

 

Nikbinliyə əsas yox idi

Əslində, nəticənin əldə olunacağına ciddi bir ümid də yox idi. Müsbət məqam yalnız Putinlə Abenin 2018-ci ilin noyabrında Sinqapurda keçirdikləri görüşdən sonra danışıqları 1956-cı il bəyannaməsi əsasında aparmağa hazır olduqları demələri idi. Başqa sözlə, tərəflərin tezliklə və asanlıqla kompromisə gələcəklərini heç kəs gözləmirdi.

Bununla yanaşı, Abe yanvarın əvvəlində seçki dairəsindəki çıxışında problemin həllilə bağlı qərarın məhz 2019-cu ildə qəbul olunacağına əminliyini ifadə etmişdi. Baş nazirin ərazi münaqişəsinə son qoyacağı ilə bağlı «atasının məzarına» and içməsi ilə dramatizmi daha da artırırdı. Yeri gəlmişkən, onun atası 1982-1986-cı illərdə Yaponiyanın baş naziri kimi bu işlə çox yaxından məşğul olub.

İndi dünya KİV-i baş naziri belə andı içməyə nəyin vadar etdiyi üzərində «baş sındırır». Ən başlıcası isə mətbuatı 3 saatdan artıq davam etmiş Moskva danışıqlarında bağlı qapılar arxasında nələrin qaldığı düşündürür. Məsələ ondadır ki, görüşün yekununda səsləndirilmiş fikirlər problemin tezliklə həll olunacağına heç bir ümid yaratmır. «Müharibənin bitimindən keçən 70 ildən artıq müddətdə çözülməmiş qalan problemi həll etmək asan deyil. Lakin biz buna nail olmalıyıq», - deyə Abe bildirib.

Vladimir Putin isə məsələyə belə münasibət bildirib: «Qarşıda bizi uzun və çətin iş gözləyir… Əlbəttə ki, təklif olunan variant Rusiya və Yaponiya xalqları üçün qəbuledilən olmalıdır. Onu hər iki ölkənin ictimaiyyəti dəstəkləməlidir».

 

Müharibələr və danışıqlar

Əvvəllər Kuril adalarında yerli xalq olan aynular yaşayıb. Sonradan oraya ruslar və yaponlar da gəlib və nəticədə onların arasında bu ərazi uğrunda bitmək bilməyən hərbi və ticarət müharibəsi başlayıb. Son 70 ildə Kuril Rusiyanın nəzarətindədir. 1945-ci ildə – müharibənin başa çatmasına az qalmış Sovet İttifaqı Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamışdı. Ona görə indi Moskva bu ərazilərə nəzarətinin qanuni olduğunu deyir və bunu İkinci Dünya müharibəsinin nəticəsi kimi qiymətləndirir.

1951-ci ildə Moskva antihitler koalisiyasının bir hissəsilə Yaponiya arasında razılaşdırılmış San-Fransisko sülh müqaviləsini də imzalamaqdan imtina edib. O zaman SSRİ nümayəndə heyətinin rəhbəri A.Qromıko bu razılaşmanı «separat sülh» kimi qiymətləndirərək, bunu konfransda ÇXR nümayəndələrinin iştirak etməməsi, sənədin mətnində isə SSRİ-nin Cənubi Saxalin və Kuril adaları üzərində suverenliyinin təsdiqlənməməsilə əsaslandırıb.

Yaponiya isə 4 adanın (İturup, Kunaşir, Şikotan və Habomai sırası) Tisim (Kuril) adalarına (Yaponiya San-Fransisko müqaviləsi əsasında ondan imtina edib) aid olmadığını deyir və onları özünün Hokkaydo prefekturasına aid «şimal ərazisi» sayır. Bu zaman Tokio 1855-ci ilə aid Ticarət və sərhədlər haqqında Şimoda Müqaviləsinə (rus-yapon) əsaslanır.

1956-cı ildə Sovet hökumətinin başçısı Nikolay Bulqanin və Yaponiyanın baş naziri İtiro Hatoyama ikitərəfli münasibətlərin normallaşdırılmasına dair birgə bəyannamə imzalayıblar. Sənəddə bildirilir ki, «Sovet İttifaqı… sülh razılaşmasının imzalanmasından sonra Habomai və Şikotan adalarını Yaponiyaya verməyə razıdır». Kiçik Kuril sırasının verilməsi haqda fikir isə bəyannamədə ümumi sözlərlə yazılıb və orada söhbətin konkret nədən getdiyi aydın deyil – suverenliyin verilməsindən, yoxsa uzunmüddətli icarədən. Sülh müqaviləsi isə hələ də imzalanmayıb…

 

2, yoxsa 4? Və ümumiyyətlə, ABŞ-ın məsələyə nə dəxli var?

ABŞ-ın rolunu qeyd etmədən Rus (sovet) - yapon mübahisəsindən danışmaq, əlbəttə ki, mümkün deyil. Tarixçilər və ekspertlər arasında 1956-cı ildə sülh sazişinin imzalanmasına məhz Vaşinqtonun mövqeyinin mane olduğunu düşünənlər çoxdur. Sazişin şərtlərinə görə 4 Cənubi Kuril adasından ikisi Yaponiyaya keçməli idi ki, bu da eyni zamanda ABŞ-ın nəzarətində olan Okinavanın da Tokionun tabeliyinə keçməsinə gətirib çıxara bilərdi. 1960-cı ildə Yaponiya hökuməti ölkədə Amerika hərbçilərinin mövcudluğunun davam etməsinə dair müqaviləyə imza atıb və bununla da, ABŞ Yaponiyada və ona yaxın ərazilərdə hava, yer və dəniz qüvvələri yerləşdirmək hüququ qazanıb. Okinava adasının Yaponiyanın tabeliyinə qaytarılması haqqında müqavilə isə yalnız 1972-ci ildə imzalanıb.

Odur ki, Yaponiya ilə Rusiya Kuril adaları ilə bağlı razılığa gəlsəydilər belə, bu məsələdə problem olaraq qalacaq. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, Yaponiya ərazisində Amerikaya məxsus HHM sisteminin gücləndirilməsi regionun hərbiləşdirilməsinə yönəlib, bu isə Rusiya və Çinin təhlükəsizliyinə təhdiddir. «Biz ABŞ-dan asılılığın bu qədər böyük olduğu şəraitdə Yaponiyanın nə qədər müstəqil ola biləcəyilə maraqlanmışıq. Bizi inandırdılar ki, Tokio qərarları yalnız öz milli maraqlarına uyğun qəbul edəcək. Bizə buna ümid etmək qalır», - deyə Lavrov bildirib.

Abe isə öz növbəsində, ölkəsində yerləşdirilmiş Amerika qoşunlarının Rusiyaya düşmən olmadığını deyir. O, Vaşinqtonun Hokkaydoya hərbçilərini heç «soyuq müharibə»nin qızğın dövründə belə, yerləşdirmədiyini xatırladıb. Amma görünən odur ki, bu fikirlər Moskvanı razı salmayıb.

Belə olan təqdirdə, niyə məhz indi yenidən 1956-cı il razılaşmasına qayıdış haqda danışmağa başlayıblar? Görəsən, həqiqətən də, «Kyodo» agentliyinin yazdığı kimi, Abe müqavilənin qarşılığında yalnız Şikotan və Habomaiyə iddialarla kifayətlənməyə razıdırmı? Əgər belədirsə, baş nazirin bu qərarı qəbul etməsinə nə təsir edib? Tokioda nədən birdən-birə «əldən qaçırılması yolverilməz olan tarixi imkan» haqda danışılmağa başlayıb?

 

Hərənin öz oyunu

Yeri gəlmişkən, indi, Yaponiyanı 1956-cı il razılaşmasını qəbul etməyə ABŞ-ın sürüklədiyi istisna deyil. Halbuki vaxtilə bu razılaşma məhz Vaşinqtonun xoşuna gəlmirdi. Ötən dövr ərzində vəziyyət dəyişib və Sindzo Abenin məsləhətçisinin də dediyi kimi, Birləşmiş Ştatlar Rusiya ilə Yaponiya arasında sülh razılaşmasının əldə olunmasında maraqlı ola bilər. Çünki bu, ona «Çinin qarşısını almaqda» yardım edəcək.

Abenin özü də «Rusiya ilə Çin arasında sıx əlaqələrdən çəkinməyin lazımlığını» bildirib. Bəzi yapon qəzetlərinin, məsələn, «Sankey simbun»un yazdığına görə isə Abe Moskva ilə sülh razılaşmasının əldə olunmasına ona görə çalışır ki, Rusiya ilə təhlükəsizlik və iqtisadi sahədə sıx əməkdaşlığı vacib hesab edir. Burada da məqsəd Rusiya ilə Çin arasında sıx əməkdaşlığa mane olmaqdır. Odur ki, bəzi məlumatlarda son Rusiya-Yaponiya danışıqlarının əsas mövzusunun ada problemi deyil, müdafiə məsələləri olduğu deyilir. Bu halda Yaxın Şərq neftindən ciddi şəkildə asılı olan Yaponiya bonus kimi, enerji resursları mənbələrini şaxələndirmək imkanı da qazanacaq. Lakin Tokionun buna ABŞ-ın razılığı və hətta dəstəyi olmadan getdiyini düşünmək də çətindir.

Daha bir çətin məsələ Rusiyanın ən ciddi iqtisadi mənfəət qarşılığında belə, adaları təhvil verməyə razılaşacağına inanmaqdır. Bunun Putinin reytinqinə mənfi təsir göstərəcəyinə şübhə yoxdur. Bu halda Rusiya Amerikanın Kuril adalarında hərbi baza yerləşdirməsi riski və Çinlə münasibətlərdə problemlərlə də qarşılaşacaq. Odur ki, Kreml rəhbəri 1956-cı il bəyannaməsində söhbətin suverenlikdən getmədiyini dəfələrlə təkrar edib. O, bu fikrin sənəddə adaların verilmə forması və tarixilə bağlı heç bir müddəanın yer almaması ilə əsaslandırır.

Görünən odur ki, Moskva üçün Yaponiya ilə bu mübahisənin bitməməsi daha sərfəlidir. Bu, bir yandan ona Çinlə münasibətlərdə müəyyən kozırlar verir, digər tərəfdən Yaponiyadan güzəştlər tələb etmək imkanı yaradır. Məsələn, ötən ilin oktyabrında Putin Yaponiyanın antirusiya sanksiyalarına qoşulmasını tənqid edib, bununla eyni vaxtda Cənubi Kurildə birgə təsərrüfatın çox az gəlir gətirdiyindən şikayətlənib. Bu haqda Lavrov da danışıb. O, deyib ki, bu gün adalarda iqtisadi fəaliyyət «çox cüzi»dir.

Rusiya Yaponiyaya giriş üçün viza tələbinin ləğvi təklifilə də çıxış edir və bu işə Saxalin və Hokkaydo sakinlərindən başlanılmasını mümkün sayır. Bundan başqa, Putin hesab edir ki, Rusiya ilə Yaponiya qarşılıqlı ticarət dövriyyəsini 1,5 dəfə artıraraq 30 milyard dollara çatdıra bilər.

Bütün bu məsələlər, yəqin ki, Rusiya prezidentinin iyunda Yaponiyaya «Böyük iyirmilik» ölkələrinin sammitinə qatılmaq üçün edəcəyi səfər zamanı da qaldırılacaq. Bu arada Abenin Kuril probleminə qayıdaraq, öz siyasi problemlərini həll etməyə çalışdığı da istisna deyil. Hər halda, bu ilin noyabrında Abe Yaponiya tarixində baş nazir vəzifəsində ən çox qalmış siyasətçi statusuna yiyələnəcək. Artıq onu hansı siyasi mirasları qoyub gedəcəyi düşündürür.

İstənilən halda, həm Moskva, həm də Tokio öz ölkələrindəki ictimai rəylə hesablaşmalıdır. Hazırda Kuril adalarında 20 minədək insan yaşayır. Orada Rusiyanın hərbi hissəsi, həmçinin həmsərhəd yaşayış məntəqələri də var. Bu yaxınlarda aparılmış sosioloji sorğu («Levada mərkəzi») göstərib ki, rusların 77%-i ərazinin yaponlara verilməsinə qarşıdır. 81% isə Yaponiya ilə əməkdaşlığın vacibliyinə əmindir. Yaponiyaya «çox yaxşı» və «əsasən yaxşı» yanaşanlar 61% təşkil edir. Digər yandan Yaponiyanın NHK tele-radio şirkətinin yanvarda keçirdiyi sorğu göstərib ki, sülh müqaviləsi qarşılığında Yaponiyaya yalnız Şikotanla Habomainin verilməsini yaponların yalnız 10%-i bəyənir. «Fuji TV» ilə «Sahkei shimbun» tərəfindən keçirilmiş sorğuda isə əvvəlcə 2 adanın təhvili, daha sonra danışıqların davam etdirilməsi ideyasını respondentlərin 44%-i dəstəkləyib.

32,9% əhali isə 4 adanın eyni vaxtda Tokioya verilməli olduğunu düşünür.

Beləliklə, güman ki, bu mübahisə hələ xeyli müddət «havada» qalacaq. Çünki ümumilikdə adaların kimə mənsub olduğuna dair danışıqların davam etdirilməsi yekun razılaşmadan daha sərfəlidir.



MƏSLƏHƏT GÖR:

329