26 Aprel 2024

Cümə, 14:12

MANAT ƏTRAFINDA SAKİTLİKDİR

Azərbaycan Mərkəzi Bankı əmindir ki, milli valyutanın məzənnəsi bu il də sabit qalacaq

Müəllif:

15.02.2019

Artıq üçüncü ildir ki, Azərbaycan manatının məzənnəsi ABŞ dolları qarşısında sabit dayanır, hətta qonşu ölkələrin valyutalarında kəskin dəyişmələr, keçən il neft bazarında baş vermiş periodik çaxnaşma belə, onu 1 / +,- 1,7 manatlıq dəhlizdən çıxara bilmədi. Bununla yanaşı, bəzi yerli ekspertlər və iqtisadçılar bu cür dayanıqlılığı zərərli hesab edirlər, periodik olaraq ölkənin Mərkəzi Bankına ölkə ixracatının maraqlarını nəzərə alaraq qismən də olsa volatilliyi təmin etməyə çağırırlar.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Elman Rüstəmov tam əmindir ki, hələlik makroiqtisadi vəziyyət manatın sabit qalıb düşməməsinə imkan yaradır. Ümumiyyətlə, ölkənin baş bankiri həm əhaliyə, həm də mütəxəssislərə "məzənnə" mövzusundan bir az uzaqlaşmağı və iqtisadi proseslərə təsir göstərən daha çox qlobal amillərə diqqət yetirməyi məsləhət görür.

Bununla yanaşı, toplumun milli valyutanın titrəmələrinə artan həssaslığı yetərincə başadüşüləndir. Təsadüfi deyil ki, reytinq agentliyi «S&P Qlobal Ratings»in yaxın üç ildə manatın dollarla müqayisədə 2-də 1 nisbətinə qədər ucuzlaşacağı barədə proqnozu növbəti mühakimələrə və şərhlərə səbəb oldu. Xoşbəxtlikdən, bir neçə gün sonra başqa bir reytinq nəhəngi «Fitch» öz proqnozunu dərc edərək yaxın illərdə manatın sabit qalacağını vurğuladı.

Əlbəttə, AMB dərhal devalvasiya ehtimalını ən azından qısamüddətli dövr üçün təkzib etdi: "Bu gün dolların manata qarşı məzənnəsinin artımı üçün heç bir ön şərt yoxdur. Bugün manatın devalvasiyası haqqında danışmaq qeyri-ciddilikdir", - deyə E.Rüstəmov bir daha bildirib.

Onun sözlərinə görə, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansı profisitlə yerinə yetirilib və bütünlüklə, bu baxımdan, 2019-cu il 2018-ci ildən fərqlənməyəcək.

"Bizdən devalvasiya ehtimalı haqqında soruşduqda, biz həmişə fundamental səbəblərə baxırıq. Əgər valyuta ehtiyatları artırsa, 2018-ci ilin tədiyyə balansında 15%-lik profisit varsa və bu il üçün 10%-lik profisit proqnozlaşırsa, həmçinin neftin qiyməti, ümumiyyətlə, bizim ehtimallarımıza uyğun gəlirsə, hansı titrəmələrdən söhbət gedə bilər?" - deyə E.Rüstəmov vurğulayıb.

Bəli, AMB manatı "qismən sərbəst üzmə" halına yönəldib, amma bugünkü gerçəklikdə bu ifadədə aparıcı rol ilk sözdədir: Mərkəzi Bankın vəziyyəti müəyyən anadək nəzarət altında saxlaya bilmək üçün bütöv bir alətlər arsenalı var. Məsələn, bazarda valyuta balansının saxlanılması, yəni sadə dillə deyilsə, Mərkəzi Bank nəzarət edir ki, manat və dollarda olan pul kütləsi həcmi milli valyuta məzənnəsi üçün təhlükəli olmayan bir səviyyədə saxlanılsın. Belə ki, keçən il valyuta bazarının 2018-ci il üçün proqramı, təxminən, 6,5 milyard dollar səviyyəsində qiymətləndirilirdi, lakin gerçəklikdə valyuta hərraclarında 100 milyon dollardan bir az artıq satış olub. Onlar dövlət büdcəsinə daxil olublar və xarici borca xidmət üçün, həmçinin digər məqsədlər üçün işlədiliblər. Yəni bütövlükdə valyuta bazarında balans və dayanıqlılıq müşahidə olunub, bu da manatın sabitliyinin əsas səbəbi olub.

"Qeyd edim ki, bu, bizim üçün elə də asan başa gəlmədi. Ötən ilin aprel və avqust aylarında biz qonşularımızın və əsas ticarət tərəfdaşlarımızın valyuta məzənnələrində güclü dəyişkənlik müşahidə etdik ki, bu da Azərbaycana müəyyən təsir göstərdi. Ancaq balansı bərpa etməyi bacardıq və məzənnənin güclü titrəmələrinin qarşısını ala bildik", - deyə AMB rəhbəri bildirib.

Əgər əvvəllər Mərkəzi Bank bu məqsədlər üçün öz ehtiyatlarını açırdısa, ötən il yalnız ölkənin Dövlət Neft Fondu tərəfindən aparılmış valyuta hərracları ilə kifayətlənib. Buna görə də, 2018-ci ildə Azərbaycanın valyuta ehtiyatlarının, təxminən, 300 milyon dollara yaxın artmasının AMB tərəfindən valyuta alınması ilə heç bir əlaqəsi yoxdur.

Bundan başqa, Mərkəzi Bank ehtiyatları artırmağı da nəzərdə tutmur, çünki bu, bazara əlavə manat kütləsinin buraxılması deməkdir. Bu isə, öz növbəsində, inflyasiya risklərini artıra bilər. "Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin ölkə idxalını bir neçə ay əhatə etməsi üçün kifayətdir. Hazırda bu həcm tələblərə tam cavab verir ", - deyə E.Rüstəmov əlavə edib.

Manatın sabitliyini təmin edəcək digər bir vasitə bu ildən Azərbaycanda tətbiq olunan yeni büdcə qaydasıdır. Qaydaya görə, ölkənin dövlət büdcəsinə köçürüləcək ARDNF-nin vəsaitlərinin həcmi neftin qiymətindən asılı olmayacaq. "Bu, valyuta bazarında dəyişkənliyi xeyli dərəcədə məhdudlaşdırır. Biz daha sonra da sabitliyin təmin edilməsinə səy göstəririk", - deyə ölkənin baş bankiri vurğulayıb.

Ümumiyyətlə, o, devalvasiya gözləntilərindənsə, daha çox inflyasiya gözləntilərinə diqqət yetirməyi tövsiyə edir. "Ölkəmizin ictimaiyyəti valyuta məzənnəsinin sabitliyi məsələsi ilə daha çox maraqlanır, inflyasiya təlatümlərinin səbəbini bunda axtarır. Amma qeyd edim ki, dünya praktikasında inflyasiya gözləntiləri, adətən, maraq dərəcəsinə görə digər makroiqtisadi proqnozlara nisbətən daha üstün olur ", - deyə E.Rustəmov vurğulayıb.

Məhz bu indeks iş dünyasının iqtisadiyyata etibar dərəcəsini və milli valyutanın rəqabət qabiliyyətini formalaşdırır. Ötən il Azərbaycanda orta illik inflyasiya müsbət mənada bütün rekord gözləntiləri üstələdi və Mərkəzi Bankın ilkin proqnozundan daha aşağı oldu - gözlənilən 6-8% əvəzinə 2,3% qeydə alındı. "Deyirlər inflyasiya ən acımaz vergidir. Axı, o, ilk növbədə, insanların rifah səviyyəsinə təsir edir. Bu baxımdan, onun 2017-ci il səviyyəsi (təxminən, 13% - red.) ilə müqayisədə bu qədər nəzərəçarpan səviyyədə azalması iqtisadiyyatdakı proseslərin ən mühüm göstəricisidir ", - deyə E.Rüstəmov bildirib.

Ümumiyyətlə, məlum olduğu kimi, ötən ildən Mərkəzi Bankın pul siyasəti məhz inflyasiya üzərinə fokuslanır, alətlər isə məzənnə siyasəti üçün deyil, inflyasiyanı birrəqəmli göstəricidə saxlamaq üçün hərəkət etdirilir. Bu il inflyasiya hədəfi 3,8% təşkil edir - bu, Mərkəzi Bankın proqnozudur və hətta hökumətin proqnozundan 0,2% azdır. Doğrudur, bank hər zaman ± 2% aralıqda titrəmə ehtimalı olduğunu göstərir.

Məhz bu cür aşağı inflyasiya göstəricisi ilin əvvəlində AMB-ni uçot dərəcəsinin bir qədər azaldılması barədə qərar qəbul etməyə ürəkləndirib – dərəcə bu dəfə 9,25%-ə qədər azaldılıb. "İnflyasiya riskləri bir qədər azalıb, bu, monetar siyasəti normallaşdırılmasını davam etdirməyə imkan verir. Bununla yanaşı, biz bir sıra daxili və xarici inflyasiya amillərini və riskləri nəzərə alaraq, pul siyasətinin antiinflyasiyaya xüsusiyyətini qorumağı üstün tuturuq ", - deyə Mərkəzi Bankın rəhbəri bildirib. Xatırladaq ki, ötən il, AMB uçot dərəcəsini dörd dəfə aşağı salıb: ilin əvvəlində 15% olan uçot dərəcəsi sonunda 9,75%-ə qədər endirilib.

Doğrudur, hələ ki, bu amil ölkədə bank fəaliyyətinə birbaşa təsir göstərə bilmir və daha çox makroiqtisadi mesaj rolunu oynayır, lakin baş bankir əmin edir ki,

ölkədə biznesin inkişafını fəallaşdırmağa yönəldilmiş islahat paketi nəzərə alınarsa, gələcəkdə vəziyyət dəyişəcək. "Vergi, gömrük və digər sahələrdə aparılan islahatlar kölgə iqtisadiyyatın səviyyəsinin azaldılmasına önəmli dərəcədə təsir göstərir ki, bu da makroiqtisadi vəziyyətə müsbət təsir göstərir ", - deyə E.Rüstəmov vurğulayıb.

Bununla yanaşı, makroiqtisadiyyatdakı bütün müsbət dəyişikliklərin fonunda belə bir sual yarana bilər – bəs, onda nəyə görə Mərkəzi Bank manatı sərbəst üzməyə buraxmağa qərar vermir? E.Rüstəmovun dediyinə görə, sabitliyin saxlanmasında əsas amil kimi aşağı inflyasiya seçilməsinə baxmayaraq, iqtisadi balansı təmin etmək üçün iqtisadiyyatın həmişə alternativ lövbərə ehtiyacı var. Bu gün üçün alternativ məhz milli valyutanın məzənnəsidir, baxmayaraq ki, ideyaca "ehtiyat" rolunu pulun dəyəri və ya pul vahidinin alıcılıq qabilliyyəti kimi göstərici oynamalıdır .

"Hələ ki, biz yalnız belə maliyyə şərtləri yaradırıq və burada əsas məqsədlərdən biri dövriyyədə nağd pulun məhdudlaşdırılmasıdır. İqtisadiyyatın addımlarımıza cavab verməsi üçün pulların banklarda olması zəruridir, əks halda vəziyyətin idarə edilməsi daha mürəkkəbdir. Bizim bu istiqamətdə proqramımız var, ona məsləhətçiliyi Beynəlxalq Valyuta Fondu edir, yetərincə realist bir proqramdır, lakin ölkədəki maliyyə institutları arasında dəqiq əlaqələndirmə tələb edir. Bu, artıq Maliyyə Sabitliyi Şurası tərəfindən təmin olunacaq ", - deyə E.Rüstəmov bildirib və əlavə edib ki, bu proses qısamüddətli və asan deyil.

Bir tərəfdə, cəmiyyətdə devalvasiyanın yaratdığı vahimə əhvalını tənzimləmək üçün manatın 3-5 qəpik çərçivəsində şüurlu dəyişkənliyini təmin etmək dayanır, o biri tərəfdə yerli ekspertlər ölkə ixracını stimullaşdırmağı tələb edirlər, AMB-nin isə bu məsələyə kökdən fərqli yanaşması var. Baş bankir mütəxəssislərə BVF rəhbəri Kristin Laqardın tədqiqatlarını öyrənməyi tövsiyə etdi ki, orada hansı bir ölkənin ticarət balansı ilə onun valyutasının məzənnəsi arasında heç bir əlaqənin olmadığı yetərincə əminliklə sübut edilib. Ümumiyyətlə, bugünkü dünyasında proseslər bu nəticəni hər şeydən açıq şəkildə göstərir - nəyə görə valyuta məzənnələri prosesinə təsir göstərmək imkanına malik ölkələr bu mexanizmi yox, "ticarət müharibələri" üsulunu seçirlər? Çünki əslində ənənəvi nəzəriyyənin əksinə olaraq, gerçəklikdə ixracın rəqabət qabiliyyəti valyutaların məzənnəsindən asılı deyil.

Bir sözlə, Azərbaycan iqtisadiyyatındakı bugünkü şərtlər çərçivəsində AMB manatın məzənnəsinin və inflyasiyanın sabit səviyyədə saxlanılmasının qəti tərəfdarıdır, sabitlik isə, məlum olduğu kimi, ölkənin biznes və ticarət imkanlarının inkişafı üçün ən vacib amildir.



MƏSLƏHƏT GÖR:

291