30 Aprel 2024

Çərşənbə axşamı, 06:39

FİNİŞ XƏTTİNDƏ

Cənub Qaz Dəhlizi layihəsinə maraq da, Məşvərət Şurası üzvlərinin sayı da hər il artır

Müəllif:

01.03.2019

Cənub Qaz Dəhlizi (CQD) layihəsinin həyata keçirilməsi üzrə Məşvərət Şurasının (MŞ) fevral iclası artıq hər il keçirilən bir xoş ənənə halına gəlib. Bu il o, xüsusilə məhsuldar olub, çünki layihə finiş xəttinə çıxıb. CQD-nin dörd komponentindən üçü artıq hazırdır və uğurla fəaliyyət göstərir: «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsindən çıxarılan qaz Gürcüstandan keçərək Azərbaycan ərazisindən Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına daxil olur. Nəql edilən qaz həcmi 1 milyard kubmetrdən artıqdır, 2019-cu ildə bu göstərici ildə 2 milyard kubmetrə çatdırılacaq.

"Bu gün biz bu nəhəng enerji layihəsinin tamamlanmasına yaxınlaşırıq... Biz bu layihənin həyata keçiriləcəyinə inanırıq və bizim hər birimiz üçün uzunmüddətli uğurlu bir hekayəyə çevriləcəyinə inanırıq", - deyə Prezident İlham Əliyev fevralın 20-də Məsləhət Şurasının Bakıda keçirilən beşinci iclasındakı çıxışı zamanı bildirib.

 

Qərbin dəstəyi  

Hazırda CQD layihəsi üzrə əsas səylər Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə yönəlib, layihə üzrə işlərin 87%-i artıq tamamlanıb. Trans-Adriatik qaz boru xəttinin tikintisi üzrə konsorsiumun icraçı direktoru Luka Şippatti əmin edir ki, 2020-ci ildə boru kəməri Azərbaycan qazını qəbul etməyə hazır olacaq.  

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi yaradılmasına 40 milyard dollar sərf ediləcək ki, bunun 11,5 milyard dolları Azərbaycanın payına düşür.

Sirr deyil ki, CQD layihəsinin uğurlu həyata keçirilməsinə böyük dərəcədə Avropa İttifaqı (Aİ) və ABŞ-dan gələn yardım imkan yaradıb. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müşaviri Sandra Oudkirk Bakıda keçirilən konfransda çıxışı zamanı Donald Tramp administrasiyasının bu layihəyə dəstək verdiyini və hətta Vaşinqtonun CQD-nin daha da inkişaf etdirilməsinə yardım etməyə hazır olduğunu bildirib. Bu da təəccüblü deyil - tədarük həcminə görə "Qazprom" ilə ciddi rəqabət apara bilməsə belə, Aİ və ABŞ üçün Cənub Qaz Dəhlizi Avropaya qaz tədarükünün yeni və Rusiya qazına alternativ olan bir mənbəyi sayılır.  

"Hamımız bilirik ki, Cənub Qaz Dəhlizi genişləndirilmə məqsədi ilə tikilib. Bunu nəzərə alaraq, demək lazımdır ki, o, region ölkələri üçün Aralıq dənizinin şərqindən, Mərkəzi Asiyadan və Qafqazdan Avropa istehlakçıları üçün daha böyük həcmlərdə qaz nəql etmək imkanıdır. ABŞ hökuməti bu məqsədə nail olmaq üçün göstərdiyiniz səyləri qətiyyətlə dəstəkləyəcək. Önümüzdəki illərdə bütün imkanları nəzərdən keçirərək, bölgənin resurs potensialını reallaşdırmaq və onu dünyanın ən böyük enerji bazarına çıxarmaq üçün sizinlə birlikdə işləyəcəyik", - deyə S.Oudkirk bildirib.

 

Yeni ölkələr və yeni imkanlar

CQD layihəsi üzrə Məşvərət Şurasının iclasında iştirak edən ölkələrin sayının ildən ilə artması qeyd olunmalıdır ki, bu da Avropanın layihəyə marağının artdığını göstərir. Bu il yığıncaqda artıq 17 dövlətin nümayəndələri iştirak ediblər. Eyni zamanda ilk dəfə olaraq görüşdə Serbiya, Macarıstan və San-Marino nümayəndə heyətləri təmsil olunub. Bundan əlavə, Rumıniya Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake elə görüşü ərəfəsində bildirib ki, gələcəkdə ölkəsi CQD-nin bir hissəsi olmaq niyyətindədir, o həmçinin CQD-nin Mərkəzi Avropaya qədər genişləndirilməsində BRUA qaz kəmərinin və Bolqarıstan – Rumıniya interkonnektorunun mühüm rol oynadığını vurğulayıb. Məlumat üçün: 1318 km uzunluqlu BRUA qaz boru kəməri Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanı birləşdirəcək. Bu boru kəməri Cənubi Qaz Dəhlizi qazının Rumıniya ərazisi ilə Avstriyaya ötürülməsini, habelə CQD qaynaqlarının Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin etmək üçün nəzərdə tutulub.

Daha əvvəl bu cür maraq Macarıstan və Xorvatiya tərəfindən də ifadə edilib. Prezident Kolinda Qrabar-Kitaroviçin sözlərinə görə, Xorvatiya regionda enerji habı olmağı planlaşdırır, bunun üçün İoniya-Adriatik qaz kəmərinin (IAP) tikintisini gerçəkləşdirir ki, bu, Zaqrebə Azərbaycan qazı almaq imkanı yaradacaq. TAP-ın bir hissəsi kimi ehtimal olunan IAP qaz boru kəməri Azərbaycan qazının Albaniyadan Monteneqro, Bosniya və Herseqovina vasitəsilə Xorvatiyanın Split məntəqəsinə ötürülməsini nəzərdə tutur. Albaniya və Monteneqroda uğurlu texniki-iqtisadi əsaslandırma işlərindən sonra Aİ layihə üçün 2 milyon avro qrant ayırıb.  

Avropa Komissiyasının büdcə və insan resursları komissarı Günter Ottinger Bakı görüşünün sonunda bildirib ki, CQD layihəsi çərçivəsində Azərbaycan qazının alıcı ölkələrinin coğrafiyası genişlənəcək.

"Azərbaycan və SOCAR şirkəti Avropa İttifaqının strateji tərəfdaşıdırlar. Bizim əməkdaşlığımız CQD-nin tam işə salınmasından sonra da davam edəcək. Onun digər ölkələrə də genişləndirilməsi üzrə sazişlər var. Avropa İttifaqı CQD layihəsinin başa çatdırılmasını sürətləndirmək üçün mümkün olan hər şeyi edəcək. Belə iddialı infrastruktur layihələri çox azdır. Bu tarixi bir layihədir", - deyə G.Ottinger vurğulayıb.

Avropa komissarının bəyanatından aydın oldu ki, Avropa səbirsizliklə 2020-ci ildə Azərbaycan qazını almağa ümid edir. Özü də qaz nəqlinin ildə 10 mlrd. kub metr səviyyədə məhdudlaşması ilə razı deyil, Aİ gələcəkdə bu rəqəmin 20-25 milyarda çatdırmaq niyyətindədir. Bu, o deməkdir ki, Avropa TAP layihəsinin ikinci mərhələsinin tikintisini dəstəkləyəcək və bu borunun Rusiya qazı ilə deyil, Xəzər qazı ilə, əsasən də Azərbaycan qazı ilə doldurulmasına çalışacaq, çünki "Qazprom" da TAP kəmərinin ikinci mərhələsi ilə Avropaya ildə 2 milyard kubmetr qaz göndərməyə hazır olduğunu bəyan etmişdi.

"Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki yalnız marşrutları deyil, həm də təchizat mənbələrini şaxələndirməyə imkan verəcək. Xəzər regionu həm yeni bir marşrut, həm də yeni bir qaz qaynağıdır", - deyə E.Ottinger vurğulayıb.

Hələ ki, CQD-nin yeganə resurs bazası «Şahdəniz» yatağıdır və onun ən yüksək hasilat göstəricisi 2022-2028-ci illərdə illik 25 milyard kubmetr səviyyəsində qiymətləndirilir. Ancaq Məşvərət Şurasının Bakıda keçirilən iclasında prezident İ.Əliyev bildirib ki, Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. 2020-2022-ci illərdə digər qaz yataqlarının - "Abşeron", "Ümid", "Babək" yataqlarının və qismən "Qarabağ" yatağının istismar planları nəzərə alınarsa – özəlliklə marşrutun buraxılış gücü iki dəfə artacağı təqdirdə CQD üçün qaz mənbələri Azərbaycanın hesabına önəmli dərəcədə genişlənə bilər.

 

Türkmənistan istiqamətində irəliləyiş

Üstəlik, Aİ Xəzər dənizinin şərq sahillərindən CQD-yə qazı cəlbi üçün fəal iş görməkdədir. G.Ottinger bildirib ki, Avropa Birliyi Türkmənistana öz qazının Cənub Qaz Dəhlizi ilə Avropaya nəqli üzrə Aşqabada təkliflərini təqdim edib.

"Türkmənistanın yüksək səviyyəli nümayəndəsinin (prezidentin dövlət müşaviri Yaxşıgəldi Kakayevin) CQD üzrə Məşvərət Şurasının iclasında iştirakı bu marşruta rəsmi Aşqabadın marağının siqnalıdır. Azərbaycan türkmən qazının Avropaya nəqli üçün zəruri infrastruktura malikdir və öz təkliflərini Türkmənistana təqdim edib. Ancaq bu məsələdə son qərar Aşqabaddan asılıdır. Əgər türkmən tərəfi Trans-Xəzər qaz kəməri ilə qaz nəqlində maraqlı olarsa, belə bir qərar qəbul edilə bilər ", - deyə Ottinger bildirib.

Azərbaycan hökuməti də Türkmənistanın CQD layihəsinə maraq göstərdiyini bəyan edirlər, lakin onlar da son sözün Aşqabaddan asılı olduğunu vurğulayırlar.

Türkmənistana gəldikdə isə, CQD ilə qaz nəqli ölkənin "mavi yanacaq" ixracı üzrə marşrutlarını şaxələndirməsinə imkan verə bilər, Çin hazırda bu ölkənin yeganə qaz alıcısıdır. Halbuki Türkmənistan qaz ehtiyatlarının həcminə görə Rusiya, İran və Qətərdən sonra dünyanın dördüncü ölkəsidir. Bu ölkədə ümumi təbii qaz ehtiyatlarının, təxminən, 50 trilyon kubmetr olduğu təxmin edilir.

2018-ci ilin avqust ayında Xəzərin hüquqi vəziyyəti haqqında Konvensiyanın qəbul edilməsi Trans-Xəzər qaz kəmərinin (TXQ) tikintisi üzrə Türkmənistan və Aİ arasında danışıqların intensivləşməsinə imkan verdi.

Oktyabr ayında xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi Türkmənistan nümayəndə heyəti ilə Avropa Enerji Komissiyasının sədr müavini Maroş Şefçoviç və Avropa Enerji Komissiyasının Baş Direktorluğunun energetika üzrə nümayəndələrinin görüşündə Avropa Komissiyası Trans-Xəzər qaz kəmərinin tikintisinə böyük maraq göstərdiyini ifadə edib və layihəyə sərmayə cəlbinə kömək etməyə hazır olduğunu bəyan edib. Türkmənistan isə Avropaya ildə 40 milyard kubmetrə qədər qaz göndərmək istəyini açıqlayıb.

Daha sonra Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov baş nazirin yanacaq və enerji kompleksi üzrə müavini Mıratgeldi Meredova türkmən enerji daşıyıcılarını Avropa bazarlarına çıxarmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirmək üzrə işləri fəallaşdırmağı tapşırıb.

Bakıda Məşvərət Şurasının iclasında Y.Kakayev Aşqabadın TXQ üzrə danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib.  

"Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək layihələrdən biri də Trans-Xəzər qaz kəməridir. Türkmənistan Avropa ölkələrinin bazarlarını təbii qazla təmin etmək üçün kifayət qədər resurslara malikdir. Türkmənistan bu layihə üzrə danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyir. Əminəm ki, Cənub Qaz Dəhlizinin yaradılması üzrə Məşvərət Şurasının iclası Trans-Xəzər qaz kəməri layihəsinin uğurla həyata keçirilməsində daha bir addım olacaq", - deyə Türkmənistan prezidentinin dövlət müşaviri bildirib.

Beləliklə, türkmən tərəfinin mövqeyində açıq-aydın irəliləyiş müşahidə olunur, amma bunun real anlaşma ilə başa çatıb-çatmayacağını zaman göstərəcək. Bununla belə, TXQ layihəsinin maliyyələşdirilməsinin mexanizmi və mənbələri, benefisiar kimi kimin çıxış edəcəyi hələ də aydın deyil. Əlbəttə ki, Aİ lobbiçiliyini nəzərə alınarsa, Avropa bankları layihənin maliyyələşdirilməsinə cəlb oluna bilər. Ancaq Türkmənistanın TXQ-nin tikintisi üzrə ağır borc yükünü öz üzərinə götürəcəyinə inanmaq çətindir.

Üstəlik, beynəlxalq standartların ciddi tələblərinə cavab verən ekoloji ekspertiza tələb olunur. Xəzər Konvensiyasına Əlavə Protokolun şərtlərinə əsasən, bütün beş Xəzəryanı ölkə altı ay ərzində layihənin ekoloji təhlükəsizlik tələblərinə uyğun olub-olmadığı barədə öz fikirlərini bildirməlidirlər. Yəni formal olaraq, dənizin ekoloji təhlükəsizliyi təhlükəsi ilə bağlı layihənin qarşısını almaq üçün bir səbəb var. Bundan əlavə, bəzi ekspertlərin fikrincə, Tehran və Moskvanın ətraf mühit məsələləri ilə bağlı narahatlıq bildirməsi əslində iqtisadi maraqlara xidmət edir. Əslində onların məqsədi rəqiblərə mane olmaq, yəni bu halda Türkmənistanın öz qazını Avropaya ixrac etməsinə yol verməməkdir.  

Yeri gəlmişkən, Almaniya da türkmən qazının Azərbaycandan keçməklə Avropaya nəqlində çox maraqlıdır, çünki Berlin Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisinə fəal lobbiçilik etsə də, Aİ bu layihənin gerçəkləşdirilməsinə qarşı çıxır.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Şönfelder bildirib ki, keçən ilin avqustunda Xəzər dənizinin statusu ilə bağlı əldə edilmiş anlaşma Türkmənistandan Azərbaycanın qaz ötürmə şəbəkəsinə boru kəməri çəkilməsi üçün əsas yaradır.

"Beləliklə, Türkmənistan çox sürətlə Avropa qaz bazarına giriş əldə edə bilər ki, bizim fikrimizcə, təkliflərin şaxələndirilməsi baxımından bu, çox vacibdir",- deyə diplomat vurğulayıb. Onun fikrincə, belə olan təqdirdə Almaniya və Aİ əlavə qaz tədarükçüsü əldə edərdi, Türkmənistan isə öz müştəri dairəsini genişləndirə bilərdi.  

Almaniyanın «Edison Technologies» şirkətinin rəhbəri Edison Kasapoğlu bununla əlaqədar dərhal maraq göstərib. Onun fikrincə, Türkmənistandan Xəzər dənizi vasitəsi ilə Azərbaycana və daha sonra Avropaya qədər uzanan boru kəməri Avropa İttifaqına qaz idxalının şaxələndirilməsi imkanlarını genişləndirə bilər.

Texniki cəhətdən Türkmənistan qazının CQD vasitəsilə Avropaya nəqlinin mini-variantı İran vasitəsilə də həyata keçirilə bilər. Çünki Türkmənistan qazının İrana tədarükü üçün ildə 8 milyard kubmetr ötürmə gücünə malik Korpece - Kurt-Kui qaz kəməri və ildə 12 milyard kubmetr gücü olan Dovletabat-Sarax-Hangeran qaz kəməri tikilib. Öz növbəsində, Azərbaycan Astara-Qazıməmməd boru kəməri vasitəsilə İrandan qaz idxalı üzrə geniş təcrübəyə malikdir. Yalnız İranın bu cür tədarükə hazır olub-olmaması və türkmən qazının tranziti üçün tarifin məbləği sual altında qalmaqdadır.

 

Önəmli rol  

Beynəlxalq Energetika Agentliyinin proqnozlarına əsasən, Rusiya 2040-ci ilə qədər Avropaya əsas qaz tədarükçüsü olaraq qalacaq. Agentliyin mütəxəssislərinin fikrincə, 2020-ci ilin ortalarında Avropada idxal qaza tələbat maksimum 409 milyard kubmetr səviyyəsinə çatacaq və Rusiya qazının payı hazırdakı kimi, təxminən, 37 faiz təşkil edəcək. Bundan sonra Avropada qaza tələbatın azalması başlayacaq, eyni zamanda Avropanın yerli qaz hasilatı da azalacaq, beləliklə, 2040-cı ilə qədər Rusiya ixracatı ildə, təxminən, 140 milyard kubmetrə çatacaq.

Bununla yanaşı, CQD Avropa qaz bazarında qüvvələrin balansını ciddi şəkildə dəyişdirə bilməsə belə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq və layihənin iştirakçılarına önəmli dividendlər gətirəcək. CQD həyata keçirilməsi, Avropaya qaz nəqli ilə yanaşı, Balkanlarda və Mərkəzi Avropada ayrı-ayrı ölkələrin qazlaşdırma layihələrində Azərbaycanın iştirakı üçün yeni imkanlar açır.



MƏSLƏHƏT GÖR:

285