30 Aprel 2024

Çərşənbə axşamı, 09:35

SÜTUNSUZ HASAR

Trampın seçkiqabağı vədləri «divara» dirənib

Müəllif:

01.03.2019

Donald Tramp seçkiqabağı kampaniyası zamanı ABŞ ilə Meksika arasında 9 metr hündürlükdə divar tikdirəcəyini dedikdə, bunu onun əsas vədi kimi qiymətləndirsələr də, məsələyə o qədər də ciddi yanaşmırdılar. O zaman Trampı «Build that wall!» («Bu divarı tik!») şüarı ilə dəstəkləyən tərəfdarları belə, yəqin ki, bunun çətin iş olduğunu anlayır və vədin reallaşacağına o qədər də inanmırdılar. Üstəlik, bu mövzu indiyədək dəfələrlə gündəmə gəlib və hər dəfə ciddi müzakirələrə səbəb olub. Lakin Trampın gözlənilmədən ABŞ prezidenti seçilməsindən az sonra onun divar tikintisilə bağlı vədini unutmadığı məlum olub. Ağ Evin sahibi vədini nəinki unutmayıb, hətta onu çoxsaylı siyasi opponentlərilə mübarizədə öz rəmzinə çevirib. Minlərlə miqrant üçün isə bu divar ümidlərinin məhvi rəmzi ola bilər…

 

Tikmək və möhkəmləndirmək

ABŞ prezidenti əmindir ki, möhkəm hasar, nəhayət, Meksika ilə sərhəddəki «humanitar böhranı dayandıracaq». Söhbət, əlbəttə ki, Mərkəzi Amerikadan miqrant axınının qarşısının alınmasından və ümumiyyətlə, amerikalıların narkotik alverçiləri və cinayətkarlardan qorunmasından gedir. Bu arada Texasda sərhəd xidməti zabitinin ölümü və bir neçə sərhədçinin ciddi yara alması Trampın əzmini daha da artırıb. Görünür, ABŞ prezildentinə İsrailin baş naziri Binyamin Netanyahunun dəstəyi də təsirini göstərib. Hər halda, Netanyahu İsraili İordan çayının qərb sahilindən ayıran 700 kilometrlik divarı nəzərdə tutaraq, «divarın işə yaradığını» dəfələrlə təkrar edib. «Bir vaxtlar onlarda da insanlar kütləvi şəkildə sərhədi keçirdi. Divar bunun qarşısını 99,9% alıb», - deyə Tramp İsrailin baş nazirinə istinadən bildirib.

Həqiqətən də, bəşəriyyət üçün bu, heç də yeni ideya deyil. Böyük Çin səddi, Roma səddi, xorvat divarı, kifayət qədər məşhur Berlin divarı və s. hər kəsə tanışdır. Müasir dünyada da belə ayırıcı qurğular var - Cənubi və Şimali Koreyalar arasında, Əfqanıstanla Pakistan, Səudiyyə Ərəbistanı ilə İraq arasında, Mərakeş divarı, Ukrayna Rusiya ilə sərhəddə divar tikmək istəyir və s. Onların arasında effektiv olanına da, olmayanına da rast gəlinir. Amerika-Meksika divarına gəlincə isə, əslində, o da çoxdan mövcuddur. Tramp bu divarın tikintisinə başlamağı yox, tikintini başa çatdırmağı və onu vahid şəklə salmağı düşünür.

Bu işlə oğul Corc Buş ciddi məşğul olmaq qərarına gəlmişdi. O, 2006-cı ildə bu məqsədlə təhlükəsizlik divarı haqqında qanunu belə imzalamış, 2009-cu ildə isə ümumi uzunluğu 900 kilometrdən çox olan inşaat işlərinə başlanılmışdı. Lakin sərhədin bəzi hissələrində (məsələn, San-Diyeqo sərhəd şəhərinə girişdə) divar yaxşı düşünülmüş formada tikilib, müşahidə kameraları, vertolyotlar, yolsuzluq avtomobilləri və s. ilə ciddi nəzarətə götürülübsə, digər hissələrdə söhbət sadə, cansız tikanlı məftildən gedir. Müəyyən hissələrdə isə heç ona da rast gəlinmir. Sərhəd boyunca divarın hündürlüyü, tikinti materialları da dəyişir – beton, polad borular, preslənmiş maşınlar…

Aydındır ki, belə hasar qaçaqmalçıların qarşısını ala bilməz. İmmiqrantlar isə «həsrətini çəkdikləri yerlərə» çatmaq üçün daha uzun, çətin yolları belə aşmağa hazırdırlar. Onlar, məsələn, Sonora səhrası və ya Babokivari dağları ilə hərəkət edirlər. İsti hava şəraitində, susuzluqda davam edən onlarla kilometr yol tez-tez insanların ölümünə belə, səbəb olur – 1994-2009-cu illərdə 5600-dən artıq qeyri-leqal immiqrant yolda dünyasını dəyişərək, ABŞ-a çata bilməyib.

Bütün bunların fonunda Trampın düşündüyü divar tikintisi, həqiqətən də, nəhəng işdir. O, 1600 kilometr uzanaraq, Amerika-Meksika sərhədinin yarısını bağlamalıdır. Açıq qalan yalnız keçilməsi çətin olan hissələr – qayalıqlar, dağ çaylarının vadiləri və s. olacaq. Ən əsası isə divar bir formada, eyni materialdan tikilməlidir.

 

Etiraz dalğası

Lakin Netanyahudan fərqli olaraq, Tramp öz ölkəsində o qədər də anlayışla qarşılanmır. Məsələn, demokratlar və liberal KİV Ağ Ev sahibinin məqsədinin Amerika dəyərlərinə zidd olduğunu bildirir. Onlar prezidenti immiqrant ailələrinin «üzərinə getməkdə», amerikalıları parçalamaqda günahlandırırlar. Belə düşünən siyasətçiləri ekoloqlar da dəstəkləyir. Onlar hesab edirlər ki, divarın inşası zamanı yollar və infrastruktur da qurulmalı olacaq, bu isə ətraf mühitə – bitkilərə və xüsusi heyvanlara zərər vura bilər. Çünki tikililər onların təbii hərəkətinin qarşısını alacaq.

Hüquqi problemlər də var. Meksika ilə ABŞ arasında 1889-cu ildə imzalanmış razılaşma Rio-Qrande çayının sərbəst şəkildə keçilməsinə istənilən əngəli qadağan edir. Odur ki, bəzi yerlərdə divar istiqamətini çayın axınına görə dəyişməli olacaq. Bu zaman isə bəzi ABŞ vətəndaşlarının evləri «neytral ərazi»yə düşəcək.

Bundan başqa, bəzi sadə amerikalılar divar tikintisinə bu qədər vəsaitin xərclənməsini qəbul etmir. Hər halda, bütün bu işlərin görülməsi üçün son dərəcə ciddi vəsaitin tələb olunduğu heç kəsə sirr deyil. Əvvəlcə Tramp bu maliyyəni Meksikanın ödəcəyini düşünürdü. Amma Meksikanın buna razılaşması, əlbəttə ki, təəccüblü olardı. Odur ki, indi Ağ Ev sahibi bu iş üçün federal büdcədən vəsait istəyir. Respublikaçılar Konqresə 2018-ci ildə keçirilmiş seçkidən əvvəl divarın inşasına 5,7 milyard dolların ayrılmasını nəzərdə tutan sənədi aşağı palatadan keçirə bilmişdilər. Lakin Senat onu təsdiqləməyib. Üstəlik, 2018-ci ildə Nümayəndələr Palatasının sədri seçilmiş Nensi Pelosi «Tramp divarı»na heç bir halda maliyyə ayrılmayacağını bəyan edib.

Bu arada respublikaçılarla demokratların büdcə ilə bağlı razılığa gələ bilməməsi üzündən 2018-ci il dekabrın 21-də ABŞ-a «şatdaun» başlayıb. Bu, federal hökumətin nazirliklər və idarələrin fəaliyyətini tam, yaxud qismən dayandırmağa məcbur olduğu vəziyyətdir. «Şatdaun» rekord sayılacaq 35 gün davam edib və 800 min federal işçiyə öz təsirini göstərib. Nəhayət, fevralın 14-də ABŞ Konqresinin Senatı ABŞ federal hökumətinin bu ilin sentyabrınadək maliyyələşdirilməsinə dair qanun layihəsini təsdiq edib. Bu, hökumətin fəaliyyətini yenidən dondurmaması üçün edilib.

Meksika ilə sərhəddə tikintinin maliyyələşdirilməsinə gəlincə, Trampın 5,7 milyard dollarlıq tələbinə qarşı bu işə cəmi 1,37 milyard dollar ayrılıb. Nəticədə, prezident ölkənin cənub sərhədində fövqəladə vəziyyət elan edərək, maliyyəni Konqresdən kənar əldə etməyə çalışıb. 1976-cı ildə qəbul olunmuş fövqəladə vəziyyət haqqında qanun buna imkan verir. Sənəddə söhbət, məsələn, milli təhlükəsizliyin təmini baxımından zəruri olan obyektlərin inşasından gedir. Maliyyənin bir hissəsi isə narkotik dövriyyəsinə qarşısının alınmasına dair proqramdan götürülə bilər.

Amma prezidentin bu addımları da cavabsız qalmayıb. ABŞ-ın ən nüfuzlu hüquq müdafiəsi təşkilatlarından olan Vətəndaş Azadlıqları İttifaqı (ACLU), Kaliforniya başda olmaqla, 16 ştat (Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Men, Merilend, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksika, Nyu-York, Oreqon və Virciniya – bu ştatlarda prokurorların hamısı, qubernatorların isə böyük əksəriyyəti demokratdır), həmçinin Texasda torpaq sahibi olan insanlardan ibarət qrup Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb. Onlar sərhəddə elan olunmuş fövqəladə vəziyyətin ləğvini tələb edir. Bəyanatda deyilir ki, büdcənin yenidən bölüşdürülməsi ölkənin bir çox qanununun, həmçinin Konstitusiyanın hakimiyyət bölgüsü prinsipi də daxil olmaqla, əsas prinsiplərinin pozulmasıdır. Məsələ ondadır ki, ABŞ-da büdcənin bölünməsi yalnız Konqresin səlahiyyətinə aid məsələdir. Prezidentin onunla qarşıdurmaya getməsi isə təhlükəli presedent yarada bilər.

Tramp administrasiyası deyilənlərlə razı deyil. Administrasiyada hesab edirlər ki, indiyədək belə fövqəladə vəziyyət dəfələrlə elan olunub və hər dəfəsində büdcə yenidən bölüşdürülüb. Odur ki, bu çəkişmə böyük ehtimalla Ali Məhkəməyədək gedib çıxacaq. Prezident isə kifayət qədər nikbindir. «Bəlkə də, arzulamadığımız qərarla üzləşəcəyik. Lakin sonda Ali Məhkəməyə müraciət edəcəyik və ümid edirəm ki, orada ədalət zəfər çalacaq», - deyə Donald Tramp bildirib.

Tramp Kaliforniyadakı müqaviməti də qırmağa çalışır. Demokratların çoxluq təşkil etdiyi, qubernatoru və prokuroru demokrat olan bu ştat prezident administrasiyası ilə daim mübahisədədir. Onlar Trampla yalnız divar tikintisilə bağlı deyil, həm də ekoloji məsələlər, internetin tənzimlənməsi, immiqrasiya və s. mövzuda çəkişirlər. Məsələn, ABŞ-ın Nəqliyyat Nazirliyi Kaliforniyanın Los-Anceles və San-Fransisko ilə sürətli dəmir yolu əlaqəsi yaratması işinə maliyyə ayırmaqdan imtina edib. Formal səbəb kimi, layihənin yerində sayması, nəticədə, xərclərin getdikcə artdığı göstərilir. Kaliforniyanın qubernatoru Hevin Nyusom isə Ağ Evin onlardan, sadəcə, qisas aldığını deyir.

 

Tam fərqli tarixçə

Bu, güman ki, belədir. Hər halda, Tramp üçün divarın tikintisi prinsipial əhəmiyyət daşıyır, müharibədə isə istənilən vasitə məqbuldur. Növbəti seçkiyə cəmi 2 il qalıb və prezidentin ciddi siyasi qələbəyə ehtiyacı var. Əks təqdirdə, ona seçkiöncəsi verdiyi əsas vədinə əməl etmədiyi tez-tez xatırladılacaq. Bəlkə də, prezident heç divarı sonadək tikmək fikrində deyil. Əsas odur ki, işə başlanılsın və qələbə qazanılsın.

Bu mübarizədən kimin qalib ayrılacağından asılı olmayaraq, Meksika ilə ABŞ arasındakı tikili artıq «acınacaqlı layihə»lərin sırasına düşüb. Çünki onun tikiləcəyi təqdirdə, Trampın dediyi humanitar böhran sərhədin yalnız bir tərəfində – Amerikada aradan qalxacaq. Digər tərəfdə isə o, daha da dərinləşəcək. Halbuki Amerika-Meksika sərhədinə miqrant axınının kəsilməməsində illərdir Latın Amerikasında kifayət qədər mübahisəli iqtisadi və ideoloji siyasət yürüdən Vaşinqtonun öz gunahı da var. Amma bu, tamam başqa söhbətin mövzusudur.



MƏSLƏHƏT GÖR:

256