30 Aprel 2024

Çərşənbə axşamı, 04:54

İKİ PİSDƏN BİRİNİ SEÇMƏLİ

Moldovada keçirilmiş parlament seçkisinin nəticələri martda təsdiqlənəcək. Lakin mümkün alyanslar indidən nəzərdən keçirilir

Müəllif:

01.03.2019

Müasir Moldovada keçirilən doqquzuncu parlament seçkisi gözlənildiyi kimi, «heç-heçə» başa çatıb. Parlamentə düşmək uğrunda mübarizə aparan partiyalardan heç biri hökuməti formalaşdırmağa imkan verəcək sayda mandat qazana bilməyib.

Moldova Respublikası parlamentinin 101 deputatı əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə qarışıq sistemlə seçilib – 50-si partiya siyahısı, 51-i isə ayrı-ayrı seçki dairələri üzrə.

Nəticədə, yeni parlamentdə yerlər belə bölünüb – Moldova Respublikası Sosialist Partiyası (MRSP) – 34, Moldova Demokrat Partiyası (MDP) – 30, ACUM («Addım») bloku – 27, «Şor» partiyası – 7 və müstəqil deputatlar – 3.

Nəzərə alsaq ki, Moldova parlament respublikasıdır, ölkəni hələ bir neçə həftəlik qeyri-müəyyənlik gözləyir. Bunun aradan qalxması üçün parlamentə düşmüş 4 partiya sövdələşməyə getməlidir. Onlar arasında razılıq əldə olunmazsa, yayda və ya payızda növbədənkənar seçki keçiriləcək. Yeri gəlmişkən, Moldovanın postsovet dövründə bu, dəfələrlə baş verib.

 

Dost kimdir, düşmən kim?

MDP və ACUM blokunun proqramına əsaslansaq, onların hər ikisi avropapərəst siyasi qüvvədir. Onlar Rumıniya ilə yaxınlaşmanı, Avropa İttifaqı ilə assosiativ sazişin yerinə yetirilməsini, NATO-ya üzvlüyü vacib sayır, eyni zamanda Rusiyaya mənfi yanaşır. Odur ki, ilk baxışdan birləşməyə ən real namizədlər məhz onlardır.

Lakin hər şey heç də göründüyü kimi sadə deyil. İki siyasi qüvvənin liderləri arasında şəxsi münasibətlər aşkar düşmənçilik xarakteri daşıyır. ACUM-un MDP-dən fərqləndirilməsi üçün blokun liderləri davamlı olaraq bir fikri təkrar edir: mövqeyimiz eyni olsa da, onlardan fərqli olaraq, nə korrupsiyaya, nə kriminala qoşulmuşuq.

1997-ci ildə Moldova Sosialist Partiyasının keçmiş üzvləri tərəfindən qurulmuş MRSP isə formal olaraq, Aİ ilə assosiativ sazişdən imtina edilməli olduğunu bildirir. Onlar hesab edir ki, Moldova Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmalıdır. Partiya seçkiqabağı təbliğatı zamanı qələbə qazanacağı təqdirdə, NATO-nun Kişinyovdakı nümayəndəliyinin bağlanacağını, ölkənin Gömrük İttifaqına qoşulacağını vəd etmişdi. Bundan başqa, MRSP-nin ölkəboyu asdığı plakatlarda Moldova prezidenti, partiyanın lideri İqor Dodon ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin bir-birinin əlini sıxdığı şəkilləri əks olunmuşdu.

Bununla yanaşı, məsələn, belaruslu iş adamlarının sözlərinə görə, Moldova prezidenti onlarla görüşündə ölkəsində biznesin üstünlüklərini həm də Avropa bazarlarının Moldovanın üzünə açıqlığı ilə əsaslandırırmış. Müxalifət də sosialistləri və onların liderlərini MDP ilə sıx əməkdaşlıqda, sadəcə, siyasi rəqib görüntüsü yaratmaqda günahlandırır.

Ölkədə qalmaqallarla məşhur olan və ömrünün çox hissəsini Moskvada keçirən iş adamı İlan Şorun «Şor» partiyasına gəlincə, onun ümumiyyətlə, MDP lideri Vladimir Plaxotnyukun layihəsi olduğu deyilir. Məlumata görə, «Şor» ona ruspərəst elektoratın bir hissəsinin sosialistlərdən «qoparılması» üçün lazımdır. Şor müğənni həyat yoldaşı Jasminin vasitəsilə Kremlin bir çox yüksək rütbəli məmuru ilə dostluq edir. Onların sırasında Rusiya prezidentinin mətbuat katibi də var.

Bundan başqa, Şor 2017-ci ilin iyununda Kişinyov məhkəməsi tərəfindən 7,5 il müddətinə azadlıqdan məhrum edilməsilə də məşhurdur. O, 2014-cü ildə nəzarətində olan 3 Moldova bankından 1 milyard dollar (ölkə ÜDM-nin 12%-i) oğurlamaqda təqsirli bilinirdi. Məsələ Apellyasiya Palatasına verilib və parlament seçkisi dövründə işə baxılmasında fasilə yaranıb. Beləliklə, Moldovada vəziyyət bu qədər qarışıqdır.

 

Qələbə üçün bütün vasitələr məqbuldur

Seçkiqabağı mübarizənin təmiz aparıldığını söyləmək yumşaq desək, çətindir. Üstəlik, məsələ, sadəcə, qarşılıqlı ittihamlarla, saxta xəbərlərin yayılması ilə, kompromatlarla, seçicilərlə görüşlərin pozulması ilə məhdudlaşmayıb. Bu kimi hallara istənilən ölkədə keçirilən istənilən seçki zamanı rast gəlmək mümkündür. Moldovada isə prosesi ölüm hədələri, zəhərlənmə cəhdlərilə bağlı ittihamlarla da müşayiət olunub. Üstəlik, prosesin gedişində cinayət işləri belə, açılıb və bu, Moldovadan kənarda da baş verib.

Məsələn, seçkiyə az qalmış hakim MDP-nin lideri, iş adamı Vladimir Plaxotnyukun prezident, MRSP lideri İqor Dodona sui-qəsd hazırladığına dair xəbərlər yayılmışdı. Guya bu, seskidən sonraya planlaşdırılırmış. Nəticədə, prezident mühafizəsini gücləndirmiş, lakin seçkidən cəmi 1 gün əvvəl onun korteji qəzaya düşmüşdü. Xoşbəxtlikdən, qəza xəsarətsiz ötüşmüşdü.

Bundan başqa, «Bizim partiya»nın lideri Renato Usatıy, demək olar ki, hər gün montaj olunmuş fotolar aldığını, onlarda yaxınlarına divan tutulması kadrlarının əks olunduğunu bildirirdi. Usatıyın iddiasına görə, təşkilatçı İqor Dodon imiş.

ACUM blokunu formalaşdırmış Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu ilə Ləyaqət və Həqiqət Platforması Partiyasının rəhbəri Andrey Nestase də, təxminən, 1 il əvvəl qanlarında civə aşkarlandığını bəyan etmişdilər. Onların sözlərinə görə, ötən müddət ərzində qəbul etdikləri müalicə qanda civənin miqdarını azaltmayıb və bu, onların sistemli şəkildə zəhərləndiklərini göstərir. «Belə qərara gəldik ki, Moldova üçün həlledici olan bu seçkiöncəsi hazırkı hakimiyyətin necə tənəzzülə uğradığını, onun nələrə əl atdığını insanlara danışaq», - deyə Mayya Sandu bildirmişdi.

Onların biznesmen silahdaşı Aleksandr Makedon da zəhərləndiyini bəyan edib: «Mən, övladlarım, həyat yoldaşım və qayınatam yaxşı planlaşdırılmış hücuma məruz qalmışıq: bizi tərkibində civənin də olduğu zəhərli metallar qarışığı ilə zəhərləyiblər».

Bu da son deyil. Seçkiyə cəmi 2 gün qalmış Rusiyada hakim MDP lideri Vladimir Plaxotnyuka qarşı cinayət işinin açıldığı məlum olub. O, 2013-2014-cü illərdə Rusiya banklarından 37 milyard rubldan artıq (1 milyard avrodan çox) vəsait oğurlamaqda təqsirləndirilirmiş. Prezident Dodonun bütün seçkiqabağı təbliğatını Kreml və şəxsən prezident Vladimir Putinlə yaxınlığı üzərində qurduğunu nəzərə alsaq, təbii ki, bunun Dodonun qələbə şanslarını artırmaq məqsədilə edildiyi qənaəti ortaya çıxıb.

Amma parlament uğrunda yarışda maraqları Moskva ilə əlaqəli olan daha bir gənc siyasətçi var idi – biznesmen İlan Şor. Belə çıxır ki, burada ona da dəstək varmış. Amma Şorun Plaxotnyukla gizli sövdələşməyə getdiyinə dair fikirlər də səngimir.

Beləliklə, müşahidəçilərin əksəriyyətində belə bir fikir formalaşıb ki, yarışın əsas iştirakçıları bir-birinə qarşı son dərəcə kəskin mövqedə olduğundan, hər hansı koalisiyanın yaradılması ilə bağlı dinc danışıqlar əvvəlcədən istisnadır.

 

Avropaya inteqrasiya vitrini dağılıb

Moldova Kommunist Partiyasının 2009-cu ildə hakimiyyəti «Avropaya inteqrasiya uğrunda» alyansa (MDP də həmin alyansa daxil idi) uduzmasından sonra ölkədə Aİ ilə yaxınlaşma kifayət qədər sürətli templərlə gedirdi. Moldova Aİ-nin «Şərq tərəfdaşlığı» proqramına da elə həmin il qoşulub. 2014-cü ilin aprelindən isə Moldova vətəndaşları Şengen zonasına vizasız yollanmaq imkanı əldə edib. 2014-cü ilin iyununda Kişinyov Aİ ilə assosiativ sazişi də imzalayıb və bununla da, üzərinə daxili siyasətdə Aİ normalarına uyğun islahatlar aparmaq öhdəliyi götürüb. Əvəzində, Moldova Aİ-dən çoxtərəfli, o cümlədən maliyyə yardımları alıb.

Brüssel Moldovanı «Şərq tərəfdaşlığı» üçün «Avropaya inteqrasiyanın vitrini» etmək istəyini gəzlətmir. Ölkədə aparılan islahatlara həvəslə maliyyə dəstəyinin verilməsi də bununla əlaqədardır.

Lakin 2015-ci ildən tərəflər arasında münasibətlər pisləşməyə başlayıb. Vəziyyət o həddər çatıb ki, Aİ Moldovanın əksər layihələrinin maliyyələşdirilməsini dayandırıb. O, ölkə iqtisadiyyatına makromaliyyə dəstəyini belə kəsib. Avropa Parlamentində Moldova ilə bağlı qəbul edilmiş qətnamədə isə ölkə, ümumiyyətlə, «oliqarx maraqlarının əsirinə çevrilmiş dövlət» adlandırılıb.

Əsas ittihamlar biznesmen Vladimir Plaxotnyuka ünvanlanıb. Əksəriyyət hesab edir ki, o, hakimiyyətin bütün qanadlarını – qanunverici, icraedici və məhkəmə – nəzarətinə götürməklə, ölkəni «inhisara alıb». İddialara görə, prokurorluq, xüsusi xidmət orqanları və Konstitusiya Məhkəməsi belə, Plaxotnyukun nəzarətindədir.

Əhalinin dəstəyini itirmiş MDP lideri (rəyi soruşulanların 75%-i onu qəbul etmədiyini bildirir) seçicilərin rüşvət və şantajla ələ alınmasından belə, çəkinmir. Məsələn, 2014-cü ildə keçirilmiş parlament seçkisində MDP cəmi 19 mandat qazanmış, 4 il sonra isə 57 yerlə parlamentdə çoxluğu ələ almışdı. Partiya buna ona qoşulmuş müstəqil namizədlər və digər partiyalardan «transferlər»lə nail olmuşdu. Həmin vaxt kommunist deputatlar MDP-yə keçmələri qarşılığında rüşvət təklifi aldıqlarını açıq şəkildə bəyan etmişdilər. Deyilənə görə, bu təklifi rədd edənlərə qarşı kompromat savaşı açılırmış.

Parlament seçkisində qarışıq sistemə keçilməsi təşəbbüsünün də Plaxotnyuka məxsus olduğu deyilir. Bununla, o, seçicilərin gözündən düşmüş partiyasının parlamentə daha çox nümayəndə keçirməsinə nail olmağı planlayıb. Yeri gəlmişkən, bu plan qismən də olsa, baş tutub – MDP partiya siyahısı ilə 13 mandat qazanıbsa, birmandatlı dairələrdə 17 yer əldə edib. Bu, çoxluq olmasa da, digər qaliblərlə razılığa gəlinməsi üçün kifayət edəcək rəqəmdir.

«MDP parlamentdə çoxluğa nail olmaq və hökuməti müəyyənləşdirmək üçün qanunverici orqana düşəcək partiyalar və müstəqil namizədlərlə danışıqlara hazırdır. Biz istəyirik ki, ilk danışıqlar ən yaxın günlərdə keçirilsin. Ümid edirik ki, o, maksimum məhsuldar alınacaq», - deyə Vlad Plaxotnyuk fevralın 25-i səhər səslərin sayılması prosesinin başa çatmasını gözləmədən bildirib.

 

Sadə prinsip

Seçkidə səsvermə hüququ olan vətəndaşların 49,2%-i iştirak edib. Bu, Moldovanın müasir tarixində ən zəif seçici fəallığıdır. Moldovalı sosioloqlar bildirir ki, vətəndaşların respublikanın siyasi sinfinə inamı itib və əgər seçkilər daha səmimi keçrdisə, indi, əhali seçki məntəqələrinə «iki pislikdən birini seçmək» məqsədilə gəlir.

Görünür, ATƏT-dən olan müşahidəçilər də qərarı bu prinsiplə verib. Onlar parlament seçkisinin normal keçdiyini bildirsələr də, moldovalı siyasətçiləri qarşıdurmaya son qoymağa, danışıqlar masası arxasına əyləşməyə çağırıblar.

Seçkinin nəticələri martda təsdiqlənəcək. Lakin mümkün alyanslar indidən nəzərdən keçirilir.



MƏSLƏHƏT GÖR:

274