30 Aprel 2024

Çərşənbə axşamı, 05:42

SÜLH KONFRANSI, YOXSA MÜHARİBƏYƏ HAZIRLIQ?

İran ətrafında beynəlxalq vəziyyət təhlükəli şəkil alır

Müəllif:

01.03.2019

Deyəsən, İran ətrafında beynəlxalq vəziyyət indiyədək olmadığı qədər gərginləşməkdədir. ABŞ və onun başda İsrail olmaqla, Yaxın Şərqdəki müttəfiqləri İranı açıq şəkildə müharibə ilə hədələyir, Tehrana qarşı koalisiyanın yaradılması istiqamətində konkret addımlar atır.

 

Müharibə hədəsi və «Yaxın Şərqdə sülh»

İrana qarşı mümkün böyük müharibə çağırışı Varşavada fevralın ortasında keçirilmiş «Yaxın Şərqdə sülh» konfransında səslənib. Tədbirin adında bütöv region qeyd olunsa da, konfrans iştirakçıları, ilk növbədə, ABŞ, İsrail və Fars körfəzinin ərəb monarxiyaları onun məhz İrana qarşı keçirildiyini gizlədə bilməyiblər. Xüsusi fəallığı ilə seçilən İsrailin baş naziri Binyamin Netanyahu İran hökumətinin devrilməsi üçün hərbi vasitələrə əl atılmalı olduğunu bəyan edib.

Maraqlıdır ki, Netanyahu «İranla müharibə»ni ərəb dövlətlərini də qataraq, konfrans iştirakçılarının ümumi marağı belə, adlandırıb. Doğrudur, yekun press-relizdə İsrail baş nazirinin dəftərxanası «müharibə» sözünü «müqavimət»lə əvəzləyib. Lakin Netanyahunun ərəb monarxiyası nümayəndələrilə görüşü onların eyni mövqedən çıxış etdiyinə heç bir şübhə yeri qoymayıb.

Sənəddə də qeyd edildiyi kimi, Tehranın regional nüfuzunun artmasına (Suriyadan tutmuş, husi hərəkatının bürüdüyü Yəmənədək bütün Yaxın Şərq boyu) müqavimət onların «ümumi marağı»dır. Belə «ümumi marağın» ifadəsi Birləşmiş Ştatlar tərəfindən atılan təşviqedici addımar sayəsində yaranıb. Yaxın Şərqin yeni geosiyasi simasının yaradılması zamanı Vaşinqton bu yaxınlaradək İsrailə və onun siyasətinə münasibətdə eyni mövqedən çıxış edən müsəlman dövlətləri arasına parçalanma sala bilib.

Tehranın düşmənlərin Varşava demarşına reaksiyası çox kəskin olub. Ölkənin xarici işlər naziri Cavad Zərif Münhen Təhlükəsizlik Konfransında bəyan edib ki, «İranla İsrail arasında müharibə riski artır». «Dünya birliyi İsraillə ABŞ-ın beynəlxalq hüququn normalarını pozmasına bundan sonra da göz yumarsa, bu risk artmaqda davam edəcək», - deyə o, qeyd edib.

Nazir, misal kimi, İsrail aviasiyasının Suriya ərazisinə aviazərbələr endirməsini göstərib. Orada SAXAL-ın əsas hədəfi məhz İranın hərbi obyektləridir.

Tehranın dünya birliyinə, ilk növbədə, Avropaya «hərəkətsizliyi»lə bağlı çağırış etməsi kontekstində İran prezidenti Həsən Ruhaninin bəyanatı kifayət qədər maraqlıdır. «İranla Amerika arasında gərginliyin maksimal həddə çatdığını» deyən Ruhani Varşava konfransının «iflasa uğradığını» bildirib. O, güman ki, Avropa İttifaqının İrana qarşı təşkil olunmuş tədbirə qatılmadığına eyham vurub. Bu mənada Çinin «Sinhua» agentliyinin məlumatı da diqqət çəkir. O, Varşava konfransını «Vaşinqtonun İranla bağlı hədəflərinə çatmaq yolunda növbəti məğlubiyyəti» kimi şərh edib. «Məğlubiyyət»in səbəbisə Aİ-nin bu məsələdə ABŞ ilə «sövdələşməyə getməməsi»dir.

Amerika ilə İsrailin İrana aşkar «hücumu» fonunda Aİ-nin məsələ ilə bağlı mövqeyi, həqiqətən də, birmənalı deyil. Brüssel bir yandan İran xüsusi xidmət orqanlarının Aİ-nin bir sıra ölkəsində (Danimarka, Belçika və Niderland) «düşmənçilik fəaliyyəti» göstərdiklərini deyərək Tehrana sanksiyalar tətbiq edir, həmçinin onu ballistik raket sınaqlarında günahlandırır, digər tərəfdən ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxmasını qəti qəbul etmir.

Tehranın özünə gəlincə, ölkə rəsmilərinin bəyanatlarının tərzindən onun Brüssellə fəal dialoqa hazır olduğu görünür. O, Aİ-ni İrana münasibətdə ikili standartlardan çəkinməyə çağırır və Brüsseli raket sahəsindəki fəaliyyətinin yalnız müdafiə xarakteri daşıdığına inandırmağa çalışır. Avropalıların İranın xüsusi xidmət orqanlarını Aİ ərazisində terrorçuluq fəaliyyətilə məşğul olmaqda günahlandırmasını isə Tehran əsassız hesab edir.

İran XİN-nin başçısı Cavad Zərifin son bəyanatlarından biri də bunu təsdiqləyir. Onun sözlərinə görə, Fransa, Böyük Britaniya və Almaniya İranın nüvə proqramı ilə bağlı birgə plandan iqtisadi qazanc əldə etməsi üçün «lazımi addımları atmır». Tehranın avropalıların onunla hərtərəfli əməkdaşlıq edə biləcəyini düşünməsi üçün əsaslar, əlbəttə ki, var. Hər halda, Aİ liderləri Avropa şirkətlərinin Vaşinqtonun getdikcə sərtləşən antiiran sanksiyalarından yayınması mexanizmini düşünüblər. Odur ki, İranın Avropanı davamlı olaraq «çox ləng tərpənməkdə», «məhsuldar olmamaqda» günahlandırması təsadüf deyil. Aİ bu məsələdə ABŞ-ın ciddi təzyiqi ilə qarşı-qarşıyadır. Çünki Vaşinqton Aİ tərəfindən tam dəstək almayacağı təqdirdə, İranla bağlı addımlarının gözlənilən effekti verməyəcəyini yaxşı bilir.

Bu mövzuda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cin Haspelin açıqlaması ilə təəccübləndirəcək dərəcədə açıq olub. O, İranın nüvə razılaşmasına yalnız Aİ-dən investisiya almaq üçün getdiyini bildirib. Başqa sözlə, Haspel etiraf edib ki, ABŞ-ın Tehrana tətbiq etdiyi sanksiyalar əslində, İranın nüvə razılaşmasına əməl etməməsinə cavab yox deyil. Başqa sözlə, bu sanksiyaların tətbiqində məqsəd İranın həm də Avropa ilə hərtərəfli əməkdaşlığına imkan verməməklə zəiflədilməsidir.

Amma burada bir maraqlı məqam da var: nədənsə İranın Aİ-dən investisiya cəlbinə cəhd göstərməməli olduğunu düşünən Vaşinqton Tehranı zəiflətmək cəhdlərilə, eyni zamanda Avropanın iqtisadi mövqelərini də zəiflətməyi düşünür. Odur ki, Aİ-nin aparıcı dövlətlərinin ABŞ ilə İsrailin antiiran koalisiyası yaratmaq cəhdini dəstəkləməməsinin səbəbi məlumdur. Bəs, Aİ bu mövqeyində sonadək qala biləcəkmi? Bu sual, hələ ki, açıq qalır.

 

Tehran qarşılıq vəd edir

Varşavada ABŞ-ın təşkil etdiyi antiiran konfransının keçirildiyi bir vaxtda İranda böyük terror aktı törədilib. Minalanmış avtomobilin sükanı arxasına keçmiş kamikadze Sistan və Belucistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus avtobusu partladıb. Nəticədə, onlarla iranlı hərbçi həlak olub və yaralanıb.

İranın xarici işlər naziri Cavad Zərif bu hadisələrin üst-üstə düşməsinin təsadüf olmasına şübhə etdiyini bildirib. «İranda terror aktının «Varşava sirki»nin başladığı gün törədilməsi təsadüfdürmü? Üstəlik, Varşava küçələrində bu hücum alqışlanır, «Twitter»də ona dəstək mesajları yazılır. Görünür, ABŞ hər dəfə eyni yanlışlığı edir, lakin fərqli nəticələr gözləyir», - deyə Zərif «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb.

Terror aktına görə məsuliyyəti həm İran, həm də Pakistan Belucistanında fəaliyyət göstərmiş, sonradan Tehranın məhv etdiyi «Cundullah» qruplaşmasının keçmiş üzvləri tərəfindən 2012-ci ildə yaradılmış «Ceyş əl-Ədl» terror təşkilatı öz üzərinə götürüb. Bu, təşkilatın 2019-cu ildə törətdiyi ilk terror aktı deyil. O, Sistan və Belucistan əyalətinin inzibati mərkəzi olan Zahidanda yanvarın 29-da törədilmiş partlayışa görə də məsuliyyəti üzərinə götürmüşdü. Həmin terror aktı nəticəsində 3 polis əməkdaşı yaralanmışdı. Fevralın 1-də isə «Ceyş əl-Ədl» yaraqlıları İİKK-nin Nikşəhrdəki qərargahına hücum etmişdilər. Nəticədə, 1 nəfər həlak olmuş, 5 insan yaralanmışdı.

İran ordusunun elit bölüyünün çoxsaylı üzvünün ölümü ilə nəticələnmiş son terror aktı isə Tehranın silsilə hədə bəyanatları ilə çıxış etməsinə səbəb olub. Üstəlik, indi İran yalnız terrorçuları deyil, onların fəaliyyətinə bu və ya digər dərəcədə aidiyyəti ola biləcək dövlətləri də hədələyir. Söhbət, ilk növbədə, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərindən gedir. Maraqlıdır ki, bu bəyanatlarda bəzi ərəb monarxiyaları ilə yanaşı, Pakistanın da adı çəkilir. Güman ki, Tehran İran-Pakistan sərhədində terrorçuların fəallaşmasını Pakistanın Səudiyyə Ərəbistanı ilə yaxınlığının nəticələrindən biri sayır.

Hər halda, «istənilən kənar təhdidin qarşısını almağa hazır olduğunu» bəyan etmiş İran Hörmüz boğazında Hərbi-Dəniz Donanmasının miqyaslı təlimlərini keçirib. Təlimlərin gedişində Fars körfəzi, Bosfor, Ərəb dənizi və Hind okeanındakı şərti düşmənlər məhv edilib. Təlim ilk dəfə olaraq hərbi sualtı qayıqlardan atəş açılması ilə də yadda qalıb. Bütün bunlar, əlbəttə ki, regionda yaşanmaqda olan gərginliyin ştrixləridir.

Bütün bunlarla yanaşı, Qərbin İrana müşahidə olunan görünməmiş təzyiqləri, məsələn, bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi İranın daxili siyasi və iqtisadi durumuna da təsirsiz ötüşmür. Ruhanini əvvəllər də Qərblə razılığa meyillilikdə günahlandırmış mühafizəkar dairələrin prezidentin siyasətindən narazılığı artır. Bundan başqa, şərti liberal dairələrin fəallığı da artmaqdadır ki, onların hökumətin əleyhinə olmasından ABŞ və müttəfiqləri maksimum yararlanmağa çalışır.

İranın iqtisadi durumuna gəlincə, böhran, əhalinin yaşayış səviyyəsində geriləmə müşahidə olunur. Ölkənin iqtisadi baxımdan ağır çağırışlarla üz-üzə qaldığını rəsmi dairələr də etiraf edir.

Bütün bu faktlar, əlbəttə ki, ölkənin sosial durumuna mənfi təsirini göstərir. Buna baxmayaraq, iranlıların suverenliklərinə, təhlükəsizliklərinə kənar təhdidlər qarşısında qətiyyətli, monolit olduqları ortadadır. Bu mənada, İranın Qərblə, ilk növbədə, onu nəhəng regional oyunçu kimi qəbul etmək istəyən ABŞ ilə münaqişəsi getdikcə qızışacaq. Üstəlik, ortada antiiran koalisiyasının yaradılmasında son dərəcə ciddi fəallıq göstərən, güclü İranı özünün Yaxın Şərqdəki maraqlarına təhdid sayan İsrail də var.



MƏSLƏHƏT GÖR:

314