26 Aprel 2024

Cümə, 14:54

QAZARAQ KƏŞF ETMƏK

Azərbaycan perspektivli dəniz strukturlarında yeni yataqlar axtarışına başlayır

Müəllif:

18.03.2019

2014-cü ildə neft bazarında baş verən enişdən sonra bütün dünya üzrə neft şirkətləri xərcləri azaltdılar və bir çox layihələri təxirə saldılar - hətta rekord itkiləri belə göz altına alıb ən böyük və gerçəkləşdirmək üçün daha çox vaxt tələb edən layihələri belə dayandırdılar. Amma bir çox bazar analitiklərinin fikrincə, neft qiymətlərinin artması ilə sahə "getdikcə daha aqressiv"ləşir.

«Rystad Energy» konsaltinq şirkətinin mütəxəssislərinin fikrincə, 2019-cu ildə iri neft şirkətləri şelfdə qazma işlərinə və digər neft-servis xidmətlərinə 208 milyard dollar xərcləyəcəklər. «Rystad»ın qiymətləndirməsinə görə, bu il neft sənayesi neft hasilatını 46 milyard barel artıracaq layihələrin həyata keçirilməsinə başlamalıdır ki, bu da 2018-ci il göstəricisindən 3 dəfə çoxdur.

 

«Səma parıltısı»

Dünya üzrə neft qiymətlərinin artması Azərbaycanda da yeni neft və qaz yataqlarının axtarışı üzrə səyləri artırdı, özü də görüləcək işlərin böyük hissəsi bu ilin payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda bu cür fəallıq sonuncu dəfə 2000-ci ilin əvvəllərinə təsadüf edib. Onda xarici şirkətlər bir-birinin ardınca yeni yataqların aşkar edilməsi ümidi ilə kəşfiyyat quyuları qazdılar. Düzdür, əksər hallarda gözləntilər özünü doğrultmadı, ya şirkətlər ticari cəhətdən cəlbedici neft ehtiyatları tapmadılar, ya da axtarışlar sona kimi aparılmadı. Bu dəfə proqnozlar neft qiymətləri ilə bağlı vəziyyətdə olduğu kimi daha ümidvericidir.

Kəşfiyyat işlərinin ən böyük hissəsi Britaniyanın energetika nəhəngi BP-nin Azərbaycandakı layihələri çərçivəsində gerçəkləşdiriləcək. Şirkət qarşıdan gələn iki il ərzində (2019-2020-ci illərdə) 4 müxtəlif müqavilə sahəsindəki 6 quyu qazmağı düşünür.

"BP-nin cari portfelində bizim Azərbaycanda planladığımız kəşfiyyat işlərinin həcmi yalnız Braziliya layihələrində görüləcək işlərlə müqayisə oluna bilər", - deyə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qari Cons bildirib.

Şirkətin əsas gözləntiləri Xəzərin Azərbaycan sektorundakı «Şəfəq-Asiman» perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılması nəticələri ilə bağlıdır. BP burada iri qaz yatağı açmağa ümidlidir. Layihədə pay bölgüsünün qalan yarısına sahib olan SOCAR-ın hesablamalarına görə, strukturun ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.

"Əgər qazma nəticələrinə görə sənaye əhəmiyyətli karbohidrogen ehtiyatları əldə edilərsə, bu sahə ikinci «Şahdəniz» ola bilər (hansı ki, ehtiyatları 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat səviyyəsində qiymətləndirilir – «R+»)", - deyə Q.Cons bildirir.

Quyuların qazılması «Heydər Əliyev» yarımdalma üzən qazma qurğusundan istifadə edilməsi ilə gerçəkləşdiriləcək. İşlər bu ilin ikinci yarısında başlayacaq. Quyunun dərinliyi, təxminən, 6500-7000 m təşkil edəcək. Düzdür, burada qazma prosesində yüksək təzyiq və temperatur şəraitində aparılması gözlənilir ki, bu da müəyyən çətinliklər yarada bilər. 

"Seysmik tədqiqatların nəticələri göstərdi ki, bu strukturda qaz yataqları var. Qazma işlərinin nəticələrinə görə burada böyük qaz yatağı aşkar edilə bilər", - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

İkinci «Əsrin müqaviləsi»?

Azərbaycanın neft-qaz sektorunda başlıca kəşf Abşeronun şimalında yerləşən D230 bloku ola bilər. Bu layihənin iştirakçıları yenə də SOCAR və BP-dir, hər biri 50% paya malikdir. 2019-2020-ci illərdə BP burada üçölçülü seysmik tədqiqat aparmağı planlaşdırır.

D230 blokunda hələ kəşfiyyat işləri aparılmayıb, buna görə də qazmanın nəticələri sürpriz ola bilər. SOCAR üçün D230 bloku neft ehtiyatlarının aşkar edilməsi baxımından perspektivli hesab olunur. Britaniyadan olan layihə tərəfdaşı da buna bənzər fikirdədir. D230 üzrə ilkin iş proqramının gerçəkləşdirilməsinin operatoru olan BP burada hətta "Əsrin müqaviləsi"nin uğurunu təkrarlamağa ümid edir.

"D230 blokuna çox böyük ümidlərimiz var. Əgər kəşfiyyat işlərinin nəticələri uğurlu olarsa,"ikinci bir Azəri – Çıraq - Günəşli (AÇG)" açılacaq", - deyə Q.Cons bildirir.

Hazırda AÇG yataqları bloku neft ehtiyatlarına görə Azərbaycanda ən böyük blokdur. Burada illik istehsal 29 milyon ton təşkil edir ki, bu ölkənin bütün neft hasilatının 74 faizini təşkil edir. Lakin Q.Consun sözlərinə görə, bu yataqların işlənməsinin, hələ ki, yalnız başlanğıcıdır. 

"Bildiyiniz kimi, texnologiyalar yerində dayanmır, fəal şəkildə inkişaf edir və indi bizə dərində yerləşən laylar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verir. Biz ümid edirik ki, gələcək texnologiyaların yaradacağı tianların sayəsində və bu yataqlarda xərclərin azaldılması imkanlarından istifadə edərək biz indiyə qədər hasil etdiyinizdən daha çox məhsul çıxara biləcəyik ", - deyə «BP-Azerbaijan»ın rəhbəri bildirib.

Yeri gəlmişkən, bu il AÇG-nin işlənməsinin yeni bir mərhələsi – «Mərkəzi-Şərqi Azəri» (MŞA) layihəsinə sanksiya veriləcək. Əsas məqsəd əlavə quyuların qazılması və əlavə dəniz obyektlərinin qurulması ilə gündəlik hasilatı 100 min barel neft və 350 min kubmetr qaz zirvəsinə çatdırmağa nail olmaqdır. Yeni platformada zirvə hasilatına 2024-cü ildə çatılması gözlənilir. Və artıq bu ilin II rübündə AÇG səhmdarları Azərbaycan Mərkəzi Bankının layihəsi üzrə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırlar.

BP-nin və SOCAR-ın daha bir "paritet" layihəsi Abşeron arxipelağının dayaz sularında bu il aparılacaq kəşfiyyatdır. "İlk kəşfiyyat quyusunun qazılması 2019-cu ilin ikinci rübündə başlayacaq və növbəti aylarda ikinci bir quyu gələcək. Daha birini isə 2020-ci ilə planlaşdırırıq", - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. O, əlavə edib ki, BP bu il «Cənub-Qərbi Qobustan» quru yatağında kəşfiyyat quyusu qazılmasına başlamağa hazırlaşır.

Azərbaycanın çox köhnə tərəfdaşlarından biri - Norveçin «Equinor» şirkəti «Qarabağ» yatağında ilk kəşfiyyat quyusunun qazma işlərinə hazırlaşır. Qazma işlərinə 2019-cu ilin ikinci yarısında "Dədə Qorqud" yarımdalma qazma qurğusu ilə başlanacaq. Bu yataqdan ilk məhsul, gözlənildiyi kimi, 2021-ci ildə əldə ediləcək. Bundan əlavə, bu ilin yazında «Equinor» şirkəti "Əşrəfi – Dan ulduzu - Aypara" perspektivli strukturları blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır.

 

Öz yataqlarından qaz 

Bununla yanaşı, Azərbaycanın Dövlət Neft Şirkəti təkcə Britaniya həmkarı ilə işləməklə qalmır, onun həm də Xəzər dənizində kəşfiyyat qazma işləri ilə bağlı öz planları var. Belə ki, SOCAR «Ümid-Babək» blokuna daxil olan «Babək» perspektiv strukturunda ilk qiymətləndirmə quyusunu qazmağa hazırlaşır. R.Abdullayev bildirib ki, qazma işlərinə 2020-ci ildə başlanacaq, qiymətləndirmə quyusunun qazılma yeri artıq müəyyənləşdirilib. Xatırladaq ki, bu yatağın ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat səviyyəsində qiymətləndirilir. Əslində, «Babək»in potensalı iki dəfə yüksəkdir - 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat.

Gələcəkdə SOCAR «Zəfər-Məşəl» və «Naxçıvan» perspektivli strukturlarının işlənməsinə başlamağı planlaşdırır. "Bütün bu yeni yataqların və perspektiv strukturların işlənməsi yaxın illərdə və onilliklərdə Azərbaycanda təbii qaz hasilatını önəmli dərəcədə artırmağa, neft hasilatını sabitləşdirməyə imkan verəcək. Önümüzdəki illər üzrə bizim strateji məqsədlərimiz sırasına ölkənin daxili tələbatının tam ödənilməsi, enerji təhlükəsizliyini dayanıqlı təmini, Azərbaycanda və xarici ölkələrdə yeni investisiya imkanlarının öyrənilməsi, dəyər zəncirimizin təkmilləşdirilməsi və gəlirin daha da artırılması daxildir", - deyə R.Abdullayev bildirib.

Yeri gəlmişkən, Azərbaycanın qaza olan daxili tələbatının təmin edilməsində "Abşeron" dəniz yatağının mühüm töhfə verəcəyi gözlənilir. Bu ilin üçüncü rübündə burada dərinliyi 7400 metrdən çox olan ilk hasilat quyusunun qazılması başa çatdırılacaq. Bu, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində kommersiya qazının istehsalına başlamağa imkan verəcək. Yataqdan qaz hasilatının başlanması 2020-ci ilin əvvəlində planlaşdırılır və ilkin mərhələdə ildə o, 1,5 milyard kubmetrə çatacaq, layihənin ən yüksək göstəricisi çərçivəsinə isə ildə, təxminən, 5 milyard kubmetr qaz çıxarıla bilər. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.

Başqa sözlə, bu rəqəmlər göstərir ki, bəzi ekspertlərin Azərbaycanda "neft-qaz" dövrünün qürubunun qaçılmazlığı ilə bağlı pessimist proqnozlar həddindən şişirdilib. Bundan əlavə, əgər kəşfiyyat qazmasının proqnozları geoloqların bütün gözləntilərini doğruldacaqsa, ölkə neft çıxaran dövlətlər arasında önəmini daha da gücləndirəcək.



MƏSLƏHƏT GÖR:

323