28 Aprel 2024

Bazar, 04:32

BİR ƏSR KEŞİKDƏ

Azərbaycanın xüsusi xidmət orqanları 100 illik yubileyini qeyd edir

Müəllif:

18.03.2019

Azərbaycanın dövlət təhlükəsizlyi orqanlarının yaradılmasından 100 il keçir. Ağır və şərəfli yol keçmiş orqanlar bu gün Azərbaycan dövlətçiliyinin ən vacib institutlarından birinə çevrilib.

 

İlk təşkilat

Müasir Azərbaycanın təhlükəsizlik orqanları öz tarixinin başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yaradılmış qurumun təşəkkülündən götürür. 1918-ci il martın 28-də AXC-nin müstəqilliyinin elan olunmasından sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aktlarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdən xaricdən, məsələn, əzəli Azərbaycan torpağı olan İrəvanda (İrəvan xanlığı) və onun ətrafında yaradılmış Ermənistanın təcavüzkar siyasətilə qarşılaşdığını nəzərə alsaq, bu məsələ ikiqat aktuallıq qazanmışdı.

Beləliklə, AXC hökuməti Silahlı Qüvvələri yaratdıqdan sonra xüsusi xidmət orqanlarının formalaşdırılmasına başlayıb. 1919-cu il martın 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin birgə imzaladıqları əmrlə Baş Qərargahın tərkibində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən struktur – kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Lakin həmin bölmənin Hərbi Nazirliyin kiçik bir qurumu kimi fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar kadrların azlıq təşkil etməsi, maddi-texniki təchizatın zəifliyi xüsusi xidmət işini də genişləndirməyə, inkişaf etdirməyə imkan vermirdi. General Mehmandarov getdikcə artmaqda olan xarici təhdidlər, daxildə isə Azərbaycan milli hökumətinin devrilməsi uğrunda aşkar mübarizə aparan bolşevik hərəkatının güclənməsi fonunda xüsusi xidmət orqanları əməkdaşlarının fədakarlığını əbəs yerə yüksək qiymətləndirmirdi. Bununla yanaşı, o, bolşevizmlə mübarizənin ümumxalq işi olduğunu, bir hərbi idarənin onun öhdəsindən layiqincə gələ bilməyəcəyini deyirdi.

Ölkədə ictimai-siyasi, hərbi vəziyyətin gərgin olduğu, xarici təhdid və təzyiqlərin güclənməsi səbəbindən 1919-cu il iyunun 9-da Nazirlər Şurasının sədrindən, hərbi, xarici işlər, yollar və ədliyyə nazirlərindən ibarət Dövlət Müdafiə Komitəsi (DMK) təsis edilib. İki gün sonra – iyunun 11-də isə DMK yanında artıq klassik xüsusi xidmət orqanı kimi fəaliyyət göstərəcək Əks-inqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul olunub. DMK sədri, baş nazir Nəsib bəy Yusifbəylinin əmrilə parlament üzvü Məmmədbağır bəy Şeyxzamanlı ƏMT-yə rəhbər təyin edilib. Parlamentin aqrar komissiyasında da çalışan Məmmədbağır bəy bir müddət sonra – avqustun 20-də ƏMT rəhbərliyindən öz istəyilə kənarlaşdırılıb və onun əvəzinə doğma qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunub.

ƏMT-nin əsas vəzifəsi ağqvardiyaçı rus generalı Denikinin Könüllü Ağqvardiyaçılar ordusunun artan təhdidi şəraitində ölkənin təhlükəsizliyinin təmini idi. Denikin ordusunun agentləri Bakıda hərbi sirləri öyrənmək məqsədilə Azərbaycan Milli Ordusunun sıralarına soxulmuşdular. Onlar yeni əsgərləri və zabitləri ağ qvardiyaya cəlb etməyə çalışır, AXC-yə qarşı müxtəlif təxribatlara əl atırdılar. ƏMT isə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərən bu casus şəbəkəsini uğurla üzə çıxarırdı. AXC xüsusi xidmət orqanlarının nailiyyətləri sırasında Britaniya kəşfiyyatı ilə sıx əməkdaşlıq edən könüllülər ordusu agentlərinin neytrallaşdırılması da var.

ƏMT-də müxtəlif millətlərin və siyasi qüvvələrin təmsilçiləri çalışırdılar. Operativ heyət agentlərdən və baş agentlərdən ibarət idi. Bu strukturda 100-dən artıq adam çalışırdı.

1919-cu il sentyabrın 13-də DMK general Denikinin Könüllülər ordusu tərəfindən mümkün təcavüzünün önlənməsi məqsədilə yeni hərbi strukturun yaradımasına dair qərar qəbul edib. Yeni yaradılmış Bakı İstehkamçılar hissəsinə rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olunub. Noyabrın 26-da ƏMT Bakı İstehkamçılar hissəsinin tabeliyinə verilib.

ƏMT-nin hüquqi əsası və əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasının əks-kəşfiyyat xidməti məmurlarının hüquqları və vəzifələri haqda Əsasnamədə yer alırdı. Təşkilat əməkdaşlarının vəzifəsi casusluqla məşğul olan, dövlətə qarşı qiyam hazırlayan, vəzifəli şəxslərin hüquq və azadlıqlarına qəsd edən, hakimiyyətə silahlı müqavimət göstərən və s. şəxsləri üzə çıxarmaq idi. Bakı İstehkamçılar hissəsi isə yalnız denikinçilərlə deyil, birbaşa müstəqil Azərbaycan dövlətinə qarşı olan bolşeviklər və daşnaklarla da mübarizə aparırdı. 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının fəal iştirakçılarından olmuş Stepan Lalayan (Lalayev) məhz AXC xüsusi xidmət orqanlarının sayəsində həbs olunmuşdu. Ümumiyyətlə, o dövrdə erməni millətçiləri gənc Azərbaycan Respublikasını dağıtmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə fəal anti-Azərbaycan fəaliyyəti aparır, diversiya-kəşfiyyat əməllərilə məşğul olur, terrorçu-dağıdıcı fəaliyyət göstərirdilər. Maraqlıdır ki, AXC hökuməti tərəfindən Denikin ordusunun fəaliyyətilə əlaqə saxlanılmış şəxslərin əksəriyyəti erməni millətindən olan diversantlar və sabotajçılar idi. Üstəlik, ampluasına sadiq qalan erməni casusları əldə etdikləri məlumatları yalnız daşnak mərkəzlərinə deyil, həm də denikinçilərə, bolşeviklərə və ingilislərə də göndərirlərmiş.

1919-cu ilin sonu, 1920-ci ilin əvvəllərində Azərbaycanda bolşeviklər xüsusilə fəallaşmışdılar. Nəhayət, AXC-nin bütün güc strukturlarının, o cümlədən xüsusi xidmət orqanlarının və hərbi potensialının səfərbər olunmasına baxmayaraq, Sovet Rusiyasının təcavüzünü dəf etmək mümkün olmadı. 1920-ci il aprelin 28-də AXC-nin mövcudluğuna son qoyuldu və bununla, müstəqil Azərbaycanın digər dövlət strukturları ilə yanaşı, təhlükəsizlik orqanları da fəaliyyətini dayandırdı. Güc strukturlarının əksər əməkdaşı, AXC-nin saysız-hesabsız siyasi və dövlət xadimi sovet repressiya sisteminin qurbanına çevrildi. Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin qorunması uğrunda mübarizə aparmış ilk təhlükəsizlik orqanlarının fəaliyyəti milli yaddaşın şərəfli səhifələrindəndir.

 

Azərbaycanın çekist etalonu

AXC-nin süqutuna və Şimali Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına baxmayaraq, Azərbaycan Fövqəladə Komissarlığında, Xalq Daxili İşlər Komissiyasında, Dövlət Təhlükəsizliyi Nazirliyində bir çox azərbaycanlı Azərbaycan xalqının maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirib. Onlar totalitar siyasi sistemin qurulmasından sonra da xalqa sədaqətlə xidmət göstəriblər. Bu, yerli ziyalıların böyük bir qisminin – alimlərin, yazıçıların, incəsənət xadimlərinin «vətən xaini» damğası ilə kütləvi repressiyalara məruz qaldığı dövr idi. Təhlükəsizlik orqanlarına işə düzəlmiş yeni nəsil azərbaycanlılar son dərəcə ağır siyasi şəraitdə çalışırdılar. Onların sırasında sonradan, müasir Azərbaycanın dövründə xalqın ümummilli lideri elan olunacaq Heylər Əliyev kimi işinin peşəkarı da var idi. Görkəmli dövlət xadimi Heydər Əliyev ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Onun şəxsi təcrübəsi Vətənə və xalqa fədakarlıqla xidmət etmənin nümunəsidir.

Heydər Əliyev 27 yanvar 1944-cü ildə Naxçıvan təhlükəsizlik orqanının rəhbərliyinə rəsmi müraciət edərək Bakı şəhərindəki xüsusi məktəbdə təhsilini artırmaq istədiyini bildirir. 1945-ci ildə qısamüddətli kursu əla qiymətlə bitirən Heydər Əliyev yenidən Naxçıvana qayıdır. Onun istedadı və qabiliyyəti, məsuliyyəti, tapşırılmış işə münasibəti rəhbərliyin diqqətini çəkir. Tezliklə o, təhsilini davam etdirməsi üçün Dövlət Təhlükəsizlik Nazirliyinin Leninqraddakı (indiki Sankt-Peterburq) məktəbinə göndərilir. Buranı bitirdikdən sonra Heydər Əliyev Azərbaycan SSR DTK-nın bölmə rəisi, sonra əks-kəşfiyyat şöbəsinin rəisi, sədr müavini və DTK-nın sədri vəzifəsinə təyin olunur.

Heydər Əliyev təhlükəsizlik orqanlarında fəaliyyəti dövründə əfsanəvi çekist kimi şöhrət qazanır.

Onun şəxsən həyata keçirdiyi «Duel», «Alagöz», «Naturalist», «İzuver», «Axito» və s. əks-kəşfiyyat əməliyyatları çərçivəsində xarici xüsusi xidmət, kəşfiyyat orqanlarının apardığı agentura-pozuculuq fəaliyyəti, bu işdə istifadə etdikləri kanallar nəzarət altına alınıb, bir neçə xarici kəşfiyyat agenti ifşa olunub. Odur ki, Heydər Əliyevin karyerasındakı fantastik yüksəliş təəccüblü deyil. Leytenant rütbəsindən DTK generallığınadək ucalmış Heydər Əliyevədək buna heç bir azərbaycanlı nail ola bilməmişdi.

Ümummilli liderin çekist fəaliyyəti dövründəki xidmətlərindən danışarkən anti-Azərbaycan qüvvələrinin təzyiqlərinə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, bu sistemdə azərbaycanlaşdırma siyasətinin aparılmasında, gələcək müstəqil Azərbaycan üçün milli kadrların yetişdirilməsi və yerləşdirilməsi işində böyük cəsarət, prinrsipiallıq və hünər göstərdiyini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev təhlükəsizlik orqanlarının milliləşdirilməsi siyasətini respublika DTK-na rəhbər təyin olunmasından sonra daha da genişləndirib. O, Sovet rejiminin «şübhəli» saydığı çox Azərbaycan ziyalısını həbsdən və təqiblərdən qurtarıb. H.Əliyevin Azərbaycan torpaqlarının növbəti dəfə Ermənistana verilməsinin qarşısının alınması kimi xidmətini, rəsmi tədbirlərdə doğma Azərbaycan dilindən istifadə etməsini də xüsusi vurğulamaq lazımdır. O, bu milli siyasəti Azərbaycan SSR-yə rəhbərliyi dövründə, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində də davam etdirib.

 

Şərəfli missiya

Sovet İttifaqının süqutu və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsilə, ölkənin xüsusi xidmət orqanlarının tarixində də yeni səhifə açılıb. Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi sisteminin formalaşması Ali Sovetin 1991-ci il 1 noyabr tarixli toplantısında Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsilə başlayıb. 1993-cü ildə dünya miqyaslı siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı bu prosesə də ciddi təkan olub. Heydər Əliyevin Azərbaycan SSR DTK-na rəhbərlik etdiyi dövrdə başladılmış təhlükəsizlik orqanlarının milliləşdirilməsi prosesi məntiqi sonluğuna məhz onun prezidentliyi dövründə (1993-2003) çatıb. Bu siyasət, əlbəttə ki, sarsılmaz vətənpərvərlik zəfərlərinə, Vətən və cəmiyyət qarşısında peşəkar borca əsaslanırdı.

Bununla yanaşı, müasir Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının fəaliyyəti də son dərəcə çətin daxili və xarici siyasi şəraitdə qurulub. Söhbət fövqəldövlətlərin Cənubi Qafqaz regionuna hökmranlıq uğrunda apardıqları sərt geosiyasi mübarizədən, həmçinin Ermənistanın ölkəmizə qarşı ərazimizin 20%-nin işğalı ilə nəticələnmiş hərbi təcavüzündən gedir. Həmin dövrdə ayrı-ayrı qüvvələrin Azərbaycan xalqı və dövlətinin birliyinə zərbə vurmaq cəhdlərini də unutmaq olmaz. Azərbaycanın mövcudluğuna qarşı yönəlmiş bu təhdidlərin qarşısının alınmasında ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları böyük rol oynayıb. Onlardan 6 nəfəri «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.

Milli müstəqilliyin, təhlükəszliyin möhkəmləndirilməsi kimi dövlət strategiyası Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir mərhələdə də uğurla davam etdirilir. Dövlət başçısının məqsədyönlü siyasəti müasir dünyanın çətin reallıqları, qlobal güc mərkəzlərinin beynəlxalq və regional liderlik uğrunda savaşı fonunda həyata keçirilir. Beynəlxalq təhlükəsizlik sisteminə də ciddi töhfələr verən Azərbaycan beynəlxalq terrorçuluq, narkotik qaçaqmalçılığı, qeyri-leqal miqrasiya və digər transmilli cinayətkarlıqla mübarizədə yüksək fəallıq göstərir. Ən başlıcası isə, Azərbaycan hərtərəfli müstəqilliyini gücləndirir. Ermənistanın bitmək bilməyən təcavüzü şəraitində ölkənin iqtisadiyyatı, hərbi qüdrəti durmadan artır, o, hər ötən gün Qarabağın düşmən işğalından azad olunacağı tarixi ana bir qədər də yaxınlaşır.

Təhlükəsizlik sahəsində dövlət siyasətinin tənzimlənməsi məqsədilə müvafiq qanunverci-hüquqi baza yaradılıb, məsələn, «Milli təhlükəsizlik haqqında», «Dövlət sirri haqqında» və s. kimi vacib qanunlar qəbul edilib.

Qlobal təhlükəsizlik arxitekturasının və dünya düzəninin ciddi sınaqlarla qarşı-qarşıya qaldığı, regional sülhə təhdidlərin daha da artığı bir şəraitdə dövlət müstəqlliyinin müdafiəsi və möhkəmlənməsi, ölkədə ictimai-siyasi sabitliyin təmini üçün daha ciddi səylər tələb olunur. Bu, Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının müasir çağırışlara adekvat cavab verməsi üçün onların fəaliyyətinin daim təkmilləşdirilməsi zərurətini də yaradır. Məhz bu üzdən, «Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətində effektivliyin artırılması, dövlət idarəçiliyi strukturunun təkmilləşdirilməsi» məqsədilə Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərman 2 strukturun yaradılmasını nəzərdə tuturdu: Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti.

Bu gün ölkənin təhlükəsizlik orqanları üçün peşəkar zabitlərin hazırlanması ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası məşğul olur.

Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən xüsusi xidmət orqanları digər asayiş keşikçisi qurumlarla birlikdə Prezident İlham Əliyevin hüquq-mühafizə sahəsində yürütdüyü siyasəti uğurla icra edir. Vətənə sədaqətini, yüksək peşəkarlığını əminliklə nümayiş etdirən xüsusi xidmət orqanları Azərbaycanın müstəqilliyinə, milli maraqlarına qarşı fəaliyyət göstərən qüvvələrin zərərsizləşdirilməsi funksiyasını layiqincə yerinə yetirir.



MƏSLƏHƏT GÖR:

326