26 Aprel 2024

Cümə, 22:04

YENİ FAZA

«AccessBank»ın uğurlu artımı xarici sərmayəçilərin Azərbaycan bank biznesinə marağının bərpa olunmasından xəbər verir

Müəllif:

01.04.2019

Yazın əvvəlində «AccessBank» nizamnamə kapitalının önəmli dərəcədə artdığını və səhmdarların tərkibinin yeniləndiyini elan etdi. Bankın səhmadarları sırasına nüfuzlu xarici investorlar və beynəlxalq maliyyə institutları daxil oldu. Bu iki hadisə bankın mövqelərini yaxşılaşdırdı və indi o, aparıcı yerli bankların sıralanmasında ilk beşliyə daxildir. Bu, həm də bütünlüklə iqtisadiyyatın maliyyə seqmenti üçün müsbət siqnal oldu. «AccessBank»ın uğurla böyüməsi xarici sərmayəçilərin Azərbaycan bank biznesinə marağının bərpa olunmasından və bu sektorda böhrandan sonra passiv gözlənti mərhələsinin başa çatmasından xəbər verir. Yeni inkişaf mərhələsi başlayır.

 

Yeni kapital və yeni səhmdarlar 

Qeyd edək ki, devalvasiyadan sonrakı dövrdə ölkənin heç bir kommersiya bankının nizamnamə kapitalının bu cür önəmli artımı müşahidə edilməyib, özü də təkcə biznes strukturları ilə deyil, fiziki şəxslərlə işləyən bankda.

«AccessBank»ın kapitalının artırılması prosesi keçən ilin noyabrında başlayıb və bankın sədri Anar Həsənovun məlumatına görə, bu, 2019-cu il fevralın 28-də başa çatıb. "Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıqda bank nizamnamə kapitalının 118,5 milyon manat artırılmasını uğurla başa çatdırıb ki, bura yeni səhmdarların və mövcud təsisçi - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yeni səhmlərinin buraxılması və səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsi də daxildir", - deyə A.Həsənov qeyd edib.

Beləliklə, bankın səhmdar kapitalı 258 milyon manata çatdırılıb. «Subordinar borc alətlərinin köməyi ilə ikinci səviyyə kapitalı əlavə olaraq 22 milyon manat artırılacaq və "şərti kapital"a daha 22 milyon manat yönəldiləcək ki, bu da gələcəkdə lazım olanda istifadə ediləcək", - deyə bankın idarə heyətinin sədri vurğulayıb. 

Qeyd etmək lazımdır ki, bank öz səhmdarlarının tərkibinə yetəri qədər nüfuzlu xarici investorları cəlb edə bilib ki, bu da onu ölkənin bank bazarında daha güclü oyunçuya çevirir. Bəli, «AccessBank» ilk gündən 100% xarici sərmayə ilə yaradılıb. Bununla yanaşı, son illərdə baş vermiş qlobal böhrana baxmayaraq, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı kimi beynəlxalq maliyyə institutlarının dəstəyini qazana bilib, həmçinin əsas təsisçisi IFC (Dünya Bankının bir hissəsi olan Beynəlxalq Maliyyə Korporasiyası) dəstəyinin davam etdirilməsinə nail olub - bu, bütünlükdə ölkənin bank sektoru üçün böyük uğurdur. Eyni zamanda beynəlxalq maliyyə qurumları özləri «AccessBank»la əməkdaşlıq etmək qərarını əsaslandıraraq, diqqəti ölkənin yalnız bir bankı ilə əməkdaşlığa olan marağa deyil, həm də ölkədə baş verən iqtisadi proseslərdə iştirak etmək istəyinə yönəldirlər.

Asiya İnkişaf Bankının (AİB) nümayəndəsi Corc Rubli qeyd edib ki, AİB inklüziv inkişaf katalizatoru kimi ölkədə dinamik və davamlı maliyyə xidmətlərinin genişləndirilməsini dəstəkləyir: "AİB-in yenidən kapitallaşma üzrə səyləri bizim səhmdarlarımızdan biri olan Azərbaycan hökuməti ilə razılaşdırdığımız prioritetləri vurğulamaqdadır. Biz inklüziv artım katalizatoru kimi ölkədə dinamik və davamlı maliyyə xidmətləri sektorunun genişlənməsini dəstəkləyirik. «AccessBank» ölkə makroiqtisadiyyatında mühüm rol oynayan əsas əhali kütləsinə xidmət edir, həmçinin iqtisadiyyatın inkişafını və şaxələndirilməsinə qiymətli töhfə verməkdə davam edəcək".

Beləliklə, «AccessBank» yalnız əlavə kapital hesabına deyil, həmçinin Avropa İttifaqı, İsveçrə, Avstriya, Niderland və Asiya İnkişaf Bankının üzvü olan digər ölkələrin inkişaf bölmələrini təmsil edən yeni beynəlxalq səhmdarların, eləcə də Avropadan olan özəl investorların hesabına möhkəmləndirilir.

Bankın təsisçi səhmdarı «IFC»nin nümayəndəsi Cerri Vuın sözlərinə görə, korporasiya yeni sahibkarlarla əməkdaşlıq etməklə "Azərbaycanda kiçik biznesin maliyyələşdirilməsini artırmaq, ölkədə iş yerləri yaratmaq və iqtisadi inkişafı təmin etmək üçün bankın inkişafının növbəti mərhələsini dəstəkləmək" niyyətindədir.

Əlavə edək ki, «AccessBank»ın keçmiş tərəfdaşlarının - Avropa Yenidənqurma və İnkişaf Bankının, «KfW»nin və «Access Microfinance Holding AG»nin səhmləri «LFS Advisory GmbH» maliyyə şirkətinə satılıb. Bununla yanaşı, bank rəhbərliyinin bəyan etdiyi kimi, bankın siyasətində bununla bağlı əsaslı dəyişiklik gözlənilmir. Heç bir rebrandinq aparılması də planlaşdırılmır. Bundan əlavə, səhmdarların yeni strukturunu əks etdirən yeni Müşahidə Şurası yaradılacaq.

 

Üçüncü nəfəs 

A.Həsənovun sözlərinə görə, yaxın zamanlarda bank qlobal böhranın daha bir mənfi nəticəsini aradan qaldıracaq və rentabelliyi bərpa edəcək. "Biz 2019-cu ilin ikinci yarısında əməliyyat gəlirliliyinə çıxmağı planlaşdırırıq. Ümumi gəlirliliyə gəldikdə isə, bu, 2020-ci ilə gözlənilir", - deyə bankir bildirib.

Nizamnamə kapitalının artması bankın məcmu kapitalının artmasına gətirib çıxaracaq. "Biz devalvasiya dövründən qalan kredit portfelinə tam nəzarəti həyata keçirməyi planlaşdırırıq. Bu məqsədlə əlavə rezervlər yaradılacaq. Biz əminik ki, bundan sonra kapitalımızın məcmu məbləği minimum tələbdən artıq olacaq və 70 milyon manata çatacaq", - deyə A.Həsənov bildirib.

Yeri gəlmişkən, devalvasiya dövrünün problemli kreditlərinin önəmli hissəsi Prezident İlham Əliyevin bu yaxınlarda verdiyi fərmanla öz həllini tapacaq. "Bu fərman həm bankın, həm də müştərilərin üzləşdiyi problemlərin həlli üçün vacib bir addım idi. Ümumiyyətlə, bank sektoru və vətəndaşlar dövlətin böyük dəstəyini hiss etdilər ", - deyə A.Həsənov vurğulayıb.

«AccessBank» bundan əvvəl də devalvasiyadan sonra problemlərlə üzləşmiş müştərilərinə kömək etməyə çalışıb, onlara kreditlərin restrukturizasiyasını təklif edib. Prezidentin fərmanından sonra isə bu fəaliyyət böyük miqyas alacaq və problemli borclarla bağlı vəziyyət xeyli yaxşılaşacaq. Bu, öz növbəsində banklara kredit portfelini artırmağa imkan verəcək. A.Həsənovun sözlərinə görə, 2018-ci ildə «AccessBank» 383 milyon manat həcmində yeni kreditlər verib, özü də bu kreditlərin 98 faizi milli valyutada verilib. Faiz dəhlizinə gəldikdə isə, bununla bağlı fiksə edilmiş göstərici yoxdur, çünki o, kreditin verilməsinin digər şərtlərindən - müddətdən, girov təmininin mövcudluğundan və s.-dən asılıdır. Aydındır ki, bankın bütün müştəriləri aşağı faiz dərəcələri ilə borc almaqda, lakin depozitləri yüksək faiz dərəcələri ilə yerləşdirməkdə maraqlıdırlar. Rəhbərliyi əmin edir ki, bank yeni strategiyası çərçivəsində bu şərtlərin yaxşılaşdırılması üzərində işləyəcək.

Bankın yeni sərmayəçilərlə birgə hazırlanmış yeni dördillik strateji inkişaf planı, ilk növbədə, kredit portfelində fəal artımı nəzərdə tutur. Əslində, bu bank 2002-ci ildə mikromaliyyələşdirmə bankı kimi yaradılıb (2008-ci ildə ildə adı «AccessBank»a dəyişdirilib) və onun əsas missiyası məhz mikro, kiçik və orta biznesə dəstək olub. A.Həsənovun sözlərinə görə, gələcəkdə bu siyasət davam etdirilməklə yanaşı, həm də genişləndiriləcək. Bank rəhbərliyinin bu istəyi yeni səhmdarlar tərəfindən tam dəstəklənir. "Avropa İnvestisiya Bankının «AccessBank»ın yenidən kapitallaşdırılmasına qoşulması bizim kiçik və orta biznes üçün maliyyə resurslarına çıxış imkanlarını təmin etmək strategiyamızın bir hissəsidir. Kiçik və orta müəssisələr istənilən iqtisadiyyatın əsasını təşkil edir və əmək qabiliyyətli əhalinin önəmli hissəsini işlə təmin edir. AİB ümid edir ki, «AccessBank» öz biznesini inkişaf etdirməyi davam etdirəcək və Azərbaycanda sadə insanların həyat keyfiyyətinə müsbət təsir göstərəcək ", - Deyə AİB-in nümayəndəsi Yitka Bures bildirib.

Demək lazımdır ki, mikrobiznes kreditləri artıq bankın portfelinin önəmli hissəsini təşkil edir. Belə ki, ötən il bu seqment üzrə 216 milyon manat kredit verilib və bu, Azərbaycanda mikrokreditləşməyə ayrılmış bütün kreditlərin 57 faizi deməkdir. Özü də, onların 70 milyon manatı aqrobiznes kreditləridir.

Yeri gəlmişkən, bank filial bazasını qoruyub saxlaması hesabına regionlarda aqrobiznesi dəstəkləməyi uğurla davam etdirir. «AccessBank» bu strategiya çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığa başlayıb və agentliyin hesabına illik 7%-lə, 12 aya qədər güzəşt müddəti ilə 200 min manata qədər güzəştli kreditlər verməyə başlayır.

Bir sözlə, keçmişdə «AccessBank»ı bir kreditor və etibarlı tərəfdaş kimi fəal dəstəkləmiş, indi bankın səhmdarı olan «responsAbility» investisiya qrupunun nümayəndəsi Oleq İvaniyçukun bildirdiyi kimi, bankın inkişafında yeni bir mərhələ başlayır və səhmdarlar «AccessBank»ın daha güclü, daha səmərəli və daha yenilikçi bir bank olmasına dəstək verməyə hazırdırlar. Yenilənmiş, gücləndirilmiş «AccessBank» ölkənin iqtisadi inkişafının mühüm istiqamtələrinin dəstəklənməsi üzrə funksiyaları daha böyük uğurla yerinə yetirməyə, ölkənin bank sektorunun imicinin yaxşılaşdırılmasına və onun etibarlılığının artırılmasına töhfə verməyə hazırdır.

 

«AccessBank» səhmdarlarının yeni strukturu

Asiya İnkişaf Bankı - 19.90%;

Avropa İnvestisiya Bankı - 17.39%;

Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;

«responsibility» tərəfindən idarə olunan investisiya fondları:

responsAbility SICAV (Lux) - 2.91%;

responsAbility Management Company S.A. - 7.11%;

Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;

Avstriya İnkişaf Bankı - 9.17%;

SIFEM AG - 8.89%;

EFSE - 2.78%;

Symbiotics SICAV (Lux.) - 2.27%;

GGF - 1.77%;

LFS Advisory GmbH - 1.27%;

Qara dəniz İnkişaf və Ticarət Bankı - 0.58%



MƏSLƏHƏT GÖR:

307