27 Aprel 2024

Şənbə, 00:06

QAZANMALI VƏ QORUMALI

Azərbaycan karateçiləri Avropa çempionatından dörd medalla qayıdıb

Müəllif:

15.04.2019

Bu ilə uğurla başlayan karateçilərimiz zəfər yürüşünü İspaniyanın Qvadalaxara şəhərində davam etdirib. Avropa çempionatında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Roman Heydərov kata yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sahib Əhədov isə para-karate üzrə mübarizədə qızıl medala layiq görülüb. 

Ən böyük ümid millinin lideri Rafael Ağayevə bəslənilirdi. Dəfələrlə dünya və Avropa çempionu bu dəfə qitə birinciliyində ikinci yeri tutub. Ardıcıl dörd görüşdə qələbə qazanan Ağayev yarımfinalda qaşından zədələnməsinə baxmayaraq mübarizəni dayandırmayıb. Yalnız həlledici döyüşdə dördqat Avropa çempionu Luidji Busaya məğlub olan idmançımız fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, bu dəfəki final Rafaelin qitə birinciliyində indiyədək keçirdiyi sayca 13-cü həlledici döyüş idi. Əvvəlki 12 finaldan 11-də o qələbə qazanıb. Hazırda 2020-ci il Tokio Olimpiadasına hazırlaşan Ağayev çıxış etdiyi bütün yarışlardan bir qayda olaraq medalla qayıdır.

Vətənə qayıdan Rafael Ağayev çıxışı barədə Region Plusa bunları deyib: "Komandamız yeni baş məşqçinin rəhbərliyi altında məşqlərə başlayıb. Artıq üç aydır ki, onun rəhbərliyi ilə məşqləri davam etdiririk. Hər bir idman növündə yeni baş məşqçi gələndə nəticələr üçün zaman lazım olur. Vaxt lazımdır ki, baş məşqçinin taktika və texnikasına uyğunlaşaq. Bizdə hər şey yaxşı alınacaq".

75 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı hazırda özünü  yaxşı formada hiss etdiyini söyləyib: "Düzdür, bu il üç yarışın ikisində finalda olmuşam. Hər üçündə də medal götürmüşəm. Hələ ki, qızıl medalım yoxdur. Buna görə bir az narahat oluram. Amma hazırkı formam yaxşıdır. Peşəkar idmançı bir il ərzində hər zaman yüksəkdə ola bilməz. İstər-istəməz bu, idmanın gedişatıdır. İdmançının da qalxma və enmə prosesləri olur. Hər şeydən razıyam. Əsas hədəfimiz 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak edib, orada qızıl medallar qazanmaqdır. İstəyimiz odur. Hələ ki, ikinci və üçüncü yerlərdə olmağım məni o qədər də qorxutmur və həvəsdən salmır. Kim nə desə də, öz fiziki göstəricilərimi yaxşı bilirəm. Düşünürəm ki, gələcək yarışlarda qızıl medal da qazanacağam".

Karatenin olimpiya proqramına ilk dəfə daxil edildiyini deyən Ağayev bu idman növündə lisenziya qazanmaq üçün şərtlərin başqalarından fərqləndiyini vurğulayıb. “Başqa idman növündə 2-3 yarış olur ki, onun mükafatçısı olanda birbaşa olimpiadaya lisenziya qazanılır. Amma bizdə hər şey gələn ilin martında - Azərbaycanda keçiriləcək Avropa çempionatında həll olunacaq. İlk növbədə, dördlükdə olmalıyam ki, lisenziya əldə edim. Olimpiadaya lisenziya turnirlərində hazırda ikinci pillədəyəm. Bundan sonrakı yarışlarda yaxşı nəticələr əldə etməliyəm ki, öz mövqeyimi itirməyim".

O, ən yaxın hədəfinin 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək İkinci Avropa Oyunlarında qızıl medal qazanmaqdan ibarət olduğunu söyləyib. 

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov da “Region Plus”a açıqlamasında Rafael Ağayev və İrina Zaretskanın olimpiadaya lisenziya qazanma şanslarının yüksək olduğunu bildirib: "Hər bir çempionat bizə olimpiadaya lisenziya xalı qazanmağa imkan verir. Ağayevin təkcə lisenziya yox, olimpiadada medal qazanacağına inanıram. O, əfsanəvi idmançıdır. Zaretskanın da lisenziya şanslarını yüksək qiymətləndirirəm. Gələn il Milli Gimnastika Arenasında lisenziya xarakterli Avropa çempionatı olacaq. Bütün dünyanın diqqəti Bakıya yönələcək. Yarışda 50 ölkə iştirak edəcək. Hələ vaxtımız var. Digər idmançılarımız da şanslara malikdir. Ümumilikdə, 4 lisenziya qazansaq, bizim üçün yaxşı göstərici olacaq". 

Avropa çempionatında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı da məqsədinin “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal götürməkdən ibarət olduğunu söyləyib: “Almaniyalı Conatan Horna uduzsam da, bürünc medal uğrunda ukraynalı Rizvan Talıbovu 7:5 hesabı ilə üstələdim. Bununla da II Avropa Oyunlarına vəsiqə qazandım. Məqsədim Belarusdan çempionluqla dönməkdir. Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq çətindir. Lakin ümidim və məqsədim böyükdür”.

Para-karate yarışında Avropa çempionu olan Sahib Əhədov isə gərgin mübarizənin getdiyini vurğulayıb: “Para-karatedə ölkədə olmasa da, beynəlxalq yarışlarda rəqabət böyükdür. Əsas məqsədim dünya çempionu olmaqdır”. Qeyd edək ki, gözdən zəif idmançılar arasında dünya çempionatının finalçısı olan idmançı cüdonu karateyə məşqçisinin tövsiyyəsi ilə dəyişib. 

Beləliklə, karate üzrə qarşıda azərbaycan yığmasını İkinci Avropa Oyunları və Olimpiya lisenziyaları uğrunda mübarizə gözləyir. Milli Federasiyada inanırlar ki, türk mütəxəssis Bahəddin Kandazın komandaya yeni baş məşqçisi  təyin edilməsi gələcək qələbələrə əhəmiyyətli töhfə verəcək.



MƏSLƏHƏT GÖR:

285